XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

13 Mart 2015 - 16:10

Yeni dünya nizamında Çin

Müasir dövrün geosiyasi prosesləri artıq təkqütblü dünya modelinin davam edə bilməyəcəyini göstərir. Keçən əsrin sonlarından başlayaraq ortaya çıxan yalnız Qərbin, xüsusən də ABŞ-ın fövqəldövlət kimi qüdrəti üzərində qurulan dünya modeli dayanıqlı olmadığını göstərdi.

Maraqlısı isə odur ki, təkcə siyasi və iqtisadi sahədə deyil, mədəni, dini, hətta dəyərlər sistemində də hegemonluğa və dominantlığa iddia edən Qərb böhranla qarşılaşdı, çətin dilemmalar qarşısında qaldı. Məlum olduğu kimi, birqütblü dünya sisteminin bu modelinin əsas dayağı isə yalnız Qərb dəyərləri üzərində qurulmuşdu. “Mənim kimi düşünməyən mənimlə yanaşı ola bilməz'' ideyası üzərində qurulan bu model əvvəlcədən məhvə məhkum idi.

Əfqanıstanda, İraqda, Liviyada və ümumilikdə ərəb dünyasında sınaqdan keçirilən bu yanaşma ən nəhayət Ukraynadakı hadisələrin işığında həyat qabiliyyətini itirmiş oldu. Siyasi proseslər, iqtisadi böhranla yanaşı, mənəvi dəyərlərdə də böyük böhran yarandı. Avropa uzun illərdir təbliğ etdiyi ideyalara üz çevirdi. Avropa ölkələrində islamafobiya, dini dözümsüzlük, ultra-şovinist meyllərinin artması keçən əsrin ortalarındakı prosesləri xatırladır. İndi geosiyasi proseslərin təhlilçilərinin əsas qənaətləri bundan ibarətdir ki, dünya birqütblü qalacağı təqdirdə bəşəriyyət böyük fəlakətlərə, hətta yeni dünya müharibəsinə şahid ola bilər. Qərbin kosmopolit meylli siyasətinə qarşı reaksiya ilə bağlı Rusiyalı mütəxəssis Anatoli Utkin yazır: “öz dəyərlərinin ümumiliyinə iddia etməsi Qərbi hər şeydən öncə İslam və çin sivilizasiyası ilə toqquşduracaq'' (Уткин А.И. Глобализация: процесс и осмысление. Москва: Логос, 2001, стр. 185).

Yeni dünya nizamında isə yeni geosiyasi güc olmağa ən mühüm iddiaçılardan biri heç şübhəsiz çindir. Geosiyasətdə qütb olmaq üçün təkcə güclü dövlət olmaq kifayət deyil, hər hansı bir dəyərlər sisteminə də sahib olmaq lazımdır. Dəyərlər sisteminin mövcudluğu isə sivilizasiya elementidir. Bu mənada özünəməxsus dəyərləri bölüşən çin sivilizasiyası III minillikdə geosiyasi ağırlıq mərkəzi olmağa doğru irəliləyir.

çin sivilizasiyasının kodları

çin sivilizasiyası bəşər tarixində ən qədim sivilizasiyalardan biridir. Sivilizasiya olaraq eramızdan əvvəlki minillikdə formalaşan bu mədəni tip birinci nəsil sivilizasiyaları təmsil etməklə dünyada bir çox yeniliklərin yaradıcısı olmuşdur. Eyni zamanda, çin sivilizasiyası dünya sivilizasiyalarının tarixində nəsildəyişmə mərhələlərini özünəməxsus mədəniyyətini qorumaqla və zənginləşdirməklə keçən azsaylı sivilizasiya tiplərindəndir. Fikrimizcə, hazırda yaşamaqda olan və nəsildəyişmə transformasiyasını bu cür keçirən yalnız çin, Türk, İran və Hind sivilizasiyalarının adlarını çəkmək olar. Nəsildəyişmə prosesi zamanı əsas diqqət əhali, təbii şərait, texnoloji və iqtisadi inkişaf səviyyəsi, sosial-siyasi quruluş, mənəvi sahənin inkişaf səviyyəsi və xarakteri ilə müəyyən olunan genetik özülün qorunub saxlanmasına yönəlir. Bu genetik dəyərlərin ötürülməsi sivilizasiyanın qorunmasına səbəb olur. çin və Hind sivilizasiyalarını digər Şərq sivilizasiyalarından fərqləndirən əsas xüsusiyyətlərdən biri – bütün kənar təsirlərə baxmayaraq, bu sivilizasiyalarda mədəni ənənələrdə fasilələrin olmamasıdır.

