XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 18:35

Avropa İttifaqı geosiyasi dilemma qarşısında:inteqrasiya, yoxsa böyük parçalanma?

avropa-ittifaqi-1

Mütəxəssislər Avropa İttifaqının (Aİ) 2016-cı ildə qarşılaşa biləcəyi çətinlikləri təhlil edib, onların müxtəlif xarakterli olacağını vurğulayırlar. Təşkilatın durumuna mənfi təsir göstərən amillər arasında ekspertlər geosiyasi, iqtisadi, ideoloji və maliyyə problemlərini qeyd edirlər. Həmin kontekstdə problemlərin əksəriyyətinin mənbəyinin Brüsselin yanlış siyasətindən qaynaqlandığını demək gərəkdir. Belə ki, ikili standartlar siyasəti Aİ-nin cəlbediciliyini xeyli aşağı salmaqdadır. Maliyyə böhranı da burada öz rolunu oynayır. Bunlardan əlavə, Avropa üçün faşizm, irqçilik, antisemitizm, islamofobiya və ksenofobiya da real təhlükələr yaratmaqdadır. Miqrantlara qarşı dözümsüzlük göstərməklə, Aİ ölkələri nüfuzdan düşürlər. Bütün bunların fonunda təşkilatın geosiyasi dilemma ilə üz-üzə qaldığı nəticəsini çıxarmaq olar. Bu məqam qarşıdakı illərdə özünü daha qabarıq göstərə bilər.

 

Hədsiz imkanlar: Avropanın güclü potensialı və reallıqlar

 

Maraqlıdır ki, Qərbdə Avropanın geosiyasi vəziyyətindən narahatlığı ifadə edən proqnozlar verilir. Məntiqlə bu aspektdə daha çox Yaxın Şərq ölkələri, Çin və ya Şimali Koreya ilə bağlı danışmaq olardı. Mütəxəssislər isə Aİ-nin siyasi, mədəni, iqtisadi və maliyyə faktorlarını təhlil edərək, bədbin ssenarilərin mümkünlüyündən bəhs edirlər. Bu barədə Cozef Nay və Nuriel Rubininin "Project Syndicate" nəşrində dərc olunan proqnostik xarakterli analitik yazılarını ayrıca qeyd etmək olar.

Müəlliflərin arqumentləri Aİ-nin son illərdə əldə etdiyi nailiyyətlərlə yanaşı, həm geosiyasi müstəvidə fəaliyyətinə, həm də təşkilata daxil olan dövlətlərdə özünü göstərən siyasi-ideoloji və maliyyə proseslərinə əsaslanır. Əvvəlcə, onu vurğulayaq ki, bütün hallarda Aİ Amerikaya dost və yaxın müttəfiq kimi qiymətləndirilir (bax: məs., Joseph S. Nye. The Danger of a Weak Europe / "Project Syndicate", 6 yanvar 2016).

Bu səbəbdən "zəif Avropa" modeli arzuolunmaz hesab edilir. Lakin mövcud problemlərin sistemli təhlili göstərir ki, Avropa məhz zəifləyə bilər: burada ya inkişaf templəri sürətlə azalar, ya da bütövlükdə dezinteqrasiya meylləri üstünlük təşkil edər. C.Nay bu aspektdə xüsusi qeyd edir ki, 1973-cü ildə ABŞ diplomatiyası "Avropa ili" elan etdiyi kimi, 2016-cı ildə də analoji şüara ehtiyac yaranıb.

Qaçqınların Avropaya axın etməsi, Şərqi Ukraynada və Krımda yaranmış vəziyyət, Böyük Britaniyanın Aİ-dən çıxmaq ehtimalı bunu şərtləndirir. Avropalı mütəxəssislər bunlara bir məqamı da əlavə edirlər. Onlar Aİ-nin qlobal təhlükəsizlik məsələsində Rusiya ilə əməkdaşlığının vacibliyini vurğulayırlar. Məsələn, beynəlxalq problemləri araşdıran "Clingendael" İnstitutunun (Hollandiya) illik hesabatında yazılıb: "Avropa İttifaqı qlobal təhlükəsizliklə bağlı mövcud olan problemlərin öhdəsindən gəlmək üçün Rusiya ilə işgüzar münasibətlər qurmalıdır" (bax: Peter van Ham. EU, Russia and the Quest for a New European Security Bargain / "Clingendael", noyabr, 2015).

