XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 15:55

ABŞ nəşri: “Azərbaycan Gülən məktəblərini bağlamaqla nə qazandı, nə itiridi?” –Təhlil

GM

EurasiaNet.org. (ABŞ), 10.08.2016


Baş tutmamış çevriliş cəhdindən sonra Türkiyə prezidenti Rəcəb Ərdoğanın sərgilədiyi fəaliyyət fonunda Azərbaycan Türkiyə hökumətinin qiyamın ABŞ-da yaşayan dini xadim Fətulla Gülən tərəfdarlarının təşkil etdiyi haqda versiyasını qəbul edib. Azərbaycan hökuməti xüsusən də Gülənlə bağlı qəzeti bağlayıb, həmçinin ölkənin ən yaxşı ali məktəblərindən biri sayılan Qafqaz universitetini Gülən təşkilatı ilə bütün əlaqələri kəsməyə vadar edib.

Azərbaycan Gülən təşkilatını terrorçu qurum elan etmiş Türkiyənin nümunəsini hələlik yamsılamasa da, Əliyev administrasiyası Ankaranın baxışlarını tam qəbul edib. Bununla bağlı aydın olur ki, Bakının Gülən təsirini məhdudlaşdırmaq qərarı arxasında siyasi motivlər durur.

Çərək əsr əvvəl durum tamamilə özgə cür idi. Azərbaycan 1990-cı illərin əvvəlində Gülənlə bağlı müəssisələri açıq qucaqla qarşılayıb. İndiki prezidentin atası, mərhum Heydər Əliyevin administrasiyası Gülən hərəkatını Azərbaycan-Türkiyə münasibətlərinin inkiaşfı, həmçinin hərəkatın millətçilik təməli nəzərə alınmaqla Azərbaycanın türk eyniyyətinin möhkəmləndirilməsi üçün faydalı sayırdı.

Azərbaycanda Gülənlə bağlı təhsil müəssisələri xüsusi qiymətləndirilirdi. Onlar “türk məktəbləri” kimi məşhurlaşıb təbiətşünaslıq elmləri, xarici dillər və çalışqan əməyə vurğu etməklə   respublikada tezliklə aparıcı təhsil müəssisəsi oldu. Az əhəmiyyətli deyildi ki, Azərbaycan təhsil sisteminin xeyli əziyyət çəkdiyi korrupsiya bu məktəblərdə yox idi. Nəticə etibarilə Azərbaycan elitasının əksər övladları məhz bu məktəblərə gəlirdilər.

Durum Gülənin o zamankı baş nazir Ərdoğanla qovğasından sonra dəyişildi. 2013-cü ildə Türkiyədə Ərdoğan ailəsi ətrafında qızışan irimiqyaslı rüşvət qalmaqalı incikliyin katalizatoru oldu. Nəticədə Ərdoğan administrasiyası Türkiyədə Gülənlə bağlı təşkilatlara qarşı kampaniya başladı və gülənçilər hərəkatının güclü olduğu digər ölkələri onun nümunəsini təqib etməyə dəvət etdi. İlham Əliyev buna şad idi və Gülənlə bağlı məktəblərin idarəçiliyini AR Dövlət Neft Şirkətinə (ARDNŞ) verdi. Həmçinin Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən məmurlar işdən götürüldü.

Türkiyədəki uğursuz çevriliş cəhdindən sonra Azərbaycanda Gülən təşkilatının son izləri aradan qaldırılıb. Gülənçilərə münasibətdə son repressiya dalğası İlham Əliyev üçün Ərdoğana öz loyallığını təsdiq etməkdə sadə üsul idi. İkitərəfli münasibətlər keçən ilin noyabrında məhv edilmiş Rusiya təyyarəsinə görə Türkiyə ilə Rusiya arasında qızışmış qarşıdurmadan sonra Bakının tutduğu tərəfsiz mövqeyə görə Ərdoğanın narazılığı üzündən son aylarda ikitərəfli münasibətlər bir qədər pozulmuşdu. Hər iki tərəfin uzun illər boyu dəfələrlə təkrar etdiyi “İki dövlət, bir millət” deviz nəzərə alınmaqla Bakının tərəfsizliyi Ankara tərəfdən təhqir kimi qəbul edilmişdi.

Transxəzər nəqliyyat dəhlizinə görə Bakıda xüsusi entuziazmın olmadığı da Ərdoğanın ürəyincə deyildi. Azərbaycanın qətiyyətsizliyi Türkmənistanla mürəkkəb münasibətləri, həmçinin Rusiya ilə İranla energetik sahədə münasibətlərdə tarazlığı saxlamaq istəyi ilə izah olunur. Moskva və Tehran Transxəzər layihəsinə qarşı fəal şəkildə etiraz edirdi.

