Bəs, “buzlar” haçan əriyəcək?!
Martın 18-də Azərbaycanla ABŞ arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 23-cü ildönümü qeyd ediləcək. Bu 23 ildə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı dünyada və qlobal miqyasda baş verən hadisələr, eləsə də hər iki ölkədə cərəyan edən proseslərin təsiri ilə gah yüksəliş, gah da ziddiyyət və gərginləşmə fazaları ilə yadda qalıb. Son 1 ildə isə ikitərəfli münasibətlərdə, ən azı zahiri olaraq, daha çox “soyuqluq” müşahidə olunmaqdadır. Aydın görünür ki, xüsusən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın qalmaqallı müsahibəsindən sonra Bakı-Vaşinqton münasibətlərində hər iki tərəfdən tənqid ritorikası daha çox ön plana çıxıb.
Azərbaycan cəmiyyətində, xüsusən siyasətində ABŞ-la münasibətlərə fövqəladə dərəcədə önəm verilir və Bakı-Vaşinqton əlaqələrinin perspektivi siyasətlə yaxından-uzaqdan maraqlanan hər kəs üçün aktualdır. Bu da təsadüfi deyil: ABŞ dünyanın əsas güc mərkəzlərindən biridir və Vaşinqtonun dəstəyi Bakının müstəqil Azərbaycanın güclənməsinə yönəlmiş regional, beynəlxalq təşəbbüslərininin uğurla nəticələnməsində həmişə həlledici amillərdən biri sayılıb. Bu faktor Azərbaycan cəmiyyətinin siyasi fəal kəsimi tərəfindən hər zaman kifayət qədər aydın dərk edilib və hazırda da ikitərfli münasibətlərin xarakteri, perspektivləri müzakirə və polemikların əsas mövzularından biridir.
Bununla belə, ikitərəfli münasibətlərin dəyərləndirilməsində, gözləntilərlə bağlı mühakimələrdə emosional çalarlar, Bakı-Vaşinqton əlaqələrinin mürəkkəb xarakterinin nəzərə alınmaması və müxtəlif konyuktur maraqlar çərçivəsində yanaşmanın qabardığı da açıqca nəzərə çarpır. Sözsüz ki, dünyada müşahidə olunan yeni qlobal geosiyasi dəyişikliklər kontekstində ABŞ-la münasibətlərin xarakteri, tərəflərin gözəntiləri və maraqların obyektiv təhlilinə çox ciddi ehtiyac yaranıb. Yalnız obyektiv təhlil və dəyərləndirmə bu mövzuda manipulyasiyalara son qoymaqla ikitərəfli münasibətlərin inkişafı üçün qeyri-rəsmi təşəbbüslərə və adekvat ictimai rəyin formalaşmasına kömək edə bilər.
Vaşinqtonun “İpək yolu-97” strategiyası və Azərbaycan
SSRİ-nin dağılmasından sonra Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun “Moskvanı əsas geosiyasi oriyentir götürməklə ənənəvi xarici siyasət kursunu saxlamaq” yanaşması cəmiyyətin aparıcı qüvvələri tərəfindən dəstəklənmədi və sonda uğursuzluqla nəticələndi. Bu doktrinanın uğursuzluğa düçar olmasına ən müxtəlif səbəblər sadalamaq olar, lakin əsas amillərdən biri, şübhəsiz ki, yenidən Rusiyanın protektaratlığının təsbit olunmasına fəal ictimai müqavimət idi. Eyni zamanda, insanlar bu yanaşmanın real nəticələrini də görə bilmirdilər: Müətllibovun bütün səylərinə baxmayaraq, Kremldə daha çox erməniləri eşidirdilər və Qarabağ münaqişəsinin həlli ilə bağlı aydın mesajlar verilmirdi; insanlar Kremlin yaxın perspektivdə Qarabağ münaqişəsinin ədalətli çözümü və ermənilərin cəzalandırılması üçün əməli addımlar atılmasını tələb edirdilər… Moskva isə Azərbaycanın tələblərini görməməzliyə vururdu və ola bilsin ki, düşünülmüş strategiyadan deyil, daha çox 300 illik imperiya siyasəti zamanı formalaşmış prioritetlərdən və reflekslerdən çıxış edərək, davamlı şəkildə ermənilərə fəal dəstək verirdi.
Mütəllibovu əvəzləyən Əbülfəz Elçibəy isə tam əks geosiyasi kurs təklif edərək, əsas oriyentir kimi Türkiyə olmaqla Qərbə inteqrasiya yanaşmasını seçdi. Lakin sonrakı proseslərin retrospektiv təhlili göstərir ki, Əbülfəz Elçibəy çox tələsmiş, Ankara və Qərb ölkələrinin təsir gücünü kifəyət qədər düzgün qiymətləndirməmişdi. Həmçinin Türkiyə, ABŞ və Avropanın aparıcı ölkələri də buna o qədər hazır deyildilər. SSRİ-nin çökməsi ilə qlobal müsətividə proseslər elə sürətlə cərəyan edirdi ki, Türkiyə, ABŞ və Aropanın aprıcı ölkələrinin baş verənlərə adekvat reaksiyası ləngiyirdi. Bakının kurs dəyişikliyindən sonra Kremlin sərt və çevik addımları fonunda Qərb və ondan xeyli asılı olan Türkiyə üçün Azərbaycana dəstək təşəbbüsləri gecikirdi. Həmçinin, ABŞ və Avropada hələ Cənub Qafqaz, Xəzər, Qara dəniz hövzəsi bölgələri ilə bağlı strategiyanın təməl prinsipləri ilə bağlı qənaətlər formalaşsa da, ilkin praktik addımlarla bağlı qeyri-müəyyənlik müşahidə olunurdu. Kremlin cavab addımları isə öz bəhrəsini verirdi və Elçibəy hökuməti üçün xaos dövrünün əsasları qoyulurdu. Eyni zamanda, Elçibəy iqtidarı Qərbə inteqrasiya siyasətini bəyan etsə də, bu siyasətin konkretləşməsi ilə bağlı çox ciddi problemlər və iddialar müşahidə olunurdu…
Artıq indiki zamandan baxaraq söyləmək olar ki, Elçibəy hakimiyyətində Qərblə münasibətlərə praqmatik nöqteyi-nəzər kifayət qədər olmayıb; Ankara isə o zaman Azərbaycanın ümidlərini tam doğruldacaq gücə və resurslara sahib deyildi.
Qərb ölkələri isə əksinə, Azərbaycana münasibətdə ifrat praqmatiklik nümayiş etdirirdilər və xaosla üzləşən Elçibəy hakimiyyətinin vəziyyəti stabilləşdirə bilməyəcəyini anlayırdılar. Vəziyyətin pisləşməsi, xaosun dərinləşməsi perspektivi Vaşinqton və Londonda birmənalı Qərbmeyilli kurs seçməsinə rəğmən, Elçibəy iqtidarına etimadsızlığın yaranmasına gətirib çıxardı…
Elçibəyi əvəzləyən Heydər Əliyev, Qərbin də gözlədiyi kimi, vəziyyəti stabilləşdirə, Kreml ilə anlaşa, İranı sakitləşdirə və məsafədə saxlaya bildi. Heydər Əliyev Qərbmeyilli kursdan imtina etmədi və “Mütəllibov doktrinası”na da qayıtmadı. Bu seçimi etmək və duruş gətirmək o qədər də asan olmadı: yeni rayonların işğalı, Gəncə qiyamı, Lənkəran hadisələri Kremlin adekvat reaksiyaları idi. Heydər Əliyev MDB-yə girmək qərarı verdi və eyni zamanda 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. “Əsrin müqaviləsi”i çərçivəsində ABŞ şirkətlərinin ümumi investisiya payı 47 faiz təşkil edirdi. Bu, ABŞ-la münasibətlərin qurulmasında və xarakterinin müəyyən olunmasında Heydər Əliyev iqtidarı üçün çox ciddi arqument idi. Bundan əvvəl, 6 sentyabrda H.Əliyev Misirdə ABŞ vitse-prezidenti Albert Qorla görüşmüş, müqavilənin imzalanmasından 7 gün sonra isə 27 sentyabrda Nyu-Yorkda prezident Bill Klintonla müzakirələr aparmışdı. Bunlardan əvvəl – 3 sentyabrda ABŞ prezidentinin şəxsi təmsilçisi Madlen Olbrayt Bakıya gəlmişdi, 10 iyunda isə H.Əliyev Ankarada ABŞ Dövlət katibi ilə danışıqlar aparmışdı… Bu təmaslar və müzakirələr ABŞ-Azərbaycan münasibətlərinin sonrakı inkişaf xüsusiyyətlərini müəyyənləşdirdi və yön verdi. 1996-cı ildə Konqress “Azərbaycana humanitar yardım göstərilməsi” haqqında qanun qəbul etdi. Vaşinqton bununla 1992-ci ildə qəbul olunmuş “Azadlığa dəstək Aktına 907-ci düzəliş”
in neqativ təsirini azaltmağa çalışırdı.
1997-ci ildə isə H.Əliyev Ağ Evin dəvəti ilə Azərbaycan prezidentinin ABŞ-a ilk rəsmi səfərini gerçəkləşdirdi və prezident Bill Klintonla müzakirələr apardı.
Bu dövrə qədər ABŞ-Azərbaycan münasibətləri, ola bilsin ki, SSRİ-inin çökməsindən qaynaqlanan proseslərə adekvat reaksiya və ilkin təxirəsalınmaz addımlar yanaşması çərçivəsində baş verirdi. Lakin 1997-ci ildə ABŞ Konqresinin tələbi ilə Dövlət Departamenti “İpək yolu-97” strategiyasını təqdim etdi. 1999-ci ilin martında isə “İpək yolu strategiyası” qanunu qəbul olundu. Həmçinin, Cənubi Qafqaz və Xəzər hövzəsinin ABŞ-ın milli maraqlar zonasına daxil edildiyi bəyan olundu.
ABŞ-ın Cənub Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələri ilə bağlı siyasətinin əsaslarını müəyyən edən bu strategiyanın həyata keçirilməsində Azərbaycana xüsusi rol ayrılırdı. Azərbaycan regional inqterqasiyanın təmin olunmasında, Rusiyanın cənubunda və Cənub-Şərqində yerləşən bölgələrindən, Xəzər hövzəsindən Qərbə doğru istiqamətlənən kommunikasiyaların, nəqliyyat dəhlizlərinin yaradılmasında həlledici ölkə kimi nəzərdə tutlurdu. Sonrakı illərdə Vaşinqtonun Azərbaycanla bağlı təşəbbüsləri bu strategiya çərçivəsində həyata keçirildi. “Bakı-Tbilisi-Ceyhan” kəmərinin çəkilişinin dəstəklənməsi də bu strategiyanın prioritetlərinə cavab verirdi. İndi – 2015-ci ildən baxaraq qiymətləndirdikdə, bu strategiyanın ABŞ və Azərbaycan üçün hansı əhəmiyyət kəsb etdiyini daha yaxşı anlamaq olur.
Bu strategiyanın həyata keçirilməsi ABŞ üçün ilkin vəzifələri həll etməyə və gələcəkdə Cənubi Qafqaz regionunda və Xəzər hövzəsində möhkəmlənməyə imkan verdi. Kremlin bütün səylərinə baxmayaraq, Cənubi Qafqazı tamamilə Rusiyanın təsir orbitinə salmaq mümkün olmadı. İranı məsafədə saxlamağa və Tehranın SSRİ-nin dağılması ilə gerçəkləşməsinə ümid etdiyi Xəzər hövzəsi və Cənub Qafqazla bağlı geosiyasi iddialarına qarşı adekvat tədbirlər görməyə imkan yarandı.
