XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 15:30

Fəllucədən sonraİraqı nələr gözləyir? – Təhlil

Iraq

Dmitri Bobrov

RİA Novosti

 

İraq ordusu iyunun 2-də əl-Fəllucə şəhəri rayonunda İŞİD terror qruplaşmasının nəzarətində olan yüksəkliyi ələ keçirdi. İraq baş naziri Heydər əl-Abadi hələ mayın axırında Fəllucəyə – Bağdaddan 65 km qərbdəki itaətsiz sünni şəhərinə hücumun başlandığını təntənəli şəkildə elan etdi. Hücumdan əvvəl güclü artilleriya hazırlığı və ABŞ HHQ-nin aviazərbələri baş tutdu.  Fəllucənin götürülməsi əməliyyatı vüsətlə təşkil edilmişdi: əməliyyatda hökumət qoşunlarının iki diviziyası, hərbiləşdirilmiş şiə yığması və daxili qoşunların 20 min hərbçisi iştirak etdi. Bununla bərabər, əməliyyatın vüsəti onun effektivliyini təmin etmir: şəhəri 500-700 döyüşçü qorusa da, hücum ləng gedir. İŞİD komandanlığı və əsas kadrlar şəhəri vaxtında tərk etdilər. Əhalinin böyük hissəsi də şəhərdən qaçıb – çərək milyon əhalidən işidçilərin “canlı sipər” qismində istifadə etməyə hazırlaşdığı cəmi bir neçə on min nəfər qalıb.

Fəllucə İraq üçün əlamətdar şəhərdir. Amerika işğalıçılarına və Bağdadda hakimiyyətə gətirilimiş oyuncaq hökumətə ən böyük müqavimət burada göstərilib. 2004-cü ilin apreli və noyabrında burada “Əl-Qaidə”nin təhrik etdiyi sünni əhalinin üsyanı alovlandı: döyüşlərdə 80 Amerika hərbçisi və 2 minə yaxın üsyançı həlak oldu. On ildən sonra – 2014-cü ilin yanvarında İŞİD döyüşçüləri şiə Bağdadına nifrətini gizlətməyən yerli sünnilərin fəal dəstəyi ilə Fəllucəni ələ keçirdilər.

Heydər əl-Abadi hökuməti hücuma başlamaqdan ötrü bunu birnömrəli vəzifə saymayan amerikalıları uzun müddət dilə tutmalı oldu – Mosulu geri almaq onlar üçün daha vacibdir. Lakin İraqın ikinci böyük şəhəri Mosul əvvəlki kimi İŞİD-in əlindədir və hər şeyə görə fikir yürüdəndə, Bağdad bu il bu şəhərə hücum planlaşdırmır – sadəcə, gücü yoxdur. Bununla bərabər, Fəllucənin götürülməsi daha asan vəzifədir və əl-Abadinin zəifləyən hökumətinə zəruri təbliğat effeekti verəcək və birbaşa Bağdadın yaxınlığındakı gərginlik ocağını ləğv edəcək.

 

İraqın problemləri qalır

 

Ən yaxın dövrdə Fəllucə hətta tamamilə ələ keçirilsə də – ki, İŞİD üzərində mühüm qələbə olar – bu, de-fakto şiə, sünni və kürd qurumlarına bölünmüş İraq dövləti üçün böyük hesabla az şeyi dəyişəcək. Bu yaxınlarda Bağdaddakı iğtişaşlar İraqda hakimiyyət böhranını yenidən nümayiş etdirdi – on minlərlə etirazçı özəl qorunan “yaşıl zona”ya soxuldu və parlament binasını hücumla götürdü. Bu, birinci etiraz partlayışı deyil, 2003-cü ilin əvvəlində Amerika işğalından sonra ölkə fasiləsiz siyasi və etnik-məzhəb böhranındadır. Ancaq hazırda hansısa bir dönməzlik nöqtəsinin yaxınlaşdığı hiss olunur və güman ki, bunun arxasında İraq dövlətçiliyinin tam məhvi durur.

Qeyd edək ki, söhbət Bağdadın nəzarətindəki “kiçik İraq”dan gedir, çünki şimali Kürdüstan praktik olaraq müstəqildir, sünni rayonlara isə ya İŞİD, ya da yerli şeyxlər nəzarət edir.  

Həqiqətən də, Bağdadın (həm İranın, həm də ABŞ-ın dəstəyini alan) hakim koalisiyası əhalinin gözündə özünü tamamilə nüfuzdan salıb. Yaxın Şərqdə ən yüksək korrrupsiya səviyyəsi İraqdadır. Rəsmi dəyərləndirmələrə görə, 2003-cü ilin əvvəlindən 300 milyard dollardan çox pul korrupsiya kanalları ilə ölkədən çıxarılıb. İraqda praktik olaraq hər şeyə görə – işə düzəlmək, sənəd almaq, küçə pozuntusu və s. rüşvət alırlar, lakin korrupsiya üzrə heç bir iş əslində məhkəməyə verilməyib. Bununla bərabər, dövlət qulluqçularının sayı Səddam dönəmindəki “böyük İraqda”kı bir milyondan “kiçik” və yaxud günümüzdəki “şiə İraqı”ndakı 7 milyon nəfərədək çoxalıb. İşğalçı hökumət şiələr, sünnilər və kürdlər arasında tarazlıq yaratmaqdan ötrü 2003-cü ildə kvota sistemi tətbiq etdi. Bu sistem praktikada sünnilərin hüquqlarının tapdanması və maneəsiz şəkildə varlanmağa başlayan şiə nomenklaturasının hakimiyyəti inhisarlaşdırmasına şərait yaratdı. Bu, keçmiş BƏƏS-çilərin – əsasən, sünnilərin dəstəyi ilə İŞİD-çilərin təcavüzünə səbəblərdən biri oldu. Dövlətin maliyyə itkiləri çox nəhəngdir – təkcə korrupsiyaya görə deyil, həm də kürdlər İraqın şimalında faktiki muxtariyyət qurduqlarına görə. Ölkənin ikinci şəhəri Mosul daxil olmaqla xeyli ərazi İŞİD-in nəzarətinə keçib. Bu amillər, həmçinin neft qiymətlərinin kəskin şəkildə düşməyi nəzərə alınsa, İraq büdcəsinin kəsiri ÜDM-in 25%-i təşkil edir. Təbiidir ki, İraq hökuməti sosial öhdəliklərin, maaşların ödənməsi, elektrikə subsidiya və s.-nin öhdəsindən gələ bilmir. Müşahidəçilər əmindirlər ki, ən yaxın aylarda maliyyə problemləri kəskinləşəcək və İraqda etiraz hərəkatı xeyli fəallaşacaq.

