XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 14:15

Putin Afinaya niyə gedir? –Bakı neftini daşıyacaq yunan kəməri Moskvanı narahat edir -Təhlil

Russian President Vladimir Putin (R) and Greek Prime Minister Alexis Tsipras attend a news conference at the Kremlin in Moscow, April 8, 2015. REUTERS/Alexander Zemlianichenko

Rusiya prezidenti Vladimir Putin 27-28 may tarixlərində Yunanıstana səfərə gedəcək.

Strateq.az bildirir ki, bu barədə prezidentin mətbuat xidməti rəsmi açıqlama yayıb. Səfər çərçivəsində Putin Yunanıstan prezidenti Prokopis Pavlopulosla və baş nazir Aleksis Tsiprasla görüşəcək: “Yüksək səviyyəli danışıqlar zamanı ikitərəfli əlaqələrlə bağlı mühüm məsələlər müzakirə ediləcək. Bura iqtisadi-ticarət əlaqələri, enerji və nəqliyyat sahəsində birgə layihələr, onlara qoyulacaq investisiya məsələləri daxildir”.

Bundan əlavə, beynəlxaq və regional problemlərlə bağlı fikir mübadiləsi aparılacaq. Səfərin sonunda ikitərəfli sənədlər imzalanacaq.  

Qeyd edək ki, Rusiya prezidentinin Yunanıstana səfəri çox ciddi bir hadisənin fonunda baş tutur. Ötən həftə, mayın 17-də Yunanıstanda Trans-Adriatik Qaz Boru kəmərinin (TAP) təməlqoyma mərasimi keçirilib. Baş nazir Tsipras mərasimdə çıxış edərək bu tikinitin “Yunanıstan və region iqtisadiyyatı üçün həlledici məqamda aparıldığını” bəyan edib.

Biz başqa bir dövrə qədəm qoyuruq. TAP-ın icrası Yunanıstan iqtisadiyyatının, o cümlədən sənayenin inkişafına böyük təkan verəcək", – deyən baş nazir qeyd edib ki, layihənin olduqca böyük geostrateji və iqtisadi əhəmiyyəti var. Hər il TAP vasitəsilə 10 milyard kubmetr qaz nəql olunacaq. Lakin gələcəkdə kəmərin ötürücülük qabiliyyəti 20 milyard kubmetri ötə bilər.

Diqqətçəkən daha bir məqam isə ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubu olub. ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştaynın  oxuduğu bu məktubda Kerri yazıb:“…Cənub Qaz Dəhlizi layihəsi nəticəsində həm regional, həm də Avropanın enerji mənbələrinin diversifikasiyası təmin ediləcək”.

ABŞ dövlət katibi Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox qaz nəql olunacağını qeyd edərək vurğulayıb ki, buna görə nəinki Cənub Qaz Dəhlizi, o cümlədən Yunanıstan-Bolqarıstan qaz interkonnektoru ilə bağlı işlər davam etdirilməlidir. 

“TAP və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Bugünkü təməlqoyma mərasimi Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində atılan ən zəruri addımdır. ABŞ bu layihəyə dəstəyini davam etdirəcək", – deyə məktubda bildirilir.

TAP "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir. 

Odur ki, Vladimir Putinin bu mərasimin fonunda Yunanıstana rəsmi səfəri əhəmiyyətlidir və görünür Moskva “din qardaşı”nın nə planlaşdırdığını bilmək niyyətinə düşüb.

Xatırladaq ki, 2015-ci ilin aprelində Tsiprasın Moskvaya rəsmi səfəri zamanı Putinlə o zaman böyük ümidlər vəd edən  “Türk axını” qaz kəməri layihəsi müzakirə olunmuşdu.

Tsipras Putinə demişdi ki, Yunanıstan bu layihədə iştirak edə bilər. O vəd etmişdi ki, Yunanıstan investisiya layihələrinə dair təşəbbüslərdə maraqlıdır və Türkiyə ilə sərhəddən qaz kəmərinin tikintisi imkanlarını nəzərdən keçirir.

Bu layihə bizim Türkiyə ilə münasibətlərimizi yaxşılaşdıracaq” – deyə Tsipras bildirmişdi. Putin isə öz növbəsində demişdi  ki, Yunanıstan bu layihəyə qoşulmağa dair təklifi qəbul etsə, geosiyasi statusu qalxacaq. Avropanın bütün cənubu, ola bilsin, hətta Mərkəzi Avropa üçün iri tranzit ölkəsinə çevriləcək. Putinin sözlərinə görə, Yunanıstanın layihədə iştirakı onu Avropanın enerji paylama mərkəzinə çevirəcək. Lakin Türkiyə ilə təyyarə qalmaqalından sonra “türk axını” layihəsi əhəmiyyətini itirdi və arxa plana keçdi. İndiki şəraitdə Putinə  TAP-ın Moskvanın iqtisadi maraqlarına vura biləcək zərbəni neytrallaşdırmaq üçün müzakirələr vacibdir. Bu baxımdan onun Afinaya səfəri bir çox suallara cavab axtarışı sayılmalıdır.

X. SƏFƏROĞLU

Strateq.az