XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 05:34

Putinin bir möcüzəsi azalır – Təhlil

Rəhbərliyin müdrik demoqrafik siyasəti iflasa uğrayır

Bu günlərdə məlum oldu ki, prezident Vladimir Putin baş nazir Dmitri Medvedyevə bölgə qubernatorlarının bütün kollektivi ilə əməkdaşlıqda bu ilin ilk aylarındakı “ölümlərin artmasının səbəblərini təhlil etmək”, “əhalinin ölümünün azalmasına yönəlik tədbirlər kompleksi hazırlayıb həyata keçirtmək” və əldə edilmiş nəticələr haqda hər rüb məruzə etmək göstərişi verib.

Bu qorxunc göstərişdən əvvəl kiçik əhvalat baş verdi. Prezident mayın sonunda demoqrafik problemlər haqqında danışmaq üçün bir qrup naziri yanına çağırdı. Buna səbəb bu ilin yanvar-aprel aylarında ölümün keçən ilin müvafiq dövrünə görə, demək olar, 4% artması idi. Baş naziri çağırmamışdılar.

Aid nazirliklər – birinci növbədə Səhiyyə Nazirliyinin rəhbəri Veronika Skvortsova – günahı onlardan asılı olmayan şəraitin – ölkə əhalisinin qocalması, qubernatorların və onların müavinlərinin məsuliyyətsizliyi, həmçinin ümumdünya Səhiyyə Təşkilatının fitnələri ilə güclənmiş qrip epidemiyasının üzərinə yıxmaqla tam təfərrüatı ilə izahat verdilər.

Ola bilsin ki, bununla tam qane olmayan Putin bir neçə gündən sonra Medvedyevə yuxarıda sözügedən tapşırığı verdi. Lakin məsul icraçını məsələdən hali edənə qədər məlumatın yayılmasını yubatdılar. Bunun üçün nazirləri bir daha topladılar və onlar buna qədər prezidentə verdikləri məlumatı yeknəsəq şəkildə təkrar etdilər.

Hesab edək ki, yüksəkrütbəli çarx ən ciddi şəkildə fırlanmağa başladı. Yenidən meydana çıxmış demoqrafik çətinliklərin doğurduğu son dərəcə böyük əndişə göz qabağındadır.

Bu əndişənin səbəblərini anlamaq asandır. 1992-ci ildə Rusiyada ilk dəfə ölüm doğuşu üstələdi – 220 min nəfər. Və sonralar 1993-cü ildən 2006-ya qədər əhalinin azalması hər il 700-900 min nəfər arasında tərəddüd etdi. İctimaiyyət bunu SSRİ-nin dağılması və bazar iqtisadiyyatına keçidin fəlakətləri ilə izah etməyə vərdiş edərək dövləti yaxalamış fəlakətin ayrılmaz tərkib hissəsi kimi qəbul etdi.

Lakin mənzərə sonradan sürətlə dəyişməyə başladı: azalma 2007-ci ildə 470 min, 2008-ci ildə 360 min, 2009 və 2010-cu illərdə 240 min, 2011-ci ildə 130 min nəfərədək və 2012-ci ildə, demək olar, sıfıra qədər azaldı. Və nəhayət, 2013-cü ildə tamamlandı: doğuş ölümü 24 min nəfər, ötən 2014-cü ildə isə 30 min nəfər üstələdi.

Təbliğat bunu böyük basqı ilə rəhbərliyin müdrik demoqrafik siyasətinin bəhrəsi kimi qələmə verdi. Rusiya əhalisinin təbii artımının təzələnməsi Putin erasının ən məftunedici möcüzələrindən biri kimi təqdim edildi. Hər şeyə baxanda, buna Kremldə də inandılar. ölkəmizin həyata keçirtməli olduğu qaçılmaz demoqrafik dönüşün qabağını almağa yönəlmiş hansısa “tədbirlər kompleksi” və başqa yüksəksəviyyəli indiki manipulyasiyalar da buradan qaynaqlanır.

Peşəkar demoqrafların irəli sürdüyü uzunmüddətli proqnozlar çox da dəqiq olmasa da, onun ehtiva etdiyi məntiq tamamilə obyektivdir və rəhbərliyin nəzərdə tutudğu qaydalara pis tabe olur.