Reallıqda Brüssel həmin istiqamətdə addım atmır ki, bu da müəyyən problemlərə səbəb ola bilər. Üstəlik, Barak Obama bu yaxınlarda xarici siyasətdə "Asiyaya dönüş" xəttini bəyan edib (bax: Joseph S. Nye. The Danger of a Weak Europe / "Project Syndicate", 6 yanvar 2016). Mütəxəssislər bunu geosiyasi proseslərdə "rebalanslaşma" (yenidən balans yaratma) kimi qiymətləndirirlər. Belə çıxır ki, 2016-cı il Amerika diplomatiyası üçün rəsmi olaraq "Avropa ili" olmayacaq. Belə bir vəziyyət Avropa üçün Rusiya faktorunu aktuallaşdırırmı? Bu suala birmənalı cavab vermək çətindir.

Ancaq faktdır ki, bütün bunlardan avropalılar ciddi narahatlıq keçirirlər. Onlar Vaşinqtonun Aİ-yə bir qədər laqeyd qala biləcəyindən ehtiyatlanırlar. Reallıq elədir ki, "qoca qitə" dünya siyasətində mühüm rol oynamaq üçün ciddi imkanlara malikdir. Məsələn, Aİ-nin 28 üzvünün iqtisadiyyatı ABŞ-ın iqtisadiyyatına bərabərdir. Aİ-də 510 milyon insan yaşayırsa, Amerikada bu rəqəm 320 milyondur. İnsan kapitalı, texnologiya və ixracat sahəsində Avropa ölkələri ABŞ-la yarışa bilirlər.

Hərbi xərclərdə Aİ Amerikadan əhəmiyyətli dərəcədə geri qalsa da, orduya yararlı insan ehtiyatlarında onu qabaqlayır. İngiltərə və Fransa isə nüvə silahına malikdirlər. "Yumşaq güc" faktoruna gəlincə, qeyd etmək lazımdır ki, Avropa kifayət qədər cəlbedicidir. Avropalıların beynəlxalq təşkilatlarda rolu yüksək səviyyədədir. Avropa ölkələrinin ümumi təsisatlarda birləşmək istiqamətində əldə etdikləri uğurlar onlara qonşu dövlətlərin marağını xeyli artırıb. Doğrudur, bu təsəvvür maliyyə böhranından sonra xeyli dəyişib (bax: əvvəlki mənbəyə).

Ticarətdə Avropa ilə ABŞ-ın imkanları bərabərdir. Beynəlxalq Valyuta Fondunda (BVF) roluna görə Avropa yalnız Amerikadan geridədir. Hazırda ABŞ-la Avropa arasında azad ticarət zonasının yaradılması istiqamətində işlər aparılır. Prezident B.Obama Avropaya son səfərində məhz bu məsələni geniş müzakirə edib. Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının (TTIP) yaradılması Aİ-nin imkanlarını xeyli artıracaq (bax: əvvəlki mənbəyə).

 

Bir addım geri: məhdud milliyyətçilik və antimüsəlman əhval-ruhiyyəsi

 

Lakin bütün bunlar Aİ-nin monolitliyi təmin edildiyi halda reallaşa bilər. Mütəxəssisləri düşündürən də məsələnin məhz bu aspektidir. Problem ondan ibarətdir ki, hazırda Avropada müşahidə edilən müxtəlif xarakterli proseslər onun birləşmək imkanlarına ciddi zərbə vurur. Özü də bu, yalnız iqtisadi və mənəvi aspektləri əhatə etmir. Brüsselin yeritdiyi siyasət təşkilatı çətinliklərlə qarşılaşdırır. Bu sırada Aİ-nin ikili standartlara üstünlük verməsini ayrıca vurğulamaq lazımdır.

Uzun illərdir ki, əməkdaşlıqdan, demokratiyadan və ədalətdən danışan Avropa ölkələri həyata keçirdikləri xarici siyasətdə bunların əksini nümayiş etdirərək eyni situasiyada müxtəlif dövlətlərə müxtəlif yanaşmalar tətbiq edirlər. Məsələn, müəyyən təcavüzkar hərəkətlərə yol vermiş müsəlman ölkəsinə qarşı sərt addımlar atılır, eyni addımı atmış xristian dövlətinə isə ən azından loyal münasibət bəslənilir, əksər hallarda isə ona yardımlar edilir.

Bu kimi misalları davam etdirmək olar. Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün bərpası istiqamətində konkret addımlar atan Avropa eyni həssaslığı Azərbaycana münasibətdə göstərmir. Rusiyaya qarşı sanksiyalar tətbiq edilirsə, Ermənistanla əməkdaşlıqdan danışılır və ona maddi, maliyyə, ticari yardımlar edilir. Ukraynanın Rusiya ilə əlaqələrini azaltmaq xəttini tutan Aİ Türkiyədən Ermənistanla sərhədləri açmağı tələb edir. Belə bir vəziyyət Aİ-nin müsbət obrazına ciddi xələl gətirir və onun "yumşaq gücü"ünü xeyli zəiflədir.

