XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

22 May 2016 - 09:42

Həsən Aksay:“Yeni baş nazir Rusiya ilə münasibətlərdə şansdır” – Təhlil

]CUMHURBASKANI TAYYIP ERDOGAN, RUSYA LIDERI VLADIMIR PUTIN ILE 20 DAKIKA SUREN BIR TELEFON GORUSMESI YAPTI. GORUSMEDE, TEROR SALDIRILARININ AKABINDE DUZENLENEN OPERASYONLAR VE BOLGESEL KONULAR ELE ALINDI. PUTIN, SURUC'TAKI SALDIRIDA OLEN SIVILLER, SEHIT OLAN ASKER VE POLISLER ICIN TAZIYE DILEKLERINI ILETTI.

Həsən Aksay

T24 (Türkiyə), 21.05.2016

 

Türkiyə SQ-ə məxsus “Kobra” tipli helikopterin mayın 13-də Çukurca rayonunda (Hakkari), ehtimala görə, PKK tərəfindən səyyari raketlə məhv edilməyi iki qorxuducu məsələni gündəmə gətirdi.

Birinci: PKK-nın sərəncamında hərbi əməliyyatların gedişinə əsaslı təsir etmək potensiallı bu cür nə qədər raket var?

Və ikinci: bu tip raketlər PKK-nın əlinə necə düşüb?

Çoxvariantlı cavabı ola biləcək ikinci sualın təməlində duran başlıca əndişə bununla bağlıdır ki, PKK bu raketi (və yaxud bu tip xeyli raketi) Rusiyadan ala bilərdi. Dərhal yaddaşda bəzi təhdidli səhnələr oyanır.

Rusiya lideri Vladimir Putin 3 dekbar çıxışında ilk dəfə işarə etdi ki,  noyabrın 24-də təyyarəsi Türkiyə tərəfindən vurulmuş Rusiya tədbirlər görəcək: “Türkiyə təkcə pomidorla (pomidor daşınmasına qadağa – H.A.) canını qurtarmayacaq”. Bununla da düşünməyə məcbur etdi ki, ticarət sanksiyalarının ardınca siyasi və hətta hərbi addımlar gələ bilər.

Növbəti gün dekabrın 4-də Bosfor boğazından keçən Rusiya hərbi gəmisinin göyərtəsində durmuş hərbçi bütün keçid ərzində çiynində atəş açmağa hazır vəziyyətdə “yer-hava” tipli səyyari zenit-raket kompleksi (SZRK) tutmuşdu.

İndi deyirlər ki, Çukurca rayonunda helikopteri vurmuş və iki pilotun  ölümünə səbəbə olmuş raket “həmin gəmidəkinin eynisi ola bilər”. Rusiyanın həftəlik “Аргументы недели” qəzetində jurnalist Yaroslav Vyatkin 19 may sayında ruh yüksəkliyi ilə yazırdı:

“Mayın 13-də Hakkaridə “İynə” sancması (söhbət rusca “İqla” adlı raketdən gedir-tərc.) “Kobra”nın axırına çıxdı. Türklər əvvəlcə bunu inkar etdilər, lakin kürdlər videonu yayımlayarkən hər şey aydın oldu. Rusiya istehsallı “İynə” SZRK Amerika istehsallı “Kobra”nı vurdu. Hətta kürd döyüşçüləri bu videonu rusca „Полюшко-поле“ ilə müşayiət etdilər (Sovet ordusu haqda dünyaca məşhur mahnı – H.A.) Təkcə  Putinin “türklər canlarını pomidorla qurtarmayacaqlar” ifadəsi çatmırdı. Kürdlər öz maraqlarına görə olsa da, açıqça bildirdilər ki, bizim təyyarəçilərin qisasını aldılar. Bir gündən sonra daha böyük helikopterin məhv edildiyini elan etdilər. Lakin video yoxdur və türklər, əlbəttə, bu faktı inkar edirlər”.

Mən Türkiyə və Rusiyanın müxtəlif saytlarında bu videonun xeyli versiyalarına baxmışam, lakin “Полюшко-поле”-ni eşitməmişəm. (Ola bilsin, müəllif daha əvvəlki oxşar videolarla dolaşıq salır.) Hər necə olsa da, burada davakar və millətçi tonla videodan pomidora eyham quraşdıran jurnalistin sözünün mötəbərliyi yox, Rusiyanın “İynə” SZRK-nin həqiqətən də PKK-nın əlində ola bilməyi önəmlidir.  

 

Rusiya təyyarəsinin məhvinə görə qaldırılmaz hesab

 

Hərbi təfərrüatlarda batmaq və oxucuları buna qərq etmək istəmirəm. Fikrimcə, əsas problem aşağıdakından ibarətdir. Böhran haqda noyabrın 24-də axşam yazdığım ilk məqaləmin başlığında ifadə etdiyim kimi, Ankara Rusiya təyyarəsini vurmaqla xarici siyasətdə ən ciddi səhvə yol verdi. O vaxtdan bəri keçən, demək olar, altı ay ərzində bu durumu düzəldə biləsi heç bir önəmli səy göstərmədi. Hətta bəzən yalnız oda bezin töküldü.

