XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 İyul 2016 - 17:37

NATO-nun Varşava sammiti: Rusiya düşmən, yoxsa müttəfiqdir? - Təhlil

NATO

Andrey Rezçikov

Vz.ru, 10.07.2016

 

NATO sammiti iştirakçıları Moskva ilə konstrukrtiv münasibətlərə cəhd haqda bildiriblər. Lakin Varşava görüşünün əsas yekunlarından biri Rusiya sərhədləri yaxınlığında iştirakın genişləndirilməsi oldu. Ekspertlərin fikrincə, şərq qonşu ilə düşmənlik etməmək haqda NATO bəyanatı ritorika səviyyəsində qalır, alyans isə fəaliyyətilə göstərir ki, Rusiya onun üçün düşməndir.

İştirakçılar Varşavada NATO sammitinin ikigünlük işindən sonra yekun bəyannamə qəbul ediblər. Hər şeydən savayı onda deyilir ki, “Rusiyanın fəaliyyəti yol verərkən” NATO Rusiya ilə konstruktiv münasibətlərə cəhd edir. Sənəd müəllifləri iddia edirlər ki, sammitin qərarları beynəlxalq öhdəliklərə tam uyğun gəlir və Rusiya-NATO aktını pozmaq kimi nəzərdən keçirilə bilməz.

Sənəddə deyilir: “Biz alyansı möhkləmləndirməyə imkan verən və Şimali Atlantika təhlükəsizliyini yönəltməyə şərait yaradan açıq qapılar siyasətinə sadiq qalırıq”.

NATO-nun sənədində Moskva hazır olarsa, Rusiya ilə raketdən müdafiə sisteminin müzakirəsinə hazır olduğu ifadə olunur: “Biz Rusiyaya dəfələrlə izah etmişik ki, ballistik raketlərdən müdafiə sistemləri Rusiyanın strateji önləmə sisteminə qarşı dura bilməz və onun bu cür imkana malik olmağından ötrü gələcəkdə bu sistemə dəyişikliklər etmək niyyəti yoxdur. Buna baxmayaraq, ballistik raketlərdən müdafiə sisteminə görə müttəfiqlərdən hədəf düzəltmək təhdidi qəbuledilməz və əks-səmərəlidir”.

İştirakçılar ikinci günü başlanğıcında qeyri-formal diskussiyaların gedişində iyulun 13-də Rusiya-NATO Şurası (RNŞ) toplantısının keçirilməyini dəstəklədilər. Pərdəarxası qaynaqların qeyd etdiyi kimi, Rusiyaya nisbətdə heç bir qərar qəbul edilməyib. RNŞ formatı Ukraynada durum kəskinləşdikdən sonra iki il öncə faktiki olaraq dondurulub. Qaynaq bildirir: “Liderlər həmrəyliklə bildirdilər ki, Rusiyanın fəaliyyəti üzrə qəti və vahid mövqe lazımdır. Liderlər həmçinin NATO-nun güclü müdafiə və dialoqa ikiqat yanaşmağına dəstəkdə həmfikir idilər. Onlar həmçinin Rusiyanın Ukrayna, Gürcüstan və Moldovadakı, həmçinin digər şərqli tərəfdaşlara nisbətdə fəaliyyətini müzakirə etdilər”.

NATO baş katibi Yens Stoltenberq öz növbəsində bildirib ki, Rusiyadan Şimali Atlantika alyansına birbaşa təhlükə görmür. Onun sözlərinə görə, NATO daha Rusiyanın strateji tərəfdaşı deyil, lakin onunla soyuq mühaibə durumunda da deyil. Və Rusiya ilə NATO-nun münasibətləri indi “müdafiə və dialoq”a əsaslanmalıdır. “Hamımız ciddi, etibarlı müdafiə və konstruktiv dialoqa söykənən yanaşmamızda vahid cəbhə kimi dururuq”, – deyə o bildirib.

Sammitdə Ukraynadan az və daha çox pərdəarxasında danışıblar. Stoltenberq tədbir başa çatmazdan öncə Ukrayna prezidenti Poroşenko ilə görüş keçirib. Lakin istifadəçilər internetdə Kiyevin alyansa daxil olmasının dumanlı perspektivlərindən çox Ukrayna liderinin corabındakı deşiyi müzakirə ediblər. Amma Polşa XİN başçısı Vitold Vaşikovski alyansda Ukraynanı öz sıralarına qəbul etməyin zəruriliyndə hansısa bir əminliyin artdığını görür. Nazir izah edib: “Ukrayna haqda məsələ daxili müzakirə mərhələsindədir”.

