XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 01:39

Qazaxıstan dəyişikliklər astanasında:Mərkəzi Asiyanın əsas oyunçusunun başı üzərində qara buludlar dolaşır

kazakstan-astana

Mərkəzi Asiyada qeyri-stabilliyin yaranmasında maraqlı olan qüvvələr var. Qazaxıstan isə Mərkəzi Asiyanın əsas fiqurudur. Qazaxıstanda baş verəcək proseslər Mərkəzi Asiyanın gələcəyinin hansı istiqamətdə olacağına yön verəcəkdir.

5 iyun tarixində Qazaxıstanın Aktobe şəhərində üç terrorist qrupdan ikisi şəhərdə silah mağazalarını ələ keçirdi, üçüncü qrup isə sərnişin avtobusunu qaçırdı və Milli qvardiyanın hərbi hissəsinə həmlə etdi. Bunun nəticəsində 18 nəfər öldü və onun 13 nəfəri terrorist idi.

10 iyun tarixində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) daha 5 terroristin məhv edildiyini bəyan etdi. 12 iyunda isə Aktobe ilə bağlı şübhəli bilinən son terrorist ələ keçirildi.

MTK-nın nümayəndəsi dərhal bəyanatla çıxış edərək, bu proseslərin arxasında 2016-cı ilin yanvar ayında həbs olunan Şımkendli biznesmen Toxtar Tuleşovun əlinin olduğunu və onun dövlət çevrilişi etməyi planlaşdırdığını bildirdi. 6 iyun tarixində Qazaxıstanın bir neçə keçmiş yüksək vəzifəli məmur və generalları Tuleşovla əlbirliyində ittiham olunaraq həbs edildi. Tuleşovun Rusiya ilə əlaqələrinin olduğu iddia olunur.

Qazaxıstanın bir sıra siyasi ekspertlərinə görə, Tuleşovun üzərinə qoyulan dövlət çevrilişi etmə cəhdi çox ciddi ittihamdır və bunun ətraflı araşdırılmasına ehtiyac var.

Nursultan Nazarbayev ən böyük terror aktı kimi müstəqil Qazaxıstanın tarixinə düşən Aktobedəki hadisələrdən sonra çıxış edərək, bu terror aktının radikal qeyri-ənənəvi dini cərəyanların biri tərəfindən həyata keçirildiyini və onların təlimatlarını xaricdən aldığını dedi: "Dövlət siyasətinin və bizim qanunların liberallığından istifadə edən kimlərsə dövlət hakimiyyətinin möhkəmliyini yoxlamağa cəhd etdi. Ekstremistlərin və terroristlərin qarşısının alınması üçün ən sərt tədbirlər görüləcəkdir. Biz hamımız bilirik ki, "rəngli inqilabların'' müxtəlif metodları vardır və onlar uydurulmuş mitinqlərlə, qətllərlə, hakimiyyəti zəbt etmək cəhdləri ilə başlayırlar. Bu əlamətlər ölkəmizdə də özünü göstərməyə başlayıb. Bu hadisələrin baş verdiyi ölkələrdə bu gün nə dövlət, nə də stabillik var.”

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Erlan Karinə görə, Aktobedəki hadisələrin baş verməsi gözlənilən idi, çünki Qazaxıstandan Suriyaya döyüşməyə gedənlərin bir hissəsi Qazaxıstanda müəyyən aksiyaları həyata keçirmək məqsədilə ilə geri dönürdülər. Onun sözlərinə görə, xüsusi xidmət orqanları, demək olar ki, terror aktı törətmək istəyənlərin qarşısını hər zaman alırdı.

E.Karin Qazaxıstanda İŞİD-ə qoşulmaq üçün aparılan təbliğatın get-gedə artdığını, bu cür geniş propoqandanın "yatmış özək''lərə öz təsirini göstərdiyini və Aktobedə də bu özəklərdən birinin hərəkətə gəldiyini bildirdi. E.Karin baş verən son hadisənin Qazaxıstanda ekstremizmin və terrorizmin təhlükəsinin artmasında yeni mərhələ olacağını irəli sürür.