Azərbaycanın iqtisadiyyat və təhlükəsizlik sahələrində Türkiyə ilə etibarlı münasibətə ehtiyacı var. Bakı neft qiymətləruinin düşməsi fonunda yaranmış iqtisadi tənəzzül və Dağlıq Qarabağda bu yaxınlardakı silahlı toqquşma fonunda Azərbaycan müdafiə qabiliyyətinin möhkəmlənməyində Ankaranın yardımına bel bağlayır. Diqqətçəkəndir ki, Gülənlə bağlı təşkilatların növbəti təqib dalğası Azzərbaycan hərbi şəhərciyi “Qızıl Şərq”də türk hərbni bazasının yaradılması haqda bildirişlə üst-üstə düşür. Azərbaycanda gülənçilərin təqibinin arxasında geopolitik motivlər də durur. Gülənçi ideologiyanın təməlində sünni mühafizəkarlığı ilə Cənubi Qafqaz və Mərkəzi Asiyadan tutmuş Çinin qərb hüdudlarınadək Avrasiyanın geniş ənginliklərində, yəni praktik oloaraq türk xalqlarının yaşadığı hər yerdə türk liderliyinin “böyük bərpası”na can atan yeniosmançı türk millətçiliyinin qarışığı var. Bu cür baxışlar Azərbaycanın qüdrətli qonşuları Rusiya və İranın mövqe və siyasəti ilə daban-dabana ziddir. Rusiya bu hərəkatın pantürkizm və islamçılıq təbliğ etdiyi əndişəsindən Tatarıstan türk respublikasından başqa öz ərazisindəki Gülən məktəblərinin hamısını bağlayıb.

İrana gəlincə, Gülən və ardıcılları bəzən antişiə sektarizmi ilə hüdudlanan qatı antiiran baxışları dəfələrlə sərgiləyiblər. Gülən İran şiələri haqda “təkyə”dən istifadə edən “ikiüzlü”, “müsəlmanlara qarşı qaranlıq və rəzil kampaniya açan” kimi sayğısız fikirlər bildirib. Bununla bağlı təəccüblü deyil ki, İran öz ərazisində Gülən məktəblərinin açılmağına icazə verməyib.

Əliyev administrasiyası son zamanlar Moskva və Tehranla daha dostyana münasibətlər becərir. Avqustun 8-də Bakıda keçən üçtərəfli sammitdə Azərbaycan, Rusiya və İran rəhbərləri Suriya da daxil olmaqla bölgəsəl təhlükəsizlik məsələləri və bir sıra iddialı iqtisadi layihələri müzakirə ediblər.

Beləliklə, Əliyev administrasiyası Gülənlə bağlı müəssisələri məhv edərək təkcə Türkiyə ilə deyil, həm də Rusiya və İranla münasibətlərdə diplomatik xal toplaya bilər.

Lakin Gülən hərəkatının Azərbaycandan qovulmasının öz minusları da var. Xüsusən də riyaziyyat və xarici dillər üzrə verdiyi təhsilin yüksək səviyyəsi ilə seçilən “türk məktəbləri” bir çox gənc azərbaycanlıya sonradan bütün dünya üzrə nüfuzlu ali məktəblərdə təhsili davam etdirmək imkanı verirdi. Bu məktəblərin yeni rəhbərliyinin onların akademik üstünlüyünü qoruya bilib-bilməyəcəyi hələlik aydın deyil. Bundan başqa, sosial məsələlərdə mühafizəkarlığa baxmayaraq, Gülən hərəkatı radikalizmə yol verməməyi vurğulamaqla İslamın mötədil şərhini təlim edirdi. Azərbaycan son illərdə radikal sələfi vaizlərin nüfuzunun artması ilə üzləşib. Həmçinin respublikada mövcud dünyəvi sistemi İran timsallı teokratiyaya çevirməyi arzulayanlar da var.

Gülən hərəkatına münasibətdə vintlərin bərkidilməsi qısamüddətli perspektivdə Azərbaycan hökumətinə dividendlər gətirə bilər. Lakin gülənçilərin nüfuzunun sarsıdılmasının daha uzunmüddətli perspektivdə Azərbaycan üçün xeyirli və yaxud şər olcacağı hələlik aydın deyil.

 

Tərcümə Strateq.az-ındır.