KİV hələ yazda xəbər verib ki, “üzvlük üzrə fəaliyyət” əvəzinə, indiki sammitdə Ukraynaya “assosiativləşmiş tərəfdaşlıq” formulu təklif olunacaq. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavir müavini Ben Rods bu yaxınlarda Ukraynaya müəyyən kriteriyalara uyğun olaraq bir sıra şərtləri yerinə yetirməyi məsləhət görüb. Kiyevin bütün tələbləri yerinə yetirəcəyi halda proses on ilədək vaxt aparar. Lakin Ukrayna müdafiə naziri Stepa Poltorakın fikrincə, milli ordu, az qala, 2020-ci ilin sonuna doğru NATO standartlarına uyğun gələcək. Poroşenko bazar günü Ukraynanın Avroatlantik inteqrasiyasının koordinasiyası məsələsi üzrə komissiya yaradılması haqda sərəncam imzalayıb.

Ukraynalı deputat Nadejda Savçenko da Varşavaya gəlmişdi. O, ekspertlərin forumunda iştirak edib. Savçenko çıxışı zamanı qeyd edib ki, NATO-nun sayəsində tarazlıq qorunur, dünya qeyri-burqütblü qalır. O, “Rusiya təcavüzü”ndən müdafiəyə görə NATO-ya təşəkkür edib.

 

Sammitin qərarı

 

İlk günün yekunu Polşa və Baltikada çoxmillətli dörd batalyon (hər birinə min nəfər daxil olacaq) yaratmaq qərarı olub. Stoltonberq qeyd edib ki, qoşunlar rotasiyalı əsasda yerləşdiriləcək (bu, Rusiya-NATO Təməl paktının şərtlərini pozmamaq üçün edilir). Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ əsgər göndərəcək. Proses növbəti ildən başlanacaq. Bölmələr üzrərində komandanlığı “çərçivə millətləri” – NATO-nun ən böyük ölkələri götürəcək.

Bundan başqa, Stoltenberq Avropada raketdən müdafiə sisteminin (RMS) hazırlığın ilk mərhələsinə çıxdığını bildirib. Baş katib izah edib: “Bu bildirir ki, ABŞ HDQ-nin İspaniyada yerləşmiş gəmiləri, Türkiyədəki radarlar və Rumıniyadakı yaxalama sistemləri hazırda NATO komandanlığı və nəzarəti altında uzlaşdırılmış şəkildə işləyə bilər”.

Eyni vaxtda NATO-nun yüksəkçinli məmuru anonimlik şəraitində bildirib ki, alyans Rusiyanın NATO ölkələrinə və onların maraqlarına toxunan hava hücumundan müdafiə uçuşsuz zona yaratması ilə barışmaq niyyətində deyil. “İntefaks”-ın xəbər verdiyi kimi, alyansın silahlı qüvvələrinin yerdəyişmə sərbəstliyinin təminatı üzrə NATO-da tədbirlər zərfi hazırlanıb. Qaynaq qeyd edir ki, Rusiya S-400 ən yeni raket komplekslərinin vasitəsilə NATO ölkələrinin ərazi və akvatoriyasını qismən əhatə edən bir neçə “qadağan zonası” yaradıb. KİV-in fevralda yazdığı kimi, Rusiya Kalininqrad vilayəti və Krımdakı hərbi bazalarda hərəkət radiusu Baltik və Qara dəniz akvatoriyasını qismən əhatə edən, NATO aviasiyası üçün uçuşsuz zonalar yaratmaqla  S-400 sistemlərindən istifadə edir. Hətta qeyd olunurdu ki, İrana S-300 batareyalarının tədarükü Yaxın Şərqdə də analoji zonalar yaradacaq.

ABŞ müdafiə naziri köməkçisinin vəzifəsini icra edən Elissa Slotkinin izah etdiyi kimi, ABŞ gələn ilin sonuna doğru Avropada ölçücə bərabər güc və vasitə diviziyaları yerləşdirəcək. Və bütün bunlar “önləmə maraqları” ilə edilir. Bununla yanaşı, o, əlavə edib ki, “bu sikkənin o biri üzü dialoqdur. Düşünürəm ki, prezidentimiz və bir sıra digər liderlər dialoq üçün qapıların açıq saxlanmasının mühüm önəmini qeyd edirlər”.

Hələlik NATO “Dəniz keşikçisi” (Sea Guardian) yeni, çoxhədəfli  əməliyyatın həyata keçirilməyinə girişir. Alyans ətraf durum haqda məlumatın toplanması, “terrorizmlə mübarizə”və potensialın artırılması ilə məşğul olacaq. Stoltenberq əmin edir: “Biz Aralıq dənizinin mərkzəi hissəsində Avropa Birliyinin “Sofiya” (qeyri-leqal mühacirləri daşıyan gəmilərin yaxalanması) əməliyyatı ilə qarşılıqlı fəaliyyətdə olmaq niyyətindəyik”.

Payızda NATO-nun Qara dəniz bölgəsində hava və dənizdə iştirakının genişləndirilməsi haqda qərarlar elan ediləcək. Bu qərarlar hazırda NATO-nun hərbi planlaşdırma məsələləri üzrə ekspertləri tərəfindən müzakirə edilir.

