XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 16:59

Britaniya nəşri: “İngiltərə dünyanı yenidən fəth etmək xülyasını yaddan çıxartmalıdır” –Təhlil

Brit

Filip Stivens

The Financial Times (Böyük Britaniya), 24.06.2016

 

Nədən başlayaq? Bu səsvermə hər şeyi dəyişdi. Demək olar, yarım əsr müddətində hazırlanaraq həyata keçirilmiş iqtisadi və xarici siyasət bir dönüşlə məhv edildi. Siyasi isteblişment elitaya qarşı qiyam nəticəsində sınıq çıxdı. Birləşmiş Krallığın ölkələri parçalandı, İngiltərə isə böyük şəhərlərə və post-industrial əyalətlərə bölünmüş göründü. Kürəsəlləşməyə qarşı qərar. Avropanı və Qərbi zəiflədən qərar. Siyasi zəlzələ. Bütün bunlar son dərəcə təmkinli ifadələrdir.

60 il öncə Süveyş böhranı imperiyanın üzərinə pərdə saldı. Son dərəcə parçalanmış Britaniya referendum nəticəsində Qərbin ən aparıcı dövlətlərindən biri rolundan imtina etdi. Devid Kemeron xəbərdarlıq etdi ki, Avropa ilə körpüləri ayırmaq qərarı ölkəyə böyük ziyan gətirə bilər. Lakin məsələ bununla məhdudlaşmır. Yüz illərlə kürəsəl oyunçu və imperiya olmuş, uzun müddət tayı-bərabəri olmayan Britaniya geri çəkilmək siqnalı verdi. Brüsselin buxovlarını tullayıb dünyanı indicə yenidən fəth edəcək ölkə haqqında xülyaları yaddan çıxardın. Britaniya növbəti onilliyi köklü şəkildə azalmış rolunu aramaqda keçirəcək. AB-yə qarşı səsvermə həm də Britaniyaya qarşı səsvermə ola bilər. Breksit tərəfdarları ingilis millətçiləridir. Şotlandiya və İrlandiya AB-dən çıxmaq istəmirdi. İstisnasız olaraq kürəsəlləşmiş şəhər London kimi. Belə ki, bir birlikdən çıxmaq digərinin də ölümü ola bilər. Şotlandları kim məzəmmət edə bilər ki, onlar Avropanı özünü təcrid etmək qərarına gəlmiş və özünə qarşı çıxmış İngiltərədən üstün sayırlar? Şimali İrlandiyanın hesablarını ödəmək ingilisləri boğaza yığanadək nə qədər vaxt keçəcək?

Qədim rejimə qarşı bu qiyamın siyasi sarsıntılarını Britaniya sahillərindən xeyli uzaqlarda çoxları hiss edəcək. Bu, Avropaya çox güclü zərbə və liberal dövlətlərdəki ümumməqbul partiyalara xəbərdarlıqdır. Bu cür aqibət kürəsəlləşməyə qarşı qiyam və brüselli Avropa məmurlarına qarşı xalis Britaniya qeyri-səmimiliyinin nəticəsi oldu. Mühacirət də xeyli rol oynadı – axı Britaniya xarici aləmə həmişə açıq olub. Cilovlanmaz vətənpərvərlik necə də asanlıqla və rahatca sərrac millətçiliyinə çevrilə bilərmiş!

Siyasətdə bütün qabaqcıl demokratiyalarda varlı elitaların narazılığından doğan qaynama baş verir. Avropa ölkələrinə göz gəzdirin, sonra baxışlarınızı Atlantikanın o tayında Donald Trampın prezident kampaniyası apardığı ölkəyə yönəldin və kürəsəlləşmə, mühacirət və sosial ehtiyaclara xərclərin azalması xüsusunda həmin qaynar hiddəti görərsiniz.

Sağ və sol mərkəzçi partiyaların üstünlük təşkil etdiyi savaşsonrası siyasi düzən görünməmiş təzyiqə məruz qalır. İfrat solların və sağların güclənən populizmi 1930-cu illər haqda xatirələri oyadır.

İngiltərədə səsvermənin özəllikləri oradakı mövcud fikir ayrılıqları  haqda son dərəcə çox şey deyir. London böyük əksəriyyətlə qalmaq üçün səs verdi. Çıxmaq üçün hər şeydən əvvəl İngiltərənin özünü atılmış kimi hiss edən və kürsəlləşmənin unutduğu şimali-şərq və şimali-qərb əyalətləri səs verdi.

Kemeron getməli olacaq. Tarix onu partiyasını sakitləşdirmək cəhdiylə ölkənin gələcəyini karta qoymuş baş nazir kimi yad edəcək. Lakin siyasi nəticələr mühafizəkar liderin seçim çərçivəsindən xeyli kənara çıxacaq. Leyboristlərə səs vermiş seçicilər partiyanın xəttinə xeyli sayda meydan oxuyur. Torilərin parçalandığı, leyboristlərin isə dirsək gördüyü indiki vaxtda mövcud düzəni necə qoruyub saxlamağı təsəvvür etmək çətindir. Ən yaxın perspektivdə maliyyə bazarlarında iqtisadi şok və burulğanlıq, çox güman ki, siyasi ifliclə müşayiət olunacaq. Xalq AB-dən çıxmağa səs verdi, lakin üzvlüyü nəyin əvəzləyəcəyinə nisbətdə onda razılaşma yoxdur. Kemeronu Dauninq-stritdə Breksit tərəfdarlarından kim əvəz edir-etsin (ən pis seçim favorit Boris Conson olacaq),  konsensus yaratmaq onun üçün çox çətin olacaq.

Yox, Britaniyanı nə aclıq sarsıdacaq, nə də bubon taunu. Lakin çıxmaq qərarı üzündən yoxsul və zəif düşəcək. Həqiqəti Amerika prezidenti Barak Obama dedi: “Britaniyanın Avropadakı rolu Vaşinqtondakı nüfuzunu gücəndirir”. Bura xeyli paytaxtı əlavə ertmək olar – Pekin, Dehli, Tokio və s.

Dünya daha Qərbə məxsus deyil. Azadlığa, demokratiyaya, qanun hakimiyyətinə – Britaniyanın müəllifliyinə tez-tez iddia etdiyi bütün dəyərlərə meydan oxunur. Dözülməzliyi və qüsurlarına baxmayaraq, Avropa Britaniyanın onun vasitəsilə müsbət təsir göstərə bildiyi qurum idi.

Keçmiş xarici işlər nazirlərindən birinin sözlərinə görə, Britaniya son 70 ildə beynəlxalq məsələlərdə həmişə gücü çatmayan yükün altına girməyə cəhd edir. İnd isə özünə qapılmağı qət etdi. Lakin bu cür təcridçilik həm Britaniya maraqlarının beynəlxalq xarakterini anlamazlığı, həm də qaranlıq geopolitik reallıqları əks etdirir. Peşmanlıq gəlməyincə nə qədər vaxt keçəcək?

 

Tərcümə Strateq.az-ındır.