XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

25 May 2016 - 00:05

Obamanın son səfəri:Ər-Riyaddan Avropaya qədər olan ziddiyyətlər fonunda - Təhlil

obama-sefer-2

Bir sıra ekspertlərin "Ağ Evin qara prezidenti" adlandırdıqları Barak Obamanın Səudiyyə Ərəbistanı və Avropa ölkələrinə sonuncu səfəri elə də rezonans doğurmadı. ABŞ rəhbəri sensasiya yarada, yaxud Avropa insanını indiki vəziyyətdən xilas edə biləcək fikir irəli sürməyib. Bu səbəbdən Qərb analitikləri səfərə xeyli dərəcədə sakit yanaşıblar. Ancaq B.Obama Trans-Atlantik ticarət və investisiya zonasının yaradılması və Qərb üçün əsas təhdidlərin müəyyənləşdirilməsi kimi iki vacib məsələni avropalı həmkarları qarşısında qaldırıb. O, Avropanın vahid olmasını güclənməsi faktoru kimi təqdim edib, bu kontekstdə Rusiyanı əsas təhlükə mənbələrindən biri kimi gördüyünü deyib. Səudiyyə Ərəbistanı ilə isə ciddi məsələlərdə razılıq əldə olunmayıb. Görünür, bu ərəb ölkəsi öz xarici siyasətinə ciddi dəyişikliklər etməkdə qərarlıdır. Bu da bütövlükdə dünyada yeni geosiyasi mənzərənin yaranmasına səbəb ola bilər. B.Obama bu səfəri ilə nəinki mühüm geosiyasi sualları cavablandırmağa imkan yaratdı, həm də bir sıra qeyri-müəyyən məqamların mövcudluğunu da üzə çıxardı.

 

"Va-bank"! Ər-Riyadın seçimi

 

Çox güman ki, Səudiyyə Ərəbistanında və Avropada Barak Obamanı səbirsizliklə gözləyirdilər. ABŞ prezidentinin səfəri öncəsi və sonrası ifadə edilən ekspert fikirlərinin müxtəlifliyi bunu təsdiq edir. Birbaşa deyilməsə də avropalılar da, ərəblər də, 2008-ci ildə olduğu kimi, Amerikanın dövlət başçısına xilaskar kimi baxırlar. Lakin Obama onları kədərləndirdi. Çünki bu dəfə o, özünü xilaskar deyil, mövcud reallığı nəzərə alan siyasətçi kimi apardı.

Məsələ burasındadır ki, B.Obama Ər-Riyadda, Londonda və Berlində tərəfdaşlarına anlatmağa çalışıb ki, dünya siyasətində vəziyyət dəyişib. Meydana elə faktorlar çıxıb ki, artıq bir dövlətin, hətta ABŞ-ın belə hər bir prosesə cavabdehlik daşıya bilmək imkanı yoxdur.

Deməli, Amerika Səudiyyə Ərəbistanının və Avropanın nə daxili problemlərini, nə də qlobal siyasətdə qarşılaşdıqları çətinlikləri "Ələddinin sehrli çubuğu" ilə həll edə bilməyəcək (bax: Пётр Искендеров. США vs Саудовская Аравия: новый геополитический фронт / "Международная жизнь", 25 aprel 2016 və Борис Тарабрин. Вальс "хромой утки" Барака Обамы и "старушки Европы" / "Международная жизнь", 26 aprel 2016).

Ancaq ABŞ prezidentini Ər-Riyadda soyuq qarşılayıblar. Onu hava limanında yüksək vəzifələri olmayan rəsmilər gözləyirmişlər. Təyyarədən gülə-gülə çıxan Obamanın bir anda mimikası dəyişib. Məsələ bununla yekunlaşmayıb. Səudiyyə Ərəbistanının kralı Salmanla aparılan danışıqlarda əvvəlki istilik və mövqelərin tam üst-üstə düşməsi müşahidə edilməyib. Amerikan telekanalı CNN vurğulayıb ki, "…Kral Salman və Obamanın bir sıra mühüm məsələlərdə fikir ayrılıqları mövcuddur" (bax: Визит Обамы в Саудовскую Аравию не улучшил отношения двух стран / "ТВ Центр-Москва", 21 aprel 2016).

