XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 18:42

“Üçlü əməkdaşlıq” formatı:Cənubi Qafqazda təhlükəsizliyin yeni təminatı

az-tur-gur

May ayının ortalarında Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələdə keçirdikləri görüş KİV-də geniş əks-səda doğurub. Bu hadisəni bir sıra ekspertlər "Rusiya-Ermənistan alyansı"na qarşı atılmış addım kimi qiymətləndirirlər. Ancaq ona daha geniş aspektdə obyektiv yanaşdıqda, reallığın fərqli olduğu müəyyənləşir. Belə ki, son zamanlar bütün dünya üzrə terrorla, kiberhücumlarla və enerji layihələrinə qarşı törədilən təxribatlarla mübarizənin aktuallığı xüsusi vurğulanır. Ayrıca böyük dövlətlər öz aralarında bu bəlalara qarşı birgə fəaliyyətin səmərəli formatlarını axtarırlar. Azərbaycan, Türkiyə və Gürcüstan da yerləşdikləri coğrafiyada terrora, kiberhücumlara və enerji layihələrinə qarşı mümkün təxribatlara birgə müqavimət göstərmək üçün əlaqələri gücləndirmək qərarına gəliblər. Bu, Ermənistanın neft və qaz marşrutlarına hərbi zərbə endirə biləcəyi ilə bağlı etdiyi təhdidlərin fonunda tamamilə normaldır. Lakin, görünür, bir sıra dairələr Cənubi Qafqazda sabitliyin olmasında maraqlı deyillər.

 

Sülh və sabitlik uğrunda: Ankara, Bakı və Tbilisi əlaqələri gücləndirirlər

 

Təbii ki, Cənubi Qafqazda geosiyasi mənzərənin dinamikasına qlobal miqyasda cərəyan edən hadisələr təsir edir. Son dövrlərdə isə bu regionda proseslərin qarşısına çıxan risklərin qiymətləndirilməsi, sabit bir bölgənin formalaşdırılması yollarının axtarışı aspektində daha intensiv addımlar atılır. Etiraf edək ki, Cənubi Qafqazda geosiyasi dinamikaya, şərti olaraq, "4 günlük müharibə" adlanan savaşın ciddi təsiri olub. Bunu indi daha dərindən hiss edirik. Müşahidələr göstərir ki, müəyyən dairələr Azərbaycanın hərbi üstünlüyə malik olması faktından böyük qorxu və həyəcan hissi keçirirlər. Onlar ciddi-cəhdlə bu faktoru aradan götürməyin yollarını aramaqdadırlar.

Hərçənd, dillərindən regionda sülh və sabitliyin bərqərar olması və insan itkilərinin olmaması kimi humanist deyimlər düşmür. Bunlar məhz həmin dairələrdir ki, keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq Cənubi Qafqazda ilk növbədə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımların ya birbaşa iştirakçısı olub, ya da erməni terrorçuların əli ilə həyata keçən qətliamların arxasında durublar. İndi niyə həmin dairələr bu qədər "humanist" və "sülhpərvər" olublar? Erməni terrorunu dolayısı ilə dəstəkləyərək, Azərbaycanın haqlı davasını "qan tökmək" kimi etik məzmunlu hadisə qismində təqdim etməyə çalışırlar?

Bu kimi həqiqətlərin işığında Cənubi Qafqazda ekspertlərin yeni geosiyasi-hərbi əməkdaşlıq modellərindən bəhs etməsi son dərəcə maraqlıdır. İndi bir sıra analitiklər regionda təhlükəsizlik sahəsində yeni əməkdaşlıq formatının – Azərbaycan, Türkiyə və Gürcüstan "üçlüyü"nün yarandığından həssaslıqla danışırlar. Əslində, nələr baş verir?

May ayının 15-də Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin işgüzar görüşü olub. Zakir Həsənov, Tinatin Xidaşeli və İsmət Yılmaz hərbi sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələsini müzakirə ediblər. Bir sıra KİV orqanı bu görüşü "Cənubi Qafqazda yeni hərbi blok yaranır?" kimi çoxmənalı sualla qiymətləndiriblər. Rusiya və Ermənistan mətbuatı məsələnin bu aspektinə xüsusilə diqqət yetirməkdədirlər (bax: məs., Пётр Искендеров. На Кавказе создается новый военный блок? / "Interaffairs.ru", 17 may 2016 və Арам Саргсян. "Грузины добровольно отдаются туркам и азербайджанцам" / "1in.am", 17 may 2016).

Qəbələdə üç ölkənin müdafiə nazirləri razılığa gəliblər ki, terrorla mübarizədə, enerji layihələrinin təhlükəsizliyinin təminində və hərbi hazırlıq sferasında və kibertəhlükəsizlik istiqamətində əməkdaşlığı genişləndirsinlər. Bunu Azərbaycanın müdafiə naziri "üçtərəfli fəaliyyət yeni mərhələyə keçdi" kimi qiymətləndirib (bax: Пётр Искендеров. Göstərilən məqaləsi).

Əməkdaşlıqla bağlı vurğulanan konkret istiqamətlərə baxdıqda, qeyri-adi və ya hansısa dövlətə qarşı yönəlmiş zərrə qədər də məqama rast gəlinmir. Əksinə, indi bütün dövlətləri narahat edən problemlərlə ortaq mübarizə aparmaq niyyəti nümayiş etdirilir.