Nəticə necədir?

Türkiyənin Suriyada və ümumən Yaxın Şərqdə təsiri son dərəcə azalıb. Türkiyə SQ-nin təyyarərələri Rusiyanın qorxusundan Suriya sərhədinə hətta yaxınlaşmır da.

Onilliklər ərzində xarici siyasətdə bu və ya digər səviyyədə istifadə etmək mümkün olmuş tarazlıq itirildi. Hələ bu yaxınlaradək praktik olaraq strateji tərəfdaş hesab edilən Rusiyaya qarşı hərbi güc tətbiq etmiş Türkiyə rəhbərliyi çıxış yolunu bunda tapdı ki, ABŞ və NATO-nun qucağında sığınacaq aradı. Milli iqtisadiyyat milyardlarla dollar ziyana düşdü. Bir sıra sektorlar, hər şeydən əvvəl turizm son dərəcə ağır zərbə aldı. İtki balansını hələ xeyli müddət hesablamaq olar. Bu prosesi uzatmamaq üçün sualı başqa cür qoyuram: Rusiya təyyarəsinin məhv edilməyində Türkiyə üçün, heç olmasa, bircə üstün cəhət varmı? Türkiyə hökuməti hələlik bu suala cavab verə bilməyib. Güman etmirəm ki, ümumiyyətlə bacarar.

 

Rusiya sərt siyasətdə batıb qalıb

 

Noyabrın 24-də olduqca kəskin və emosional reaksiya sərgiləyən Rusiya rəhbərliyi “Ərdoğana qarşı çıxış etmək” naminə Türkiyə ilə münasibətlərin xeyli hissəsini qurban verdi – ticari-iqtisadi əlaqələrdən təhsilə, mədəniyyətə və şəxsi münasibətlərədək.

Kremldə çox ümid edirdilər ki, bütün bu sanksiyalar nəticəsində Ərdoğanı diz çökdürmək mümkün olacaq. Bu, baş vermədi. Bu arada Rusiya bu sərt siyasətlə özünü dalana dirədi, altı ayda digər manevrlərə qadir olmadı.

Doğrudanmı, Rusiyada Türkiyəyə münasibətdə özgə baxış nöqtəsi yoxdur? Əlbəttə, var. Ən sonda, Ankaranı dost olmasa da, heç olmasa, Moskva üçün neytral paytaxt etməyə imkan verən, gələcəkdə isə (iqtisadi sahədə, Rusiyanın Türkiyədəki şirkətləri baxımından uzunmüddətli perspektivdə energetik əməkdaşlıq və nəhayət, Tatarıstan, Qafqaz, Orta Asiya və Yaxın Şərq kimi bölgələrdə) “mümkün alışma nöqtələri”nin əldə edilməsinə imkan verəcək çevik  addımların gərəkdiyinə israr edənlər var. Lakin onlar Putinin qəzəbindən ehtiyatlanıb bunu dilə gətirməyə qorxurlar.

Zaman-zaman Rusiya rəhbərliyi təmsilçilərindən Türkiyəyə nisbətdə “Türkiyə bizə düşmən deyil”, “Türkiyə ilə münasibətlərdəki böhran ötəri səciyyə daşıyır”, “Münasibətlər yenidən nəzərdən keçirilə bilər, lakin ilk addımı Ankara atmalıdır” kimi bəzi siqnallar gəlir. Sonra görürlər ki, qarşı tərəf xarici işlər naziri Çavuşoğlunun gözlənilməz nikbinliyindən kənara çıxan hansısa addımlar atmır: “Baxın, Rusiya ilə münasibətlər tədricən qaydaya düşür”. Və təzədən öz sərt mövqelərini tuturlar.

“Biz əvvəlki kimi Ankardan üç addım gözləyirik:

1.Təyyarənin məhv edilməyinə görə üzr istənilməsi.

2. Təzminat ödənişi.

3. Müqəssirlərin cəzalandırılması”.

 

Çəlik azadlıqdadır, Təyar Rusiya təyyarəsi ovuna çıxıb

 

Ankara Rusiya təyyarəsinin məhv edilməsindən qaynaqlanan sıxıntılı  durumunu dəfələrlə aşkarlayıb. Ankara təkcə “Ovqatımız pozuldu” yox, həm də dedi ki, “Bilsəydik ki, Rusiya təyyarəsidir, onu vurmazdıq”. Lakin siyasi-psixoloji amillərin təsiri altında belə də üzr istəmədi. 24 noyabrdan bəri keçən vaxt göstərdi ki, üzrxahlıq Putinin gözlədiyi biçimdə tədricən mümkünsüz oldu. Lakin lap bu günlərdə Moskvanı həyəcanlandıran hadisə baş verdi, çünki onun “müqəssirlərin cəzalandırılması” tələbi ilə bağlıydı. Vurulmuş təyyardən atılan pilot Oleq Peşkovun qətlinə görə məsuliyyəti öz üzərinə götürmüş Alparslan Çəlik həbs edildi. Lakin Çəlik sonradan azad edildi. Ola bilsin, Ankara bu həbsə böyük önəm vermədi. Ya da ola bilər ki, Ankara Çəliki bir neçə həftə kozır kimi saxladı ki, Rusiyaya müəyyən siqnal versin. Lakin Moskvadan gözlənilən reaksiya ilə (?) üzləşməyib bu taktikanı davam etdirməyi gərəksiz saydı. Nəticədə qəribə durum yarandı.