Rusiyalı politoloq Maksim Şevçenko Aktobe hadisələrini şərh edərək, bu hadisələrin baş vermə səbəbinin Qazaxıstanın iqtisadi vəziyyəti ilə bağlı olduğunu deyir. Politoloqun fikrinə görə, Aktobedə baş verən hadisələr Qazaxıstanın əziyyət çəkdiyi dərin sosial-iqtisadi ziddiyyətlərin nəticəsidir. M.Şevçenkonun iddiasına görə, əgər İraq illərlə bombalanmasaydı, orada yüzlərlə insan öldürülməsəydi indi heç bir İŞİD-dən söz gedə bilməzdi.

Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevqeni Satanovskiyə görə isə Aktobedə baş verən proseslər daha böyük bir hadisənin başlanğıcıdır: ''Aydındır ki, Qazaxıstandakı vəziyyətin destabilizasiyası bütün Mərkəzi Asiyanın dağılması üçün əsasdır. Aktobedəki hadisələr Misir və Tunisdəki baş verən hadisələri xatırladır. Rusiya üçün də təhlükənin olması şübhəsizdir. Bu məsələdə ölkələri xaricində radikalları dəstəkləyən Türkiyə, Səudiyyə Ərəbistanı, Qatar və digər ölkələr maraqlıdırlar." 

Bu versiyanı Qazaxıstanlı sosioloq Serik Beissembayev də dilə gətirdi və Aktobedəki hadisələrin aysberqin görünən üzü olduğunu dedi.

Yevgeni Kiselyovun "ExoMoskva''dakı məqaləsində Qazaxıstanda baş verən hadisələrlə bağlı daha fərqli iddialar ortaya atılır. Onun sözlərinə görə, Qazaxıstandakı hadisələrin Rusiya sərhədləri yanında baş verməsi Moskvaya rusların müdafiəsi bəhanəsini formalaşdırmağa imkan verir: "Alma-Atada may ayının 20-də Qazaxıstanın postsovet tarixi dövründə müxalifətin ən böyük nümayişləri keçirildi. Ardınca Aktobedə guya islam radikalları tərəfindən təhrik olunmuş qarışıqlıq baş verdi. Bu, rus sərhədinə çox yaxındır. Haradan gəldikləri bəlli olmayan islamçılardan və ya Qazaxıstan mənşəli "rəngli'' inqilabçılardan rusları müdafiə etməyi başlatmaq üçün mükəmməl bəhanədir.''

Bir sıra ekspertlər Aktobedə baş verən terror aktlarında iştirak edənlərin izinin Şimali Qafqaza qədər gedib çıxdığına işarə etdilər.

İyun ayının 4-də Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko rusdilli əhalinin keçmiş SSRİ respublikalarında dil və mədəniyyət sahələrində təzyiq obyektlərinə çevrildiyini və Rusiyanın buna sakit baxmayacağını bəyan etdi.

Bir məqamı da xatırlatmaq lazımdır ki, Matvienkonun başçılıq etdiyi orqan Rusiya prezidentinə Suriya və Krımda olduğu kimi, Rusiya Federasiyasının sərhədləri xaricində hərbi fəaliyyət aparmağa icazə verir.

Aktobe vilayəti Rusiyanın Orenburq vilayəti ilə 900 km uzunluğunda həmsərhəddir və 1896-cı ildə Rus imperiyasının qoşun dəstələri tərəfindən əsası qoyulub. 400 min əhalisi olan vilayətdə təxminən 100 min rus yaşayır.

Mayın 20-də Rusiyanın Orenburq vilayəti hökumətinin veb-səhifəsində Qazaxıstanın şimalında vəziyyətin gərginləşməsi ilə bağlı vilayət hökumətinin təcili iclasının keçirilməsi ilə bağlı məlumat yerləşdirilmişdi. Sonradan isə vilayətin veb-səhifəsinin hakerlər tərəfindən ələ keçirildiyi və bu məlumatın onlar tərəfindən yerləşdirildiyi barədə məlumat yayıldı.

