Qay Borisov
EADaily.ru, 11.07.2016
Nə Ermənistan, nə də Azərbaycanın NATO üzvü olduğuna baxmayaraq, Şimali Atlantika alyansının Varşava sammitində Qarabağ münaqişəsi probleminə önəmli diqqət ayrılıb – ona qədər ki, məsələ yekun kommunikeyə daxil edilib, NATO baş katibinin özəl təmsilçisi Ceyms Appaturay isə bununla bağlı xüsusi açıqlama verib. Kommunikedə xüsusən qeyd olunur ki, “biz əvvəlkitək Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizə tərəfdarıq. Bununla bağlı Cənubi Qafqazda münaqişənin bu prinsiplər və beynəlxalq hüquq normaları, BMT nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülhlə nizamlanmasına yönəlmiş cəhdləri dəstəklməyə davam edirik”.
Qeyd edək ki, Bakıda bunu Qarabağın qaytarılmasında Azərbaycanın tələblərinə dəstək kimi şərh etməyə meyllidirlər, lakin aydındır ki, NATO sənədindəki “Qarabağ paraqrafı”nın məzmunu ATƏT Minsk qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya, Fransa) liderlərinin çoxsaylı bəyanatları ilə tam şəkildə üst-üstə düşür və qondarma "Dağlıq Qarabağ Respublikası"nın gələcək statusundan heç bir xəbər vermir. Bu cür bütün formullarda işğal altında birmənalı şəkildə DQR (mətndə bu cürdür-tərc.) sərhədlərindən kənarda erməni qüvvələrinin nəzarət etdiyi təhlükəsizlik rayonu zonası başa düşülür.
Şimali Atlantika alyansının qəflətən Qarabağ problemi ətrafındakı diskussiyaya qoşulmasını ilk baxışdan bununla izah etmək olar ki, İrəvan və Bakı “Qəti dəstək” Əfqanıstan missiyasında artıq çoxdan iştirak etməklə təşkilatın tərəfdaşıdır. Prezidentlər Serj Sərkisyan və İlham Əliyev sammitdə məhz tərəfdaş qismində iştirak ediblər. Qarşı duran tərəflərin başçıları Fransa prezidenti Fransua Olland, ABŞ dövlət katibi Con Kerri, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya XİN başçısı Frank-Valter Ştaynmayer və alyansın, Avropa ölkələrinin bir sıra rəhbərləri ilə görüşüblər. Və bütün hallarda aprelin əvvəlindəki “dördgünlük müharibə”dən sonra fəallaşmış Qarabağ nizamlamasının gedişatı müzakirə edilib.
Ermənistan və Azərbaycan prezidentlərinin həmsöhbətləri vuruşan tərəflərin liderlərinin həm mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda baş tutmuş sammitlərin məzmunu haqda maksimal şəkildə məlumat əldə etmək, təmas xəttində barışığın pozulmasına nəzarət tədbirlərinin gücləndirilməsinə nisbətdə əldə edilmiş sazişləri yerinə yetirməyə nə dərəcədə hazlır olduqlarını aydınlaşdırmaq, həmçinin – ki, daha önəmlidir – sülhyaradıcılığı prosesində hansı yeni imkanların meydana çıxa biləcəyini, İrəvan və Bakının öz mövqelərinin təshihinə nə dərəcədə hazır olduğunu, yeni təklifləri necə qiymətləndirdiklərini anlamaq istəyirdilər. Bununla bağlı yada salaq ki, son zamanlar guya Ermənistan bölmələrinin DQR ətrafındakı beş rayondan çıxarılması və Qarabağın təhlükəsizliyi üçün zəmanətin əvəzində Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərinin açılmasından danışılırdı. Lakin bu zaman münaqişə tərəflərinə hələ 2007-ci ildə təklif edilmiş məşhur Madrid prinsiplərində nəzərdə tutulmuş bölgənin statusu haqda referendum dumanlı, qeyri-müəyyən gələcəyə keçirilirdi. Düşünürük ki, Ceyms Appaturay da NATO-nun Ermənistan-Azərbaycan qarşıdurmasından narahat olduğunu deyərkən diplomatik və ekspert çevrələrinin yan-yörəsində dolaşan məhz bu şayiə və dedi-qoduları nəzərdə tuturdu. Eyni zamanda özəl təmsilçinin sözlərindən belə çıxır ki, bu cür narahatlıq “uzun müddət saxlana bilməyəcək” və “danışıqlar yolu ilə” həll edilməli olan status-kvodan doğur.