ötən illər ərzində Azərbaycan “İpək yolu-97” strategiyasının həyata keçirilməsində üzərində düşən vəzifələri çox uğurla yerinə yetirdi. Baxmayaraq ki, Vaşinqtonun Qarabağ münaqişəsinin həllində, Ermənistanla konfliktdə dəstəyi bu səylərə adekvat olmadı. Buna təəccüblənmək və emosional yanaşmaq da düzgün olmazdı. İmperiyalarla əməkdaşlıq edən ölkələrin, onlar “strateji tərəfdaş” statusu alsalar belə, gözləntiləri çox nadir hallarda əhəmiyyətli dərəcədə doğrulur…
ABŞ üçün Azərbaycanın əhəmiyyəti və Vaşinqtonun prioritetləri
Azərbaycanın geosiyasi əhəmiyyəti, geostrateji dəyəri ilə bağlı çox müzakirələr açılıb və fikirlər, arqumentlər səsləndirilib. Bunları təkrarlamağa lüzum görmədən, ikitərəfli münasibətlərin xarakterini müəyyənləşdirən məqamlarla bağlı ümumiləşdirmələr aparmağı vacib hesab edirik:
çox vacibdir ki, Azərbaycan bu məsələlərdə yalnız diplomatik dəstək vermir, həmçinin bir çox hallarda həm də maliyyə-iqtisadi donor kimi çıxış edir və müəyyən riskləri göz önünə alaraq, məsuliyyəti öz üzərinə götürür. Azərbaycan-Türkiyə tandemi bu məsələlərdə əhəmiyyətli faktor kimi çıxış edir və Vaşinqton üçün hər iki ölkənin təbii müttəfiqliyi çox mühüm əhəmiyyət daşıyır.
Bu prioritetlər ümumi şəkildə “İpək yolu-97” strategiyasında əks olunub və hazırda da ABŞ-ın Azərbaycan siyasətinə yön verən əsas amillərdir.
ABŞ-ın Azərbaycan siyasəti hakimiyyətdə olan adminstrasiyaların müəyyən korrektələri ilə bu prioritetlərdən irəli gələrək müəyyənləşdirilib.
Azərbaycanın səyləri və qlobal proseslərin təsiri ilə Cənubi Qafqazda Rusiya-ABŞ münasibətlərində kompromis yaranıb və 1997-ci ildən bəri Bakı bu status-kvonun saxlanması üçün bütün mümkün addımları atır.
2010-cu ildən başlayaraq, ABŞ-ın Azərbaycanı bu kompromisi pozmağa təşviq etməyə çalışdığı aşkar hiss olunur. 2014-cü ildən bəri isə bu tendensiya daha qabarıq üzə çıxır.
