XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 May 2016 - 11:32

Türk analitik: “Suriya müharibəsində böyük hesab və böyük hədəf Türkiyədir” – Təhlil

turkey

İbrahim Qaragül

Yeni Safak, 31.05.2016


 

Suallardan başlayaq.

Türkiyənin Suriya siyasətində nəsə dəyişəcəkmi?

Türkiyə-Rusiya münasibətlərinin yumşalmağa başlayacağı ehtimalı varmı?

Olduqca ağır əməliyyatlar sayəsində ölkə daxilində terrorizmə müqavimət göstərən Türkiyə terror görüntüsü altında “daxili işğal” cəhdiylə  sonradan sərhədin o biri tərəfinə üz tuta bilərmi?

Bu sualların hamısına “ehtimal ki, bəli” cavabını verə bilərik. Hətta deyə bilərik ki, belə də olmalıdır, yeni dəyişimlər və yeni yol xəritəsi lazımdır. Bu, artıq zərurətə çevrilib.

 

İşi öz əlimizə götürək

 

Ölkədən və onun hüdudları kənarından gələn son siqnallar bundan xəbər verir ki, Türkiyənin xarici siyasətində – hər şeydən əvvəl Suriyaya münasibətdə – bəzi dəyişikliklər baş verəcək. Hesab edirəm ki, bu siqnallar möhkəmlənəcək. Məlum olduğu kimi, ölkəmizdə də bu yöndə gözləntilər var.

Lakin hansı dəyişikliklər olacaq? Hələlik bilmirik. Yəqin ki, detallar tezliklə bəlirlənəcək. Türkiyənin Suriya məsələsində güzəştə gedəcəyini gözləyənlər yanılırlar. Dəyişikliklər geri addımı bildirmir. “Düşmənimiz az, dostlarımız çox olacaq” ifadəsi bu dəyişiklikləri anlamağa açar verə bilərmi? Yaxud prezident Ərdoğanın “İşi öz əlimizə alacağıq” sözləri yeni mərhələyə işarə edə bilər? Yaşayarıq, görərik. Lakin Suriya məsələsi elə bir mərhələyə çatıb ki, Türkiyənin bütövlüyünü silkələməyə qadirdir. Bu, gerçək faktdır və bundan çıxış etməklə zəruri addımlar atmalıyıq. Çünki məsələnin məğzi dəyişilib.

 

Çevrə və Türkiyənin güneydən mühasirəsi

 

ABŞ-dan Avropa ölkələrinədək, İrandan Rusiyayadək “Türkiyənin çevrələnməsi”nə, “güneydən mühasirə”sinə yönəlik cəbhə meydana çıxıb. Suriya müharibəsi Türkiyə müharibəsinə dönüb, Türkiyə açıq nişangaha çevrilib. PKK vasitəsilə başlanan həmlələrin əksəriyyəti terrorizm kimi deyil, bu mühasirənin mərhələlərindən biri kimi planlaşdırılıb. Eynilə “Gəzinti” əməliyyatı və dekabrın 17-25-dəki dövlət çevrilişi cəhdi kimi.

Türkiyə hələ üç il öncə etməli olduğunu bu gün etməlidir. Ölkə içindəki bütün problemlərimiz və Suriya böhranındakı dalan ondan qaynaqlanır ki, bu, üç il öncə edilmədi. Türkiyə birbaşa bu məsələyə cəlb edildiyi halda bir çox ölkələr Suriyada açıqca vuruşur və bizi bir kənarda saxlayır.

 

Bizə hücum edənlər hara qeyb oldular?

 

Artıq Suriya müharibəsində xeyli vətəndaşmızın həyatını qurban vermişik. Müharibəyə de-fakto cəlb edilmiş heç bir ölkə bu güney-şərqdə üzləşdiyimiz qədər qədər qurban verməyib. Təəssüf ki, Suriya böhranı hələ təzə-təzə qızışdığı vaxt yazdığımız təşvişlər eşidilmədi. Biz deyirdik ki, bu böhranı on ilədək həll etmək mümkün olmayacaq, Suriya – çözülməsi asan, yenidən ilgəklənməyi olduqca mürəkkəb bölgəsəl düyündür, bu ölkə on dəfə böyüdülmüş Livandır.

Ölkənin xarici siyasətini və xüsusən də Suriya kimi yandırıcı məsələni kiçik təsir qruplarının, dar çevrələrin, kiçik camaatların mərhəmətinə buraxmaq, onlara girov qoymaq olmazdı. Lakin bunu etdilər.

