XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

11 Mart 2015 - 05:41

Azərbaycan: ABŞ-la Rusiyanın “kəsişdiyi ölkə” statusunda! – təhlil

Azərbaycandakı kimi Ermənistanda, onun hakimiyyətində də Rusiya faktorundan dolayı ciddi bir xof yaşanır. Təbii ki, orada bu xof daha güclüdür. Ona görə ki, Ermənistan hərbi, siyasi, iqtisadi və təhlükəsizlik baxımından, Dağlıq Qarabağdakı müvəqqəti hərbi qələbənin təminatçısının Rusiya olması üzündən bütünlüklə Moskvadan asılı durumdadır. Bəs Azərbaycan?

Əlbəttə ki, həmsərhəd ölkələrin Rusiya kimi imperiya iddiaları olan yırtıcı qonşudan ehtiyatlılığı normaldır. Ancaq Azərbaycan iqtidarı timsalında bu ehtiyatlılığın bəzən ifrata çatması milli maraqlarımıza zərbə vura bilər. Xüsusən də Rusiya xofunu dünyanın supergücü ABŞ-ın hədəf götürülməsi hesabına “neytral” hala gətirmək cəhdləri təhlükəlidir. Halbuki Bakının İrəvandan fərqli olaraq sanballı iqtisadi potensialı, bölgədəki əlverişli geosiyasi mövqeyi onun manevr imkanlarını xeyli artırır.
çağdaş dönəmin şərtləri bu üstünlüklərimizdən daha rasional istifadəni zəruri edir. Ancaq maraqlıdır ki, Azərbaycanda rəsmilər səviyyəsində, dövlət mətbuatı səviyyəsində Rusiya heç vaxt hədəfə alınmadığı halda, ABŞ və onun prezidenti tez-tez sərt tənqid, hətta təhqir hədəfinə çevrilir: Amerikanın müstəqil mətbuatında adicə tənqidi məqalə dərhal Vaşinqtonun mövqeyi sayılaraq ona qarşı qara PR kampaniyasına start verilir. Di gəl, təkrar edirik, torpaqlarımızın işğalında baş rolu oynamış Rusiyanın ünvanına yumşaq tənqidi belə görmürük.
***
Proseslərin təhlili isə Bakıya iki qlobal gücün geosiyasi savaşında daha balanslı siyasət yürütməyi, tərəzinin gözlərindən birini güclü şəkildə əyməməyi diktə edir. Məsələn, ötən ay ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın regiona ilk səfəri məhz Azərbaycana etməsi, Bakıda demokratiya və insan haqları məsələsini demək olar ki, qabartmaması, müxalifətlə görüşməməsi, üstəgəl, kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mühüm bəyanat səsləndirməsi və bunu İrəvanda təkrarlaması Azərbaycana ciddi reveranslar idi.
Bu kontekstdə girovlarla bağlı açıqlama xüsusi diqqət çəkir. İş ondadır ki, Nulanddan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov da oxşar bəyanat vermişdi. Ardınca ABŞ rəsmisinin eyni mövqe sərgiləməsi əslində girovların taleyinə görə əndişədən qat-qat çox, ABŞ-ın Azərbaycanı itirməmək və Bakının “könlünü almaq” istəyinin, habelə onun Rusiyaya təhlükəli cizgiyədək yaxınlaşmasını və Kremlin Azərbaycana ünvanlı təhlükəli reveranslarını neytrallaşdırmaq məramının təzahürləri idi.
Lavrovla Nulandın üstə-üstə düşən açıqlamalarını ilk növbədə bu müstəvidə – Bakının Moskvaya rəğbətini neytrallaşdırmaq istəməsi kontekstində qiymətləndirmək lazım gəlir (Moskvanın təhlükəli reveransları isə davam edir – Milli Məclis sədrinin və Azərbaycan prezidentinin köməkçisinin Rusiyanın “Dostluq” ordeni ilə təltif edilməsi o qəbiləndəndir).
***
İndi qayıdaq Ermənistana. Diqqət edin, orada girovlarla bağlı Sergey Lavrovun çağırışına demək olar, reaksiya verilmədi. Lakin Viktoriya Nulandın, ardınca ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin eyni bəyanatı çox sərt qarşılandı, güclü qıcıq doğurdu. Hətta buna görə xanım Nuland erməni mediasında təhqir hədəfi edildi, o savadsızlıqda, geri zəkalılıqda suçlandı. Təsadüfmü?