Bunlar, əsasən, regional təhlükəsizlik, 11 sentyabr 2001-ci il terror hadisəsi haqqında ABŞ hüquq-mühafizə orqanlarının üzə çıxardığı yeni faktlar, İran və enerji məsələləri ilə bağlıdır. Ər-Riyadı daha çox terrorla əlaqəli yeni faktlar və İranla ABŞ-ın əməkdaşlıq perspektivi qıcıqlandırır. Hətta Səudiyyə rəhbərliyi bəyan edib ki, əgər 11 sentyabr hadisəsində ölkə iqtidarını ittiham edən faktlar dövriyyəyə buraxılsa, onda onlar Amerikadakı 750 milyard dollar həcmində aktivlərini çıxaracaqlar (bax: СМИ: Саудовские власти пригрозили Обаме распродать свои активы в США / "РИА Новости", 16 aprel 2016).

Təbii ki, Vaşinqton Ər-Riyadla münasibətlərin bu istiqamətdə davam etməsini istəmir. Obama administrasiyası hətta bildirib ki, Konqresdən 11 sentyabrla bağlı qanun layihəsi gəlsə, onu donduracaq. Ancaq amerikalı konqresmenlər çox israrlıdırlar. Onlar həqiqətin üzə çıxmasını tələb edirlər.

İki ölkə arasındakı münasibətlərin soyumasında İran məsələsinin də rolu az deyil. Səudiyyə Ərəbistanı ehtiyat edir ki, Amerikada neft və qazın yeni mənbələrinin tapılması və Tehrana qarşı sanksiyaların ləğv edilməsindən sonra Vaşinqton regiondakı strategiyasını dəyişə bilər. Bunun fonunda rəsmi Tehran 4 ərəb ölkəsinin paytaxtını "işğal etdiyini" qürurla dilə gətirir (bax: Ахмед Аль-Джамиа. Мы не отвергаем США, но более не будем наивны! ("Al Riyadh") / "ИноСМИ.ru", 25 aprel 2016).

Bunlar onu təsdiq edir ki, Obamanın Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasındakı münasibətlərin əvvəlki səviyyəyə qayıtmasına təkan verməyib. Bir sıra vacib məsələlərdə Ər-Riyadla Vaşinqton arasında fikir ayrılığı qalmaqdadır. KİV-də yayılan informasiyaların əksinə olaraq, onların sırasında Qərbin müsəlman ölkələrinə qarşı qeyri-müəyyən davranışlardan əl çəkməməsi xüsusi yer tutur. Səudiyyə Ərəbistanı da sual edir ki, nəyə görə belə olmalıdır, hansı səbəblərdən ərəblərin normal yaşamasına imkan verilməməlidir?

 

Körpüləri yandırmayın: Obamanın Avropaya tövsiyəsi

 

Bu kontekstdə "Ərəb baharı"nın bir uğursuz oyun olduğu indi tam aydınlaşıb. Ər-Riyad da xarici siyasətini bu məqamları nəzərə alaraq qurmağa çalışır. Bu səbəbdən onun regionda yeni geosiyasi konfiqurasiya yaratmaq istiqamətində atdığı addımları təsadüfi deyil (bax: Николай Сурков. Эр-Рияд создает антииранский фронт стойкости и противодействия / РСМД, 25 aprel 2016). Belə çıxır ki, B.Obama prezidentliyinin son aylarında isti ərəb ölkəsində aldığı soyuq duşu uzun zaman unutmayacaq. Əslində, bir sıra Qərb ekspertləri Amerika prezidenti üçün Avropada da vəziyyətin yaxşı olmadığını qeyd edirlər.

Böyük Britaniyada ABŞ prezidentini lazımi səviyyədə qarşılayıblar. Ancaq B.Obamanın britaniyalılara Avropa İttifaqından çıxmamağı tövsiyə etməsi ingilis siyasətçilərin xoşuna gəlməyib. Onlar "Ağ Evin qara prezidenti"nin Böyük Britaniyanın dövlət maraqlarını nəzərə almadan danışdığını ifadə edirlər. Nəticədə, ekspertlərin rəyinə görə, Amerika rəhbəri "həm özündən çoxlu sayda britaniyalını döndərib, həm də ciddi siyasi diskussiyalara təkan verib" (bax: Евгений Медведев. Туманные европерспективы Туманного Альбиона / "Независимая газета", 25 aprel 2016).

