XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2015 - 15:11

Moldova çətin seçim qarşısında: Avropanı, yoxsa Rusiyanı seçməli? – Təhlil

Avropa İttifaqı ilə Yunanıstan arasında gərgin dövr davam edir. Avropa məsələyə daha real yanaşacaq, çünki Yunanıstan Ukrayna deyil, boş vədlər vermək daha çətindi, eyni zamanda, vahid avro hamıdan çox Almaniyaya lazımdır. Ancaq hamının diqqəti “yunan düyünü”nə yönəldiyi zaman Avropanın digər regionunda hələ ki gözə çarpmayan qəribə bir qazan qaynayır.

19-cu əsrin sonunda klassik rumın ədəbiyyatında Rumıniya və xüsusilə onun cənub-şərq əyalətləri Bessarabiya və Valaxiya, yəni bugünkü Moldova “Avropanın unudulmuş torpaqları”, “tərəqqi və sivilizasiyanın yan keçdiyi ərazi” kimi təsvir olunurdu. üstündən bir əsrdən çox vaxt keçsə də, Moldovanın paytaxtı Kişinyovun hava limanında ilk anlar bu təəssüratı canlandırır.

25 ildir ki, Avropa Moldovaya inkişaf dərsi keçir. Bu illər ərzində Avropa İttifaqı ilə imzalanmış müxtəlif siyasət sənədləri, proqramlar və fəaliyyət planları çərçivəsində institusional, siyasi, iqtisadi, sosial islahatlar aparılmışdır. Növbəti mövzu yaşıllığı bol, iqtisadiyyatı isə zəif olan Moldovaya və digər region ölkələrinə yaşıl iqtisadiyyatın qurulmasında dəstək göstərməkdir. Ətraf mühitə minimal zərərlə davamlı inkişafı nəzərdə tutan yaşıl iqtisadiyyat konsepsiyası Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı ilə təsis olunan əməkdaşlıq platformalarından birini təşkil edir.

MDB məkanında vaxtaşırı təkrar olunan inkişaf mantralarının hamısına bu ölkədə davamlı şəkildə riayət olunur. Belə ki, Moldovada siyasi hakimiyyət tez-tez dəyişir, hakimiyyət bölgüsü aparılıb, yəni qarşılıqlı nəzarət var, güclü parlament və müstəqil məhkəmələr fəaliyyət göstərir, söz azadlığı və azad mətbuat mövcuddur, iqtisadi qanunvericilik biznesə münasibətdə liberaldır. Beynəlxalq təşkilatların tövsiyələrində məhz bu amillər əsas sütunlar olaraq irəli sürülür ki, bununla, guya, monopoliyaların qarşısı alınır, müxtəlif dövlət orqanlarının müdaxiləsinə qarşı sahibkarın və vətəndaşların müdafiə alətləri təmin olunur.

Yuxarıda qeyd olunduğu kimi, Moldova Avropa İttifaqı ilə münasibətlərə ciddi yanaşır, Şərq Tərəfdaşlığı Proqramının fəal üzvüdür, Assosiasiya Sazişini 2014-cü ildə imzalayıb və qeyd olunan sənədlərdə açıqlanan islahatları həyata keçirməyə çalışır. Moldovanın geopolitik mövqeyi də əlverişlidir, birbaşa Avropa İttifaqı ilə sərhəddə malikdir və bu sərhəd qardaş ölkə ilə keçir, Rusiya ilə isə sərhədi yoxdur. Moldovanın nefti yoxdur və bu vəziyyət, bəzi iqtisadçıların “neft amilinin inkişafa ziyanı'' tezisini yada salsaq, moldovalıları intensiv əməyə və innovativ iqtisadiyyata sövq etməliydi. Nəhayət, Moldova kiçik ölkədir, əhalisi 3.6 milyon insandır və “kiçik ölkələrə Avropada öz bazar payını təsbit etmək daha rahatdır'' fərziyyəsinə uyğundur.