Rusiya hökuməti Qazaxıstanda gedən proseslərə neytral yanaşaraq Aktobedəki məsələlərin Qazaxıstanın daxili işi olduğunu vurğulayıb.

İyun ayının 10-da Təhlükəsizlik Şurasının iclasında iştirak edən prezident Nursultan Nazarbayev Aktobedə baş verən terror aktının arxasında sələfizmin nümayəndələrinin dayandığını qeyd etdi.

14 iyun tarixində Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Kasımov isə Aktobe hadisəsi ilə bağlı saxlanılan şəxslərə Suriyadan bir imamın "müqəddəs müharibəni” başlatmaq əmrini verdiyini bəyan etdi.

Mətbuatda gedən məlumatlara əsasən, hal-hazırda Qazaxıstanın xaricində terrorist təşkilatlarının fəaliyyətində 300 Qazaxıstanlı iştirak edir və ölkədə 15 min insan sələfilik ideyasına bağlıdır.

Qazaxıstanın Dini Məsələlər üzrə Komitəsinin sədri  Qalım Şoykinin ölkə xaricində olan ekstremistlərin Qazaxıstan Respublikasının vətəndaşlığından çıxarılması təklifi ölkə rəhbərliyinə təqdim edildiyini və bununla bağlı müzakirələr getdiyini dedi.

Ardınca isə Qazaxıstan Respublikasının parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Maulen Aşimbaev ölkədə sələfilik ideologiyasının yayılmasının qadağan olunması mexanizminin hazırlanmasını təklif etdi.

Bir sıra rus ekspertləri heç bir terrorist qruplaşmasının Aktobedəki hadisələri üzərinə götürmədiyini bildirdi. Qazaxıstanın daxilində yeni qruplaşma da yarana bilər. Qazaxıstan hökuməti tərəfindən təkzib olunmasına baxmayaraq, bu yeni qruplaşmanın hələ də adıçəkilən "Qazaxıstan azadlıq ordusu”nun olacağı siqnalları verilməkdədir.

Əsasən Qazaxıstanın iqtisadi sahələrində fəaliyyət göstərən Çin baş verən hadisələri çox diqqətlə izləyir. Qazaxıstan siyasi elitasının bir hissəsi də Çinə doğru meyllənib. Ümumi görünən odur ki, Qazaxıstanın destabilizasiyası Çinin iqtisadi maraqlarına ziddir və Çin ölkədə və ümumi regionda stabilliyin tərəfdarıdır.

Maraqlı məqamlardan biri də Qazaxıstanın güc strukturları arasında baş verən hadisələrlə bağlı verilən məlumatlar arasında ziddiyyətlərin olmasıdır. MTK sədri Vladimir Jumakanov Aktobedə baş vermiş hadisələrlə bağlı Prezident Nursultan Nazarbayevə məruzəsi zamanı silahlı qrupların hələ də Aktobedə olduğunu və uşaq düşərgəsinə atəş açdıqlarını bildirmişdi. Üzərindən bir neçə saat keçdikdən sonra Daxili İşlər Nazirliyi uşaq düşərgəsinə atəş açıldığı barədə məlumatı təkzib etmişdi.

Ziddiyyətlərlə bağlı digər bir məqam: Qazaxıstanın "Azadlıq radiosu'' xəbər agentliyi Aktobedə baş verən hadisələri öz üzərinə "Qazaxıstanın qurtuluşu ordusu'' qruplaşmasının götürdüyü haqqında məlumat yaysa da, Milli Təhlükəsizlik Komitəsi belə bir təşkilatın mövcud olmadığını bildirdi.

Daxili işlər naziri Kalmuxanbet Qasımov isə bu qruplaşma barədə şərh verməkdən imtina etmişdi.

Ölkənin güc strukturlarının koordinasiyalı şəkildə terrorizmlə mübarizə aparması vacibdir. İki əsas güc strukturunun fərqli mövqeləri düşünülmüş də ola bilər. Lakin bu cür həssas məqamlarda güc strukturlarının azacıq axsaması daha böyük fəsadlara səbəb ola bilər.

Newtimes.az