XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

06 May 2016 - 13:11

İngiltərə nəşri:"Ərdoğan necə Avropada ən nüfuzlu liderlərdən biri oldu?"

Türkiyə prezidenti Avropa liderlərini yalnız ona sərf edən duruma saldı

erdogan

Duqlas Myurrey

The Spectator (Böyük Britaniya), 05.05.2016

 

Türkiyə Avropanın tərkib hissəsidirmi? Bu cür suallar sivilizasiya tariximizin böyük qismi ərzində yalnız qaba rişxənd doğururdu. Osmanlılar heç də hansısa mövhumata görə deyil, Avropa ordularının onların çoxsaylı hücumlarını dəf etdiyinə görə Avropaya düşə bilmirdilər. Bu məsələ, təxminən, yüz il əvvəl Atatürkün hakimiyyətə gəlişi və çağdaş Türkiyə dövlətinin yüksəlişi (İslamı dövlət hakimiyyəti ilə birləşdirməkdə nadir və uğurlu nümunələrdən biri) sayəsində bir qədər haqlı göründü. Bəzi ciddi adamlar (o cümlədən Britaniya hökuməti) yüz illik boyunca qısa müddət ərzində hətta Türkiyənin Avropa Birliyinə daxil olmağını dəstəklədilər.

Lakin hazırda bu məsələ müstəsna dərəcədə formallaşıb və birinci növbədə onunla izah olunur ki, Türkiyənin liberal trayektoriyası artıq çoxdan yönünü dəyişib. Bundan başqa, hazırda bu ölkə onsuz da tədricən Avropa ilə çulğaşır. Türkiyə prezidenti Rəcəb Ərdoğan Avropa Birliyini onun 75 milyon həmvətəninə Şengen zonası ölkələrinə vizasız gediş hüququ təqdim etməyə inandırdı. O, bunu etməklə əvvəlki bütün sələfləri ilə müqayisədə ən ciddi tərəqqiyə nail oldu. O, qorxutma, təhdid və şantaj taktikası işlətməklə öz vətəndaşlarına Avropaya qapı açmağa nail oldu.

Ərdoğanın uğurunun böyük önəmi var, çünki bir çox mənalarda Avropa Birliyini xarakterizə edir – birinci növbədə Avropa Birliyinin “yumşaq güc” həyata keçirdiyi haqda ideyanı. Bu nəzəriyyə Avropa Birliyi 1999-cu ildə Türkiyəni bütün standart tələblərə əməl edərsə, bu birliyə daxil ola biləcəyi “namizəd dövlət” adlandırarkən yarandı. Avropa Birliyinə üzvlüyə iddia edən dövlətlər “demokratiyaya, qanunun diktaturasına, insan haqlarının müdafiəsinə, azlıqlara sayğı və müdafiə zəmanəti verən institutların sabitliyinə” nail olmalıdır. Avropa Birliyi dörd ildən sonra bildirdi ki, Türkiyə bütün tələblərin yerinə yetirilməyinin zəmanəti üçün “mühüm addımlar atıb”, xüsusən də Türkiyə vətəndaşlarına “Avropa standartlarına uyğun təməl azadlıqlar və hüquqlardan faydalanmaq” imkanı verdi.

Bir müddət hər şey yaxşı getdi. Daxil olmaq haqda formal danışıqlar 2005-ci ildə başlandı, lakin bu vaxta qədər Türkiyədə mühüm dəyişimlər baş verdi. Hakimiyyətə Rəcəb Tayyib Ərdoğan gəldi. 2003-cü ildə özünün Ədalət və İnkişaf Partiyası ilə ilk dəfə baş nazir qismində seçilən və hazırda Türkiyənin prezidenti olan Ərdoğan Türkiyənin kursunun tam şəkildə dəyişdirilməsi üçün addımlar atmağa başladı. O, hansısa təkəbbürlü modernizator deyildi. Keçmişdə İstanbulun meri olarkən mitinqdə aşağıdakı şeiri oxumaqla dini zəmində ədavəti qızışdırdığına görə həbsxanaya düşdü:

