XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 14:59

Rusiyanın siyasəti və Qara dəniz hövzəsi ölkələrininəməkdaşlıq imkanları...

elxan-sahinoglu-esas

Elxan ŞAHİNOĞLU, politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

29-30 iyun tarixlərində Moskvada Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının 47-ci toplantısı keçiriləcək.

Rusiya hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edir. Moskva toplantısında təşkilata üzv ölkələrin iqtisadi, ticarət və mədəni əlaqələrinə dair hüquqi baza formalaşmalıdır. Toplantıya bu ölkələr dəvət olunub: Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya və Türkiyə.

Dəvət olunan ölkələrin siyahısından da görünür ki, Moskva toplantısında ciddi nəticə əldə olunmayacaq.

Birincisi, rəsmi Bakının mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycan işğalçı Ermənistanla heç bir inteqrasiya layihəsində iştirak etməyəcək. Doğrudur, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, ancaq bu üzvlük simvolik xarakter daşıyır.

İkincisi, toplantıda Ukrayna iştirak etməyəcək. Moskva bir tərəfdən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq yollarını genişləndirmək haqqında danışır, eyni zamanda təşkilata üzv olan Ukraynanın ərazisi Krımı işğal edib. Belə olan halda Ukrayna da təşkilat çərçivəsində Rusiya ilə inteqrasiya proseslərində iştirak etməyəcək. Təsadüfi deyil ki, Kreml Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının toplantısına Krım administrasiyasının nümayəndələrini dəvət etməyi planlaşdırır. Kreml belə bir addım atarsa bununla toplantıya qatılan digər ölkələri də pis vəziyyətdə qoyacaq.

Üçüncüsü, təşkilata üzv olan Gürcüstanın da Rusiyanın siyasətinə iradları var. Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal etdiyinə görə iki ölkə arasında diplomatik münasibətlər yoxdur. Buna görə də rəsmi Tiflis Moskva toplantısına aşağı səviyyəli nümayəndə heyəti göndərə bilər. Bu baxımdan Ukrayna kimi Gürcüstanın da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Rusiya ilə əməkdaşlığı genişləndirməsi problematikdir.

Dördüncüsü, Rusiyanın Ukrayna və Gürcüstanla yanaşı Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatına üzv olan digər ölkələrlə – Türkiyə, Moldova, Rumıniya və Bolqarıstanla da münasibətləri normal deyil. Rusiya Türkiyə ilə siyasi əlaqələri dondurub, iqtisadi əməkdaşlığı minimuma endirib, Moldovanın Qərb yönümlü siyasətini tənqid edir, Rumıniyada ABŞ-ın raketlərdən müdafiə sistemlərini özünə təhlükə sayır, Bolqarıstanın isə Qara dənizin dibi ilə boru xəttindən imtina etməsi qərarından narazıdır.

Bütün bunları nəzərə alaraq indiki halda Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatının fəaliyyəti nominal xarakter daşıyır. Halbuki, təşkilat 1992-ci ildə təsis olunduqda qarşısına böyük hədəflər qoymuşdu. Ancaq bu illərdə Rusiyanın təşkilata üzv olan dövlətlərin bir çoxu ilə münasibətləri gərginləşdi və bu səbəbdən regional əməkdaşlıq imkanları minimuma endi. Qara Dənizə çıxışı olan ölkələr ikitərəfli və üçtərəfli əməkdaşlığıa üstünlük verirlər.