NATO-nun aşkar fəllaşması və qəbul edilmiş kommunike ilə bağlı Bakının ifadə etdiyi məmnunluq Ermənistan XİN başçısı Edvard Nalbəndyanı xatırlatmağa vadar etdi ki, blokun yüksəkçinli təmsilçilərinin dəfələrlə dediyi kimi, “NATO, ümumiyyətlə, Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmur. Azərbaycan yenə də görüntü yaratmağa çalışır ki, guya problemin nizamlamasına dair həmin ifadələr, mən deyərdim ki, ümumiləşdirilmiş ifadələr Bakının yanaşmasına dəstək ifadə edir. Lakin, əlbəttə, məsələ heç də belə deyil”.
Ancaq iş burasındadır ki, bu “ümumiləşdirilmiş ifadələr” arxasında Moskvanın sülhyaratma fəallığının artması ilə bağlı Brüsselin bu və ya digər formada narahatlığı nəzərdən keçirilir – Sankt-Peterburq sammiti, həmçinin münaqişə bölgəsinə beynəlxalq sülhməramlı kontingentin daxil edilməsi imkanları haqda şişirdilən ehtimallar bundan xəbər verir. Əlbəttə, NATO-da ehtiyat edirlər ki, bu cür kontingent əsasən KTMT ölklərinin bölmələrindən formalaşdırılacaq (Qeyd edək ki, bu cür ehtimallar üçün dolayı əsası bu yaxınlarda “Qarabağa ATƏT sülhməramlılarının göndərilməsi ideyası bu təşkilat üçün çox böyük çağırış olardı, çünki ATƏT sülhməramlı əməliyyatlarla heç zaman məşğul olmayıb” deyən RF-nin ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç verib).
Bununla bərabər, sözsüz ki, NATO status-kvonun dəyişilməyi prosesinin başlanmasını istəyərdi, lakin, əlbəttə ki, Moskvanın patronluğu və yaxud aparıcı rolu ilə deyil, Qərbin fəal iştirakı ilə. Axı istənilən dəyişiklik “imkanlar pəncərəsi”nin meydana çıxacağını bildirir və xarici oyunçular bundan istifadə edə bilər. Sadə şəkildə deyilsə, dəyişikliklərin bulanıq suyunda balıq tutmaq asandır.
Bu kontekstdə qeyd edək ki, heç kim – nə ATƏT Minsk qrupu təmsilçiləri, nə münaqişə tərəflərinin özü status-kvonun saxlanmasında təkid edir. (Düzdür, Bakı məsələlərin mövcud durumunu güclə dəyişmək haqqını özündə saxlayır ki, bu da yumşaq deyilsə, heç kimdə ruh yüksəkliyi doğurmur). Status-kvonun hansı əsasda dəyişilməli olduğu başqa məsələdir.
Yəqin ki, bu problem Varşava sammitinin meydanlarında bütünlükdə fəal müzakirə edilib və Appaturayın bəyanatı yalnız “aysberqin zirvəsi”ni göstərir. Təsadüfi deyil ki, prezident Serj Sərkisyan NATO-ya tərəfdaş ölkələrin lider və təmsilçiləri ilə görüşün gedişində bu məsələyə toxunub. Xatırladaq ki, Ermənistan tərəfinin fikrincə, sülh prosesi üçün başlıca maneə Bakının məsələnin sülh yoluyla həllinə razılaşmaq istəksizliyidir. Lakin Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ qəbul edilsə, status-kvo kimi bu gerçəklik də dəyişiləcək.
Bütün bunlar bildirir ki, vasitəçilər nə qədər fəal şəkildə işləsələr də (artıq məlumdur ki, yayın sonunadək Fransanın dəvəti ilə Parisdə prezidentlərin görüşü keçiriləcək və istisna olunmur ki, Barak Obama payızda Serj Sərkisyanla İlham Əliyevi ABŞ-a danışıqlara dəvət edəcək), yaxın gələcəkdə vasitəçilərin planlarında köklü dəyişikliklər gözləmək lazım gəlməyəcək.
Tərcümə Strateq.az-ındır.