XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 18:36

Kürd problemi: Minillik feodalizmin gətirdiyi əsarət – Təhlil

PKK İraqla İranın sərhəddində yerləşən Kəlaşin bölgəsindən çəkilməyə başlayıb. Bu barədə məlumatı Şimali İraqın kürd idarəçiliyinə yaxınlığı ilə seçilən Rudaw.net informasiya portalı yayıb. Portalın bildirdiyinə görə, bölgədən çəkilən PKK-nın yerini KDP- İ (Kürdüstan Demokrat Partiyası-İran) silahlıları tutacaq.

Aralarında ziddiyyət olan iki kürd qruplaşmasının bu yerdəyişməsi ilk baxışdan adi hal kimi görünsə də, əslində gərgin mübahisələrdən sonra əldə olunan razılaşmanın nəticəsidir. Verilən məlumata görə, bu qərara gələnə qədər tərəflər bir-birləriylə atışmış, bir nəfərin ölümü, bir neçə nəfərin yaralanmasıyla tamamlanan hadisənin kürd xalqları arasında qan davasına çevriləcəyindən ehtiyatlanaraq, nəhayət, liderlərin uzun müzakirələrindən sonra həll yolu tapılmışdır.

Bildirildiyinə görə, məsələ əvvəl PKK-nın mərkəzi qərargahı hesab olunan Qəndildə müzakirəyə çıxarılır. PKK-dan Cəmil Bayıqın, KDP-İ-dən adı çəkilməyən bir yetkilinin iştirakıyla keçirilən görüş nəticə verməyincə, problem Şimali İraqın paytaxtı sayılan Ərbilə daşınır. Tərəflərin Ərbildə daha iki dəfə bir araya gəlməsindən sonra PKK-nın bölgədən çəkilməsinə qərar verilir.

Bu qədər gərginliklə müşahidə olunan qalmaqalın çıxış səbəbinə gəlincə, problem hələ də feodal münasibətlərini tərk etməyən kürdlərin əşirətçilik, tayfabazlıq ənənələrindən qaynaqlanır. Bu ənənəyə görə, kürdlərin məskunlaşdığı yerlər hansısa tayfa liderinin ərazisidir və bir başqa əşirətə mənsub olanlar orda yurd-yuva qura bilməzlər – hətta ərazi boş olsa belə.

Kəlaşin bölgəsi bu zamana qədər İranda yaşayan kürdlərin obaları kimi tanınırdı. On illərlə bundan qabaq, rəsmi Tehranın repressiyalarından qaçan kürd separatçıları rahatlıqla bu yurd yerində məskən salır, ərazi İraq dövlətinə aid olduğundan İran onlara müdaxilə edə bilmirdi. Səddam Hüseyn rejiminin dağılmasıyla Kəlaşinə sığınan kürd separatçılarının da günəşi batır. Avtoritar boşluqdan istifadə edən İran rejimi separatizmə qarşı amansız mübarizəyə başlayır və nəticədə bu ərazidə məskunlaşan separatçılar pərən-pərən düşür, Şimali İraqın içərilərinə çəkilərək öz yurd yerlərini boş qoyurlar. Bunu fürsət bilən PKK da gəlib onların yurdlarına yerləşir.

Hazırda Yaxın Şərqdə gedən prosesin kürd separatizminin üzünə güldüyünə inanan KDP-İ mənsubları yenidən dağa çəkilməyə qərar verirlər. Bu niyyətlə də mayın 24-də köhnə yurdlarına dönürlər. Di gəl ki, köhnə yurdlarında “yeni lələ”lərlə qarşılaşırlar.

Məntiqlə, birgə mübarizə aparmaq imkanı doğduğuna sevinmək yerinə, Kəlaşində üz-üzə gələn iki dəstə bir-biriylə atışmağa üstünlük verir. çünki hər biri başqa bir əşirətin üzvüdür və onlar üçün daxili hesablaşmalar xarici qüvvələrə qarşı vuruşmaqdan daha önəmlidir. Zira onların hər biri zaman-zaman bu daxili hesablaşmalarda digər kürd topluluğunun düşmən olaraq gördüyü dövlətlərdən yardım alıblar. Bir sözlə, feodal parçalanmışlıq kürdləri bir-birinin əleyhinə ən böyük düşmənə çevirib. Əlavə düşmənə belə ehtiyacları yoxdur. Nə qədər ki, kürdlər bu ağalıq sistemindən qurtulmayıblar, aralarındakı ziddiyyətdən də yaxa qurtara bilməyəcəklər.

Kürd məsələsini araşdıran bir çox mütəxəssis məhz bu məntiqə əsaslanaraq, “Kürdüstan proyekti”nin perspektivinə inanmır. Kürdlər arasında yayğınlaşan feodal münasibətlərinin ortadan qaldırılmasında isə heç kim maraqlı deyil-nə kürd ağaları, nə regional dövlətlər, nə də qlobal güc mərkəzləri… Yerli ağalar bu ənənələrə pul gətirən makinanın mühərriki, regional dövlətlər torpaq bütünlüyünün qarantı, qlobal güc mərkəzləri isə regional dövlətlərə qarşı əsas təzyiq vasitəsi kimi baxır, əşirət liderlərini ələ almaqla bütün bir xalqı öz siyasətlərinə alət edə bilirlər.

Qısası, PKK-nın Kəlaşindən çıxması təkcə hərbi hadisə deyil. Bu, həm də yüzillər boyu hökm sürən feodal ənənələrinin bir xalqın başına gətirdiyi fəlakətin, bəlkə də, ən qansız təzahürüdür. Və əslində bu qədər olmasa belə, əksər şərq xalqları, o cümlədən biz də feodal əsarətə tabeçilikdə onlardan geri qalmırıq. Sadəcə birimizin üzünə böyük dövlətlərin geopolitik mübarizələri gülür, birimizin üzünə isə yox. Hələ ki, üzünə gülünməyən tərəf kürdlərdir, sabah kim olacaq – bunu bir Allah bilir, bir də təbəssüm sahibləri…

Heydər Oğuz

Strateq.az