Dövlətçilikdə imperiya ənənələrinə, yazı mədəniyyətinə, şəhərsalma və arxitekturaya, əxlaq normalarına, ailə dəyərlərinə və digər mənəvi keyfiyyətlərə malik olan çin sivilizasiyası hər zaman özünəməxsusluğunu saxlamışdır. Bunlar arasında yazı mədəniyyətini çin sivilizasiyasının həm ən böyük nailiyyəti kimi, həm də qonşu ölkələrə təsir imkanları baxımından fərqləndirmək olar. çinlilər tərəfindən yaradılmış loqoqrafik yazı sistemi (yəni sözləri ifadə edən simvollar vasitəsilə yazı) hələ də əksər Şərqi Asiya ölkələrində istifadə olunur. Heroqliflər çin mədəni ənənələrinin ötürülməsində mühüm rol oynamışdır. Heroqliflərdən qədimdə şumerlər, misirlilər də istifadə etmişlər, hətta türklərin də bu yazı üsulunu işlətməsi ilə bağlı ehtimallar vardır. İndiki zəmanədə isə yalnız çinlilər, koreyalılar və yaponlar bu yazı sisteminə sadiq qalıblar. Tarixi rakursdan yanaşdıqda görürük ki, çin heroqlifləri yaranan vaxtdan çoxalmağa doğru gedib. İlk dövrlər çində hər dialekt qrupu öz heroqliflərini yaratdığından, çinlilər arasında ayrı-seçkilik artırdı. Belə bir vəziyyətdə b.e.ə. 213-cü ildə Sin sülaləsindən olan hökmdar Sin Şixuan tərəfindən çinin bütün dialektləri üçün vahid heroqliflər siyahısı təsdiq olundu və bunların istifadəsini məcbur edən qərar verildi. Əsrlərlə heroqliflər çinlilərin zaman və məkan birliyini qoruyub saxlayıbdır. Məhz heroqliflər vasitəsi ilə hər yeni nəsil çinin düşüncə mirasını qoruyub. Beləliklə, çin yazı sistemi bütün nəsildəyişmə mərhələləri boyunca çin sivilizasiyasının maddi və mənəvi dəyərlərinin qorunub saxlanmasında müstəsna rola malik olmuşdur.

Yazı mədəniyyətindən fərqli olaraq, çin sivilizasiyasında dini faktor sistem yaradıcı element kimi rol oynamamışdır. çinlilərdə dini bağlılıq daim zəif olmuşdur. Ənənə hər zaman dini üstələmişdir. Təsadüfi deyildir ki, bu gün də çində nisbətən daha geniş yayılmış buddizm belə çin sivilizasiyasının xarakterik xüsusiyyətlərindən deyildir, kənardan qəbul olunmuşdur (buddizm çinlilərə Hind sivilizasiyasından ötürülmüşdür). Əvəzində fəlsəfi təlimlər çin sivilizasiyası daşıyıcılarının mənəvi aləmində və dünyagörüşündə mühüm rol oynamışdır. Bu baxımdan Konfutsi fəlsəfi təlimi və məktəbi xüsusi yer tutur. Belə ki, bu təlim həm daxildə cəmiyyətin sosial mühitinə, həm də ətraf ölkələrə güclü təsir etmişdir. Təsadüfi deyildir ki, Konfutsi təlimi Xan imperiyasında rəsmi ideologiya, ümumilikdə isə bəzən hətta dini əqidə kimi qəbul olunmuşdur.