Buna baxmayaraq, B.Obamanın Almaniya kansleri Angela Merkel ilə danışıqları yaxşı keçib. Hər iki lider əksər məsələlər üzrə fikir birliyi nümayiş etdiriblər. ABŞ prezidenti Merkelin liderlik keyfiyyətini yüksək qiymətləndirib və hətta özünün "rəfiqi" adlandırıb. Onlar Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİT) çərçivəsində azad ticarət və sərmayə zonasının yaradılması, miqrasiya proseslərinin tənzimlənməsi, beynəlxalq təhlükəsizlik sisteminin yaradılması, terrorla mübarizə, əsas təhdid faktorlarının müəyyənləşdirilməsi kimi aktual problemlərin həllində birgə çalışmaq haqqında razılığa gəliblər.

Bundan başqa, A.Merkel Almaniya üçün tarixi əhəmiyyətli Hannover texnologiya və sənaye investisiyaları yarmarkasına İtaliyanın baş nazirini, Fransa prezidentini və Böyük Britaniyanın hökumət rəhbərini dəvət edib. Nəticədə, bu alman şəhərində ekspertlərin mini-NATO sammiti adlandırdıqları müzakirələr baş tutub. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və İtaliya liderləri Qərb üçün əsas təhlükənin İŞİD və Rusiya olduğu haqqında ortaq qərara gəliblər (bax: Евгений Григорьев. На мини-саммите НАТО обсудили большую российскую угрозу / "Независимая газета", 27 aprel 2016).

Bunlarla yanaşı, analitiklər B.Obamanın Avropaya səfərində əsas hədəfin TTİT-in yaradılması olduğuna diqqət çəkirlər. Doğrudan da, ABŞ prezidenti avropalı həmkarları ilə müzakirələrində bu layihənin hər iki tərəf üçün strateji əhəmiyyət daşıdığını dönə-dönə bildirib. O, xüsusilə rəsmi Londona anladıb ki, Aİ-dən çıxmaqla böyük bir şansı əldən vermiş olur. B.Obama, obrazlı ifadə edərək, "əgər İngiltərə Avropa İttifaqını tərk etsə, Vaşinqtonda iqtisadi əməkdaşlıq üçün növbə tutan ölkələr arasında yer alacaq", – deyə vurğulayıb (bax: Евгений Медведев. Туманные европерспективы Туманного Альбиона / "Независимая газета", 25 aprel 2016).

Amerika ilə Avropa vahid ticari-iqtisadi və sərmayə zonası yaratsa, sözün həqiqi mənasında dünyanın ən böyük gücünə çevrilmiş olacaqlar. Bu səbəbdəndir ki, bir sıra ölkələr indidən çıxış yolu axtarırlar. Məsələn, Türkiyə kənarda qalacağı halda milyardlarla dollar həcmində gəlirdən məhrum olacağından ehtiyatlanır. TTİT Çinə qarşı durmaq məsələsində də ABŞ-a əlavə güc verə bilər. Eyni zamanda, bu, Qərbin müsəlman ölkələri istiqamətində yeritdiyi siyasətdə yeni manevr imkanları da yaradar.

Yuxarıda vurğulanan məqamlar göstərir ki, ABŞ prezidenti B.Obamanın Səudiyyə Ərəbistanı və Avropaya səfəri bir sıra ziddiyyətli geosiyasi, iqtisadi və təhlükəsizlik məqamları ilə müşayiət olunsa da, maraqlı aspektlərlə də xarakterizə olunub. Bu sırada TTİT-in yaradılması və qlobal təhlükə amillərinin müəyyənləşdirilməsi kimi iki faktor diqqəti çəkir. Görünür, Amerikanın növbəti prezidenti üçün də bu məsələlər aktual olacaq.

Newtimes.az