XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 13:09

Rusiya xarici siyasət konsepsiyasını dəyişir:Kremlin də bəhanəsi "radikal islamçılar"dır

kreml-1

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin yeni xarici siyasət konsepsiyası hazırlamağa başladığı barədə fikir söyləyib. O, bunun prezident Vladimir Putinin göstərişi ilə edildiyini deyib. Rusiya kimi böyük bir dövlətin bu addımı atması adi hadisə deyil. Qlobal miqyasda cərəyan edən geosiyasi proseslərin məntiqi ilə bu məsələ arasında sıx bağlılıq mövcuddur. Bu haqda Sergey Lavrov da danışıb. Dünyanın yeni geosiyasi nizamının formalaşması fonunda qlobal təhdidlərin də artdığı vurğulanır. Bu sırada müsəlmanlara aid edilən radikal dini qruplar əsas hədəf kimi göstərilir. Başqa terror qrupları, məsələn, ASALA, PKK, müsəlmanları qətlə yetirən digər terror təşkilatları bu yanaşmanın kölgəsində qalır. Belə bir şəraitdə dünyanın çoxqütblü yeni arxitekturasını qurmaq mümkündürmü? Bu suala birmənalı cavab vermək çətindir. Lakin bir sıra ehtimalları və proqnozları ifadə etmək olar.

 

Təhlükələr və ziddiyyətlər: Rusiyanın yeni qiymətləndirmələri

 

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov maraqlı bir bəyanat verib. O, aprelin 9-da Xarici və Müdafiə Siyasəti Şurasının iclasında çıxış edən zaman ölkənin yeni xarici siyasət konsepsiyasını hazırlamağa başladığını ifadə edib (bax: Лавров: создается новая редакция концепции внешней политики России / "РИА Новости", 9 aprel 2016).

Ekspertlər üçün bu, bir qədər gözlənilməz hal olub. Çünki Rusiya 2013-cü ildə xarici siyasət konsepsiyasını yeniləşdirmişdi. İndi hansı səbəblərdən Moskva bu məsələyə yenidən baxır? Rusiya kimi böyük bir dövlətin qısa bir zamanda öz xarici siyasətinə düzəlişlər etməsi adi hadisə sayıla bilməz. Görünür, qlobal siyasətdə ciddi proseslər baş verir. Ən önəmlisi isə ondan ibarətdir ki, Kreml meydana fərqli faktorların çıxmaqda olduğuna işarə edir.

Bu barədə Sergey Lavrov açıq danışıb. O deyib: "Dünya işlərində qeyri-müəyyənlik dövrü davam edir, bir dəfəyə bütün suallara cavab vermək və hər bir problemi həll etməyə imkan verəcək möcüzəvi formulu icad etmək mümkün deyildir" (bax: əvvəlki mənbəyə). Rusiya XİN-in rəhbəri hesab edir ki, bunun səbəbi beynəlxalq münasibətlərin "rəngarəngliyi, ziddiyyətliliyidir".

Deməli, Moskva dünya miqyasında geosiyasi situasiyanın aydınlaşması səbəbindən deyil, əksinə, daha da mürəkkəbləşməsinə görə xarici siyasətinə yenidən baxır. Özü də bu tendensiya o dərəcədə geniş və dərindir ki, Rusiya kimi supergüc belə mövqeyinə korrektələr etməyə məcburdur. Yeri gəlmişkən, qeyd edək ki, ABŞ hələ keçən ilin payızında öz xarici siyasətinə müəyyən düzəlişlər etmişdi. Orada Vaşinqtonun "hər yerdə və hər şeydə" üstün mövqedə olması ayrıca vurğulanırdı. Bəs Moskva yaranmış vəziyyətdə düzgün mövqenin nədən ibarət olduğunu bilirmi?

Əvvəlcə, onu deyək ki, Rusiya qlobal miqyasda tamamilə xaosun hökm sürdüyü qənaətində deyil. Sergey Lavrov vurğulayır ki, "…əlbəttə, ümumi tendensiyanı müşahidə etmək olar…" (bax: əvvəlki mənbəyə). Moskvanın "ümumi tendensiya" dedikdə nələri nəzərdə tutduğu maraqlıdır.

