XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 04:39

100 milyonluq rüşvət qalmaqalı: FİFA-nın özünə “qırmızı kart” – Təhlil

Futbol Federasiyalarının Beynəlxalq Asosisasiyası (FİFA) 111 illik tarixi ərzində ən böyük böhranını yaşayır. Keşən ayın 27-də Sürix polisi ABŞ məhkəməsinin tələbi ilə FİFA-nın yeddi yüksəkrütbəli məmurunu həbs edib. Hazırda onları ekstradisiya və Ştatlarda məhkəmə istintaqı gözləyir. Bu arada ABŞ polisi daha yeddi şübhəlini həbs edib. ölkənin məhkəmə orqanları 14 nəfəri müxtəlif cinayətlərdə – şantaj, fırıldaq, rüşvətxorluq, çirkli pulları yuma və s.-də təqsirli bilir. Onların cinayətinin ümumi məbləği 100 milyon dolları keçir. Məsələ hətta dünya çempionatlarının keçirilməsi üzrə ev sahibi ölkələrlə də bağlıdır. İsveçrə və ABŞ-ın bu addımının cəmiyyətdə müəyyən polemika doğurmasına baxmayaraq – məsələn, analitiklərin bir qismi hesab edir ki, bu, Zepp Blatterin növbəti dəfə seçilməsinin qarşısını almaq cəhdidir və yaxud Dç-2018-in Rusiyada keçirilməsinə qarşı Amerikanın etirazıdır – əksəriyyət bu həbsləri dəstəkləyir. O cümlədən FİFA-nın özü də. Bəs bu nə ilə bağlıdır? Ola bilsin ki, federasiyanın son illərdə korrupsiya ilə bağlı xeyli sıxıntılı məqamlar yaşamağa məcbur olması ilə.

Bir tərəfdən, FİFA dünyada ən populyar idman təşkilatı olmaqla heç də parlaq nüfuzu ilə seçilmir: bu gün onun ünvanına korrupsiya, rüşvətxorluq və hökm sürən inhisarçılıq ittihamları daim səslənir.

Digər tərəfdən, bütün bu qalmaqallara baxmayaraq, FİFA heç vaxt heç kimi öz işinə yaxın buraxmayıb, mütləq şəkildə nüfuzedilməz “müstəqil krallıq” olub. Məsələn, futbol üzrə dünya çempionatına ev sahibi ölkələrin seçilməsini götürək. Beynəlxalq KİV son illərdə səslərin satın alınması ilə bağlı xeyli qalmaqalın üstünü açıb. BBC hətta “FİFA-nın çirkin sirləri” adlı özəl proqram yayınladı. Federasiyanın məmurları arasında korrupsiyanın sübutları elan edildi. Lakin FİFA heç qaşını da düyünləmədi və hətta heç bir daxili islahatlara başlamadı.

İndiki anda FİFA idman aləmində ən gəlirli qurum olub. Lakin kənardan ona heç bir nəzarətin olmaması üzündən futbol sənayesinin labüddən korrupsiyaya gətirib çıxaran cazibəsinə uydu.

Futbol Assosiasiyalarının Beynəlxalq Federasiyası – müstəqil və sərbəst, ölkə və hökumətlərə onun işinə qarışmağa imkan verməyən futbol qurumu və idarədir. O, təkcə özəl idarəçilik üslubuna üstünlük vermir, həm də qeyri-kommersiya təşkilatının məxsusi özəlliyinə malikdir. Qanun baxımından FİFA-nın işlərinə məhkəmə müdaxiləsi baş versə, hər şey İsveçrə qanunvericiliyi çərçivəsində olmalıdır, çünki qurumun mənzil qərargahı bu ölkədə yerləşir. Lakin burada bir əngəl var. Belə ki, İsveçrə qanunlarına görə, qeyri-kommersiya təşkilatları korrupsiya əməlinə görə cəza maddəsinə düşmür. Lakin ölkə polisi bu dəfə cəsarətlə hərəkət etdi, çünki Amerika tərəfinin tələblərinə, həmçinin ekstradisiya haqda Amerika-İsveçrə sazişinə tabe oldu.

Bundan başqa, FİFA-nın nizamnaməsindəki “eksterritorial mühakimə hüququ” haqqında maddəyə əsasən, FİFA və üzvləri daxili mübahisələri birtərəfli qaydada ölkənin və ya bölgənin məhkəmə orqanlarına vermək hüququna malik deyillər. Sazişi pozan tərəf federasiyadan xaric ediləcək. Məhz bu iki maddə FİFA-nı toxunulmaz edir. Buna görə də onun üzvlərini hər bir ölkədə praktik olaraq cinayət hesab ediln səsləri satın almaq və ya rüşvətxorluqda ittiham edərkən nəticədə yenə də onlara qarşı heç bir ittiham elan edə bilmirdilər və qurum sudan quru çıxırdı. Belə çıxır ki, məsələ federasiyanın daxilində “yoluna qoyulurdu”. Bu da sizə “müstəqil krallığın” korrupsiyasına aid misal.

İndiki anda FİFA-nın dörd məmuru və qurumda işləməyən iki şübhəli günahını boynuna alıb.

Futbol Federasiyalarının Beynəlxalq Assosiasiyasının gizlənməyə daha yeri qalmayıb, sirr pərdəsi düşüb. Bütün bu məsələ bir daha sübut edir ki, mütləq hakimiyyət mütləq korrupsiyaya gətirib çıxardır. Lakin ola bilsin ki, baş vermiş hadisə FİFA üçün göründüyü qədər də pis deyil. Axı təşkilatın dəyişilmək, islahatlar keçirtmək şansı yaranıb.

Bu, idman təşkilatları arasında birinci qalmaqallı hadisə deyil. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri 1998-ci ildə səslərin satın alınması ilə bağlı qalmaqala uğraşmışdılar: məlum oldu ki, 2002-ci ilin qış olimpiya oyunlarının keçirildiyi Solt-Leyk-Siti şəhərinin məmurları Olimpiya komitəsinin üzvlərinə rüşvət veriblər. Lakin BOK o zaman hər şeyi vaxtında “yoluna qoydu”, Olimpiya xartiyasına düzəliş etdi və Beynəlxalq olimpiya komitəsinin etika üzrə Komissiyasını təsis etdi. O, şəffaf və standartlaşdırılmış islahat yolu ilə öz nüfuz və şərəfini bərpa etməyə nail oldu. Bundan sonra daha səslərin satın alınması haqda məlumat verilmədi. Bu, FİFA üçün ibrət və “müstəqil krallığı” atıb islahatlara başlamağın vaxtı çatması haqda siqnal olmalıydı. Əgər federasiyada heç bir dəyişiklik baş verməsə, nəticədə dünya ictimaiyyətinin etibarını itirə bilər. FİFA-nın korrupsiya ilə bağlı qalmaqalına görə insanların futbol üzrə dünya çempionatına böyük marağı tədricən itəcək.

Nəhayət, FİFA-nın özünə “qırımızı kart” göstərildi. ümidvar olaq ki, məhz bu, “müstəqil krallıq”da dəyişikliklərə təkan rolunu oynayacaq.

Din Szyantin

“Nanfan jibao” (çin), 30.05.2015