Məscidlər – səngərlərimiz,

Günbəzlər – dəbilqələrimiz,

Minarələr – süngülərimiz,

Möminlər isə əsgərlərimiz…

Türkiyəli hakimlər bunda Türkiyə demokratiyasının dünyəvi ənənələri üçün təhlükə gördülər. Onlar haqlı çıxdılar. Demokratiyanı "avtobusda səfər"lə tutuşduran Ərdoğan səbirli islamçı idi: avtobus sizi lazımi yerə çatdırarkən ondan düşmək gərəkdir. Ərdoğan seçkili vəzifəsi ilə avtobusda gedərkən qaykaları bərkitmək və hakimiyyəti bir partiyanın və bir şəxsin əlində cəmləşdirmək üçün öz nüfuzundan istifadə etdi. O, hətta qızıldan yeni taxt sifariş verdi. Bu xəyali xəlifə Türkiyəni son dərəcə gözlənilməz istiqamətdə aparmağı qət etdi: hakimiyyəti ordudan və məhkəmə sistemindən almaqla ölkə daxilində narazılığı boğub səlahiyyətləri öz ətrafında cəmləməyə qərar verdi.

Ərdoğanın Türkiyəni əks istiqamətdə aparmağa nə dərəcədə müvəffəq olduğu çağdaş faciəni ifadə edir. Təxminən, iki il əvvəl onun ən yaxın çevrəsinin təmsilçiləri ilə bağlı korrrupsiya qalmaqalı qoparkən "Youtube" və "Twitter"i dərhal qadağan etdi və öz partiyasının üzvlərindən ibarət istintaq komissiyası yaratdı, bu təhqiqatları guya “xarici dövlətlərin” xidmətində duran insanların “dövlət çevrilişinə cəhdi” adlandırdı.

Ərdoğanı və yaxın çevrəsinin təmsilçilərini hər dəfə qanunun normal standartları ilə mühakimə etməyə çalışarkən o, isterik əks-hücumlarla cavab verir. Və bütün bu dövr ərzində bu sual havadan asılı qalır: bəs Avropa Birliyinə üzvlük necə olacaq? Məgər Ərdoğanı narahat etmir ki, avtoritar idarəçilik üslubu Türkiyəni Avropa Birliyinə daxil olmaq iddiası hüququndan məhrum edə bilər?

Lakin Ərdoğan hesab edir ki, Avroppa Birliyinin bütün ibarəli  açıqlamalarına baxmayaraq, sonralar onu ələ almaq mümkün olacaq. Brüssel həmişə Türkiyəyə barmaq silkələyir. Məsələn, Avropa Şurasının insan haqları üzrə komissarı məhkəmə mexanizminə müdaxilə ilə bağlı bir epizoddan sonra yazdı ki, “Hakimlərin Ali Şurası və prokurorların səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər Türkiyə məhkəmə sisteminin  müstəqilliyi üçün ciddi şəkildə geri atılmış addımdır”.

Bəs necə, ola bilsin, Ankara bu açıqlamadan sonra lərzəyə düşdü. Bununla belə, Ərdoğan məhkəmə sistemi və polis strukturunda dəyişiklikləri davam etdirdi. 2014-cü ilin yanvarında cəmi bir gecədə 350 polis zabitini vəzifədən götürdü və əvəzlədi. Onun partiyası yeni səlahiyyətləri mənimsəyib banklarda və şirkətlərdə “xarici kəşfiyyata” aid məsələlərə toxunan daxili izləməyə icazə verdi. Ərdoğanın opponentlərindən birinin parlamentdə dediyi kimi, “siz demokratiyanın kökünü kəsmək və bütün sistemə nəzarət etmək istəyirsiniz”. Həqiqətən də, belədir.