Rusiya dünyanın ən böyük ölkəsidir, nüvə dövlətidir, BMT TŞ-nın üzvüdür, Türkiyənin də olduğu bütün bölgə bərabərliklərinin əsas ünsürlərindən biridir… Böhran uzansa, Türkiyəni daha bir çox baxımlardan çətin durumda qoya bilər. Əlbəttə, böhranın güclənməyindən Moskva da ziyan çəkəcək. Lakin Ankaranın itkiləri daha çox olacaq. Ötən altı ay bunu aydın şəkildə göstərdi. Bu halda münasibətlərin nizamlanması üçün mütləq addımlar atılmalıdır. Lakin belə addımlar atılmır. Hətta bu cür mövzu guya gündəmdə yoxdur. Bəzi məsuliyyətsiz siyasətçilər isə tamam fitnəkar mövqe tuturlar. Məsələn, Ədalət və İnkişaf Partiyasından (ƏİP) deputat Şamil Təyar Fənərbaxça-MOİK basketbol görüşündən sonra öz Twitter səhifəsində yazıb: “Rusiyanın daha bir təyyarəsini vurmaq istəyirsən”.

Aşağı səviyyəsinə görə çığırqan və qeyri-ciddi ifadə Rusiyanın yüzlərlə qəzetinin səhifələrinə düşdü. Ona diqqət indiyədək qalmaqdadır.

Türkiyədə “bu cür siyasətçilərin” olduğunu  necə izah edirsiniz? Onlarda hər hansı siyasi, əxlaqi həyəcanın olmadığı ilə? Onların yalnız bir nəfərə sadiq olduğu, yalnız onunla hesablaşdığı və yalnız ondan qorxduqları ilə? Yaxud ƏİP-in yüksəkçinli rəhbərlərindən və liderlərindən hamını öz yerində oturdacaq heç bir bəyanatın gəlmədiyi ilə?  

 

Yeni baş nazir şansdır?  

 

Prezident Ərdoğanın “Davudoğlunu necə qovmaq və Yıldırımı onun yerinə necə qoymaq” kimi özbaşına tədbiri hamımıza məlumdur. Heç kim gözləmir ki, bu, Türkiyənin daxili və xarici siyasətində hansısa ciddi dəyişikliklərə qapı açacaq. Bununla belə, istənilən ölkədə baş nazirlə hökumətin dəyişdirilməyi heç nəyə baxmayaraq mühüm hadisədir. Buna bütün dünyada önəm verilir.

Əlbəttə, Türkiyənin faciəvi səhvlərlə dolu Suriya siyasətindən imtina edəcəyinə bu gün heç bir işarə yoxdur. Lakin bu məsələdə daha rasional və məntiqi xəttə yaxınlaşmaq və təkcə Türkiyəni deyil, həm də ƏİP iqtidarını təhdid edən hadisələri önləməyə cəhd etmək üçün addımlar atmaq olar.

Ola bilsin, yeni baş nazir Rusiya ilə münasibətlərdə böhranın aradan qaldırılması üçün müəyyən tədbirlər görəcək. Hətta bu, Moskvanın gözlədiyi üzrxahlıq olmasa da, yeni baş nazir gərginiyi yumşaldan bəzi təşəbbüslər göstərə bilər. O, sərgiləməyə cəhd edə bilər ki, “Təyyarənin məhv edilməsi haqda şəxsən mən əmr vermişəm” deyən keçmiş baş nazirin xətti keçmişdə qaldı.

O, məlumat verə bilər ki, Türkiyə günahkarların cəzalandırılması üzrə şərikli komissiyanın yaradılması uğrunda çıxış edir. Hətta Kremlin solan ümidlə çoxdan gözlədiyi “Türk axını” layihəsi üzrə yenidən danışıqlar masasının arxasına əyləşmək istəyinə təkan verə bilər.

Deyəsən, hiss edirəm ki, bu sətirlərin bir xeyli oxucusu qaşqabağını töküb güman edəcək ki, mən buludlarda dolaşıram. Siz haqlısınız, əlbəttə, bütün bunlar son dərəcə zəif ehtimallardır, heç Rusiyanı da inandırmayacaq.

Xeyr, inandırmayacaq, lakin…

Siyasət və diplomatiyada əgər bütün yollar bağlıdırsa, səmimiyyəti haqda mübahisə etmək mümkün olan jestlərin hətta, heç olmasa, kiçik faydası ola bilər.

 

Tərcümə Strateq.az-ındır.