Bütün sadalanan faktorlara baxmayaraq, siz Moldovada innovativ iqtisadiyyat yox, ənənəvi, əsrlər boyu bəslənən şərab bazarından başqa bir şey tapmayacaqsınız. Avropa İttifaqının rəhbərliyi ilə uzun illər ərzində aparılan islahatlar nəticəsində bu gün Moldovada orta əmək haqqı 200 dollar ətrafındadır, üDM 4.3 milyard dollardır, dövlət büdcəsinin gəlirləri isə 1.5 milyarda çətinliklə çatır. Müqayisə üçün, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı təxminən 75 milyard ABŞ dolları, dövlət büdcəsinin gəlirləri 18 milyard, orta əmək haqqı isə 570 dollar təşkil etmişdir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin saytındakı məlumatlara görə, ölkənin əmək qüvvəsinin 25%-i iş dalınca xaricə getmişdir. Siyasi və iqtisadi azadlıqlar iqtisadi sıçrayış vermədiyi kimi, korrupsiya ilə mübarizədə də effektiv ola bilmir. Müxtəlif beynəlxalq hesabatlarda Moldovada korrupsiyanın səviyyəsinin yüksək olduğu qeyd edilir. Məhkəmə sistemi isə Moldovada ən çox korrupsiyaya uğramış sahə kimi göstərilir. Deməli, məhkəmələrin icra hakimiyyətinin nəzarətindən çıxması və müstəqil olması heç də korrupsiya səviyyəsini azaltmamış, faktiki olaraq, iri kapital və oliqarxların nəzarəti yaranmış boşluğu doldurmuşdur.

Bəzi moldovalı analitiklər güclü liderlərin səhnəyə çıxmamasını ölkənin üzləşdiyi problemlərin səbəbi hesab edir. Amerika və Avropa tərəfindən Moldovada dəstəklənən idarəetmə modeli güclərin tarazlığı prinsipi üzərində qurulmuşdur. Moldova şəraitində məşhur prinsipin tətbiqi sonsuz müzakirələr və strateji məsələlər üzrə qərar qəbul edə bilməmək, pat vəziyyəti ilə nəticələnmişdir. “Heç kimin sözü keçmir. Deyəsən, Amerika istəmir ki, burda güclü liderlər olsun. Hələ Rusiya da var'', – moldovalı analitiklərdən biri qeyd edir.

Qərar qəbul edə bilməmək özünü ən bariz şəkildə xarici siyasətdə, geosiyasi kursun seçilməsində göstərir. Moldova siyasi isteblişmenti Avropaya inteqrasiya yolunu dəfələrlə bəyan etsə də, situasiya daha qəlizdir. ölkə iki böyük, təxminən, bərabər hissəyə bölünüb. Coğrafi baxımdan qərb vilayətləri və Kişinyovun böyük hissəsi Avropa İttifaqına, şərq vilayətləri və Qaqauziya isə Avrasiya İqtisadi İttifaqına birləşmək istəyir. Etnik parametri götürsək, moldovalıları rumın hesab edənlər özlərini Rumıniya və Avropa ilə identifikasiya edir, moldovalıları moldovalı hesab edənlər və ölkədə yaşayan digər kiçik millətlər, qaqauzlar, bolqarlar isə Rusiyaya meyl edirlər. Siyasi meyara görə isə sağçı partiyalar birmənalı şəkildə Avropa İttifaqı bayrağını qaldırır, solçular isə ortaq sovet keçmişi, Rusiya ilə iqtisadi və mədəni əlaqələrin önəmini vurğulayırlar.

Güclərin bərabər olması (son sosioloji sorğular Avropa tərəfdarlarının 52% təşkil etdiyini iddia edir) strateji qərarın qəbulunu olduqca təhlükəli edir. 2015-ci il başlayandan ölkədə Rusiya meylli qüvvələr aktivləşib. Baş nazir Kirill Qaburiçin gülməli səbəblə istefaya getməsi qərbyönümlü siyasətçilərin ümumi zəifliyini, qərb standartlarını digərlərindən tələb etdikləri halda, özlərinin reallıqda bu standartlardan uzaq olduğunu nümayiş etdirdi. Bir sözlə, Avropa Moldovadan seçim etməyi tələb etsə, Rusiya isə Ukraynada olduğu kimi müqavimət göstərsə, bu gözəl ölkəni çətin sınaqlar gözləyir.

Ayaz Qədirov

Newtimes.az