XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

16 May 2016 - 16:18

Rusiyalı analitik Vyana gözləntilərini yazdı:"Rusiya indiki mərhələdə münaqişəni dondurmağa çalışır"

MQ

İrina Borcenadze

Rosbalt.ru, 16.05.2016

 

ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin nizamlanması üzrə birbaşa danışıqlara girişməyə çağırıb və hətta Serj Sərkisyanla İlham Əliyevin görüşəcəyini elan ediblər – görüş bu həftə Vyanada baş tutacaq. Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin yaydığı bəyanatda xüsusən də deyilir ki, münaqişəli zonada “bu yaxınlarda zorakılığın alovlanması”ndan sonra prezidentlərin “görüşmək vaxtı çatıb”.

Əliyev-Sərkisyan görüşünün əsas vəzifələri “sülhün saxlanması”, münaqişənin ümumi şəkildə nizamlanması üzrə zəruri şərait yaratmaqdan ötrü inam dərəcəsinin artırılması üsullarını axtarmaq hesab edilir. Bəyanatda vurğulanır: “Zorakılıq davam etsə, danışıqlar uğursuz olacaq, danışıqlar prosesi olmadan sülhü isə bərqərar etmək alınmayacaq”.

Xatırladaq ki, münaqişə zonasındakı vəziyyət aprelin əvvəlində ifrat dərəcədə kəskinləşdi – irimiqyaslı hərbi əməliyyatlar nəticəsində hər iki tərəfdən öldürülən və yaralananlar var. Rusiyanın diplomatik müdaxiləsi sayəsində dayandırılmış Aprel hadisələrini artıq “dördgünlük müharibə” adlandırmaq məqbul sayılır.

Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər ki, onun səfəri işgüzar xarakter daşıyır və Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə bir sıra görüşlər keçirəcək. Lakin Rusiya XİN-in məlumatına görə fikir yürüdülsə, Sərkisyan və Əliyev hər halda masa arxasına əyləşəcək və görüşdə Rusiya və Fransa XİN başçıları, həmçinin ABŞ dövlət katibi iştirak edəcəklər. Ümumiyyətlə, görünür, beynəlxalq vasitəçilər Əliyevlə Sərkisyanı görüşməyə məcbur edir və bəzi qaynaqlar hətta tarixini də bildirir: 16-17 may.

Ehtimal ki, Ermənistan aprel hadisələrindən sonra diplomatik tədbir görüb Əliyevlə dialoqdan imtina ertməyə şad olardı, lakin indi “xarakter göstərmək” onun üçün təhlükəlidir – Moskva İrəvana tam aydın şəkildə eyham vurdu ki, Rusiya-Ermənistan münasibətlərinin strateji xarakterinə baxmayaraq, Ermənistan tərəfdən silahlı münaqişəyə girişməyə meylli deyil.

Lakin İrəvan hər halda öz şərtlərini irəli sürdü: təmas xəttində insidentlərin araşdırılması üzrə mexanizmlər işə salınsa və Azərbaycan tərəfdən hücum edilməyəcəyi zəmanəti olarsa, danışıqlar təzələnə bilər. Bu cür gündəliyə görə fikir yürüdülsə, təəssürat yaranır ki, Əliyevlə Sərkisyanın Vyana görüşü münaqişənin nizamlanması üzrə konkret razılaşmalara deyil, daha çox konservasiyasına yönəlib. Lakin son zamanlar israrla şişirdilən məlumatlara görə, Qarabağ nizamalaması “Rusiya planı” deyilən variantla birbaşa finiş xəttinə çıxır, yəni Ermənistan işğal etdiyi yeddi rayondan beşini Azərbaycana qaytarır, Qarabağın siyasi statusu isə sonralar müəyyən ediləcək. Amma ehtimal ki, bu planda nəsə hələlik işə düşmədi və Rusiya indiki mərhələdə beynəlxalq vasitəçilərin köməyi ilə münaqişəni dondurmağa çalışır. Lakin ekspertlər lap bu yaxınlarda Qarabağ nizamlamasında Moskvanın “solo partiya”sı haqda danışırdılar. İndi isə onların qarşısına üç yeni mövzu atılıb.

Birinci: Dağlıq Qarabağ ordusunun yasaqlanmış silahdan – “ağ fosfor” deyilən döyüş sursatından istifadəsi.

İkinci: Ermənistanla Dağlıq Qarabağ arasında qarşılıqlı hərbi yardım haqda müqavilənin bağlanması.

Və üçüncü: Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımağı.

Yasaqlanmış silaha gəlincə, təbii ki, Ermənistan tərəfi onun işlədildiyini inkar edir və deyir ki, əksinə, Azərbaycan ondan geniş şəkildə istifadə edir.

Qarşılıqlı yardım haqda müqavilə ilə bağlı isə Ermənistanda uzadırlar. Lakin ölkənin baş naziri Ovik Abramyan iddia edir ki, sənədin qəbulu “uzadılmır, müzakirə və hazırlıq mərhələsindədir”, bundan sonra parlament təsdiq etməlidir.

Lakin istisna deyil ki, qarşılıqlı yardım haqda müqaviləni həqiqətən də süründürürlər, çünki onun imzalanmağı Azərbaycan tərəfi ilə danışıqlarda əlverişsiz fon yarada bilər. Ya da Azərbaycanı çəkindirmək üçün sənədi ehtiyatda saxlayırlar.

İrəvan Dağlıq Qarabağ tanımaq təhdidini də ehtiyatda saxlayır. Hərçənd baş nazir Abramyan bildirdi ki, “indiki anda Stepanakerti (mətndə bu cürdür-tərc.) tanımağa ehtiyac yoxdur, lakin yeni müharibə başlasa, biz bu addımı atmağa məcbur olacağıq”.

Ümumiyyətlə isə DQR-in (mətndə bu cürdür-tərc.) tanınması üzrə qanun layihəsi artıq mövcuddur, lakin İrəvanda başa düşürlər ki, hazıra cini şüşədən buraxmaq olmaz.

Həmçinin mümkündür ki, Ermənistan Dağlıq Qarabağı tanımağa haradasa iyirmi il gecikib – o zaman dünyada geopolitik durum tamamilə özgə cür idi və İrəvanın ardınca başqa dövlətlər də bu cür addım ata bilərdi. Lakin necə olubsa, o cür olub və şans vardısa da, hazırda itirilib. Hətta İrəvan tərəfindən DQR-in tanınmağı Qarabağ üzrə bütün danışıq formatını sındırar və yəqin ki, Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olar.

Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryanın qeyd etdiyi kimi, “Qarabağın tanınması və yaxud Ermənistana birləşdirilməsi yeganə bir halda baş verə bilər –  bütün danışıqlar prosesinin məhv edildiyi irimiqyaslı müharibə və kobud şəkildə deyilsə, siyasətdə baş verənlərə tüpürüldüyü durumda. Çünki Qarabağın formal şəkildə Ermənistana birləşdirilməyi dünya birliyi tərəfindən təcavüz kimi qəbul ediləcək”.

Onun sözlərinə görə, ən yaxın vaxtlarda DQR-in rəsmən tanınması baş verməyəcək: “Bunun məhz necə baş tutmayacağını bilmirəm: parlamentdəmi ilişəcək, yoxsa komissiya bəyənəcək, amma sonra səsvermə təxirə salınacaq, respublikaçıların əleyhinə səs verəcəyi səsvermə olacaqmı? Demək çətindir”.

Amerikaşünas, The National Interest, Forbes“Россия в глобальной политикe” dərgilərinin köşə yazarı Areq Qalstyanın fikrincə, Ermənistanın Qarabağı tanıyacağı halda DQR-in müstəqilliyinin hansısa fövqəldövlət tərəfindən tanınma zəmanətsizliyi tammiqyaslı müharibə üçün Azərbaycanın əl-qolunu açacaq.

O, “Новости – Армения” agentliyinə deyib: “Təəssüf ki, Ermənistan beynəlxalq zəmanət qismində çıxış edə bilməz, həm də tanıma ilə danışıqlar formatı sınır. Beynəlxalq birlik də “biz günahkar deyilik, danışıqlar prosesini özünüz sındırdınız, indi də nəticələrə görə cavab verin” deyib yaxasını kənara çəkə bilər”. Və əlavə edib: Ermənistanın DQR-i tanıma prosesini başlamağı Bakı üçün ən yaxşı hədiyyə olacaq.

Qalstyan izah edir: “Ermənistan DQR-i tanısa, heç bir fövqəldövlət onun nümunəsini izləməyəcək, çünki indi Qarabağın müstəqilliyini tanımaq və Azərbaycanla dalaşmaq heç kimin marağında deyil”.

Hələlik isə gözləmək olar ki, Sərkisyanla Əliyevin bu həftə Vyanada görüşü baş tutsa, güman etmirəm ki, Qarabağ üçün taleyüklü irəliləyişə səbəb olacaq…

 

Tərcümə Strateq.az-ındır.