Benyamin Bidder
Der Spiegel (Almaniya), 09.08.2016
Rusiya jurnalisti və Türkiyə prezidenti Ərdoğan müsahibənin gedişində ən incə mövzuya toxunmaqdan ciddi-cəhdlə yayınıblar. Onlar xüsusən də İŞİD terror təşkilatı və onun neft satışından gəlirindən danışıblar. Bu neftin alıcıları sırasına kimlər daxildir? Ərdoğan bildirib ki, Suriya hökuməti. Lakin eyni zamanada ona Türkiyənin də alıcılar sırasında olduğu haqda şayiələr barədə məlumat veriblər. Amma onun sözlərinə görə, kimsə onun ailəsini “bu əhvalata cəlb etməyə” səy göstərib.
Kimsə. Ona məlumat veriblər.
Sanki bu, dumanlı, yayğın şayiələrdən savayı bir şey deyilmiş. Ancaq Ərdoğan bu haqda konkret şəkildə danışmaq istəməyib. Onun sözlərinə görə, onun ailəsinin ünvanına ittihamlar Kremldən deyil, başqa yöndən səslənib. Moskva əvvəllər bildirib: “Aparıcı siyasi zümrə, o cümlədən prezident Ərdoğan və ailsi bu qeyri-leqal ticarətdə iştirak edirlər”.
O vaxtdan bəri, təxminən, səkkiz ay keçib – bu zaman Türkiyə ilə Rusiya arasında münasibətlər ən aşağı nöqtəyə enmişdi. Lakin SİTA Rusiya dövlət informasiya agentliyinin jurnalisti bu məqamı dəqiqləşdirməyə başlamadı. O, münaqişəni xatırlatmaq əvəzinə mövzunu dəyişdi. Və qaz kəmərinin şərikli inşasından söz saldı
Sankt-Peterburqda çərşənbə axşamına planlaşdırılmış Putin-Ərdoğan görüşündə heç nə bərpa edilmiş harmoniyanı pozmamalıdır. Qərbə – Türkiyənin NATO üzrə tərəfdaşına qorxulu mənzərə təqdim olunur. Demək olar, hər gün Berlin, Vyana və yaxud Vaşinqtonun ünvanına tikanlı ifadələrlə çıxış edən Ərdoğan Moskvanın ünvanına ancaq dostanə sözlər tapır. Deməli, Rusiya prezidenti hələ bu yaxınlarda onu terrorçuların şəriyi adlandırmışdı. Lakin bununla belə, o, Putinə yalnız “mənim əziz dostum Vladimir” deyə müraciət edir.
İflasa uğramış 15 iyul qiyamından sonra Moskva və Ankaranın mövqeləri heç vaxt olmadığı qədər yaxınlaşıb. Ərdoğanla görüş Putuinin doğma şəhəri Sankt-Peterburqda baş tutur. Bu, Türkiyə prezidentinin dövlət çevrilişinə cəhddən ilk xarici səfəri və başqa dövlət başçısı ilə cəmi ikinci görüşüdür. Avqustun əvvəlində Moskvanın yaxın müttəfiqi – Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ankaraya səfər edib. Bundan başqa, Putinlə Ərdoğanı bir hiss birləşdirir: hər ikisi özünü Qərb, NATO və MKİ tərəfdindən satılmış hiss edir. Putin alyansın şərqə sarı genişlənməyinə qarşı çıxş edir və amerikalıları Rusiyada inqilabı körükləməkdə ittiham edir.
Ərdoğan öz növbəsində dövlət çevrilişinə cəhddən sonra qərbli müttəfiqlərinin davranışından hiddətlənib. Onun fikrincə, Qərb Ankaraya yetərincə yüksəksəviyyəli nümayəndə heyəti göndərməyib. Məsələn, alman nümayəndə heyətinin başında dövlət katibi durub. Lakin Ərdoğan Qərbi onun düşmənlərinə rəğbətdə qınayır: “Dost saydıqlarımız qiyamçıları dəstəkləyirlər”.
NATO üzvləri arasında yadlaşma
Ərdoğan ABŞ Mərkəzi Komandanlığının komitə başçısı Cozef Voteli qiyamçılarla dilbirlikdə ittiham edib. Türkiyə KİV-i iddia edir ki, dövlət çevrilişi cəhdini MKİ-nin keçmiş əməkdaşları hazırlayıb. 2010-cu ilədək Türkiyə Baş Qərargahına rəhbərlik etmiş, 2012-ci ildə isə Ərdoğanı devirməyə hazırlıqda ittiham edilmiş İlker Başbuğ əmindir: “Amerika xüsusi xidmətləri Gülənin başçılıq etdiyi hərəkatdan faydalanır”.
Türkiyə ilə NATO-nun digər üzvləri arasında yadlaşma Qərbdə təşviş doğurur. İsveç XİN-in keçmiş başçısı karl Bildt hesab edir ki, qiyam cəhdindən sonra Avropanın Ərdoğanı daha fəal şəkildə dəstəkləməyi lazım idi. Onun sözlərinə görə, avropalılar hərbçilərin əməlləri ilə sükut içində razılaşırlar, çünki bu cür çevrilişlərin hədəfi Köhnə Dünyaya “namünasib” prezidentlərdir.
Bildt xatırladır ki, 2013-cü ildə Misirdə hərbçilər demokratik seçilmiş prezident Mursini devirərkən bu hadisə artıq yer alıb. O, “Politico” saytı üçün məqaləsində yazıb: “Heç bir dövlət çevrilişinə bəraət qazandırmaq olmaz”.
İsveç diplomatı qeyd edir ki, çevrilişə cəhddən sonra Ərdoğanı qəbul edən ilk dövlət başçısının məhz Putin olması faktı “Avropa üçün rüsvaylıqdır”.
Məsələ bundadır ki, Qərblə Türkiyə arasında inciklik NATO üçün nə qədər ağır ola bilər. Moskvada xülyasındadırlar ki, politoloq Vladimir Sotnikovun formulə etdiyi kimi, Ankara ilə birlikdə “Avrasiya inteqrasiyasının mühərriki olsunlar”. Çünki getdikcə daha da və lap avtoritarlaşan Ərdoğan rejimi Qərbdən tədricən üz çevirə və özü kimi avtoritar Rusiyaya üz tuta bilər.
Lakin “Россия в глобальной политике” dərgisinin baş redaktoru Fyodor Lukyanov Ankara ilə Şimali Atlantika alyansı arasında tam üzülüşməyə inanmır. Onun sözlərinə görə, Türkiyənin ABŞ-ın proteksiyasına xeyli ehtiyacı var. Vaşinqton öz növbəsində Ərdoğanı itirməyi özünə rəva bilməz, çünki Türkiyə bölgədə son dərəcə mühüm rol oynayır. Digər tərəfdən, onun Rusiya ilə həqiqətən də ümumi cəhətləri çoxdur. Hər iki ölkə Avropanın periferiyasında yerləşir, lakin “Qərb tərəfindən heç vaxt ona tay hesab edilməyib. Beləliklə, onlar Avropa layihəsindən çıxdaş olunub”.
Tərcümə Strateq.az-ındır.