XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 İyun 2015 - 21:46

Səudiyyə ilə ABŞ-ın yolları ayrılır – Suriya məsələsinə baxışda da ziddiyyətlər ortaya çıxıb (Təhlil)

ABŞ və Səudiyyə Ərəbistanı müttəfiqlərdən rəqiblərə çevrilməkdədirlər. Son illər yaranan ziddiyyətlərə Suriya məsələsinə yanaşmada fikir ayrılıqları da əlavə olunub.

Son həftələrdə Suriyada vəziyyət kəskinləşib. İdlib əyalətində radikallar hökumət qoşunlarını xeyli sıxışdırıb. Nəticədə, ölkənin digər bölgələrinə təcavüz təhlükəsi yaranıb. Analitiklər yazırlar ki, islamçıların uğurları ABŞ, Səudiyyə Ərəbistanı və Qətərin qonşu ölkələrdə təşkil etdikləri hazırlıq məktəblərindən yüzlərlə döyüşçünün buraxılması ilə bağlıdır. Bəziləri hətta Bəşər Əsəd rejiminin artıq məhvə məhkum olduğunu bildirirlər.

Lakin çox güman ki, Dəməşqdəki indiki hakimiyyət davam edəcəkdir. Söhbət təkcə Bəşər Əsədə İranın həmişə yardım göstərməyə hazır olmasından getmir. İranın yardımı Dəməşqi təhdid edən təhlükəyə düz mütənasib olacaqdır. Söhbət həm də anti-Əsəd koalisiyasının müttəfiqləri arasında çoxdandır ki, Suriya ilə bağlı fikir eyniliyinin olmamasından gedir.

Belə ki, Birləşmiş Ştatlar Suriya ilə həmsərhəd ölkələrdə yerləşən düşərgələrdə yaraqlılara təlim keçməkdə davam edir. Lakin Ağ Evin Bəşər Əsədin devrilməsini istədiyini demək düzgün olmazdı. Birincisi, Obama diqqətini Yaxın Şərq siyasətindən Şərqi Asiyaya ötürməyə çalışır. Deməli, Bəşər Əsəd rejiminin devrilməsi kimi hər mənada bahalı olan bir layihəni reallaşdırmağın mənası yoxdur.

İkincisi, Suriya prezidentinin kiminlə əvəz ediləcəyi də aydın deyil. Nüfuzlu müxalifətə stavka etməyin mənası yoxdur – Bəşər Əsəd bütövlükdə Suriya elitasını bir araya gətirə bilib. “Dünyəvi müxalifət”dən olan mühacirlərin isə öz vətənlərində nüfuzu praktiki olaraq yoxdur. Əsədə yeganə alternativ radikal islamçılardır. Lakin Ağ Ev belə bir böyük ölkəni onlara etibar etmək istəmir. Ən azı ona görə ki, belə olduqda, Suriya ilə İsrail arasında münaqişə ehtimalı xeyli artacaq, ABŞ da bu münaqişəyə müdaxilə etməli olacaqdır.

Nəhayət, ABŞ Bəşər Əsəd rejimini açıq-aşkar devirmək xəttini götürsə, onda bu, Tehranla Vaşinqton arasında münasibətlərdə ciddi problemlər yaradacaq, perspektivdə isə İranın nüvə proqramı ilə bağlı danışıqları pozacaqdır. Obama isə indiki administrasiyanın xarici siyasətdə ən böyük nailiyyəti ola biləcək sazişi təhlükə altına almağa hazır deyil. Eynilə o, nüvə sazişindən başqa, İranla böyük sazişlər zərfini bağlamaq şansını da risk altına qoymaq istəməzdi.

Səudiyyə Ərəbistanını isə nə Bəşər Əsədin hakimiyyətdə qalması, nə də Suriya prezidenti ilə Qərb arasında Suriya müxalifətinin bəzi xadimlərinin hökumətə dəvət edilməsi şəklində mümkün formal kompromisin əldə edilməsi qane etmir. Ər-Riyad məhz Dəməşqdəki indiki rejimin devrilməsini və hakimiyyətə radikalların gəlməsini istəyir. Yalnız bu halda Suriya İran üçün Səudiyyə Ərəbistanına lazım olan və Vaşinqtona heç lazım olmayan (ən azı danışıqlar prosesi müddətində) həmin o “ikinci cəbhə” ola bilər.