Türk xalqı da bunu hiss edir. 2013-cü ildə ölkənin 60 şəhərində hökumətə qarşı etirazlar baş qaldırdı. Lakin polis bunu qəddarlıqla boğdu, sonra Türkiyədə gələcəkdə etiraz aksiyalarının keçirilməsini məhdudlaşdıran qanunlar qəbul edildi. Hökumət o vaxtdan bəri mətbuat azadlığına hücumu davam etdirir, Türkiyə isə həbsdə olan xeyli jurnalistin sayına görə müntəzəm şəkildə dünya reytinqlərinin ilk sətirlərinə düşür. Lakin Avropa Birliyinin Türkiyənin üzvülyünə görə təklifini geri götürməyi üçün bu da kifayət etmədi. Hər il Ərdoğanın müxtəlif qanun pozuntularının sadalandığı hesabatlar dərc edildi. Ərdoğan buna əvvəlcə laqeydliklə, sonra isə aşkar nifrətlə yanaşdı. 2013-cü ilin sonuna doğru artıq bildirdi ki, daha Brüsseldən öyüdlər eşitmək istəmir və səmimi şəkildə ümid edir ki, “Öz üzvlərini kəskin şəkildə tənqid edən Avropa Birliyi diqqəti özünə yönəldəcək və özünün əldə etdiyi nailiyyətlər haqda hesabat tərtib edəcək”.

Ərdoğan martda bunadək Türkiyənin ən böyük tirajlı və ən nüfuzlu qəzetlərindən olan "Zaman"a nəzarəti ələ keçirtdi. O, minlərlə həmvətininə qarşı iş qaldırıb onları prezidenti təhqir etməkdə ittiham etdi. Türkiyə vətəndaşı apreldə polisdən zooparka gedən yolu göstərməyi xahiş etdiyinə görə Ərdoğanı təhqir ittihamı üzrə həbs edildi. Eyni zamanda Türkiyə daxilində azadlığın boğulması faciə olduğu halda Ərdoğanın repressiyalarının Avropa Birliyi ərazisinə genişlənməyi isə artıq qalmaqaldır. Bir alman satiriki xarici dövlət liderlərinin ünvanına təhqiri yasaqlayan Almaniya qanunun cəfəngliyinə işarə vurub Ərdoğanı tənqid edərkən Türkiyə tələb etdi ki, Berlin uyğun tədbirlər görsün. Ərdoğan Angela Merkelə “ayaqüstə” əmri verdi. Və  əmr işə keçdi: kansler qəbahət etmiş komikə qarşı məhkəmə prosesinin başlanmasını təqdir etdi, lakin qeyd etdi ki, alman məhkəməsi cənab Bömermannı tamamilə günahsız çıxarda bilər. Bu (ən azı, hələlik), Almaniya ilə Türkiyə arasında yeganə fərqdir.

Ərdoğanın siyasətinə və bununla bağlı Avropa Birliyinə girmək üçün Türkiyənin bütün zəruri tələbləri icra etmək iqtidarsızlığına baxmayaraq, AB-nin Türkiyəyə münasibəti olduqca xeyirxah olaraq qalır. Avropa Birliyi 2013-cü ildə viza rejiminin liberallaşdırılması haqda dialoq çərçivəsində təhlükəsizlik, miqrasiya, ictimai asayiş, təməl haqlar və qeyri-leqal mühacirlərin qaytarılmasına dair 72 şərt irəli sürdü. Türkiyə bunu yerinə yetirməsə də, keçən ilin noyabrında 2016-cı ilin oktyabrında vizasız rejimin tətbiq ediləcəyi haqda Avropa Birliyi ilə razılığa gəldi.

Və Türkiyənin tələbləri durmadan artır. Bu, tamamilə izah olunandır. Çünki Alımaniya kansleri keçən il Avropanın qapılarını ora yetişmək istəyənlərin üzünə açarkən rollar dəyişildi. Yaxın və Uzaq Şərqin, Şimali Afrikanın və Saxaradan güneyə Afrikanın bütün problemlərinin günahkarı və sorumlusu Avropa olduğuna əmin olan milyonlarla insan Avropa Birliyinə doğru hərəkətləndi. Həm də bunu yenidən edirlər. Avropa Komissiyası və frau Merkel bu gün isə anlayır ki, Avropada siyasi fəlakəti önləmək üçün mühacirlərin sayını azaltmalıdır. Və Ərdoğan qəflətən bildirdi: “Türkiyənin Avropa Birliyinə ehtiyacından daha çox Avropa Birliyinin Türkiyəyə ehtiyacı var”.