Rusiya xarici siyasət idarəsi rəhbərinin söylədiklərindən başa düşülür ki, dünyanın böyük dövlətləri qlobal problemlərin həllində rəqabətə deyil, əməkdaşlığa üstünlük verməli, hamı üçün təhlükə törədən qüvvələrə qarşı ortaq mövqedən çıxış etməlidirlər. Bu qüvvələr kimi isə Moskva radikal qruplaşmaları, ilk növbədə, İŞİD və "Cəbhətül-Nusra"nı nəzərdə tutur.

Həmin məqamı Sergey Lavrov "Rusiya qlobal siyasətdə" jurnalında dərc olunan məqaləsində açıq göstərir. O yazır: "Əsas vəzifələrdən biri kimi, uydurulmuş təhlükələrə qarşı deyil, real olanlara qarşı birləşməyi hesab edirik. Bu keyfiyyətdə başlıca təhlükə terror aqressiyasıdır. İŞİD, "Cəbhətül-Nusra"dan olan ekstremistləri və onlara oxşar digərlərini ilk dəfə olaraq Suriya və İraqın geniş ərazisində nəzarət altına almaq mümkün oldu. Onlar öz təsirlərini başqa ölkələrə və regionlara yaymağa çalışırlar, bütün dünya üzrə terror aktları törədirlər. Bu təhlükəyə lazımi qiymət verməmək cinayətkarcasına burnunun ucundan o tərəfi görməmək deməkdir" (bax: Сергей Лавров. Историческая перспектива внешней политики России / Россия в глобальной политике, 2016, №2, c.8-20).

 

Dünyanın yeni geosiyasi arxitekturası: ümumi prinsiplər mövcuddurmu?

 

Belə çıxır ki, Rusiya dünya üçün əsas təhlükələr sırasında müsəlmanlara aid edilən radikal qrupların fəaliyyətini görür, bunu bütün ölkələrə təhdid hesab edir və həmin əsasda birləşməyi məqsədəuyğun sayır. Burada bir həqiqət var. Lakin məsələni yalnız müsəlmanlara aid edilən qruplara bağlamağın doğru olmadığına inanırıq. Məsələn, hazırda PKK ilə ASALA-nın birgə hərəkət etdiyi və bütün müsəlman dünyasına təhlükə olduğu məlumdur. Ermənilər PKK sıralarında döyüşürlər. Son günlərdə Türkiyənin təhlükəsizlik qüvvələri 7 erməni snayperi zərərsizləşdirib.

Bundan başqa, terroru dəstəkləyən dövlətlər də vardır. Dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən radikal qruplar mövcuddur. Məsələn, Myanmada müsəlmanlara qarşı terror aktları törədən qrupları necə nəzərə almamaq olar? Bəlkə müsəlmanların qırılması dünya üçün "müsbət tendensiya"dır?! Ancaq bu, islamofobiya əlamətidir. Təəssüf ki, böyük dövlətlərin heç birinin xarici siyasət konsepsiyasında tam obyektiv yanaşma hiss olunmur.

Bütün bunlara rəğmən, Rusiyanın xarici işlər nazirinin yaranmış vəziyyətdən çıxış yolu məsələsində irəli sürdüyü təklif maraqlıdır. Moskva "dünya siyasətinin çoxmərkəzli arxitekturasına keçid"i lazımlı hesab edir. Burada, ilk növbədə, "dünyanın aparıcı mərkəzlərinin qlobal problemlərin həllində qarşılıqlı əlaqələrinə əsaslanmaq" nəzərdə tutulur (bax: əvvəlki mənbəyə).

Maraqlıdır ki, rusiyalı nazir əksər dövlətlərin bunu anladıqlarını, lakin əməl etmək istəmədiklərini ifadə edir. Buna görə də "müsbət istiqamətin üstün gələcəyinə təminat yoxdur" (bax: əvvəlki mənbəyə). Buna baxmayaraq, yuxarıda vurğulanan məqamları Kreml Rusiyanın xarici siyasət strategiyasının tərkib hissəsi hesab edir, başqa sözlə, tam olaraq çıxış yolunu bunda görür.

Ədalət naminə vurğulamaq gərəkdir ki, Rusiyanın bir sıra tanınmış analitikləri oxşar fikirlər ifadə edirlər. Onlar dünyada yaranmış geosiyasi mənzərənin dəyişməli olduğuna inandıqlarını bildirir, bu prosesdə Rusiyanın qabaqcıl rol oynaya biləcəyini vurğulayırlar. Lakin real nəticəyə nail olmaq üçün ölkədə ciddi islahatların aparılması zərurəti də nəzərdən qaçırılmır.

Bu kontekstdə Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri Sergey Karaqanov vurğulayır: "Qarşıdan gələn dövrdə uğur qazanmaq üçün təcili olaraq gələcəyə yönəlmiş yeni siyasət və strategiya lazımdır. Hər şeydən öncə, daxili iqtisadi strategiya gərəkdir. Başqa halda, "soyuq müharibə" zamanında olduğu kimi, Rusiya yenidən və qəti surətdə uduzacaq" (bax: Сергей Караганов. Контуры перемен: Мировые тенденции-2015 и российская политика / Россия в глобальной политике, 2016, №2, c.21-33).

Yuxarıda vurğulanan məqamlardan aydın olur ki, dünyada yeni geosiyasi nizama olan ehtiyac daha da artıb. Rusiya bunun fərqindədir və milli təhlükəsizlik strategiyasında həmin özəlliyi ciddi nəzərə almağa qərar verib. Moskva terroru qlobal miqyasda böyük təhlükə hesab edib, dünyanın böyük güclərini buna qarşı birləşməyə dəvət edir və bu zaman yeni qlobal nizamda bir neçə dövlətin aparıcı rol oynamalı olduğunu əsaslandırmağa çalışır.

Belə görünür ki, böyük dövlətlərin məqsədi dünyanı iki yerəbir qrup supergücün birləşdiyi hissəyə və onların idarə etdiyi qalan dövlətlərə bölmək, bu əsasda dünyanın çoxyönlü siyasi arxitekturasını formalaşdırmaqdır. İlk baxışdan maraqlı yanaşmadır. Ancaq böyük dövlətlərin ikili standartlar siyasəti fonunda bu modelin müsbət cəhətləri belə mənfi məzmun kəsb edə bilər. Burada əsas həqiqət ondan ibarətdir ki, dünya məhdud sayda güclü dövlətlərdən ibarət deyil. Yüzlərlə ölkənin də müstəqil və ədalətli şəraitdə yaşamaq hüququ tanınmalıdır. Müsəlmanları, bütövlükdə, İslam dinini terrorla əlaqələndirmək kimi yanlış ideoloji istiqamətlərdən imtina edilməlidir. Böyük dövlətlər təcavüzkarı himayə etmək üçün birləşməməlidirlər.

Açığı deyək ki, Rusiyanın da daxil olduğu ATƏT-in Minsk qrupunun üç həmsədri məhz böyük dövlətlərdir. Ancaq onlar uzun illərdir ki, cırtdan Ermənistanı işğal etdiyi ərazilərdən "çıxara bilmirlər". Bundan sonra neçə böyük dövlət birləşməlidir ki, Ermənistana "güc gəlsin"? Gülməlidir, deyilmi? Deməli, əsas məsələ birləşmək deyil, necə və hansı məqsədlə birgə fəaliyyət göstərməkdir. Müxtəlif regionlarda mövcud olan münaqişələri ədalətli həll etmədən, heç bir inteqrasiya modeli keçərli ola bilməz. Dünyanın böyük dövlətlərinin siyasətçiləri xarici siyasət konsepsiyalarına bu sadə həqiqətə əməl etməkdən başlasaydılar, bəşəriyyət çoxdan təhlükəsizliyinə qovuşmuşdu.

Newtimes.az




Yuxarı Əvvələ Ana Səhifə