Hamı qeyd edir ki, indiki baş nazir Heydər əl-Abadi zəif siyasətçi çıxdı və son ilyarımda bir çox siyasi güclərin, o cümlədən öz partiyasının sıralarında dəstəyini itirdi.

Həmfikirləri və qohumları ilə birgə İraqda korrupsiyalı hakimiyyət sistemi yaratmış keçmiş baş nazir və “Əd-Dəya” partiyasının lideri Nuri əl-Maliki hakim koalisiyaya əsas təsirini saxlayır. Bənzər ittihamlar korrupsiyaya qalib gələ bilməyən əl-Abadinin özünə qarşı da irəli sürülür, çünki özü bu sistemin tərkib hissəsidir.

Korrupsiya sisteminin ən parlaq təzahürlərindən biri sayı on minlərlə olan “ölü canlar”a – var olmayan məmurlara, polis və zabitlərə pul ödənişidir.

Qonşu ərəb ölkələrində hesab edirlər ki, İraq büdcə problemlərinin öhdəsindən gələ bilərdi, çünki beynəlxalq yardımlar sayılmasa, ildə 40 milyard dollaradək neft gəliri var. Lakin praktik olaraq bütün pullar oğurlanır.

 

Muktəda əs-Sədr etirazların lideri kimi

 

Bağdadda indiki etiraz dalğasına radikal şiə lideri Muktəda əs-Sədr başçılıq etdi. Diqqətçəkəndir ki, əs-Sədr ayətullah deyil, heç dini təhsili də yoxdur. O, BƏƏS-çi özəl xidmətlərin 1999-cu ildə vəhşicəsinə qətlə yetirdiyi atasının – böyük ayətullah Muhamməd Sadıq Bədrin nüfuzundan istifadə edən “stixiya” lideridir. Muktəda Sədr 2003-cü ildə Bağdadda, 2004-cü ildə isə Nəcəfdə atasının adından istifadə edib antiamerika çıxışlarına rəhbərlik etdi. Sonralar Fəllucədə, Bəsrədə və Sədr-sitidə Amerikanın işğalıçı qoşunlarına, 2013-cü ildə isə İraq sünnilərinin Ənbar əyalətində əl-Maliki hökumətinə qarşı çıxışlarına dəstək verdi.

Yəqin ki, əs-Sədr həm şiələri, həm də sünniləri birləşdirən ümummilli qəhrəman olmağa cəhd edir. Onun gücü bundadır ki, hakimiyyət sistemində iştirak etmir və korrupsiya strukturları ilə bağlı deyil. əs-Sədr amerikalıların oyuncağı adlandırdığı və hakimiyyətdə duran mühacir şiə partiyalarından fərqli olaraq ölkə daxilindəki vətənpərvər güclərə söykənir.

 

İraqda durumun yaxşılaşması mümkündürmü?

 

Suriyadan fərqli olaraq İraqda İŞİD-lə mübarizədə uğurlar cüzidir. Hərbi ekspertlərin fikrincə, bu il Mosulu götürmək çətin ki mümkün olar. Mosulun götürlməyi ləngidilir, çünki amerikalılar Fars körfəzi ölkələrinin təzyiqi ilə əməliyyatı İran könüllüləri və onların şiə müttəfiqləri olmadan keçirtmək istəyirlər. Kürd peşmərgəsi də Mosula hücuma qatılmaq istəmir, çünki onların məskunlaşdığı ərazidən uzaqdadır.

Bununla belə, İraqda daxili durum kəskinləşir. Hökumətin nəzarət etdiyi  ərazilərdə teraktların sayı daim artır: təkcə bu ilin martında 664 nəfər həlak oldu, buna qədər isə hər ay orta hesabla 500 nəfər həlak olub.

Şiə qruplaşması daxilində nifaqlar başlanıb. Bunu əs-Sədr tərəfdarlarının çıxışları və bu yaxınlarda “yaşıl zona”nın ələ keçirilməyi təsdiq edir. əs-Sədr ultimatum irəli sürüb – hökumətin fəaliyyətsizliyi halında şiə əyalətlərində və Bağdadda üsyan qaldırmaq. Baş nazir əl-Abadi 16 müstəqil nazirdən ibarət yeni hökumət formalaşdırmağı vəd etsə də, parlament toplantını pozur, şiə siyasi rəhbərliyi isə korrupsiya və tullantı içində batıb.

Bütün bunlar bildirir ki, Fəllucənin götürülməsi rejimə bir qədər dinclik verəcək, lakin daxili böhran həll olunmayacaq.

 

Tərcümə Strateq.az-ındır.