O vaxt bizə qasrşı olduqca ağır hücumlar yönəldilmişdi. Lakin onu təşkil edənlər bu gün görünmür. Ankarada Nazirlər kabinetinin birgə toplantısı keçirilən gün yanımıza gəlib “Suriyada üsyana başlayırıq, bizə dəstək verin” deyənlər kimi.

 

İnsan faciəsi və əxlaqi özül…

 

Zaman keçdikcə müharibənin məğzi dəyişildi. İnsan faciəsinə döndü. Şəhər və kəndlərin xarabazarlığa döndüyü dövrdə insanlığa qarşı cinayətlər edildi, kütləvi qırğınlar baş verdi, siyasi təhlillər hər cür mənasını itirdi. Əxlaqi özül ön plana çıxdı və burada Suriya xalqının tərəfini tutduq (və tutacağıq).

Hazırda gecə də olsa, üç il öncə nə etməyin gərəkdiyi haqda yenidən düşünməyin vaxtı yetişib. On illərlə Türkiyəyə zərbələr endirən Suriyanın cəbhəyə döndərilməyi prosesinə qarışmasaq, bu ölkənin ödədiyi bədələ görə sabah məsuliyyət daşıyacağıq. Çünki hər yeni gün getdikcə daha çox qaçılmaz nəticələr doğuracaq.

 

Bu gün zərbə endirməsək, sabah kiçiləcəyik!

 

Prezident Ərdoğanın dəfələrlə təkrarladığı “İşi öz əlimizə alacağıq” sözləri nəyi bildirir? Yumşalma ehtimalını, yoxsa birbaşa müdaxiləni? Diplomatik və yaxud hərbi təşəbbüsləri?

Hazırda dəyişimlər gözlənilir və o, baş verəcək. Güman edirəm ki, diplomatik sahədə böyük iş görüləcək. Təhlükəsizlik sahəsində Türkiyənin mövqeyi isə daha aydın vurğu və fəaliyyətdə təzahür edəcək. Ankara həmişə xatırlayacaq ki, öz gələcəyini beynəlxalq institutlara və iradəyə etibar etmək və bundan çıxış etməklə hərəkətlənmək necə təhlükəlidir. Çünki başa düşdü ki, bu cür təhvil – intihardır və məhz bu iradə terrorizm vasitəsilə ölkəni daxildən və Suriyada vurur. Təkrar edirəm, Suriya məsələsində etməli olduqlarımızı bu gün etməsək, Türkiyə kiçiləcək!

 

Putin nə demək istəyir?

 

Rusiya ilə münasibətlər nə cür olacaq? Bu ölkə ilə münasibətlər Suriyadakı mövqeyimizlə sıx bağlıdır və hətta bir çox mənalarda onu müəyyən edir. Rusiya lideri Vlasdimir Putinin “Gəlin, yumşalaq, lakin qoy ilk addımı Türkiyə atsın” tərzində son bəyanatı təkcə Türkiyə ilə münasibətlərdəki böhranın yumşaldılmasına hədəflənməyib. Bu həmçinin Rusiyanın hazırda düşdüyü sıxıntılı duruma işarə edir. Türkiyə, ən azı, indi Rusiya təyyarəsinin məhvi ilə bağlı üzr və müavinət məsələsindən uzaqdır. O deyir ki, təyyarə Türkiyənin hava məkanını pozub, Rusiyaya dəfələrlə xəbərdarlıq edildi və qeyd edir iki, biz haqlıyıq.

Hətta prezident Ərdoğan Antalyada G-20 sammitində hava məkanımızn pozulması mövzusunda Putinlə şəxsən danışıb, Rusiya lideri isə xarici işlər naziri Sergey Lavrova bu məsələni təcili qaydaya salmaq tapşırığı verib. Lakin hər iki ölkənin bu gün düşdüyü durum nəzərə alınsa, onda demək olar ki, Putin bu yaxınlardakı bəyanatını elə-belə vermədi və Türkiyə bu sözləri ciddi qəbul etdi.

 

Moskva ilə problem təkcə “təyyarə” deyil

 

Çoxlarının hesab etdiyi kimi, Türkiyənin Rusiya ilə münasibətlərindəki problem təkcə təyyarə böhranı deyil. Söhbət ondan gedir ki, Rusiya Suriyada açıqcasına antitürkiyə mövqeyi tutdu. Hətta problem daha uzağa gedir. Başlıca maneə Putin administrasiyasının “Türkiyənin mühasirəsi” strategiyasında əsas fəaliyyət simalarından biri olmağa razılaşmağındadır.

