XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 18:27

Mərkəzi Asiyada ABŞ və Rusiya arasında informasiya savaşı şiddətlənir –Təhlil

kirqiz

Mixail Moşkin, Marina Baltaçeva

Vzqlyad.ru, 10.06.2016

 

Şərqi Avropada təbliğat aparmağa artıq xeyli səylər qoymuş ABŞ Dövlət Departamenti indi də Mərkəzi Asiya əhalisinin hazırlanması üçün pul tələb edir. “Rusiya təbliğatı” ilə mübarizə yenə də bəhanə rolunu oynayır. Əslində, ictimai rəyə təsir Qazaxıstan prezidenti Nazarbayevin ehtiyatlandığı mətləbə – rəngli inqilaba aparır.

Dövlət katibi müavininin köməkçisi, bölgənin kuratoru Deniel Rozenblyum bildirib ki, ABŞ Dövlət Departamenti “Rusiya təbliğat maşını”nın fəal şəkildə işlədiyi iddia olunan Mərkəzi Asiya ölkələrində KİV-lə əməkdaşlığın davamı üçün 2017-ci ilin maliyyə ilinə vəsait tələb edib. Qeyd edək ki, ABŞ-da ənənəvi olaraq “Mərkəzi Asiya” anlayışına Qazaxıstanı da aid edirlər.

Rozenblyum qeyd edib: “Önəmlidir ki, Mərkəzi Asiya KİV-i və onun xidmət etdiyi adamlar obyektiv informasiyanın müxtəlif qaynaqlarına çıxış əldə etsinlər, bir-birlərinə ümid olmasınlar. Buna görə də indiki büdcə sorğusunda Mərkəzi Asiya nəşrləri ilə əməkdaşlığı davam etdirmək məqsədilə maliyyələşmə nəzərdə tutmuşuq”.

 

“Hətta soyuq müharibə dövründən də aşağıdır”

 

Bu tələblər dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, maydansonrası Ukraynanın məxfi “kurator”u Viktoriya Nulandın şikayətləri ilə eyni vaxtda səslənib. Nuland senat dinləmələrində gileylənib ki, Ruisya KİV-iylə mübarizə üçün ABŞ-ın resursları bəs etmir. O sadalayıb: “Rusiya təbliğatı ilə mübarizə üçün büdcə vəsaitimizin həcmi 100 milyon dollara yaxındır. Bu, Rusiyanın ayırdığı vəsaitlə – ən azı, 400 milyon dollar – heç cür müqayisə oluna bilmir. KİV-i maliyyələşdirmək səviyyəmiz hətta soyuq müharibə dövründəkindən də aşağıdır”.

 

Şərqi Avropadan Mərkəzi Asiyaya

 

2015-ci ilin aprelində ABŞ Konqresinin nümayəndələr palatasının xarici məsələlər üzrə komitəsində informasiya müharibəsinə həsr edilmiş özəl dinləmələr keçirilib. Komitənin sədri, konqresmen Ed Roysun sədrliyi ilə keçən bu toplantıda həm də “Rusiya təbliğatı ilə mübarizə”yə pul ayrılması tələbləri səslənib. Həm də vahimə doğuran əsas qorxu kimi "RT" – Rusiya telekanalından istifadə edilib.

"The Heritage Foundation"un eksperti, respublikaçı rəhbərliyə yaxın Helle Deyl "RT" telekanalının proqram və şərhlərini o qədər “cilalanmış” adlandırıb ki, “təcrübəsiz publika dərhal udur”.

Deyl bununla xox gəlib ki, guya, "RT"-nin təkcə Vaşinqton bürosunun büdcəsi 400 milyon dollar təşkil edir (RT təmsilçilərinin aydınlıq gətirdiyi kimi, əslində, bütün "RT"-nin illik büdcəsi 275 milyon dollara yaxındır).

Bu yaxınlaradək ABŞ-ın xarici verilişlər üzrə məsələlərinə rəhbərlik etmiş Endryu Lak isə "RT"-ni İŞİD və terrorçu qruplaşma “Boko Haram”la müqayisə edib.

Hillari Klinton da dövlət katibi olarkən bildirib ki, ABŞ "RT" və digər KİV-lə informasiya müharibəsini uduzur. İndiki dövlət katibi Con Kerri isə "RT"-i “təbliğat ruporu” adlandırıb və Şərqi Avropada demokratiyanın yeridilməsinə yüz milyonlarla dollar tələb edib.