Azərbaycan prioritetləri və ABŞ-ın Bakı siyasəti
Azərbaycan üçün Qərbə inteqrasiya siyasəti çərçivəsində ABŞ-la münasibətlərdə, ilk növbədə, dövlət suverenliyin möhkəmləndirilməsi, Şimal və Cənubdan qaynaqlanan təhdidlərin neytrallaşdırılması, Qarabağ münaqişəsində və enerji resurslarının istismarında dəstək alınması əsas prioritetlər kimi çıxış edib. Eyni zamanda, Bakı 1994-cü ildən bəri, ABŞ-la münasibətləri elə nizamlamağa çalışır ki, Şimal və Cənub qonşularıyla əməkdaşlığı mümkün edəcək manevr imkanlarına sahib olsun. Bu siyasət “tarazlaşıdırılmış”, “komplimentar”, “çoxvektorlu” məfhumlarla ifadə olsuna da, mahiyyət dəyişməz qalıb. Azərbaycan bütün hallarda manevr, çevik xarici siyasət imkanlarını qorumağa çalışıb. Uzun illərdir ki, Bakı bunun vacibliyinə Qərb tərəfdaşlarını və ələlxsüs, Vaşinqtonu inandırmağa nail olub. Qlobal proseslər, qlobal geosiyasi konfiqurasiya da bu doktrina üçün əlverişli zəmin yaradıb. Lakin 2005-ci ildən başlayaraq, Vaşinqtonda bu siyasətin təftişinə başlanıldığını və dəyişikliklərə cəhd olunduğunu sezməmək olmur…
Bu, daha çox qlobal proseslər və ABŞ-ın yeni qlobal strategiyası ilə bağlı idi. Düzdür, Azərbaycana münasibətdə “İpək yolu-97” strategiyası ilə müəyyənləşmiş çərçivə qüvvəsində qalırdı, lakin Bakının daha çox Qərbin xeyrinə tarazlığı dəyişməsi üçün təşviq metodlarına əl atıldı. 2005-ci il seçkilərində bu, özünü aşkar göstərdi. Sonda Vaşinqton “narıncı planlar”dan əl çəkdi və 2010-cu ilədək ikitərəfli əlaqələrdə o qədər də “soyuqluq” hiss olunmadı. 2010-cu ildən isə Vaşinqtonun yeni tələblərini əks etdirən təzahurlər ortaya çıxdı və İlham Əliyev iqtidarının tənqidləri intensivləşdi. Bu o ərəfədə baş verirdi ki, Xəzər hövzəsindən yeni qaz kəmərlərinin çəkilməsi məsələsi müzakirə olunmağa başlamışdı və bununla bağlı Bakının da öz şərtləri vardı. Nəticədə, kompromis varinat kimi TAP və TANAP seçildi.
Həmçinin, Moskvanın siyasəti də yeni məqamlar yaratmışdı və Bakı üçün bunları nəzərə almamaq qeyri-mümkün idi. Vaşinqtonun Bakını daha çox riskli kimi qiymətləndirilən siyasət yürütməyə təhrik etməsi ikitərəfli münasibətlərdə problemlər, qarşılıqlı ittihamlar mərhələsinin başlamasına start verdi. 2005-ci ildən sonra Vaşinqton-Bakı münasibətlərindəki əvvəlki etimad itdiyindən, Azərbaycanda ABŞ-ın təşəbbüslərinə, tənqidlərinə əvvəlkindən daha çox şübhə ilə yanaşmağa başladılar. 2005-ci lin “narıncı kabusu” hələ də ikitərəfli münasibətlərin xarakterinə öz əhəmiyyətli təsirini göstərməkdədir…
Bundan başqa, Bakının şübhəli və tərəddüdlü yanaşmasına Vaşinqtonun Cənubi Qafqazda qüvvələr nisbətini öz xeyrinə dəyişmək və bu zaman Azərbaycanın mövqeyini o qədər də nəzərə almamaq təşəbbüsləri də təsirsiz ötüşməyib. Söhbət Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı diplomatik həmlədən gedir. Görünür, bu layihənin əsas dəstəkçisi və sponsoru olan Vaşinqton ya Azərbaycanla məsləhətləşmələr aparmamış, ya da Bakının arqumentlərini qulaqardına vurmuşdu. Hər halda, bu məsələ də ikitərəfli münasibətlərdə qarşılıqlı etimadla bağlı şübhələrin dərinləşməsinə yol açdı…
ABŞ- Azərbaycan münasibətləri yeni geosiyasi reallıqlar kontekstində
NATO ilə əməkdaşlıq, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində fəaliyyət və nəhayət, Ukrayna hadisələrinə münasibət məsələlərində Vaşinqton və Bakının yanaşmalar
ında əhəmiyyətli dərəcədə fərqli münasibət müşahidə olundu. Bakı özünün ənənəvi “manevretmə və tarazlaşdırma siyasəti” doktrinasına uyğun olaraq, NATO ilə əməkdaşlıq, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində fəaliyyət məsələlərində ehtiyatlı və Rusiya, İranla münasibətləri ciddi zədələyəcək addımlardan çəkinmək siyasətinə üstünlük verdi və verməkdədir. Azərbaycan NATO ilə əməkdaşlığında Rusiya amilini diqqətdə saxlayır və özü üçün “qırmızı xətt”ləri müəyyənləşdirib. Vaşinqtonun bütün təkidlərinə baxmayaraq, Azərbaycan bu “qırmızı xətt”lərini özü müəyyənləşdirməkdə israr edir. Avropa İttifaqı ilə münasibətlərdə də Bakı fərqli model təklif edir. Bakı üçün Şimal və Cənubdan aqressiya kimi qiymətləndirilə biləcək addımlar qəbul olunan deyil və bütün təklif, təzyiqlərə baxmayaraq, Azərbaycan hakimiyyəti üçün bu yanaşma prioritet olaraq qalmaqdadır.
