Con Millar
Daily Express (Böyük Britaniya), 10.05.2016
Rusiya prezidenti məyus britaniyalılara Uzaq Şərqin toxunulmamış torpaqlarını pulsuz təklif etməyi nəzərdə tutur – əlbəttə, onlar sərt iqlim şəraitində Sibirin barsız, geniş sahələrində beş il yaşaya bilərsə. Yetərincə böyük bu sahələr Selsi üzrə hərarətin qışda – 47 dərəcəyə düşdüyü və indiki anda əhali sıxlığının hər kvadrat kilometrdə cəmi 3 nəfər təşkil etdiyi Arktika dairəsindən başlamış Çin sərhədinədək böyük bir bölgədə yerləşir. Lakin bura evə ehtiyacı olanlar üçün o qədər də pis yer deyil.
Rusiyanın Uzaq Şərqi valehedici gözəlliyi ilə ad çıxardıb: yüz kilometrlərlə təpələr, otlaqlar və sərt dağ aşırımları. Bu bölgəni buzla odun görüşdüyü ərazi adlandırırlar və səyyahlar fəal vulkanların qara bürünümüş yamaclarına qalxmaq, qaynar bulaqlarda çimmək üçün bura gəlirlər. Bölgənin yayı uzun və rahatdır: 25 ° С – Uzaq Şərqin qəribə yerlərinə yürüş üçün ideal hava temperaturudur.
Prezident Vladimir Putin Uzaq Şərqin əhalisinin sayını artırmaq və pis inkişaf etmiş bölgənin iqtisadiyyatına dəstək cəhdi kimi torpaqların verilməsi üzrə qanun layihəsini bəyənib. Söz-söhbətə görə, Uzaq Şərq səbirsizliklə gözləyir – o cümlədən Britaniyanın narazı vətəndaşlarını. Rusiya Federasiyasının Uzaq Şərqin inkişafı üzrə naziri Aleksandr Qaluşka bildirir ki, pulsuz torpaq əldə etmək imkanı çoxlarını maraqlandırıb və artıq bir neçə sorğu gəlib.
Cənab Putin 300 nəfər yığıb bu ərazidə məskunlaşdırmaq istəyir ki, bu da Böyük Britaniyada dilxor olmuş britaniyalılar üçün tamamilə yeni bir həyatın başlanğıcı ola bilər – xüsusən də ölkələrinin hazırda Avropa Birliyindən çıxması haqda referendumun potensial, qanqaraldıcı nəticəsinin gözləndiyi bir vaxtda.
Lakin firavan həyata can atanların ərizə verməyinə dəyməz. Prezident bu həftəki çıxışı zamanı qeyd etdi ki, bölgədəki infrastruktur cüzi səviyyədədir, lakin 8 min km uzunluğunda yolu qət etməyə hazır olanlar ferma yarada biləcəkləri və yaxud biznes quracaqaları futbol meydanı böyüklüyündə pulsuz torpaq sahəsi ilə mükafatlandırılacaq.
Lakin bir məqam var: Britaniya vətəndaşları torpağın tam sahibi olanadək bu ərazidə beş il yaşamalı olacaqlar. Bundan başqa, Uzaq Şərqin sərt iqliminə uğurla tab gətirənlər Rusiya vətəndaşlığı və bu torpaqda yaşayışı davam etdirmək və ya onu satmaq hüququ əldə edəcəklər. İstənilən adam Kamçatka, Primorsk, Xabarovsk diyarında, Amur vilayətində, Maqadanda, Saxalində, Saxa respublikasında, Yəhudi və Çukotsk muxtar mahallarında bir hektar torpaq əldə etmək üçün ərizə verə bilər.
Böyük Britaniyalı köçkünlər də lideri xalq içində populyar olan ölkədə yaşamağa qeri-adi imkan əldə edəcəklər. Baş nazir Devid Kemeronun və Leyborist partiyasının lideri Ceremi Korbinin reytinqləri 35%-i keçmədiyi halda cənab Putinin reytinqi 82%-dir.
Pulsuz bir hektar torpağın verilməsi haqda qanun layihəsi ilk dəfə 2015-ci ilin əvvəlində Rusiya prezidentinin Uzaq Şərq federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Trutnyev tərəfindən təqdim edilib. O bu layihəni insanların Uzaq Şərqə mühacirətini yaxşılaşdırmaq üsullarından biri saydı və heyvandarlıq, meşə emalçılığı, ovçuluq sahəsi və s. üzrə öz biznesinə başlamaqdan ötrü bu bölgəyə gəlmək və yaşamaq istəyənlərə müraciət etdi.
Köçkünlərin bölgədə sərt həyat şəraitinin öhdəsindən gələ bilib-bilməyəcəkləri hələlik aydın deyil. Deyəsən, cənab Trutnyev bu layihəyə əmin olmaqdan daha çox onun uğuruna ümid edirdi: “Biz cəhd edirik”.
Tərcümə Strateq.az-ındır.