Moskva Suriya vasitəsilə Yaxın Şərqdə hansısa geopolitik cəhd planlaşdırsa da, İranın müzdlu qatili rolunda çıxış etdi, Qərb ölkələri ilə bir sırada addımladı, Türkiyəyə qarşı gizli müharibə apardı. Putinin İran və Qərblə birlikdə “düşmən” Türkiyəyə qarşı cəbhəyə üstünlük verməyi iki ölkənin çoxəsrlik münasibətlər tarixində ən ciddi nifaqlardan biri olacaq.  

 

Rusiyaya təhlükə Qərbdən gələcək

 

Ruslar bu durum üzərində düşünməlidirlər. Çünki Rusiya üçün prioritet məsələ Suriya deyil, Avropa ilə sərhədlərdir. Baltikyanı, Şərqi Avropadır. Rusiyanı vurası təhlükə Türkiyədən deyil, Qərb tərəfdən gələcək.

Ruslar həmçinin bu haqda düşünməlidirlər ki, Sovetlərin dağılması prosesi başa çatmayıb. Rusiya ilə haqq-hesab qurtarmayıb və qurtarmayacaq. İndi “dağılmağın ikinci mərhələsinin planı” yetişir və bu proses sistemli şəkildə gedir. Zamanı çatacaq və gerçəkləşdirləcək.

Putin “Türkiyənin mühasirəsi” planında tərəfdaş kimi hansı məqsədlərə yetə bilər? Qərbə yarınmağa? O bunu heç vaxt edə bilməz. Türkiyənin düşmən cərgəsinə daxil edilməsi tarixə əzəmətli siyasi bəsirətsizliyin nümunəsi kimi düşəcək. Bundan başqa, Putin nə edirsə, etsin, bilməlidir ki, Suriyanı ona verməyəcəklər. Vaxtı gələcək və Rusiyanı Suriyadan qovacaqlar.

Türkiyə və Rusiya bu gün həll edilə biləcək problemləri dəf etməyi bacarmalıdır. Bu ölkələr vaxt keçdikcə hətta kiçik böhranları da həll etməyə iqtidarsız olacaq və Şərqi Aralıq dənizindən Qara dənizədək daha ciddi böhranlarla üzləşəcək.

 

Onlar güneydən yeni xətt cızırlar

 

Suriyada həllə bağlı heç bir konkret addım qalmayıb. İŞİD-lə mübarizə uydurmadır. ABŞ və Türkiyənin Qərb müttəfiqləri “Demokratik birlik” partiyası (PYD) vasitəsilə ona tələ qurur. “Müharibənin səbəbi” kimi nəzərdən keçirdiyimiz layihə Suriyanın quzeyində addım-addım gerçəkləşdirilir. Diqqəti 2013-cü ildən sonra xəritənin dəyişməyinə və PYD-nin təcavüzünə yönəldirəm.

Türkiyənin hətta gecikmiş müdaxiləsi – ən azı, “indi” – bu dəhliz planını müəyyən mərhələdə dayandırdı. Lakin güneydə dəhlizin yeni xəritəsi cizgilənir. İŞİD-dən azd edilmiş ərazilərin əksəriyyəti PYD vasitəsilə nəzarətə götürüləcək. Başqa sözlə, onlar güneydə Türkiyənin sərhədlərdən müdaxilə edə biləcəyi yeni zonalar cızırlar.

 

Bizi iki cəbhədə mühasirəyə alırlar

 

Burada başlıca hesab Türkiyənin bölgə ilə əlaqələrini qırmaqdır. Onlar bunu Qafqazda etdilər. Orta Asiya, türk dünyası ilə əlaqələr tamamilə kəsilib. Onlar eynisini güneydə edirlər. Bu dəfə müsəlman dünyası ilə bağlar qırılır. Buna görə də Suriya müharibəsində böyük hesab və böyük hədəf Türkiyədir.

Biz hövsələsizin deyil, səbirlinin qalib çıxacağı haqq-hesab çürüdülməyinin şahidləri oluruq. Lakin səbir – zəiflik deyil. Ardıcıl şəkildə gerçəkləşdirilən strategiyadır.

Ruisya Türkiyəni mühasirəyə almaq planına qatılmaqdan imtina etməlidir. Bu, hər iki ölkənin ehtiyac duyduğu münasibətlərin yumşalmasına yeganə yoldur.

Türkiyə bölgə ilə münasibətlərimizin qırılmasına yönəlmiş bu planı pozmaq üçün gərəkən hər şeyi etməlidir. O cümlədən “işi öz əlinə almağı” da.

 

Tərcümə Strateq.az-ındır.