 

Rusiya düşmən deyil

 

Rusiyanı öz tərəfdaşı adlandıran Fransa lideri Fransua Olland sammitdə başqa ruhda çıxış edib: “NATO-nun səlahiyyəti yoxdur ki, bizə Avropanın Rusiya ilə münasibətlərinin necə olacağını desin. Rusiya Fransa üçün təhlükə və düşmən deyil”.

Belçika XİN başçısı Didye Reynders də bu üslubda çıxış edib. Onun sözlərinə görə, Minsk sazişləri yerinə yetiriləcəyi halda NATO-nun Rusiya üzrə mövqeyi dəyişməyi düşünməyi lazım gələcək, çünki onunla dialoq Suriya və İraqdakı duruma görə çox önəmlidir. Alyansın Moskva ilə dialoqunun zəruriliyi haqda bildirən Lüksemburqun baş naziri Ksavye Bettel ona dəstək verib: “Bu kiməsə qarşı sammit deyil, hədəf bu deyil”.

Sammitin başqa bir yekunu Avropa Birliyi ilə NATO-nun əməkdaşlıq haqda bəyannamə imzalaması olub. Sənədə Stoltenberq, Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker imza atıblar. “Mühacirət daxil olmaqla ümumi hədələrə, hibrid təhdidlərə və yaxud kiberhücumlara cavab üçün” AB və NATO-nun resurslarını birləşdirmək qət edilib.

 

“NATO tam acizliyini göstərdi”

 

Hərbi ekspertlər Assosiasiyasının eksperti, Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev də əmindir ki, NATO ikiüzlü oyun aparır. Alyans Rusiyanı rəsmi sənədlərdə İŞİD-lə yanaşı potensial təhlükə adlandırırsa, sözdə Rusiyanı düşmən kimi görməmək istəyi ifadə edilir.

Perenciyev “Vzqlyad” qəzetinə bildirib: “Açlqlanmış rəsmi sənədlər alyansa sonrakı mailyyələşmə, Rusiya sərhədləri yaxınlığında infrastrukturu inkişaf etdirmək imkanı verir. Bütün bunlar ondan xəbər verir ki, sammitdə iki istiqamət olub: daxili və xarici. Daxili istifadə üçün Rusiyanın düşmən olduğu vurğulanan sənədlər qəbul edilir. Rəsmilər xarici amil üçün isə açıqlamalar verirlər ki, NATO Rusiya ilə düşmənlik etmək istəmir”.

Ekspertin fikrincə, bununla bərabər, NATO beynəlxalq durumun inkişafına, xüsusən də Avropanın özünün təhlükəsizliyinə dair təhlil aparmağa cəhd etmir. Lakin aşkardır ki, AB daxilində terror tərlükəsi var və alyansın hər şeydən əvvəl daxili təhlükəsizliklə məşğul olması lazımdır. Bu baxımdan bir neçə polisin öldürüldüyü Dallasdakı faciə simvolik oldu. Alyansın çoxdan dünyada kollektiv təhlükəsizlik və sabitlik aləti olmağı tərgitdiyini qeyd edən beynəlxalq müşahidəçilər də oxşar mövqeyə şərikdirlər.

Ekspert sual edir: “Məgər Rusiya ilə sərhəddə minlərlə hərbçi lazımdır? Ola bilsin, polislərə atəş açılmaması üçün daha çox ABŞ-da lazımdır”.

Aleksandr Perenciyev əmindir ki, beynəlxalq terrorizmi dəf etməkdənsə məhz Rusiyanı düşmən adlandırmaq və ona qarşı çıxmaq hazırlığını göstərmək NATO-ya xeyli əlverişlidir. Ekspert hesab edir: “Brüssel və Paris hadisələrində NATO-nun tam acizliyi sərgiləndi. Onlar bundan sonra da bu acizliyi və terror təhlükəsinə qarşı durmaq bacarıqsızlığını göstərəcəklər, buna görə də Rusiyaya qarşı hərəkət etdiklərini söyləmək onlara sərfəlidir”.

Sammitin digər səciyyəvi hadisəsi NATO ilə AB arasında qarşılıqlı fəaliyyət barədə aktın imzalanması oldu. Perenciyevin fikrincə, bu cür sazişlər NATO-ya alyansa daxil olmayan Avropa ölkələrinin resurslarından faydalanmaq imkanı verəcək. Söhbət hər şeydən əvvəl Avstriya, İsveç və Finlandiyadan gedir. Sammiti Avropa dövlətlərinin özünü aldatmağı hesab edən ekspert deyir: “Bu müqavilə AB-ni NATO-nun əlavəsinə çevirəcək, çünki qarşılıqlı fəaliyyətin gedişində qərarlara ABŞ nəzarət edəcək”.

 

Tərcümə Strateq.az-ındır.