Hazırda Türkiyədə 2,7 milyon Suriya qaçqını yerləşir – hər şeydən göründüyü üzrə, Ərdoğan onlara doldurulmuş, özünməxsus silah kimi yanaşır. Onları Egey dənizindən Yunanıstana göndərmək və yaxud Bolqarıstan ərazisindən keçməyə imkan vermək hədəsi gəlir. “Avropa Birliyi zəruri tədbirlər görməsə, Türkiyə razılaşmanın özünə aid hissəsini yerinə yetirməyəcək. – O, apreldə dedi. – 3 milyona yaxın adam bizim büdcənin hesabına qidalanır. Lakin biz onları bircə “sağ ol”a görə yedizdirməyəcəyik”.

Baş nazir (keçmiş-tərc.) Əhməd Davudoğlu əlavə etdi: "Türklər vizasız rejim əldə etməsələr,ümid etməyinə dəyməz ki, Türkiyə öz vədlərini həyata keçirdəcək”.

Buna görə də Avropa Birliyi Türkiyənin kürdlərlə sərt davranışı ilə barışdı. Kiprin şimalının qanunsuz cari işğalına etinasızlıq göstərdi. Özünün bütün nominal tələblərinə məhəl qoymadı. Avropa Birliyi milyonlarla mühacirin axınından yayınmaq cəhdiylə qapıları Türkiyənin 75 milyon vətəndaşının üzünə açdı. Tamamilə mümkündür ki, Ərdoğana Avropa Birliyinə üzvlük lazım deyil, sadəcə Avropanı sıxşdırıb ləzzət alır və türklərə göstərir ki, bütöv bir qitəni (və yaxud, ən azı, liderlərini) titrəməyə necə məcbur edir. Hazırda Avropa ölümdən qorxub həyatını intiharla başa vuran adama çox oxşayır.

Bütün bunlarda Böyük Britaniyanın rolu hansıdır? Devid Kemeron 2010-cu ildə baş nazir vəzifəsinə başlayandan dərhal sonra Ankaraya getdi və orada bildirdi ki, Türkiyənin Avropa Birliyinə girməyi prosesinin sürətləndirilməsi üçün əlindən gələni edəcək. Kemeron Ərdoğanın qonağı olarkən dedi: “Türkiyə Avropanın aparıcı ölkələri arasında yerə layiqdir və mən bu yöndə mübarizə aparacağam”.

Baş nazirimiz öz vədini yerinə yetirdi. Ərdoğan hökuməti Türkiyənin Avropa Birliyində yeri olmadığını sübut etməkdən ötrü mümkün hər şeyi etdiyinə baxmayaraq, Kemeron Avropa sərhədlərinin Suriya və İraqa qədər genişləndirilməsində israrını davam etdirdi. Cəmi bir neçə ay öncə İcmalar Palatasında yenidən bildirdi ki, onun hökuməti Türkiyənin AB-yə qəbul edilməsi uğrunda çıxış edir. Əlbəttə, indi onların başının üstündə referendum təhlükəsi asıldığı bir vaxtda deyir ki, onun fikrinin önəmi azdır, çünki Fransa Türkiyənin AB-yə girməyinə yol verməz. Bu, baş naziri qəribə duruma salır, çünki onun sözlərinə inansaq, Fransa hökumətu onu öz qənaətlərindən xilas etməyi bacaran yeganə qüvvədir.

Ola bilsin, Ərdoğan şəxsi söhbətlərdə nələrə nail ola bildiyindən danışarkən öz heyrətini gizlətmir. O, özünü nə qədər pis aparırsa, Avropada bir o qədər nüfuz qazanır. O, xoşuna gəlməyən zarafata görə alman polisinə alman komikini həbs etmək əmri verməyə qadirdir. Ona sərf edən məqamda Türkiyə üzrə “əldə edilmiş uğurlar haqda hesabat” hazırlamaq barədə Avropa Birliyinə göstəriş verməyə qadirdir. Bir neçə həftə öncə danışıqların mətni dərc edildi: Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ərdoğandan unutmamağı xahiş edir ki, “Brüsseldə sizə şahzadə kimi yanaşırdıq”.

Avropa şahzadəsi Ərdoğan – qaçqınları mübadilə sikkəsi sayan və qitəmizi məhv etməyə hazırlaşan İslam hökmdarına tamamilə yaraşan tituldur. Bununla belə, Ərdoğan Avropa Birliyi mexanizmlərinin necə işlədiyini anlayan – və bütün dünyaya göstərən – insan oldu.

 

Tərcümə Strateq.az-ındır