Məsələn, böyük ölkələrin qırıcıları öz sərhədlərindən 10 min kilometrlərlə uzaqda olan Suriya torpaqlarını terrorçulardan təmizləmək üçün bombalar atmırlarmı? Onların xüsusi təyinatlıları Suriya və İraqda qeyri-qanuni neft istehsalçılarına qarşı savaş aparmırlarmı? Hətta öz rəqiblərini ləkələmək üçün "İŞİD-dən neft alır" ittihamını irəli sürmürlərmi? BMT-də bununla bağlı müzakirələrin aparılması üçün canfəşanlıq nümayiş etdirmirlərmi?

 

Qərəz, yoxsa qısqanclıq: ermənilərin real əməkdaşlıq formatına korluğu

 

Bu zaman həmin böyük dövlətləri heç kəs hansısa hərbi blok yaratmaqda günahlandırmır. Əksinə, deyirlər ki, ABŞ və Rusiya anti-terror koalisiyasını birləşdirirlər və s. İndi Azərbaycan, Türkiyə və Gürcüstan öz yerləşdikləri bölgədə terrora, enerji layihələrinə qarşı törədilə biləcək təxribatlara və kiberhücumlara qarşı birgə fəaliyyət göstərmək istəyirlərsə, bu, nəyə görə hansısa hərbi blok olsun və konkret olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı çevrilsin? KTMT-nin terrorçularla hansı əlaqələri var? Yaxud bu qurumun neft-qaz boru kəmərlərini partlatmaq və ya kiberhücumlar təşkil etmək kimi planları var? Əlbəttə, yoxdur. Bəs onda bəzi ekspertlər məsələni niyə məhz bu kontekstdə qiymətləndirməyə çalışırlar?

Məsələn, erməni KİV-dən bir nümunəyə nəzər salaq. Erməni ekspertlərdən bəziləri "Gürcüstan Azərbaycan və Türkiyəyə satılır" kimi axmaq fikirlər bildirirlər. Səbəbi də ondan ibarətdir ki, Tbilisi bu iki ölkə ilə birlikdə regionda təhlükəsizliyi təmin etmək niyyətindədir. Gürcüstanın müdafiə naziri açıq ifadə edir ki, Gürcüstan NATO-ya daxil olmaq istəyir və Türkiyə də bu təşkilatın üzvüdür. Ona görə də Ankara ilə hərbi sahədə əməkdaşlıq NATO miqyasında qiymətləndirilən geniş məna daşıyır. Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşıdır və onunla hər sahədə yaxınlıq tamamilə təbiidir (bax: Арам Саргсян. Göstərilən məqaləsi).

Gürcü nazir Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və KTMT-yə daxil olması səbəbindən strateji tərəfdaş ola bilmədiyini xüsusi qeyd edib. Rəsmi Tbilisi Ermənistanı "dost, qonşu ölkə" kimi qiymətləndirir. Yəni, İrəvana qarşı hər hansı mövqeyi yoxdur və olacağı da gözlənilmir.

Onu da deyək ki, bütün bunları T.Xidaşeli İrəvanda səfərdə olarkən erməni həmkarlarına açıq dediyini vurğulayır. Lakin erməni ekspertlər sırasında vəziyyəti tamamilə başqa cür təqdim etmək cəhdləri kəsilmir. Məsələn, politoloq Levon Şirinyan birbaşa deyir ki, "Gürcüstanın siyasəti dosta qarşı alçaqlıqdan ibarətdir" (bax: əvvəlki mənbəyə). Lakin ədalət naminə deyək ki, erməni ekspertlər sırasında bu hadisəni normal qiymətləndirənlər də var. O sırada Coni Melikyanın "Gürcüstan pozitiv, bitərəf mövqe tutur" fikri diqqəti çəkir (bax: əvvəlki mənbəyə).

Maraqlıdır ki, rusiyalı ekspertlərin də məsələ ilə bağlı fikirləri ziddiyyətlidir. Geosiyasi Analiz Beynəlxalq Mərkəzinin prezidenti Leonid İvaşovun fikrinə görə, "Gürcüstan Azərbaycan və Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etməklə xarici siyasətdə müstəqilliyini əldən verib. O, ABŞ-ın təsiri altına düşüb" (bax: Полина Химшиашвили, Антон Баев. Укрепление на Кавказе: зачем Баку, Тбилиси и Анкаре военные учения / "РБК", 15 may 2016).

Lakin bu mövqe ilə razılaşmayan Rusiya ekspertləri də var. Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatını nəzərdə tutaraq deyir ki, "bu, qanunauyğun qərardır və bu əməkdaşlığın perspektivi uzunmüddətlidir" (bax: əvvəlki mənbəyə).

Fərqli mövqelərin olması təbii haldır. Ancaq nədənsə ekspertlər bir məqama diqqət yetirmirlər. Məsələ ondan ibarətdir ki, Ermənistan son zamanlar Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu enerji layihələrini "yer üzündən siləcəyi" ilə hədələyir. Rəsmi İrəvan açıq bildirir ki, bu, onun əsas hədəflərindən biridir. Bu halda Ankara, Bakı və Tbilisinin ortaq hərəkət etməsi tamamilə təbiidir. O cümlədən onların birgə hərbi təlimlər keçirməyi qərara alması başa düşüləndir. Bu əməkdaşlığın regionun heç bir dövlətinə qarşı olmadığı göz önündədir.

Lakin bu, regionda hərbi tarazlığın yaranması aspektində olduqca vacib bir addımdır. Ermənistan bəzi ölkələri özünə yaxın bilib, hərbi üstünlüyü ələ almağa cəhd etdiyindən, bunun səmərəsiz olduğunu sübut edən qüvvəyə bölgənin ehtiyacı çoxdur. Bununla, ümumiyyətlə, Cənubi Qafqazda xaosun qarşısı alınır. Deməli, regionun Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatına ehtiyacı böyük olmaqla yanaşı, həm də təbiidir.

Newtimes.az