XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 15:20

Azərbaycan prezidentinin Berlində diqqətdən qaçan “İran bəyanatı” –Təhlil

prezidentler

Orxan Səttarov ,

"Вестника Кавказа" portalının Avropa bürosunun rəhbəri

 

"Вестника Кавказа", 08.06.2016

 

Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfərinin yekunlarını müzakirə edən jurnalist və ekspertlər öz şərhlərində diqqəti Almaniya-Azərbaycan münasibətlərinə və Dağlıq Qarabağ münaqişəsinə – Berlində keçirilən görüşlərdə əsas yer tutan mövzulara cəmlədilər. Lakin prezidentin ötəri söylədiyi qısa bir ifadə analitiklərin diqqətindən kənarda qaldı.

Bununla belə, Azərbaycan dövlət başçısının səsləndirdiyi məlumat qalmaqallı səciyyə daşıyır. Xatırladaq ki, Rusiya silahının Ermənistana tədarükünə Azərbaycanın reaksiyası haqda alman jurnalistini sualını cavablandıran Əliyev bildirdi ki, bu fakta sakit yanaşır. İlham Əliyev qeyd etdi: “Rusiyanın Ermənistana silah satmağı Azərbaycan üçün heç bir təhlükə yaratmır. Biz başa düşürük ki, Rusiya çox böyük silah istehsalçısıdır və onu hara istəsə, istənilən ölkəyə sata bilər. Təkcə Ermənistan deyil, Azərbaycan da Rusiyadan silah alır, lakin Azərbaycan, Ermənistandan fərqli olaraq, bu silahlara ikiqat çox ödəyir. Həm də Rusiya silah aldığımız yeganə ölkə deyil. Sirr deyil ki, bizə ordumuzu modernləşdirməyə kömək edən Türkiyə, İsrail, Belarus və İran da silah satır”.

Beləliklə, Azərbaycan tərəfi ilk dəfə (həm də dövlətin birinci siması səviyyəsində) bildirdi ki, Azərbaycan ordusu İrandan silah alır.

Həsən Ruhani İran prezidenti seçildikdən bəri Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişafı yeni fakt deyil. Məsələn, “Şimal-Cənub” strateji nəqliyyat layihəsinin Moskva-Bakı-Tehran üçtərəfli formatında gerçəkləşdirilməsi üzərində fəal iş aparılır – bu layihə İranın beynəlxalq sanksiyalar rejimi altından çıxmağı fonunda özəl dəyər kəsb edir. Lakin ümumi tarixi və mədəni mirasın birləşdirdiyi iki qonşu dövlətin sadəlikdən uzaq ikitərəfli münasibətləri yada salınsa, Bakı və Tehran arasında hərbi-texniki sahədə əməkdaşlığın qurulması sıradakı faktlardan biri deyil. Azərbaycan müdafiə naziri Zakir Həsənovun düz bir il öncə İrana səfərinin gedişində ortaq müdafiə komissiyasının yaradılması haqda qərar qəbul edilmişdi. O vaxtdan bəri bu sahədə daha heç bir substansiv məlumat gəlmirdi. General-leytenant Yaşar Aydəmirov yalnız Dağlıq Qarabağda aprel toqquşmasından sonra mətbuata bildirdi ki, Azərbaycan “dördgünlük” deyilən müharibənin gedişatında İran silahından da istifadə edib.

Ehtiyatda olan general bildirmişdi: “Heç kimə sirr deyil ki, İrandan alınmış 122 mm-lik D-30A haubitsaları, 107 mm-lik yaylım reaktiv atəşi sistemləri (YARS), 60 mm-lik minaatanlar, həmçinin xeyli miqdarda döyüş sursatı və hərbi təyinatlı digər vasitələr erməni işğalçıları ilə döyüş əməliyyatı zamanı uğurla istifadə edildi. Döyüşlərdə iştirak etmiş silahdaşlarımla söhbətlərim bu silahların dağıdıcı güc baxımından yüksək effektivliyini bir daha təsdiq etdi”.

İndi isə aydın olur ki, Bakı və Tehran son illərdə hərbi əməkdaşlıq sahəsində əsaslı iş aparıb  və siyasi və iqtisadi yaxınlaşmada nəzərdə tutulan tendensiyalar hərbi-texniki sahədə konkret nəticələrə malikdir.

Tamamilə izah olunandır ki, bu əməkdaşlıq indiyədək özəl car çəkilməyib, çünki müdafiə sahəsində əməkdaşlığın qurulması müəyyən qədər məxfilik tələb edən prosesdir (xüsusən də üçüncü ölkələrin iştirakı ilə maraqların mümkün münaqişəsi nəzərə alınmaqla). Prezident Əliyevin Berlin bəyanatı təsadüfi ola bilməzdi. Yəqin ki, İran-Azərbaycan hərbi kooperasiyası bu gün artıq baş tutmuş faktdır. Və bu, Azərbaycanın hərbi tədarükləri tam şəkildə şaxələndirməyindən xəbər verir: Türkiyədən Rusiyayadək, İsraildən İranadək…

 

Tərcümə Strateq.az-ındır.