Məhz buna görə də Ər-Riyad hər cür yollarla Vaşinqtona özünün narazılığını nümayiş etdirmək istəyir. Belə ki, Səudiyyə Ərəbistanının kralı (onun vassalı olan Bəhreyn kralı kimi) Kemp-Deviddə keçirilən ərəb-amerikan sammitinə gəlməkdən imtina etdi, özü də bunu Ağ Evin kral Salmanın sammitdə olacağını rəsmən bildirməsindən bir gün sonra etdi. Əlahəzrət qərarının gözlənilmədən dəyişməsini başının bərk qarışması ilə izah edir: Yəməndə humanitar barışıq başlayır, Krallığın özündə isə humanitar mərkəz açılır və burada kralın iştirakı onun ABŞ prezidenti ilə görüşündən daha vacibdir.

Maraqlıdır ki, kralın iştirakdan imtina etdiyi sammit Obama tərəfindən məhz Amerika-İran münasibətləri ilə əlaqədar çağırılmışdı: ABŞ prezidenti öz ərəb müttəfiqlərini sakitləşdirməli idi. BƏƏ-nin ABŞ-dakı səfiri Yusif al-Utayba deyib: “İranın regionda atdığı addımları və ekstremizm təhlükəsini nəzərə alaraq biz təhlükəsizliyə zəmanət istəyirik. Düşünürəm ki, bu gün bizim artıq imzalanmış, rəsmiləşdirilmiş bir şeyə ehtiyacımız var”. Əlbəttə, Obama heç nəyi imzalamaq istəmir. ABŞ prezidenti regionda şiə-sünni müharibəsinə cəlb edilə bilməsindən irəli gələn öhdəliklərlə öz əl-qolunu bağlamaq istəmir. Səudiyyə kralı bunu dərk edir və bu üzdən anti-İran oxunu yaratmaq ümidi olmadan Vaşinqtona getmək niyyətində deyil.

Bunun əvəzində Səudiyyə Ərəbistanı türklərlə əməkdaşlıq etmək istəyir: Qərb KİV-ində artıq Ankara ilə Ər-Riyadın Suriyadakı müxalif qruplaşmalara dəstək göstərmələri barədə xəbərlər yayılmaqdadır. Lakin Səudiyyə Ərəbistanı çətin ki, bu işdə uğur qazansın, çünki böyük ehtimalla Türkiyənin Suriya siyasəti dəyişəcəkdir. Türkiyə biznesmenləri İran bazarına çıxmağa can atırlar. Onlar İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan dərhal sonra bu bazarı tutmağı planlaşdırırlar. Buna görə də Ankara iranlılarla son bir neçə ildə pozulmuş münasibətlərini normallaşdırmağa çalışacaqdır. Trend məhz bu cür olarsa, onda Suriyada bu gün vəziyyətin destabilləşməsini türklərin stavkaları qaldırmaq və danışıqlarda öz mövqelərini möhkəmləndirmək istəyi kimi qiymətləndirmək daha düzgün olardı. Buna görə də bu halda Türkiyənin mövqeləri səudilərdən çox, amerikalıların mövqelərinə yaxındır.

Ər-Riyad Suriyada İranla müharibə məsələsində nüfuzlu müttəfiqlər tapa bilməsə, səudilərin ölkə daxilindəki vəziyyəti ağırlaşacaqdır. ABŞ İranla münasibətlərini normallaşdırdıqdan və öz neft hasilatını artıraraq səudilərin neftinə olan ehtiyacını aradan qaldırdıqdan sonra çox güman ki, Amerika KİV-i və siyasətçiləri səudilərin mühafizəkar rejiminin islahatlara ehtiyacının olmasından, hətta onun dəyişdirilməsi zərurətindən daha çox danışacaqlar.

Rövşən Aslanov,

Tarix üzrə fəlsəfə doktoru

Newtimes.az




Yuxarı Əvvələ Ana Səhifə