XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 20:31

Qərbi və Moskvanı qorxudan dörd gün:Aprel müharibəsinin sərt mesajı

qarabaq mus

Qarabağın işğal altında olan ərazilərində aparılmış son aprel əməliyyatları problemi ölü nöqtədən tərpətsə də, həlli ilə bağlı yanaşmanı açıq saxlayıb. Hazırda Rusiyanın və Qərbin Dağlıq Qarabağla bağlı mövqeyi “sülhə məcburetmə” taktikasını xatırladır. Döyüşlər zamanı Qərb təkidlə sülhün bərpa olunmasını tələb edərək hərbi əməliyyatların dayandırılmasını tələb etdi, Moskva isə çoxdan arxa plana atılmış Kazan prinsiplərini gündəmə gətirdi.

İndi gündəmdə hansısa sülh planı haqqında danışılır və “5+2 formatı” adlandırılan planda 5 rayonun qaytarılması əsas detal kimi qabardılır.

Dağlıq Qarabağda son hadisələr bir sıra maraqlı məqamları ortaya qoyub. İlkin nəticələri götür-qoy etsək, demək olar ki, Azərbaycanın müasir ordusu və silahları hamını – Moskvanı, Qərbi, Ermənistanı narahat edib. Prosesin gedişi göstərir ki, Rusiya Azərbaycanın hərbi gücünün artmasından narahatdır və buna qarşı alternativ layihələr üzərində düşünür. Lakin Qərbin Azərbaycana silah satışını əngəlləməsi cəhdləri ilə bağlı informasiyalar mənzərənin rənglərini tündləşdirir.

Məlumatlara görə, Azərbaycanın belə silahlanması NATO daxil olmaqla, bir sıra Avropa Birliyi (AB) ölkələrinin ciddi narahatlığı ilə qarşılanıb. Hələ 4-5 il əvvəl ABŞ və Avropa ölkələri Azərbaycana silah və hərbi texnika satan Türkiyə, Ukrayna, Çexiya, Bolqarıstan, Polşa, Rumıniya və Slovakiya kimi dövlətlərə siyasi, hərbi və iqtisadi təsirlər göstərməyə başlamışdılar. 2011-ci ildə Türkiyənin hökumət nümayəndəsi adını açıqlamamaq şərti ilə demişdi ki, AB üzvü ölkələrinin Ankaradakı səfirləri və hərbi attaşeləri hər görüşdə bu məsələni qaldırır, hətta digər metodlardan istifadə edərək təzyiq göstərməyə çalışırlar. Eyni zamanda oxşar formada təzyiqlərin Türkiyə ilə yanaşı, Ukrayna, İsrail və digər silah istehsalçısı olan ölkələrə də edildiyi haqda məlumatlar verilir.

Azərbaycanın silahı kimə mane olur?

Nə baş verir? Hər şeydən aydın göründüyü kimi, Azərbaycanın silahları kiməsə həddən artıq mane olur.  Belə informasiyaların ümumi tonundan aydın olur ki, tərəflər Azərbaycanı münaqişə ilə bağlı yaranmış status-kvo ilə barışmağa məcbur etmək istəyirlər. Bununla da beynəlxalq güclər rəsmi Bakını ərazi bütövlüyünü təmin etmək üçün BMT tərəfindən təsbit edilmiş “ölkənin müharibə aparmaq huququnu” bir tərəfə tullamaq üçün razı salmağa çalışırlar. Odur ki, belə bəyanatlar daha çox münaqişədə öz torpaqlarını itirmiş Bakının maraqlarını bölgədə maraqları olan supergüclərin balans siyasətinə qurban verməklə “qamçı və kökə” siyasətini yürütməyə xidmət edir.

Bu siyasi teatr Rusiyanın Ermənistanın tərəfində olduğunu ilk fürsətdəcə göstərir. Azərbaycan məhz bu baxımdan beynəlxaq güclərin təzyiqi qarşısında tək qalıb. Çünki Ermənistanın fantastik “Miatsum” planı üzərində “ölənə qədər” vuruşacağı barədə mifi sadəcə Moskvanın əlinə oynayan kozırdan başqa bir şey deyil. Kreml bu münaqişənin sərhəddini necə “çəkirsə”, ermənilər onunla razı olmağa məhkumdurlar. Bu baxımdan, indi razılaşdırılması tələb olunan başabəla “prinsiplər” münaqişənin həlli üçün Azərbaycana xeyirli olmayan bir idarəedici alətə çevrilir.

Qərb isə sadəcə, Azərbaycandan “müharibə” sözünü işlətməməyi istəyir. Çünki bu müharibənin sonucları onun üçün fəsad törədə biləcək. Son 25  ildə Qərb bu münaqişə sayəsində Cənubi Qafqazda təsir rıçaqlarını saxlayaraq özünün geopolitik maraqlarını təmin edə bilib. Odur ki, yeni müharibə olacağı təqdirdə bölgədə hansı mənzərənin yaranacağı heç kimə bəlli deyil. Bunun acı nəticələri da var: 2008-ci ildə Tiflis Abxaziyaya daxil olarkən Rusiya Gürcüstana qarşı açıq təcavuzə getməklə hər zaman “va-bank”a hazır olduğunu nümayiş etdirdi.