Ukrayna hadisələrinə münasibətdə Bakı yenə tarazlaşdırılmış xarici siyasət doktrinasından çıxış edir və Rusiya tərəfindən bu tarazlığın pozulması kimi qiymətləndirilə biləcək hər hansı addımdan çəkinir.
Yeni dünya düzənində Vaşinqtonun Azərbaycanın rolu ilə bağlı yeni gözləntiləri Bakının bu məsələlərə baxışı ilə üst-üstə düşmür. Azərbaycan Avrasiya İttifaqından kənar qalır, eyni zamanda Vaşinqton və Avropa İttifaqının Rusiya sərhədlərində yerləşən keçmiş sovet ölkələri üçün geosiyasi layihələrində aparıcı rol almaq istəmir. Vaşinqton yenə, əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın bu layihələrin gerçəkləşməsində əhəmiyyətli dərəcədə məsuliyyəti bölüşməsinə nail olmağa çalışır, Bakı isə yeni şərtlərdə Azərbaycanın köhnə öhdəliklərinə sadiqliyini saxlamaqla yeni yanaşma tələb edir. Məhz Azərbaycanın rolu və yeri ilə bağlı fərqli yanaşmalar ikitərəfli münasibətlərdə hazırda müşahidə edilən müəyyən problemlərin yaranmasına gətirib çıxarır.
ABŞ-da administrasiyaların da müəttəfiqlərə münasibətdə yanaşması ikitərəfli əlaqələrdə özəlliklər yaradır. Bu baxımdan, prezident Barak Obamanın demokrat administrasiyasının fəaliyyətindəki təzadlı yanaşma daha çox diqqəti çəkir: Vaşinqton bir yandan Azərbaycanın daxili siyasəti ilə bağlı problemləri gündəliyə gətirir, o biri yandan da Azərbaycanda sabitlik prioritetini, enerji sahəsində əməkdaşlığın davam etdirilməsini vacib hesab edir; bir tərəfdən Yeni dünya düzəninə Azərbaycanın daha sıx dəstək verilməsi istənilir, lakin eyni zamanda o biri tərəfdən də Bakı ilə ən yüksək səviyyəli dialoqdan çəkinir və məsafə sağlamağa üstünlük verir. Bütün bunlar, şübhəsiz ki, ikitərəfli münasibətlərə öz təsirini göstərir…
Vaşinqtonun yenilənmiş strategiyaya ehtiyacı var
Təhlillərimiz deməyə əsas verir ki, Vaşinqton əvvəlki prioritetləri saxlamaqla Azərbaycanla bağlı siyasətini yeni reallıqlara adaptasiya etməyə calışır. Lakin reallıqlar da çox dəyişib və tərəfdaşlarla münasibətlər sistemində Ağ Ev tərəfindən bu dəyişikliklərin tam dolğunluğu ilə nəzərə alınması o qədər də sezilmir. Həmçinin, ABŞ tərəfdaşları üçün də yeni çağrışlar movcuddur və Vaşinqtonun siyasətindən başa düşülmür ki, bunlarla bağlı Ağ Evdən hansı sığorta tədbirləri nəzərdə tutulub. Yeni reallıqlar kontekstində bu, olduqca əhəmiyyətli məqamdır və tərəfdaşlar üçün fundamental əhəmiyyət kəsb edir. Obama adminstrasiyasının yanaşmasında bir çox hallarda idelaizm müşahidə olunsa da, mahiyyət etibarilə, Vaşinqton ənənəvi real-politik prinsipindən o qədər də uzaqlaşmayıb. ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Nulandın Bakı səfəri bunu bir daha göstərdi.
Digər tərəfdən, ABŞ-Azərbaycan münasibətləri ətrafındakı hay-küyü bir yana qoyaraq diqqətlə baxdıqda, Bakının Vaşinqtonun maraqlarını fundamental şəkildə zədələyəcək heç bir addım atmadığı da açıq görünür. Azərbaycan 1997-ci ildən bəri formalaşmış tərəfdaşlıqdan irəli gələn bütün öhdəliklərinə ciddi şəkildə əməl edir. Azərbaycan çox ciddi-cəhdlə Cənubi Qafqazdakı qüvvələr nisbətinin qorunub saxlanmasına çalışır. Ola bilsin, Bakının bu addımları Vaşintonda istənilən qədər cəsarətli qərarlar kimi qarşılanmır. Lakin bu, hələ o demək deyil ki, Bakı 1997-ci ildən bu yana formalaşmış münasibətlər və maraqların qorunması sistemindən imtina edib. Bunu sübut edə biləcək bir arqument belə yoxdur. Rəsmi Bakının demarş təsiri bağışlayacaq bir çox qərarları belə, ikitərəfli münasibətlərin yalnız emosional fonunu zədələyir. Reallıqda Azərbaycan ABŞ-la bərqərar olan münasibətlər və öhdəliklər çərçivəsində hərəkət edir.
Ayrı-ayrı şəxslər və hadisələrin təsiri müəyyən qabarma və çəkilmələrə səbəb ola bilər. Amma ikitərəfli münasibətlərin xarakterində fundamental dəyişikliyə yol aça bilməz. Mütləq nəzərə alınmalıdır ki, ABŞ-Azərbaycan münasibətlərinin xarakteri və strateji təmayülü obyektiv amillərlə bağlıdır. Bu, Azərbaycanın çoğrafi mövqeyi, enerji resursları, tarixi-mədəni spesifakası, ABŞ-ın qlobal iddiaları və Bakının bu iddaların gerçəkləşməsində verdiyi və verə biləcəyi töhfələrlə şərtlənir. 1994-cü ildən bəri, Vaşinqton və Bakı bu istiqamətdə çox sıx işləyiblər və ikitərəfli münasibətlər sistemini birdən-birə dəyişmək o qədər də asan deyil. İkitərəfli münasibətlərin perspektivini müəyyən edən və yuxarıda qeyd edilən prioritetlər, hələ ki, öz aktuallığını saxlayır və bu baxımdan, Bakı və Vaşinqtounun 1997-cü ildən bərqərar olmuş tərəfdaşlıq formatı çərçivəsində anlaşacağını söyləmək olar. Bu anlaşmada güzəştlər və kompromislər də qaçılmazdır.
ümumiləşdirsək, söyləyə bilərik ki, həm Vaşinqtonda, həm də Bakıda ikitərəfli münasibətlərlə bağlı siyasətlərini son 23 ildə formalaşan prioritetlər və çərçivələr əsas götürülməklə yeni dövrün, gerçəkliyin tələblərinə adaptasiya etməyə çalışırlar. Görünən budur ki, adaptasiya prosesi o qədər də asan getmir və tərəflər yeni öhdəlik və vəzifələr məsələsinə fərqli yanaşırlar. Amma bu fərqli yanaşmaların heç də qopma olmadığı və bir çox hallarda sövdəgirlikdən qaynaqlandığı da nəzərdən qaçmır.
Zaur İbrahimli
STRATEQ.AZ