Demokratik cəmiyyətdə KİV-ə nəzarət mümkündür və zəruridir
Təl-Əviv Daxili İşlər İdarəsinin Əhalinin qeydiyyatı şöbəsinin müdiri Ariel Ronisin faciəli intiharı İsrail cəmiyyətinin sosial şəbəkələrə münasibətində dönüş nöqtəsi olmalıdır. Söhbət İsraildə ictimai dilaoqa toxunan bir neçə köklü problemdən gedir.
Birincisi, İnternetdə xeyirxah insanın adının dözülməz dərəcədə asanlıqla ləkələnməsi, bu və ya digər vətəndaşa qarşı təhrikçilik. Heç birimiz bu cür durumdan sığortalanmamışıq. Bu gün hər birimiz haqda istənilən informasiyanı asanlıqla – ənənəvi KİV-də mövcud olan heç bir məhdudiyyətsiz yaymaq olar. Bizdə bu cür cinayətkar məsuliyyətsizliyi “ictimai dialoqun demokartikləşdirilməsi” kimi mataha mindirirlər.
Ənənəvi KİV dönəmində həqiqətən də “ictimai dialoq” kimi anlayışlar var idi. Əslində isə daha çox saxta idi, çünki bunda əksərən mətbuata əli çatanlar – jurnalistlər, publisistlər, qəzet və kanallara müsahibə verənlər iştirak edirdilər. Bu gün hər şey dəyişilib. Haderadan sıravi vətəndaş Riki Koen də istənilən siyasi partiyanın lideri (və yaxud istənilən ictmai xadim) kimi öz fikrini yaya bilər. Lakin hər bir köklü dəyişikliklərdə olduğu kimi ictimai dialoqun demokratikləşdirilməsinə də baha bədəl ödəmək lazım gəlir. öz fikrini kütləvi şəkildə yaymaq imkanı hamıya verilir, lakin çoxları anlamaq halında deyil ki, bununla bağlı üzərlərinə necə bir məsuliyyət düşür. Siyasətdə birbaşa demokratiyadan təmsilçilik demokratiyasına keçidlə (qanunvericilik orqanlarına xalq təmsilçiləri seçməklə) oxlokratiya (alçaq instinktlərlə idarə edilən kütlənin hakimiyyəti) adı almış anarxiya və hərc-mərclik təhlükəsinin qabağını almaq mümkün oldu.
Lakin İnternet ictimai dialoqu özünəməxsus birbaşa demokratiyaya çevirdi və məhkəməsiz divan tutmağı təşkil edə bilən kütlənin hakimiyyətinə dönmək təhlükəsi ilə təhdid edir. Daha pisi, cəmiyyətdə birbaşa demokratiyanın sosial şəbəkərlərdə formalaşdırdığı mühit dövlətdəki gerçək siyasətə mənfi təsir edir.
Nəticə sadədir: İnternetdəki bu təhlükəyə qarşı mübarizə aparmaq lazımdır. “Heç nə edə bilməzsən – yeni zəmanə bu cürdür, yeni kommunikasya vasitələri belədir” üslubunda arqumentlər əsassızdır. Bu cür arqumentlərlə razılaşmağa haqqımız çatmır. Şəbəkədə böhtan yayan və təhrikçiliklə məşğul olan hər kəsi izləmək nə qədər çətin olsa da, bu işi görməyə başlamalıyıq. Cinayət qorxusu yaratmaqdan ötrü ən qanqaraldıcı hadisələri məhkəməyə vermək zəruridir.
Bundan başqa, İnternetdə vasitəçilik funksiyasını yerinə yetirənlər – redaktorlar, sayt sahibləri, sosial şəbəkələrin administratorları da var. Onların da üzərinə məsuliyyət qoymaq gərəkdir. Onlar bütün vasitələrlə oxucu və istifadəçi şərhlərinin moderasiyası da daxil olmaqla böhtanın qabağını almağa borcludurlar.
Bütün demokartik üsullar (seçkilər, azad KİV, müstəqil məhkəmə sistemi) əsas hədəf – vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi naminə son dərəcə vacibdir. Bu üsullar və yaxud vasitələr hədəfdən daha önəmli ola bilməz. Demokratik cəmiyyətdə KİV-in azadlığı, sosial şəbəkələrdə ifadə azadlığı üzərində nəzarət məhz buna görə mümkündür və zəruridir.
Yair Şeleq
“NRG” (İsrail), 02.06.2015