1940-cı illərdə doğulmuş rusiyalılar nəsli məlum səbəblər üzündən azsaylı oldu. 1940-cı illərin sonundan 1960-cı illərədək doğulanlar isə (bebi-bumerlər), əksinə, son dərəcə çoxsaylı idi. 1965-ci ilə doğru Rusiyada doğuş kəskin şəkildə aşağı düşdü, lakin, təxminən, 1970-ci illərin ortalarına doğru artmağa başladı, çünki bebi-bumerlər nikaha girmək və uşaq törətmək yaşına çatdılar.

Sonra bu effekt keçdi və 1990-cı illər istənilən halda aşağı doğuş və əhalinin təbii artımının azalması onilliyi olmalı idi. Həyat səviyyəsinin aşağı düşməsi, ümumi çaşqınlıq və başqa özəlliklər onsuz da baş verməli olan prosesi ağırlaşdırdı.

Hazırda 1990-cı illərdə doğlulmuş azsaylı əhali yaşlılıq dövrünə daxil olur. Bebi-bumların birinci nəsli isə yetmiş yaşa yaxınlaşır. Ən yaşlı əhali sayca sürətlə artır. Doğuşla ölüm arasındakı tarazlıq rəhbərlikdən icazə almadan ən pis yönə sarı dəyişiləcək. Məsələ yalnız onun hansı sürətlə və hansı miqyaslarda baş verəcəyindədir. Son illərdə qeydə alınan yoxsulluğun sürətli artımı bu hərəkətlənməni sürətləndirib ağırlaşdırır. Vəhşi, fərsiz, artan ehtirasla dürtdürülən “tibbi islahat” kimi. Məsələnin bugünki durumunu qiymətləndirmək üçün 2015-ci ilin I rübünün demoqrafik statistikasını 2010-2014-cü illərin həmin aylarının məlumatları ilə tutuşduraq. Bu ilin birinci rübündə Rusiyada 455 min nəfər doğulub, 508 min nəfər ölüb. Yəni təbii azalma 53 min nəfər təşkil edib.

Lakin Rusiya əhalisi 2014-cü ilin yanvar-martında 25 min nəfər, 2013-cü ilin həmin aylarında isə 43 min nəfər azalıb. Azalma bu ilin ilk aylarında hiss olunacaq dərəcədə çoxdur. O cümlədən illik doğuş və ölüm rəqəmlərinin, demək olar ki, bərabərləşdiyi (35 min nəfər) 2012-ci ilin birinci rübü ilə müqayisədə də (bu il ərzində əhalinin təbii azalması 4 min nəfər təşkil etmişdi).

2015-ci ilin yanvar-mart aylarında 2014-cü ilin elə həmin zaman kəsimi ilə müqayisədə ölüm kəskin şəkildə çoxaldı və 2011-2013-cü illərin ilk aylarında qeydə alnmış rəqəmləri üstələməklə birdən yüksəldi.

Cüzi şəkildə olsa da, doğuş da azaldı: bu ilin ilk rübündə 455 min, bir il əvvəl isə 458 min doğuş qeydə alınıb.

Və nəhayət, son dərəcə mühüm və qabaqlayıcı göstərici – nigah statistikası. 2015-ci ilin birinci rübündə bağlanmış nigahların sayı (184 min nəfər) bir il əvvəlkindən (211 min) xeyli azdır və əvvəlki dörd ilin hər birində qeydə alınmış nigahların sayından geri qalır (2010-da 186 min, 2011-də 201 min, 2012-də 187 min və 2013-də 218 min).

Bu tutuşdurmalar göstərir ki, Rusiya sakinlərinin qısa artım dövrü bu il olmasa da, gələn il başa çatacaq.

Rəhbərlər əhalinin sayını artması ilə lovğalanırdılar və bu tezisdən tam həvəssiz şəkildə əl çəkəcəklər. Lakin yeni demoqrafik paylaşıma labüd keçidi, heç olmasa, yumşaltmaq üçün hazırda onların nə vəsaiti, nə ideyaları, nə də menecer səriştələri var.

Sergey Şelin

Rosbalt.ru, 20.06.2015