Konqresmen Roys da vahimə yaradır: “Rusiya təbliğat maşını çox böyük sürətlə şütüyür ki, Şərqi Avropada demokratik sabitliyi pozsun və zorakılığı qızışdırsın”.

Qeyd edək ki, bu yaxınlarda “Şərqi Avropada demokratiyaya tranzit” – zorakılığın qızışdırılmasından tutmuş ərazilərin qopması və vətəndaş mühariəsindək Ukrayna maydanı –  daha çox ABŞ-ın işinin nəticəsi olub. O cümlədən təbliğat sahəsində.

Dövlət Departamentinin açqılamalarına görə fikir yürüdülsə, “Rusiya təbliğatına qarşı mübarizlərin” əlləri indi Mərkəzi Asiyaya da uzana bilər. "Vzqlyad" qəzetinin əvvəllər xəbər verdiyi kimi, bu ilin yazında və bu yaxınlarda, Aktoba hadisələri vaxtı Qərbin mass-mediası (o cümlədən "Reuters" və "Azadlıq radiosu"nun Qazaxıstan redaksiyası) və ardınca Ukrayna KİV-i Qazaxıstanda “rus separatizmi” mövzusunu şişirtməyə başladı.

Politoloq Mixail Remizov qeyd edir ki, ABŞ Mərkəzi Asiyadan nahaq yerə danışmır. Bununla bağlı olaraq Rusiya, Çin və ABŞ arasında nüfuz uğrunda mübarizə kəskinləşə bilər. Ekspert hesab edir ki, bu gün orada amerikalıların təsir ünsürləri məhdudlaşdırılıb: “Lakin ən liberal siyasi sistem kimi onlar müxtəlif planda Qırğızıstanda da var. Özbəkistana gəlincə, bu rıçaqlar sərt xarakterdədir – iqtisadiyyat, hərbi əməkdaşlıq və s. Əlbəttə, Qazaxıstanda müəyyən təsirlər var”.

 

“Bu əlamətlər bizdə də təzahür edir”

 

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu günlərdə Aktoba hadisələrini şərh edərkən respublikada rəngli inqilablara hazırlıq nişanələrinə  – “müxtəlif üsulları olur və planlaşdırılmış mitinqlərdən, qətllərdən, hakimiyyəti ələ keçirtmək cəhdlərindən başlanır” – işarə etdi. Prezident dedi: “Bu əlamətlər bizdə də peyda olub”.

Onun sözlərinə görə, “kimlərsə dövlət siyasətinin və qanunlarımızın liberallığından istifadə edərək dövlət hakimiyyətinin möhkəmliyini sınamaq istədi”.

Nazarbayev yada saldı ki, rəngli inqilabların keçdiyi ölkələrdə “bu gün nə dövlətçilik, nə də sabitlik var, orada yoxsulluq və quldurluq hökm sürür, ekstremist və terrorçuların meydana çıxması üçün şərait yaradılıb, bu  ölkələrin iqtisadiyyatı isə on illərlə geri düşüb”.

Nazarbayev bu cür bəyanat verməkdə yaxın tarixi nümunəyə söykənə bilər. Qonşu Qırğızıstan 2005-ci ildə rəngli (“lalə”) inqilabdan keçdi, beş ildən sonra isə demokartiya uğrunda mübarizənin əvvəlki raundunda hakimiyyətə gəlmiş prezident Kurmanbek Bakiyevi devirmiş yeni çevriliş baş verdi.

 

Qırğız dərsi

 

2004-cü ildə “lalə inqilab”ından bir az öncə xəbər yayıldı ki, Qırğızıstan “Manas” aviabazasında Amerikanın AWACS kəşfiyyatçı təyyarələrinin yerləşdirilməsinə razılıq verməyib. İddia olunurdu ki, o zamankı hökumət bildirib: bu, Amerikanın Əfqanıstan əməliyyatının səlahiyyət və vəzifə çərçivələrindən kənara çıxır və Qırğızsıtanın KTMT çərçivəsindəki öhdəliklərinə uyğun gəlmir.

Bundan savayı, ovaxtkı prezident Əsgər Akayev bildirdi ki, aviabazanı yığışdırmaq lazım idi, çünki Əfqanıstanda əsas terror mərkəzləri artıq məhv edilib.

Vaşinqton “Manas” üzrə yeni müqaviləni artıq inqilabsonrası yeni hakimiyyətlə imzaladı.

Dövlət Departamenti 2004-cü ildə Qırğızsıtan QHT-lərinə “müstəqil KİV-lərə dəstək, informasiya yaymaq, jurnalistlərin təlimi, insan haqlarının təminatı, həmçinin hüquq təhsil almağa” 53 qrant ayırdı. Dəstək NED və Milli Demokratiya İnstitutunun (NDI) xətti ilə gedirdi.

Qırğızıstan ictimai rəyi ilə iş haqda Qərb KİV-i də yazırdı. "New York Times" 2005-ci ildə qeyd edirdi: “Müxalif qəzet əhali arasında son dərəcə qeyri-populyar ölkə prezidenti Əsgər Akayevin təmtəraqlı iqamətgahının fotoşəklini dərc etdi ki, bu da xalq iğtişaşı və kütləvi etirazlara səbəb oldu”.

"NY Times"-ın məlumatına görə, həmin nəşr “Birləşmiş Ştatların qrantını almışdı və demokratiyanın yeridilməsi ilə məşğul olan "Freedom House" Amerika təşkilatının rəhbərliyi ilə Amerika hökumətinin maliyyələşdirdiyi mətbəədə çap olunurdu”.

Londonun “The Times” qəzeti xəbər verdi ki, “Amerika pulları vətəndaşların fəallarla görüşə, təhsil ala, müstəqil qəzetləri oxuya biləcəkləri vətəndaş cəmiyyəti mərkəzlərini maliyyələşdirir”. 

"The Wall Street Journal" də "Freedom House" və ABŞ-ın beynəlxalq inkişaf üzrə hökumət agentliyinin (USAID) QHT-lərə və “müstəqil KİV-ə”yardımına işarə edirdi.

Diktaturadan demokratiyaya tranzit” əhaliyə ondan gözlədiyini vermədi. Yaşayış səviyyəsi əvvəlkitək aşağı idi, kommunal və digər xidmətlərin qiyməti, demək olar, ikiqat artdı. Klanlar və bölgə elitaları arasındakı mübarizə və opponentlərin fikrincə, “Akayevdən də bədheybət çıxmış” prezident Kurmanbek Bakıyevə qarşı iddialar da  sabitlik gətirmədi. Nəticədə 2010-cu ilin aprel-iyununda yeni inqilab baş verdi – bu dəfə heç bir rəngə boyanmadan. Toqquşma və atışmalarda 100-dən çox adam həlak oldu, Bişkekdə və “güney paytaxt“ı Oşda çapovulçuluq müharibəsi alovlandı.

ABŞ HHQ Qırğızıstanada çevrilişin doğurduğu fasilədən sonra 2010-cu il aprelin 9-da “Manas” bazasında tranzit daşımaları Mərkəzinin istismarını təzələdi.

 

“İş hərdənbir aparılır”

 

Politoloq Mixail Remizov hesab edir ki, informasiya təsiri üçün Amerika infrastrukturunun yaradılmasına Rusiyanın əsəbiləşməyinə dəyməz, öz işimizlə məşğul olmalıyıq.

Ekspertin fikrincə, “bölgədəki informasiya-analitik işimiz hərdənbir aparılır. Ola bilsin, dövlət səviyyəsində hansısa xüsusi xidmətlər tərəfindən sistemli şəkildə aparılır, lakin bu, aşkar şəkildə yetərli deyil. Əminəm ki, ABŞ-da Orta Asiya, postsovet məkanı üzrə Rusiyadakından daha çox analitik strukturlar və mütəxəssislər işləyir. Onlar dövlət tərəfindən xeyli dərəcədə böyük şəkildə tələb olunur. Bu, ən zəif halqadır, biz postsovet məkanında öz xarici siyasətimizi təmin etməkdə sistemli qaydada cahilik. Və bu sistemli cahillik artıq çoxları tərəfindən etiraf edilsə də, heç kim dəyişilmək və bölgədəki durumun nəbzini daim tuta biləcək müxtəlif prtofilli ekspertlər birliyi yaratmaq istəmir”.

 

Tərcümə Strateq.az-ındır.