XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 İyul 2016 - 16:40

Trampı dəstəkləmək Putinə nə qazandırır? –"Rusiya artıq məqsədinə çatıb" - Təhlil

«Washington Post» qəzetində Anne Applebaumun ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın Rusiya ilə əlaqələri və rusların onu müdafiə etməkdə məqsədləri barədə məqaləsi dərc olunub.

Strateq.az Azadliqradiosu.az-a istinadla həmin məqaləni oxucularına təqdim edir:

 putinn-trump-1

 

Xaricilərin Amerikaya nəzarət etmək kimi məxfi planı olduqlarıyla bağlı fikirlər amerikalılar üçün yeni mövzu deyil. Çinlilərin Amerikada dövlət çevrilişi etmək planından bəhs edən 1962-ci ildə çəkilmiş «Mançuriya namizədi» adlı filmini bəlkə də çoxları xatırlayır.

Ancaq indi 2016-cı ildir və yaşadıqlarımız heç də film deyil. Xarici ölkə diktatoru ilə birbaşa və dolayı əlaqələri olan bir nəfər Amerikada prezidentliyə namizəddir. Üstəlik də bu əlaqələr gizli deyil. Fransa Milli Cəbhəsi partiyasının lideri Marine Le Pen ruslardan necə açıq-aşkar maliyyə dəstəyi alırsa, Tramp da Rusiya ilə əlaqələrini belə aşkar reklam edir. Qəribədir ki, buna görə heç nəyini risk atmır. 

 

Rusiya və Azərbaycanın korrupsioner oliqarxları ilə nə işin var?

 

Trampın Rusiya ilə biznes əlaqələrinin miqyası – Rusiya və Azərbaycandakı oliqarxlarla birgə layihələri, Moskvada «Kainat Gözəli» yarışması təşkil etməsi, Şimali Amerikadakı iri layihələrinə rus maliyyəsi cəlb etməsi – mediada geniş yayılıb. O, həmçinin normalda korrupsioner rus iş adamları ilə sıx əlaqələrinə görə Amerikanın siyasi həyatından uzaqlaşdırılmalı olan şəxsləri öz ətrafına toplayıb. Onun xarici siyasət üzrə köməkçisi Rusiya şirkətləri ilə, o cümlədən "Qazprom"la uzunmüddətli əlaqələri olan Carter Page, seçki kampaniyası üzrə meneceri isə 2014-cü ildə devrilmiş rusiyapərəst prezident Viktor Yanukoviçin əlaltısı kimi uzun müddət Kiyevdə işləmiş və bu müddət ərzində saxta veb səhifələr və İnternet trollar üzrə ixtisaslaşmış Paul Manafortdur.

Rusiyanın Trampın seçki kampaniyasında iştirakı şəksizdir. Bir neçə həftə öncə Demokratların Milli Komitəsindən materialların oğurlanması da rus hakerlərin işidir. Rusiyanın dövlət mediası və sosial şəbəkələri (Rusiya mənşəli saxta veb səhifələr və saxta Twitter hesablar vasitəsilə) Trampı fəal dəstəkləyirlər.

 

Tramp seçilməsə belə, Rusiya artıq məqsədinə çatıb

 

Tramp prezident seçilə bilməsə belə, onun namizədliyi sayəsində Rusiya artıq iki mühüm məqsədinə nail olub: Amerikanın «sabit demokratik ölkə» nüfuzuna xələl gətirməklə, onun mənəvi təsir imkanını azaltmaq və müttəfiqləri ilə münasibətlərini korlamaqla, gücünü zəiflətmək. Bu məqsədlə Rusiyanın dövlət televiziyasında səsləndirilən arqumentləri Tramp sözbəsöz təkrar edir. Respublikaçılar Partiyasının seçki platformasından «Ukraynanı dəstəkləmək» fikrinin çıxarılması, yaxud «New York Times»a müsahibəsində Trampın «Birləşmiş Ştatların xaricdə demokratiyaya sahib çıxması vacib deyil, Amerika öz işi ilə məşğul olmalıdır» kimi ifadələr işlətməsi buna nümunədir. Elə həmin müsahibədə Tramp NATO-nun əsas qayəsini də şübhə altına almışdı: «Rusiya ABŞ-ın müttəfiqlərindən hansınasa hücum etsə, ABŞ həmin müttəfiqini müdafiə etməzdən öncə bir düşünməlidir».

 

Trampın seçilməsiylə diktatorlar rahat yata biləcəklər

 

Amerika dəyərlərinə inanan və onun təhlükəsizlik təminatına bel bağlayan avropalılar üçün Trampın bu sözlərinin nə anlama gəldiyini təsəvvür etmək çətin deyil. Əgər NATO Rusiya üçün çəkindiricilik xarakterini itirsə, Moskvanın hərbi və siyasi vasitələrdən istifadə etməklə Avropa dövlətlərində sabitliyi pozmasının qarşısını heç nə ala bilməyəcək. Birləşmiş Ştatlar demokratiya carçısı olan bir dövlətdən öz daxili işi ilə məşğul olan bir ölkəyə çevrilsə, o, başqaları üçün ilham mənbəyi ola bilməyəcək. Bu cür vəziyyətdə Putin kimi diktatorlar bir daha heç vaxt yuxularını qarışdırmayacaq və gecələri rahat yatacaqlar.