Avropaya qaçqın axını, terror aktları, “brexit”… “Bloomberg” agentliyinin rəyinə görə, bu hadisələr bütün Avropada sonu görünməyən siyasi böhran doğura bilər. Yaxın müddətdə Köhnə Dünyada keçiriləcək seçkilər və referendumlar Avropa Birliyi (AB) üzvü olan dövlətlərin yeni problemin öhdəsindən necə gələcəyini göstərəcək.
Seçki marafonunun ilk “dayanacağı” Almaniyadır. Bu ölkənin iki əyalətində – Meklenburq-Qərbi Pomeraniya və Berlin əyalətlərində sentyabrın 4 və 18-də yerli seçkilər keçiriləcək. Avropanın iqtisadi lokomotivindəki vəziyyətin real görüntüsü məhz bu iki əyalətdəki seçkilərlə müəyyən olunacaq. Yeri gəlmişkən, 2017-ci ilin payızında Almaniyada parlament seçkiləri də keçirilməlidir. İyul ayında baş verən terror aktlarından sonra populist anti-immiqrant AfD partiyasının nüfuzu artmaqdadır. Almaniya kansleri Angela Merkelin miqrantlara dair siyasəti ilə barışmayan bu narazılar partiyası artıq indidən əyalət seçkilərində xristian-demokratlara ciddi rəqib sayılır. AfD-nin Meklenburq-Qərbi Pomeraniyada – Angela Merkelin doğma torpağında uğur qazanacağı gözlənilir. Bu ilin mart ayında Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə sağyönlü anti-immiqrant partiyası səslərin 24%-ini qazanıb. Berlində də onun şansları yüksək qiymətləndirilir.
Xorvatiyada parlament seçkiləri sentyabrın 11-də baş tutamlıdır. 2015-ci ilin noyabrında keçirilmiş seçkilər kövrək koalisiya meydana gəlməsinə səbəb oldu və bu ittifaq iyun ayında dağıldı. Sorğulara görə, Xorvatiyada sosial-demokratların şansı yüksəkdir. Növbəti hökumət ilk növbədə, büdcə kəsirini azaltmağa çalışmalıdır.
Sentyabrın 25-də Bask Ölkəsində (İspaniya) regional seçkilər keçirilməlidir. Parlament seçkilərindən sonra bask millətçiləri rəsmi Madriddən, güman ki, “muxtariyyətin dərinləşdirilməsi” üçün yenidən əlavə pul tələb edəcəklər. Bu, artıq laxlayan krallıq konstitusiyasına uyğun quruluşa təzyiqi artacaq, çünki Bask Ölkəsindən sonra Kataloniyada güclənən separatçı meyllər İspaniyanı dərin siyasi böhrana doğru aparır. Ekspertlərin rəyinə görə, bask millətçiləri hakimiyyətdə qalacaq, “kəmər sıxma” və xərclərin azaldılması əleyhinə çıxan populist "Podemos" solçu partiyası isə seçkilərdə üçüncü yeri tutacaq. Beləliklə, solçu separatçıların və sosialistlərin səsləri “oğurlanacaq”.
İtaliya oktyabr ayında keçiriləcək referenduma hazırlaşır. Ölkədə son onilliklər üçün dövlət idarəçiliyinin ən böyük islahatı məsələsi ümumxalq səs verməsinə çıxarılacaq. Baş nazir Matteo Renzinin və onun Demokratik Partiyasının aqibəti bu referendumdan çox asılıdır. Belə ki, təklif olunan dəyişikliklər paketində ən önəmli məsələ parlamentin aşağı qanadının hökuməti istefaya göndərməsi hüququndan məhrum edilməsidir. Senatorların sayı da üçdə iki azaldılır. “Euromedia” sosioloji tədqiqat təşkilatının iyul ayında keçirdiyi araşdırmaya görə, italyanların 35%-i hökumətin planlarına əleyhdardır və yalnız 29% respondent onu dəstəkləyir. 18% hələ də öz seçimində qərarsızdır. Referendumda uduzduğu təqdirdə M.Renzi istefaya gedəcəyini açıqlayıb. Xatırladaq ki, İtaliyanın avro zonasında üzvlüyü ilə bağlı referendum keçirmək istəyən populist "Beş Ulduz Hərəkatı" sözügedən sorğuda hakim Demokrat Partiyasından daha çox səs toplayıb.
Avstriya prezident seçkilərinə hazırlaşır. Oktyabrın 2-də sağçı Azadlıq Partiyası ölkədəki ən yüksək vəzifəyə öz namizədini seçdirmək şansını bir daha sınayacaq. Hələ ki sorğulara əsasən miqrant əleyhdarı olan Azadlıq Partiyası irəlidədir.
Macarıstanda eyni tarixdə referendum gözlənilir. Baş nazir Viktor Orban AB-nin Macarıstana qarşı tələbini ümumxalq səsverməsinə çıxarır. Avropa ölkələrində Asiya və Afrikadan olan qaçqınların yerləşdirilməsi əleyhdarı olan Orbana macarların böyük əksəriyyəti dəstək verir. Lakin referendumda Orbanın özü üçün təhlükə var. Seçici fəallığı 50%-dən aşağı olarsa və referendumun nəticələri etibarsız elan olunarsa, baş nazirin mövqeyi zəifləyəcək.
Oktyabr ayında Çexiyada regional seçkilər olmalıdır. Bu seçkilər Çexiyanın baş naziri Boquslav Sobotka üçün ciddi sınaqdır. Seçkilərlə onun Sosial-Demokrat Partiyasına nə dərəcədə nəzarət etdiyi də müəyyən olunacaq. Məğlubiyyət və ya inandırıcı olmayan qələbə social-demokratların daxilində ziddiyyətləri gücləndirəcək və Sobotkanın istefa verməsi ilə nəticələnə bilər. Bu isə maliyyə naziri Andrey Babişin rəqib partiyası – Çexiyanın AB-yə inteqrasiyasının əleyhdarı olan “ANO” üçün şans yarada bilər.
Oktyabrın 9-u Litvada parlament seçkiləri günüdür. Sorğulara əsasən, hakim sosial-demokratlar irəlidədir. Lakin xristian-demokratlar ciddi rəqiblər sayılır.
Rumıniyada noyabrda və ya dekabrın əvvəllərində seçkilər baş tuta bilər. Ölkədə iqtisadi göstəricilər yüksəkdir, lakin sos-demlərin məğlubiyyəti siyasi böhran doğurmaq gücündədir. Sonda “Bloomberg” qeyd edir ki, gələn il Hollandiyada (15 mart) parlament seçkilərinin, Fransada (aprel-may) prezident seçkilərinin, Böyük Britaniyada yerli seçkilərin (4 may) keçirilməsi planlaşdırılır. Demək olar ki, onların hamısında Avropa Evi tərəfdarları ilə onun rəqibləri arasında kəskin mübarizə gözlənilir.
M.Rzasoy