XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 17:02

TSK: islahat zəruridir, ancaq həyata keçirilməsi çətindir –Təhlil

ysk-1

“The National Interest“ jurnalı 2030-cu ilə dünyanın beş ən güclü ordusunu müəyyənləşdirib: Rusiya, ABŞ, Çin, Hindistan və Fransa. NATO tərkibindəki (ABŞ-dan sonra quru qoşunlarının sayına görə 2-ci) Türkiyə ordusu onuncu sırada qərarlaşıb. Amma 2016-cı ilin 15 iyul qiyamından sonra Türkiyə Silahlı Qüvvələrinin (TSK) bir az geriləyəcəyi düşünülür.

Əvvəllər siyasətüstü mövqeyə malik bu ordunun Konstitusiya ilə möhkəmləndirilən hüquqları, yəni lazım bildiyi təqdirdə idarəetməni öz üzərinə götürməsi üzərindən çoxdan xətt çəkilib. Yeni Konstitusiyada TSK-nın hüquqlarının daha da qayçılanacağı gözləniləndir. İndinin özündə ordunun ali baş komandanı rəsmən prezidentdir, Ali Hərbi Şuraya da baş nazir rəhbərlik edir, ordunun tərkibindəki jandarm qüvvələri də dinc dövrdə formal olaraq daxili işlər nazirinin sərəncamındadır. Yaxın gələcəkdə Əsas Qanunla, yaxud əlaqəli qanunlarla TSK-nın bir az da küncə sıxışdırlması isə gündəmdən irəli gəlir. Ola bilsin ki, bu əsnada mülki şəxs olan müdafiə nazirinin səlahiyyət çərçivələri daha da genişləndirilsin.

Ard-arda mövqelərini itirən TSK-nın islahatlarla dövlətin qanuna itaətkar qulluqçusuna çevrilməsinə təkcə iqtidarda deyil, həm də müxalifətdə tərəfdarlar tapılır. Hazırda peşəkar orduya keçid, ilk növbədə, müqaviləli xidmət keçən əsgərlərin sayını artırmaq təklifləri daha ucadan səsləndirilir. Bu halda icbari xidmət müddətinin qısaldılması nəzərdə tutulur. Ordudakı zabit korpusunun azaldılmasına gediləcəyi də mübahisə doğurmur. Bu barədə son açıqlama əslində hələ 2016-cı ilin yanvarında keçmiş müdafiə naziri İsmət Yılmazdan gəlmişdi. Nazir ordudakı bəzi birliklərin birləşdiriləcəyini dilə gətirmişdi. Zabit sayının (ümumən 40 min) azaldılmasını nəzərdə tutan bu islahat paketinə əsasən, ordudakı polkovnik rütbəli hərbi qulluqçuların sayı 6 mindən 3 minə endiriləcək. Bu niyyət 2017-ci ildə Ali Hərbi Şurada təsdiqlənməli idi. Lakin nəzərdə tutulan islahatların bir qədər sürətləndiriləcəyini ehtimal etmək olar.

TSK-da digər islahatların aparılması da gündəmdədir. Bu sırada sərhədlərin mühafizəsinin TSK-dan alınması ilk sıradadır. Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyənin üzvü olduğu NATO dövlətlərində sərhəd xidməti ayrıca qurumdur. Rəsmi Ankaranın bu islahatda ləngiməsinin əsas səbəbi şərq sərhədlərində ölkənin ərazi bütövlüyünə və mövcud siyasi quruluşa təhdid yaradan PKK-dır. Lakin daxili münaqişə çərçivələrindən çoxdan çıxaraq beynəlxalq mövqe savaşına çevrilən Suriya konflikti, habelə (sərhədin əks tərəfindəki PJK kürd qruplaşmasının da təhlükə mənbəyi olması nəzərə alınmaqla) İrana ehtiyatlı yanaşma bu səlahiyyətin TSK-dan alınaraq yaradılmalı olan sərhəd xidmətinə verilməsini daşa dirəyir.

Ölkədaxili nizamı qoruyan jandarm qüvvələrinin ləğvi də eyni səbəbdən yubanır. Əks halda o, çoxdan Daxili İşlər Nazirliyinin tərkibində əridilərdi.

Güman ki, NATO-dakı tərəfdaşlar son çevriliş cəhdindən sonra orduda islahat tələbi ilə rəsmi Ankaraya daha çox təzyiq göstərəcək. Blokun cənub-şərq sərhədində problemli silahlı qüvvənin varlığına çətin ki, dözümlü münasibət sərgilənsin. Özü-özlüyündə haqlı olan bu tələbə Türkiyədəki iqtidarın qaçaraq və ikiəlli razılaşması şübhəlidir. Hərgah AKP bunda maraqlıdır. Amma siyasi hakimiyyətə təhdid sayılsa da, ölkədəki gərginlik, xüsusən şərq əyalətlərində separatçı qüvvələrin zərərsizləşdirilməməsi hökuməti çətin seçim qarşısında qoyur. Bir tərəfdən, TSK-da islahat zəruridir, digər tərəfdən, ordunun gücü olmadan daxili problemləri həll etmək müşkülə dönür.

Daha bir əsaslı səbəb: yeni modern ordu böyük xərclər tələb edir. Saydakı ixtisar, ilk növbədə, texniki təchizatın yaxşılaşdırılması, ən müasir silahlanma deməkdir. Görünən budur ki, yaxın gələcəkdə sadəcə say ixtisarı olacaq, amma bu boşluğun texnoloji əsasla doldurulması xeyli vaxt aparacaq. Bəlkə də 2030-cu ildə artıq TSK dünyanın ən güclü orduları onluğunda olmayacaq.

 

M. Rzabəyli

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə