Dərya Taşkın
"The Hill" (ABŞ), 23.05.2016
Rusiyanın Yaxın Şərq və Avropada təsir dairəsi əvvəlkitək böyüdüyündən və dünya birliyinin İŞİD-ə qarşı mübarizəsi sürdüyündən, ABŞ-la Türkiyə arasındakı münasibətlər dünyada təhlükəsizliyin təminatında açar rolunu oynayır.
Rusiyanın fövqəldövlət statusunu bərpa etməkdə Vladimir Putinin niyyəti qətidir – Rusiyanın son illərdəki hərbi kampaniyaları bundan xəbər verir. Rusiyanın Gürcüstanda, Krımda, Ukraynanın şərqində, Suriyada və yaxud Ermənistandakı hərəkətlərindən söhbət gedib-getmədiyindən asılı olmayaraq, hələ ki çox gec deyil, Putinin təcavüzkarlığını və onun təsir dairəsini genişləndirməyini dayandırmaq lazımdır.
NATO-nun açar üzvü olan Türkiyənin də Rusiya ilə problemləri yaranıb. O, möhkəmlənən Ermənistan-Rusiya alyansının bütün sərhədi boyunca Rusiyanın hərbi iştirakının güclənməyi ilə üzləşir və eyni zamanda Rusiyanın Suriyadakı hərbi əməliyyatları ilə bağlı özünün güney sərhədi boyunca basqıya məruz qalır.
Putin sonra nə edəcək? NATO-nu parçalayıb ABŞ-ı Avropadan getməyə məcbur edəcəkmi? ABŞ və müttəfiqlərinin reaksiyasızlığından yararlanıb nüfuz dairəsini genişləndirəcəkmi?
Gələcək Yaxın Şərqin və Avropanın cizgiləri hər gün dəyişdiyindən ABŞ-la Türkiyə arasında münasibətlər təhlükəsizliyin təminatında və bölgədə böhranların nizamlanmasında açar rolunu oynayır. Suriya və İraqdakı münaqişələr beynəlxalq təhlükəsizliyin ən önəmli məsələsi olub. Rusiyanın iki hərbi bazasının yerləşdiyi Ermənistan getdikcə daha çox Rusiyanın təsirinə düşür ki, bu da iki qonşu dövlət arasında barışıq şansını əməlli-başlı azaldır.
Türkiyə ilə münasibətlər ABŞ-ın XXI əsrdə öz müttəfiqləri ilə saxladığı münasibətlərin ən önəmlisidir. Çoxları tez-tez yaddan çıxardırlar ki, Türkiyə Yaxın Şərqdə uzun müddət ən müxtəlif məsələlər – terrorizmlə mübarizədən tutmuş NATO əməliyyatlarının aparılmasınadək ABŞ-ın ən yaxın müttəfiqiydi. Türkiyə və ABŞ 2011-ci ildən ekstremizmlə mübarizə üçün nəzərdə tutulmuş Qlobal Antiterror Forumunun həmsədridir. Bundan başqa, Türkiyə Suriyada vətəndaş müharibəsi başlanandan sonra bölgənin qaçqınları qəbul etməyə razılaşmış, bütün irq və dinlərdən olan insanlara sığınacaq təqdim etmiş nadir ölkələrindən biridir.
Hətta Türkiyənin NATO-ya üzvlüyü bu alyansın Yaxın Şərqdə qüdrətinin gerçəkləşməsində açar rolunu oynayır. Türkiyə çevik reaksiya üçün birləşmiş qoşunlara daha çox əsgər təqdim etməyə razılaşmış alyans üzvlərindən biri oldu. Rekord səviyyədə qısa müddətdə planetin istənilən nöqtəsinə atılmağa hazır olan bu qoşunlar NATO-nun müxtəlif təhdidlərə qarşı durmaq üzrə strategiyasında həlledici ünsürdür. Türkiyə silahlı qüvvələrinin elit bölmələri bu qoşunlarda mühüm rol oynayır, çünki az intensivlikli münaqişələrdə iştirak baxımndan çox böyük təcrübəsi var.
Rusiya tərəfdən potensial təhlükələrə və cənubda yaraqlılara qarşı durmağa kömək edən Türkiyə silahlı qüvvələri NATO-nun müdafiə sisteminin ən önəmli elementidir və İŞİD-in və XXI əsrdə terrorizmin öhdəsindən gəlmək üçün ABŞ-la Türkiyə əməkdaşlığının daha gücləndirilməsini gərəkdirən səbəblərdən biridir. Bu mənada ABŞ-ın Türkiyədən daha vacib müttəfiqi yoxdur.
Tərcümə Strateq.az-ındır.