Beləliklə, cəmiyyət həyatının əksər sahələrini əhatə edən fəlsəfi təlimlər çin cəmiyyətində dini ideologiyanı əvəz edə bilmişdir. çin mədəni ənənələrinin güclü sosial dayağı özgə dinlərin də çinə daxil olmasının qarşısını almışdır. Müəyyən mənada buddizmi bir qədər fərqləndirmək olar ki, bu din çində özünə daha çox tərəfdar tapa bil
mişdir. Digər dinlərlə – atəşpərəstlik, maniçilik, xristian və islamla (monqol işğalı dövründə) sonrakı dövrdə təmaslar çinin mədəni həyatında əsaslı iz qoya bilməmişdir. Əvəzində, Konfutsi təlimi çinin qonşularına öz təsirini göstərmişdir.

Doğrudur, müşahidələr göstərir ki, ümumilikdə çin mədəniyyəti çin sivilizasiyası hüdudlarından kənarda çox zaman qəbul olunmamışdır və ya çox zəif təsir imkanlarına malikdir. Bunun da bir sıra səbəbləri vardır ki, bunlardan biri də çin sivilizasiya daşıyıcılarının özünə qapalı həyatı ilə bağlıdır. Belə ki, onlar nəinki vətənlərində, hətta xaricdə belə daha çox qapalı həyat tərzinə, təcrid olunmuş icma halında yaşamağa üstünlük verirlər. özgələri ilə təmasa əhəmiyyət vermirlər. Bunun göstəricisidir ki, dünyadakı bütün böyük şəhərlərdə çinlilərin kompakt yaşadıqları kvartallar (“çaynataun'') şəhərin ümumi ansamblından fərqlənir.

Böyük insan resurslarına, güclü dövlət aparatına malik olmasına baxmayaraq, çin sivilizasiyası heç zaman öz təbii sərhədlərinin əhatələndiyi çin səddini adlaya bilməmişdir. Fikrimizcə, bu sivilizasiyaların təbii landşafta bağlılığı ilə əlaqədardır. çinlilər üçün Qərbə doğru hərəkət yad coğrafi şərait, özgə sivilizasiya tipi xarakteri daşıdığından səciyyəvi olmamışdır.

Sivilizasiya müstəvisindən geosiyasi arenaya

Beləliklə, sivilizasiya müstəvisində çin sivilizasiyası üçün öz təbii arealından kənara yayılmaq səciyyəvi deyil. Bu isə geosiyasi güc mərkəzi olmaq iddiasında olan dövlətin siyasi xətti ilə üst-üstə düşmür. Hazırda formalaşmaqda olan yeni dünya nizamında Qərbin dominant roluna tarazlıq yarada biləcək çin isə bütün istiqamətlərdə öz təsir dairəsini genişləndirməyə çalışır.

Artıq çində geosiyasət ekspertləri dünyanın siyasi coğrafiyasında çinin “Şərqi Asiya'' ölkəsi kimi təqdim edilməsi ilə razılaşmırlar. Pekin Universitetinin professoru Jisi Wang ADA Universitetində “çinin Avrasiyada Geostrategiyası'' adlı mühazirəsində bildirmişdir ki, “çin Uzaq Şərq və ya Şərq ölkəsindən Avrasiya gücünə çevrilməlidir. Yerləşdiyi coğrafi mövqeyi nəzərə alaraq (çinə nisbətdə), ABŞ “Uzaq Qərb'' deyil, “Uzaq Şərq''dir. Yaponiya, Koreya “Yaxın Şərq'', Azərbaycan “Orta Qərb'', Avropa isə “Uzaq Qərb''dir''. (ADA University. Baku Dialogues. Vol.1 N 1. Autumn 2014. p.26). Professor Jisi Wangın bu yanaşması göstərir ki, çin artıq dünyanı ABŞ-ın gözü ilə deyil, özünə münasibəti ilə qiymətləndirir. Həqiqətən də, dünya xəritəsinə çinin yanaşması ilə baxsaq, indi qəbul edilən bir çox adların və oriyentirlərin dəyişdirilməli olduğunu görərik. Yeni dünya nizamında çinin rolunun artdığını nəzərə aldıqda isə coğrafi terminlərdə belə yalnız Qərbin yanaşmasının mövcudluğunun davam edəcəyi şübhəli görünür. Fikrimizcə, çinin siyasi səhnədə çəkisi artdıqca dünya xəritəsinə bütün mənalarda yenidən baxılacaq.

Qeyd etməliyik ki, sivilizasiya müstəvisindən fərqli olaraq geosiyasi müstəvidə çin Qərbə istiqamətlənmiş siyasət həyata keçirir. Ancaq bu Qərb klassik mənada Qərb deyil, çindən Qərbə doğru bir istiqamətdir. Bu istiqamətdə isə Mərkəzi Asiya da, Qafqaz və Türkiyə də, hətta müəyyən mənada Rusiya da çinin Qərb siyasətində nəzərdə tutulur.

çinin Qərbə istiqamətlənmiş siyasəti birqütblü dünya sisteminin də sonu deməkdir. çinin öz siyasətində ilk növbədə siyasi deyil, iqtisadi maraqları nəzərdə tutması region ölkələrinə alternativ seçim imkanı verir. Bu mənada çinin “Böyük İpək Yolu'' konsepsiyası dünyaya yeni çini təqdim edən ilk meqalayihədir. çin Xalq Respublikasının Prezidenti Si Cinpin 2013-cü ildə ölkəsinin qədim İpək Yolunu yenidən bərpa etməklə, “Yeni İpək Yolu'' iqtisadi zonasını yaratmaq təşəbbüsünü irəli sürmüşdür. “Böyük İpək Yolu'' Avrasiya qitəsi boyunca 21 ölkəni əhatə edir. çinin real iqtisadiyyatda çətinliklərlə qarşılaşdığı dövrümüzdə bu layihən iqtisadi deyil, məhz geoiqtisadi əhəmiyyət daşıyır. çünki bu zonada çin öz valyutasının əhatə dairəsini genişləndirməyi, kreditlərin yuanla qaytarılmasını və yuanla biznes dövriyyəsinin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd etməliyik ki, çinin Qərbə istiqamətlənmiş bu infrastruktur layihəsində Qafqaz regionu da aparıcı mövqeyə malikdir. Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində yerləşən bu region çin-Mərkəzi Asiya-Avropa marşrutunda mühüm halqa hesab olunur. Azərbaycan isə yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verməklə Pekin-London arasında ən qısa nəqliyyat koridorunu tamamlamış olacaqdır. Qərbdən fərqli olaraq, çin üçün layihələrin siyasi alət kimi istifadə olunmadan iqtisadi əhəmiyyətinin üstün olması bərabərhüquqlu tərəfdaşlığa əsas verir.

Bundan başqa, çin artıq yuanla ödəmələr həyata keçirməyə imkan verən beynəlxalq ödəniş sistem hazırlayır və ilin sonuna qədər işə salacaq. “Röyter'' agentliyi bunu Qərb iqtisadi sisteminə təhdid kimi qiymətləndirib. çin 2020-ci ilədək “Microsoft” əməliyyat sistemindən və İBM proqramlarından tamamilə imtina etmək və alternativ sistem yaratmaq niyyətindədir.

Beləliklə, yeni dünya nizamında iqtisadi güc üzərində yüksələn çin dünyanın çoxqütblü modelində tədricən öz yerini tapmaqdadır. ABŞ-da yaşayan çinli alim Lusian Pye (1921-2008) yazırdı ki, “çin – dövlət olmaq iddiasında olan sivilizasiyadır'' (Lucian W. Pye, “China: Erratic State, Frustrated Society'', Foreign Affairs, 69 (Fall 1990), 58). Hazırkı sivilizasiyalar arasında digər bir “dövlət-sivilizasiya'' modeli mövcud deyildir. Nisbətən oxşar model kimi Hind sivilizasiyasını qeyd etmək olar. Nə Qərb, nə İslam sivilizasiyası bir dövlət üzərində qurulmayıb. Yeni dünya nizamında çinin timsalında “dövlət-sivilizasiya'' qütbünün yaranmasının nə ilə nəticələnəcəyi isə yaşadığımız əsrdə özünü göstərəcəkdir.

Ərəstü Həbibbəyli,

İqtisadiyyat üzrə fəlsəfə doktoru