Görünür, Aİ-də birliyin zəifləməsinin səbəblərindən biri də məhz yuxarıda vurğuladığımız amillərdir. Mütəxəssislər təşkilata üzv ölkələrdə identiklik böhranının yaranması, radikal ultramillətçi tendensiyaların güclənməsi, islamofobiyanın yayılması kimi faktorları da önə çəkməkdədirlər. C.Nay yazır: "Avropa birliyi əhəmiyyətli məhdudiyyətdən əziyyət çəkir. Milli identiklik əvvəlki kimi ümumavropa identikliyindən xeyli güclüdür. Sağçı populist partiyalar Aİ təsisatlarının məqsədləri sırasına ksenofobiyanı da daxil ediblər" (bax: əvvəlki mənbəyə).

Problem bununla bitmir. Bir sıra Avropa ölkələrində artıq məhdud milliyyətçilik və antiislamçı mövqedə duran siyasi partiyaların təsiri artır. N.Rubini bununla bağlı vurğulayır: "Yunanıstanda "Siriza", Portuqaliyada sol koalisiya hakimiyyətdədir, İspaniyadakı seçkilər siyasi və idarəetmə baxımından əhəmiyyətli dərəcədə qeyri-müəyyənliyə gətirə bilər. Radikal antimiqrasiya və antimüsəlman partiyaları Aİ-nin əsas ölkələrində, o cümlədən Hollandiyada, Danimarkada, Finlandiyada və İsveçdə daha da güclənir. Fransada dekabrın əvvəllərində (2015-ci ilin dekabrı nəzərdə tutulur – müəllif) ultrasağçı "Milli cəbhə" yerli seçkilərdə qələbəyə çox yaxın idi, onun lideri Marin Le Pen isə 2017-ci il prezident seçkisində pis şansa malik olmayacaq" (bax: Nouriel Roubini. The Europe Question in 2016 / "Project Syndicate", 4 yanvar 2016).

Belə çıxır ki, hazırda Avropada müşahidə edilən müxtəlif xarakterli problemlərin bir ucu siyasi-ideoloji dəyişmələrə bağlıdır. Məhdud milliyyətçiliyin və antiislamçı əhval-ruhiyyənin getdikcə siyasi partiyalarda üstünlük təşkil etməsi təşkilatın parçalanma ehtimalını yüksəldir. Qaçqınlara qarşı münasibətin pis olması burada daha maraqlı məqam hesab edilir.

Siyasi faktorlarla yanaşı, Avropanın ciddi demoqrafik böhran yaşamasını da vurğulamaq lazımdır. Hesablamalar göstərir ki, yaxın onilliklərdə Avropanın dünya əhalisi arasında çəkisi 6%-ə enə bilər. Halbuki 1900-cü ildə dünya əhalisinin ¼-i Avropada yaşayırdı (bax: Joseph S. Nye. The Danger of a Weak Europe / "Project Syndicate", 6 yanvar 2016).

Sağlam məntiqlə Aİ-nin miqrantlara ehtiyacı vardır. Lakin dini dözümsüzlük doğru qərar qəbul etməyə imkan vermir. Aİ-nin əksər dövlətləri qapılarını qaçqınların üzünə bağlayıblar və hətta onlara qarşı qeyri-insani davranırlar. Almaniyada bir sıra siyasi qruplar kansler Angela Merkelin 1 milyona yaxın qaçqını qəbul etmək qərarına qarşı sərt çıxışlar edirlər.

Aİ-nin ziddiyyətləri yalnız ona üzv olan ölkələrin daxili çətinlikləri ilə sərhədlənmir. Təşkilatın özünün mövcudluğu məsələsi belə gündəmə gəlir. Məsələn, Böyük Britaniyanın 2016-cı ildə onu tərk etməsi ehtimalı istisna edilmir. Ondan əvvəl isə avro zonasından Yunanıstan çıxa bilər. Bunlara yuxarıda vurğuladığımız çətinlikləri də əlavə etsək, onda kifayət qədər qeyri-müəyyən bir mənzərə yaranmış olar. Avropaya birlik, həmrəylik və real demokratik siyasət lazım olduğu halda, milliyyətçiliyi, parçalanmanı və dini dözümsüzlüyü seçir. Avropa həqiqətən geosiyasi dilemma qarşısındadır.

 

Kamal Adıgözəlov

Newtimes.az