XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 10:27

Rusiyalı ekspert: “Ərdoğanla Putinin barışmaqdan başqa çıxış yolu yox idi” –Təhlil

PE

Aleksandr Jelenin

Rosbalt.ru, 30.06.2016

Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya və Türkiyə prezidentləri arasında çərşənbə günü baş tutmuş 45 dəqiqəlik telefon söhbətindn sonra Kreml, əslində, Türkiyə ilə bütün ticari-iqtisadi əlaqələrin bərpasına siqnal verdi. O cümlədən turzm sahəsində də ikitərəfli əlaqələr canlanır. Rusiya hökumətinin başçısı Dmitri Medvedyev cümə axşamı Türkiyə ilə iqtisadi münasibətlər sahəsində məhdudiyyətlərin mərhələli ləğvi haqda hökumətə tapşırıq verdi. Bununla belə qeyd etdi ki, “turizm mövsümünün qızğın çağında Türkiyəyə daşıma çarter reyslərinə yasağın ləğvi mövzusu aktualdır” və əlavə etdi ki, “İstanbulda son faciəli hadisələr nəzərə alınmaqla bizim istirahət edənlərimizin təhlükəsizliyinin təmin edilməsi üzrə effektli tədbirlərin görülməsində Türkiyə hökumətindən əlavə zəmanət də almaq çox vacibdir”.

“Rosbalt”-ın icmalçısı ekspertlərdən iki dövlət arasındakı münasibətlərin bu qədər sürətlə bərpası və nələrin hər iki tərəfi bir-birinə doğru getməyə vadar etdiyinin səbəbləri haqda öz fikirlərini söyləməyi xahiş edib. Onlar hesab edirlər ki, iki ölkə liderlərinin, sadəcə, başqa çıxış yolu yox idi, lakin bu yaxınlaşma ilk baxışdan göründüyü qədər də asan olmaya bilər.   

Kürdüstan Milli Konqresinin üzvü Fərhad Patiyev hesab edir ki, həm Şərqdə, həm də Qərbdə hamı ilə dalaşmış Türkiyə bu gün dost qıtlığı hiss edir, buna görə də Rusiya ilə yaxınlaşmaya getməyə məcburdur. O xatırladır ki, Ankara son dövrlər “Yaxın Şərq, Avropa və ABŞ-da praktik olaraq bacardığı hər kəslə münasibətləri korlayıb, buna görə də hazırda yeni tərəfdarlar axtarmaq və ya korlamış münasibətləri bərpa etməkdən başqa heç bir çıxış yolu yoxdur”.

Patiyev diqqət yetirir ki, Türkiyə İsraillə münasibətləri bərpa etməyə başlayaraq bu cür ilk cəhd göstərdi. İkinci bu cür cəhd  Rusiya ilə dialoqun qaydaya salnmasıdır. Mütəxəsis hesab edir: “Türkiyə əvvəllər bu və ya digər məsələni həll edərkən gah Qərbə, gah da Rusiyaya söykənə bilərdi, lakin son aylarda, xüsusən də 2015-ci il noyabrın 24-dən sonra (Türkiyə HHQ Rusiyanın Su-24-ü vurandan sonra) bu cür üsullardan məhrum olmağa başladı. Buna görə də Türkiyə Rusiya ilə münasibətlərin bərpasına ehtiyac duyur, çünki Ərdoğan daha heç kimlə münasibət qura bilməz. Əks halda Türkiyəni çox çətin dönəmlər gözləyə bilər”.

Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqid hesab edir ki, Türkiyə və Rusiyanın bir-birinə doğru atdığı addımlar iki ölkənin qarşılıqlı böyük iqtisadi itkilərindən, ticari əlaqələrin kəsilməyindən doğur. Lakin bu addımlara baxmayaraq, iki dövlətin birbaşa toqquşmasına səbəb ola biləsi bir sıra problemlər həll edilməmiş qalır.

Ekspert xatırladır ki, Türkiyə Rusiyanın ticarət tərəfdaşları içində mal dövriyyəsi üzrə beşinci yeri tuturdu: “Böhran və sanksiya şəraitində bu ölkə ilə iqtisadi münasibətlər RF üçün olduqca önəmlidir”.

Bundan savayı, Maqid yada salır ki, “Rusiyanın bəzi görkəmli biznesmenlərinin Türkiyə ilə geniş əlaqələri olduğu sirr deyil və şübhəsiz, bunun yığışdırılmağında deyil, genişlənməyində maraqlıdırlar”.

Maqid deyir: “Siyasi və hərbi amillər də var. Suriyadakı hadisələr üzündən Türkiyə ilə toqquşma hərbi və siyasi baxımdan Rusiya üçün çox riskli ola bilərdi”.

Analitik qeyd edir: “Nəhayət, bütün bunlar Suriya prezidenti Bəşər Əsəd ordusunun Rakka yxınlığında, Hələbdə və Latakiyada son məğlubiyyətləri fonunda baş verir. Əsədin qüvvələri xüsusən də Rakka yaxınlığında İŞİD tərəfindən darmadağın edilib və böyük itkilər verərək (yüzlərlə həlak olanlar haqda məlumatlar var) bir neçə on kilometr geri çəkilib. Latakiyada isə müxtəlif üsyançı qruplamalar Suriya hökumət ordusunun mövqelərinə böyük həmlələr açıb”.

O, hesab edir: “Aydın olur ki, Rusiyanın köməyi ilə bütün Suriya üzərində nəzarət qurmağın mümkünlüyünə ümidlər qeyri-realdır. Ona görə də Türkiyə ilə bu və ya digər formada uzlaşmaq lazım gəlir”.

Mütəxəssis bildirir ki, Rusiya-Türkiyə münasibətlərinin mülayimləşməyində Türkiyə ilə İsrailin indiki yaxınlaşması da mühüm amil oldu. Rusiya bu prosesdən kənarda qalsaydı, Suriyada və ümumən Yaxın Şərqdəki  mövqelərinə mənfi təsir edərdi.

Eyni zamanda Maqid əmindir ki, tərəflərin iddiası nəzərə alınmaqla Rusiyanın Türkiyə ilə yeni yaxınlaşması asan olmayacaq. Çünki hər iki prezident öz ölkəsində qabağından yeməyən hərbi-siyasi lider imicinə sahibdir. Nə o, nə də bu biri həm ölkə daxilində, həm də xarici səhnədə zəif görünməyi özünə rəva bilməz.

Ekspert qeyd edir ki, məsələn, artıq Ərdoğanın Putin qarşısında üzrxahlığı ilə bağlı şərhlərdə problemlər görünür. Maqidin sözlərinə görə, türk dili üzrə mütəxəssislərin əksəriyyəti iddia edir ki, Türkiyə prezidenti rusiyalı həmkarına müraciətində rusiyalı təyyarəçinin həlakına görə üzr kimi deyil, vur-tut, təəssüf kimi tərcümə olunan ifadə işlədib. Bu sözlər Türkiyə KİV-ində məhz və yalnız bu cür şərh edilir.

Rusiya-Türkiyə yaxınlaşması üçün bu da problem olaraq qalır ki, Suriyada Türkiyənin dəstəklədiyi Türkiyəyönlü dəstələrlə Rusiyanın dəstəklədiyi prezident Əsədin qüvvələri arasında hərbi qarşıdurma aradan qaldırılmayıb. Maqid hesab edir ki, deməli, Suriyada Türkiyə və Rusiya qoşunları arasında birbaşa toqquşma gələcəkdə də mümkündür.

Tərcümə Strateq.az-ındr.




Yuxarı Əvvələ Ana Səhifə