Qarabağ isə əlahiddə məsələdir. Çünki burada Qarabağ, üstəgəl Ermənistan Rusiyanın hərbi dəstəyi ilə hərbi əməliyyatlara gedə bilər ki, bu da son nəticədə Qərbin regionda müəyyən qədər oturuşmuş maraqlarına ciddi zərbə vura bilər. Ən azından, Azərbaycan və Ermənistan arasında müharibə baş verərsə, Rusiya kölgədə qala bilər, sonradan isə “sülh vasitəçisi” kimi ortaya atılaraq  Qərbi “arxa planda rəqs etməyə” vadar edə bilər. Necə ki, indi bunun ilkin əlamətləri göz önündədir.

Rusiya Qarabağ müharibəsini Qərb üçün şantaj alətinə çevirib

Faktik olaraq Rusiya Azərbaycanın Qarabağ uğrunda başlaya biləcəyi müharibəni Qərb üçün şantaj alətinə çevirə bilib. Qərb bundan qorxur. Rusiya da bunu yaxşı anlayır. Odur ki, Moskva “baza prinsipləri” adı altında Qərbi məcbur edir ki, iki tərəf arasında sülhə məhz onların əli nail olsun. Bu zaman ölkədaxili ictimai rəyin nəzərində Azərbaycanın xeyrinə olmayan istənilən sülh variantının günahkarı ABŞ və Qərb olacaq. Odur ki, Qərb də ehtiyatlı davranır: Dağlıq Qarabağla bağlı danışıqlarda Rusiyanı önə çıxarmaqla sülh sazişində onun da məsuliyyət payını nümayiş etdirir. Beləliklə, “lənətə gəlmiş” dairə qapanır. 

Ermənistanla məsələ aydındır. Rusiyasız onların nə “böyük müharibə” aparmağa, nə də Azərbaycan ərazilərini işğal altında saxlamağa gücləri var.

Bəs Azərbaycan nə etməlidir? Azərbaycan çox düzgün olaraq BMT-nin qətnamələrini daim yada salmaqla münaqişəyə baxışda müşahidə olunan əlahiddə yanaşma tezisini dağıdır. Bundan başqa, rəsmi Bakı Minsk Qrupunun fəaliyyətini daim tənqid altında saxlamaqla həmsədrlərin problemlə bağlı məsuliyyəti birgə daşıdığını dolayısı ilə vurğulayır.

 “Qordi düyünü”nü necə kəsməli?

Son əməliyyatlardan sonra Azərbaycana qarşı müşahidə edilən təzyiqlər məhz Bakını güzəştlərə vadar etməkdir. “Baza prinsipləri” adı altında çərçivə sazişinin imzalanması üçün vaxtın yetişdiyini deyən həmsədrlərin nikbinliyi üçün əsas çox azdır. Çünki Bakı bu sənədi imzalasa belə, onun yerinə yetirilməsi üçün şərait yoxdur. Əgər söhbət sülhməramlı quvvələrin işğal olunmuş rayonlarda yerləşdirilməsindən gedirsə, bu zaman Rusiyanın kənarda qalacağını yalnız sadəlövhlər düşünə bilər. Moskva heç bir halda nəzarətdə saxladığı 200 kilometrlik İranla sərhəddi bir göz qırpmında “tanımadığı” dəbilqəlilərə verməyəcək. Çünki işğal altında olan sərhəd xətti həm də strateji olaraq geopolitik maraqların toqquşduğu nöqtədir. Söhbət İrandan gedir. Tehran hazırda ermənilərin nəzarət etdiyi rayonlara heç bir halda avropalı sülhməramlının gəlməsini arzulamır. İranın “bölgə problemlərini bölgə dövlətləri həll etməlidir” bəyanatı və Qarabağ probleminin həlli üçün vasitəçilyini təklif etməsi bu qorxunun əlamətidir. İranla 200 kilometrlik sərhəddə ABŞ qoşunları Tehran üçün qorxulu röyadır.   

Dağlıq Qarabağda yaşamış azərbaycanlıların geriyə qayıtması ilə bağlı razılıq barədə deyilənlər isə son dərəcə dumanlı təsir bağışlayır. Bunun nə mexanizmi, nə də planı bəllidir.

İkincisi, Qarabağın statusunun guya azərbaycanlılar ora qayıtdıqdan sonra müəyyənləşəcəyi barədə verilən vədlər də inandırıcı deyil. Həmsədrlər faktiki olaraq rəsmi Bakı qarşısında öz vətəndaşlarını yerbəyer etmək  minnəti qoyurlar.

Referendum məsələsindən isə danışmağa dəyməz.

Bütün bunlar isə heç bir halda Bakının üstünlük verdiyi siyasi prioritetlərinin başlıca tezisi sayıla bilməz. Odur ki, yeni sülhyaratma cəhdləri barədə nikbin notlar yalnız siyasi cəhətdən hazırlıqlı olmayanlarda şən əhval yarada bilər.

Yeni sülh təkliflərinin “Qordi düyünü”nə çarə olması barədə deyilənlər təsəllidir. Burada heç bir tərəfin inkar etmədiyi mühüm faktor da həlledici söz sahibidir: İctimai rəy! Hər iki ölkənin vətəndaşlarının isə münaqişə ilə bağlı mövqeyi göz önündədir. Hər halda, son “aprel müharibəsi"ndən sonra Qərb və Rusiya gözəl başa düşdülər ki, azərbaycanlılar öz torpaqlarından kiməsə pay vermək fikrində deyillər!

Xaqani SƏFƏROĞLU

Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin keçirdiyi “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur