XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2016 - 11:10

Suriyalılar bu gün nəyə səs verir-parlamentə, yoxsa “B” planına?

 

suriya1

Suriyada bu gün parlament seçkiləri keçirilir. Bu seçkilərin ölkənin siyasi həyatında mühüm rol oynayacaq. Başda ABŞ və Rusiya olmaqla, Suriya məsələsilə məşğul olan bütün dövlətlərin razılaşmasına əsasən bugünkü seçki nəticəsində müəyyənləşən parlament keçid dövrünə qədəm qoyan ölkənin Konstitusiyasını hazırlayacaq və Suriyada dəyişim prosesi bu Əsas Qanundan asılı olacaq.

İlk baxışdan, xeyli sadə görünən parlament seçkilərinə bağlı bu çözüm prosesinin xeyli müəmmalı tərəfləri var və həmin müəmmaların gələcəkdə qurulacaq hakimiyyətin legitimlik məsələsini nəinki azaltmayacağı, əksinə, daha da artıracağı gözlənilir.

Əvvəla, xalqın iradəsinin ifadəsi kimi qəbul olunan seçkilərdə bütün Suriya xalqının iştirak etmək şansı yoxdur. Ölkənin böyük hissəsi İŞİD işğalı altındadır və bu ərazilərdə seçki keçirilmir.

İkincisi, Suriya ərazisi kimi, xalqının da böyük hissəsi yerlərindən-yurdlarından didərgin düşüb: Əhalinin ən son sayıldığı 2004-cü ilin statistikasına görə, ölkədə 18 milyona yaxın insan yaşayırdı. 5 ildən artıq davam edən vətəndaş müharibəsi nəticəsində 5 milyon vətəndaş  Suriyanı tərk edib, 7 milyon insan isə yaşayış yerini dəyişərək, ölkənin başqa vilayətlərinə köçüb. Üstəlik, yarım milyona qədər insan da savaşın qurbanı olub. Hazırda Suriyada nə qədər adam yaşayır və onların nə qədəri seçicidir, bilən yoxdur.

Müvəqqəti seçki qanununa əsasən, Suriyanı tərk edən seçicilərə bu prosesdə iştirak etmək hüququ verilmir. Daxili köçkünlər isə kompakt yaşamır, müxtəlif vilayətlərə pənah aparıblar. Sözsüz ki, onların dağınıq yaşaması həm seçkilərdə iştiraklarına mane olur, həm də səsvermənin nəticələrini saxtalaşdırmağa şərait yaradır. Ölkə xaricinə qaçmaq məcburiyyətində qalan siyasi xadimlərin öz namizədliklərini irəli sürmək hüququnun olmaması da Suriya xalqının milli iradəsini tam şəkildə ortaya qoymaq imkanını məhdudlaşdırır.

Üçüncüsü, seçiçilərin ən yaxşı halda 3/1-nin iştirak edəcəyi seçkidə onların belə sərbəst şəkildə öz iradələrini ortaya qoymaq imkanları müzarikəyə açıqdır. Bir tərəfdən Suriya diktatorunun “ya mənimlə, ya mənə qarşı ol” mətiqinə söykənən mövqeyi və alternativ düşüncəyə düşmən kəsilməsi, digər tərəfdən isə müharibənin gətirdiyi qorxu istər-istəməz insanların fikrini azad ifadə etməsinin qarşısını alır.

Ən əsası isə, uzun illər ərzində təkpartiyalı sistemlə idarə olunan, demokratik həyata öyrəşməyən Suriyada son zamanlar qanunlarda aparılan məcburi islahatların da tam oturuşduğundan bəhs etmək mümkün deyil. Qanunvericilikdə “xala xətrin qalmasın” aparılan dəyişiklərdən sonra ölkədə bir çox siyasi partiyaların formalaşmasına icazə verilsə də, onların fəaliyyəti üçün münbit şərait yaradılmayıb. Seçkidə iştirak edən namizədlərin özünü tanıtmasına, televiziya və digər informasiya kanalları ilə plotformalarını ortaya qoymasına imkan verilməyib.

Rejimin başqa partiyalara münasibətinin çox da yaxşı olmaması namizəd siyahılarının formalaşmasında da özünü göstərir. Təsadüfi deyil ki, 11 min namizədin böyük əksəriyyəti müstəqil namizədlərdir və onlar əsasən bir təşkilatın-hakim Bas partiyasının namizədiylə yarışırlar.

Bütün bu faktlar Suriyada keçiriləcək seçkilərin həm bütün ölkə ərazisini və əhalisini əhatə etməyəcəyindən, həm də kiçik bir ərazidə aparılan kampaniyanın Bəşər Əsəd rejiminin basqısı altında olacağından xəbər verir. Belə bir şəraitdə formalaşan parlamentin bütün Suriya xalqının iradəsini ifadə edəcəyindən danışmaq, əlbəttə, çətindir. Hətta tam demokratik keçirilsə belə, bu seçkilər Suriya xalqının yalnız 3/1-nin iradəsini ifadə etmiş sayılacaq.

Suriyadakı seçkilərə bu aspektdən nəzər salanda belə anlaşılır ki, beynəlxalq toplumun onlar üçün təqdim etdiyi həll variantı əslində çözümsüzlüyü artırmaqdan başqa bir şey deyil, daxili gərginlikləri daha da alovlandırmağa, ölkə ərazilərinin parçalanmasına hüquqi zəmin yaratmağa xidmət edir. Bu yerdə yada bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerrinin məşhur bir ifadəsi düşür. Kerri Suriyada yaşanan dramın qarşısı alınmasa, “B” variantına gediləcəyi, yəni ölkənin parçalana biləcəyini bildirmişdi. ABŞ yetkilisinin sözügedən təklifi qısa müddətdən sonra bir çox dövlət, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən müsbət qarşılanmışdı.

Təsadüfi deyil ki, seçki prosesi ərəfəsində Suriyadan separatizm xəbərləri də yayılmağa başlamışdı. Ölkənin şimalına nəzarət edən və PKK-nın bir qanadı olaraq tanınan PYD özlərini Suriya federasiyasının tərkib hissəsi elan etmişdilər. Yəni, faktiki olaraq, dövlət içində dövlət yaratdıqlarını bildirmişdilər.

PYD-nin həmin qərarından sonra ağla belə bir  sual gəlir: Olmaya, bu günkü seçkilər də elə “B” varinatına keçiş mərhələsinin tərkib hissəsidir?

Heydər Oğuz

Strateq.az