XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 May 2016 - 12:37

Dəlisov və utopik Tramp, yoxsa gözəl və soyuqqanlı Klinton:Azərbaycana hansı sərfəlidir?

ABŞ-da respublikaçılar və demokratlar arasında prezidentliyə namizəd olmaq uğrunda yarış başa çatmaq üzrədir. Artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədin Donald Trampın olacağı bəllidir, Demokratlar Partiyasından isə Hillari Klinton öndədir.

Bəs Azərbaycan üçün bu namizədlərdən hansının ABŞ prezidenti seçilməsi sərfəli və arzuolunandır?

Mövzu ilə bağlı “Atlas” araşdırmalar mərkəzinin təhlilini təqdim edirik:

klinton-tramp-1

Donald Tramp ekstravaqant namizəddir. Onun Respublikaçılar Partiyasından prezidentliyə namizəd olması belə, dünya üçün böyük sürprizdir. Çünki adətən ABŞ-da prezidentliyə real namizədlər ya konqresmenlər, ya da qubernatorlar olur. Donald Tramp isə heç birindən deyil, ümumiyyətlə, aktiv siyasətlə qısa müddətdir məşğuldur.

Tramp seçkiqabağı çıxışlarında ABŞ-la Meksika arasında divar tikəcəyini, miqrantları ölkəyə buraxmayacağını, Rusiya prezidenti Vladimir Putinlə dostlaşacağını deyib. Ayrıca, onun “müslümanların ABŞ-a girişi qadağan olunmalıdır” fikri də böyük qalmaqala səbəb oldu. Bütün bunlar dünyada mənfi reaksiya doğurduğu kimi, Azərbaycanda da narahatlıqla qarşılanır.

Donald Trampdan fərqli olaraq, Hillari Klinton tanınan siyasətçidir. Nyu-York ştatının konqresmeni olub, dövlət katibi vəzifəsində çalışıb. Yəni Trampdan fərqli olaraq, xarici siyasətdən başı çıxır. Hillari Klinton seçicilərinə yerinə yetirilməsi mümkün olmayan vədlər vermir.

Azərbaycan hakimiyyəti və cəmiyyəti Hillari Klintonun prezidentliyinə müsbət baxır.

Birincisi, Hillari Klinton birinci ledi, yəni Bill Klintonun həyat yoldaşı olduğu dönəmdən Cənubi Qafqaz haqqında təsəvvürü var.

İkincisi, Hillari Klinton dövlət katibi olduğu vaxt Azərbaycanda səfərdə olub və iki ölkə arasındakı münasibətlərin mövcud durumu və gələcək inkişafı haqqında aydın təsəvvürü var.

Üçüncüsü, Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyini Hillari Klinton anlayır.

Bütün bu faktorlara görə Hillari Klinton prezident seçilərsə, ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığının davam edəcəyinə inam var. Ancaq bu o demək deyil ki, Donald Tramp prezident seçilərsə, ABŞ-Azərbaycan münasibətlərindəki 24 illk konstruksiya dağılacaq.

Donald Trampdan əlavə, ABŞ-ı Konqresin qanunları, Dövlət Departamentinın və Pentaqonun təlimatları da idarə edir.

Bundan başqa, ABŞ-ın milli və təhlükəsizlik maraqları var ki, prezident Tramp bu amilləri də kənara qoya bilməyəcək. Məsələn, Tramp nə qədər “Putinlə münasibətləri düzəldəcəm” desə də, Ağ Evin yeni sahibi Krımın işğalını arxa plana atıb Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq.

Əks halda bu, ABŞ-ın dünyadakı nüfuzunun itirilməsinə gətirib çıxaracaq. Çünki Krımın işğalına və Donbas separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların vacib olduğuna Avropa Birliyini məhz Vaşinqton inandırmışdı.

İndi əgər Tramp hər şeyi unudaraq Putinə onun əməllərini bağışlasa, ABŞ ənənəvi müttəfiqi Avropa Birliyinin inamını da itirəcək.

Və ya Cənubi Qafqaz bölgəsini götürək: ABŞ üçün strateji tərəfdaş olaraq müstəqil siyasət yürüdən və enerji resurslarını Avropa bazarına istiqamətləndirən Azərbaycan vacibdir, yoxsa Rusiyanın hərbi-siyasi forpostu Ermənistan?

Məsələn, Donald Tramp daha sonra “Nyu York Times” qəzetinin redaksiya heyəti ilə qeyri-rəsmi görüşdə deyib ki, onun seçkiqabağı radikal fikirlərini ciddiyə almasınlar. Həqiqətən, Tramp prezident seçilərsə, miqrasiya və vergilər siyasətində vəd etdiyi “inqilabları” həyata keçirə bilməyəcək.

ABŞ-ın nüfuzlu “The Street” dərgisi hesablayıb ki, əgər Trampın miqrasiya syasətində vəd etdiyi islahatlar yerinə yetirilsə, bu ABŞ büdcəsinə 400-600 milyard dollara başa gələcək.

Trampın vergi siyasətinin həyata keçirilməsi isə 10 il ərzində ölkənin 10 trilyon dollar gəlirdən məhrum edə bilər.

Bundan başqa, Konqresin dəstəyi olmadan Tramp heç bir islahat təşəbbüsünü həyata keçirə bilməyəcək. Konqresdə respublikaçılar üstünlüyü təşkil etsələr belə, konqresmenlərin böyük əksəriyyətinin Trampın ekstravaqant islahatlarına dəstək verəcəkləri böyüş şübhə doğurur.

Buna baxmayaraq, Trampın ABŞ-ın xarici siyasəti ilə bağlı açıqlamalarında bəzi həqiqətlər də var. Məsələn, Tramp deyib ki, ABŞ alman fazişmi və yapon militarizmi üzərində qələbə çaldı, yeni Avropa qurdu, daha sonra soyuq müharibədə qələbə çalaraq kommunizmin axırına çıxdı, ancaq sonrakı dövr səhvərlə yadda qaldı. Tramp bu səhvlərin içərisində ABŞ-ın İraqa hərbi müdaxiləsini, Misir və Liviyanın daxili işlərinə qarışmasını və Barak Obamanın Suriya ilə bağlı “qırmızı cizgisini” xatırladır. Trampın bu dediklərinin hamısı doğrudur. İraqa hərbi müdaxilə bu ölkənin parçalanmasını və İŞİD-in yaranmasını, Misirə müdaxilə “Müsəlman qardaşlar"ın hakimiyyətə gəlişini, Liviyaya müdaxilə isə İraqda olduğu kimi, ölkənin parçalanmasına və terror yuvasına çevrilməsinə gətirib çıxartdı. Barak Obamanın Suriya ilə bağlı “qırmızı cizgisi” isə vəd olaraq qaldı.

Ona görə də Azərbaycan Donald Trampın da prezident seçilməsindən narahat olmamalıdır. Azərbaycan Cənubi Qafqazda böyük dövlətlərin maraqlarının kəsişməsini deyil, əməkdaşlıq qurmasını istəyir. Cənubi Qafqazda Rusiya-ABŞ əməkdaşlığı Azərbaycanın maraqlarına cavab verir.

Üstəgəl, Azərbaycan hakimiyyəti ABŞ-ın ölkələrin daxili işlərinə qarışmasını da istəmir. Rəsmi Bakının Ağ Evin yeni sahibindən əsas istəyi Azərbaycanın ərazi bütövlüyü siyasətini, o cümlədən, təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı davam etdirməkdir. Buna Hillari Klinton da sadiq qalacaq, Donald Tramp da.