Suala praqmatik erməni təhlilçilərindən birinin cavabı, bizcə, yetərincə maraqlıdır. Sitat: “Əlbəttə ki, Rusiyanı Ermənistanda ittiham eləmək risklidir. Amerikanı isə olar, çünki onun burada ciddi daxili dayağı yoxdur. Ancaq “diversantlar” (dırnaqlar bizimdir – red.) məsələsində Amerikanın da Azərbaycanın yanında yer alması, Viktoriya Nulandın, üstəlik, bunu İrəvanda təkrar bəyan etməsi hər şeydən əvvəl Azərbaycanın ABŞ üçün artan önəmindən irəli gəlir. özü də elə bir zamanda ki, İrəvan Avrasiya və Gömrük ittifaqlarına qoşulmaqla Vaşinqton üçün öz dəyərini sıfra endirib. Ermənistan Qərbdən ötrü itirilmiş ölkədir. ABŞ-Rusiya rəqabəti hazırda Ermənistan uğrunda yox, Azərbaycan uğrunda gedir. Bizim üçün qorxulusu da budur – bizi ciddiyə almırlar…”
***
Bu, doğrudan da belədir. Son aylar baş verənlər sözsüz ki, Azərbaycanın həm Rusiya, həm də Birləşmiş Ştatlardan ötrü həlledici dəyərdə olmasından irəli gəlir. Bir çox analitiklərə görə, Nulandın Bakıdakı açıqlamaları, o sırada gözlənimədiyi halda səsləndirdiyi girovları müdafiə bəyanatı Azərbaycan uğrunda geosiyasi rəqabətin yekun mərhələyə keçdiyinin, məsələdə hətta gerisayımın başladığının xəbərçisidir.
Görünən odur ki, Amerika bu mərhələdə ən azından Azərbaycanın “Rusiyanın yemi”nə çevrilməsini əngəlləməyə çalışır. Bəs, rəsmi Bakı bu işdə heç olmasa, özü-özünə kömək edirmi? Əfsus ki, suala pozitiv cavab yoxdur. Moskvaya da elə bu lazım deyilmi? O Moskva ki, Azərbaycan uğrunda rəqabəti qəti şəkildə öz xeyrinə yekunlaşdırmaq üçün artıq bütün rıçaqları işə salıb.
Onların arasında hərbi amil sözsüz ki, öndə gəlir. Bura ötən təhlillərimizdə də qeyd elədiyimiz kimi, Güney Qafqazda və onun ətrafında Rusiya hərbi mövcudluğunun birə-üç gücləndirilməsi, Azərbaycan və Gürcüstanın sərhədləri yaxınlığında – Abxaziyada Ermənistanın ardınca ikinci güclü hərbi platsdarmın yaradılıb başa çatdırılması, Rusiyanın öz hərbi xərclərini azaltmaqdan imtinası, Moskvadan Bakıya emissar axınının artması, Azərbaycana mədəni xarakterli bəzi reveranslar və s. daxildir.
***
Bu gün regiona Rusiya təhlükəsi heç vaxt olmadığı qədər realdır. Onu da unutmaq lazım deyil ki, Ukraynanı işğal planı çox-çox öncələrdən – hələ prezident Yanukoviçin dövründə Putinin stolunun üstündə olub. Əgər bu gün NATO üzvü olan Baltikyanı ölkələr də Rusiya müdaxiləsi sarıdan narahatdırlarsa, ABŞ, NATO bu ölkələrdə hərbi qüvvələrin, zirehli texnikanın sayını mütəmadi artırırsa (təkcə son 1 həftədə Amerika Latviyaya 120-dən çox zirehli texnika, tank göndərib), həmçinin, Avropada vahid ordunun yaradılması məsələsi gündəmə gəlibsə, deməli, heç bir hərbi bloka (NATO, KTMT) qoşulmayan Azərbaycana şimal təhlükəsi düşündüyümüzdən də böyükdür.
Lakin şimal təhdidləri ilə yanaşı, situasiyanın həssaslığı həm də ondadır ki, ABŞ-Rusiya rəqabətində Bakının Amerikanı birmənalı şəkildə iqnor edib, könüllü şəkildə, qeyd-şərtsiz ikincini seçməsi Qarabağ məsələsində bizə heç bir divident vəd eləmir. çünki bu halda Kremlin Qarabağla bağlı Bakıya güzəşti və ya hansısa qarantı avtomatik gündəmdən çıxmış olacaq.
Bunun baş verməməsi üçün Bakının ABŞ-dan təhlükəli məsafəyədək uzaqlaşmaması lazım. Ermənistan üçün belə rəqabət və problem mövcud deyil. Qonşu ölkə onsuz da Rusiyanın ovucunun içindədir. Azərbaycan da ön şərtsiz Rusiyanı seçəcəksə, Dağlıq Qarabağ məsələsi ən yaxşı halda SSRİ dönəmindəki kimi konservasiya olunacaq…
***
Bütün hallarda ölkəmizin bu rəqabətdə “nifaq alması”na, “dalaşan fillərin ayaqlarının altında ot”a çevrilməməsi üçün imkanları qalır. Hələ ki qalır…