Ermənistanda məlum silahlı qiyama cəhddən sonra ölkədə gərgin vəziyyət davam edir. Real mənzərənin təhlili göstərir ki, xalq həbsə atılan qiyamçıların azadlığa çıxmasında israrlıdır və bu məqsədlə etiraz aksiyaları davam edir. Lakin hakim düşərgə yaxşı bilir ki, həbsə atılanlar azad olunsa, onda hakimiyyətin mövqeyi daha da zəifləyəcək və onun istefası daha qəti tələb şəklində qoyulacaq. Bu səbəbdən həbsə atılanlara qarşı əlavə ittihamlar irəli sürülür, onların məsuliyyətini artıracaq yeni məqamlar dövriyyəyə daxil edilir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda mənzillərin birində hakimiyyət orqanlarına təslim olmuş qiyamçılara məxsus olduğu ehtimal edilən böyük həcmdə silah-sursat aşkar edib. Erməni mediasının yazdığına görə, təxminən 6 min güllə, 15 qumbara, qumbara fitilləri, trotil partlayıcı maddəsi, kapsul-detonatorlar, siqnal raketləri, avtomat daraqları, tank əleyhinə qumbaraatan, radio-əlaqə avadanlıqları, mina detektorları aşkara çıxarılaraq müsadirə edilib. İlkin əməliyyat məlumatlarına görə, bu silah-sursat iyulun 17-də Yerevanda post-patrul alayı binasını ələ keçirən və ötən ayın 31-dək onu nəzarətdə saxlayan silahlı qruplaşma ilə əlaqəlidir.
Ermənistanda xalq belə ittihamları rədd edir və bu səbəbdən Yerevanın Azadlıq meydanında saxlanılan üsyançılara dəstək mitinqlərini davam etdirir. Hakimiyyət isə mitinq iştirakçılarına müxtəlif üsullarla təzyiq göstərməkdə davam edir. Məsələn, mitinqlərin fəal iştirakçılarından olan müxalif "Təsis parlamenti''nin üzvü Arutyun Aqlamazyan yaşadığı binanın yaxınlığında döyülüb. Zərərçəkənin atası Karen Aqlamazyan qeyd edib ki, oğlu Ermənistan Xüsusi İstintaq Xidmətindən evə qayıdarkən döyülüb: "Arutyun zəng edərək evə gəldiyini söylədi və mən onu qarşılamağa çıxdım. Elə binanın yaxınlığında 3 nəfər ona yaxınlaşaraq Arutyun olub-olmadığını soruşdular. "Hə" cavabını aldıqdan sonra onu döyməyə başladılar''.
Aqlamazyanın sözlərinə görə, hazırda oğlu xəstəxanada müalicə olunur.
Digər müxaliflər də müxtəlif formalarda təzyiqlərə məruz qalırlar. Bununla belə, onlar geri çəkilməyəcəklərini də açıq bəyan edirlər. Qiyamçıların lideri sayılan Jirayr Sefilyan isə hakimiyyət qarşısında yeni tələblər irəli sürüb. O, iqtidardan genişmiqyaslı islahatlar aparılması və milli həmrəylik hökumətinin qurulmasını, güc strukturlarının rəhbərlərinin istefasını, eləcə də Rusiya sərhəd qoşunlarının Ermənistandan çıxarılmasını tələb edir. Lakin Serj Sarkisyan iqtidarı buna qarşı çıxır. Düzdür, avqustun 4-də güc strukturlarının əsas fiqurlarından sayılan baş prokuror, Milli Təhlükəsizlik Xidməti direktorunun birinci müavini və həmin xidmətin istintaq idarəsinin rəisi vəzifələrindən getdilər, eləcə də polisdə yerdəyişmələr edildi. Lakin bu, Jirayr Sefilyanın tələbi yox, hakimiyyətin öz addımıdır. Hesab olunur ki, ölkədə ziddiyyətlərin artması Ermənistanda hər an yeni qiyamın başlanmasına gətirib çıxara bilər.
Sarkisyan hakimiyyətinin diaspor arasında mövqelərinin zəifləməsi isə onun xalqa qarşı müqavimət gücünü də azaldır. Diaspor artıq Sarkisyanın hakimiyyətdən getməsində maraqlı tərəf kimi çıxış edir. Məsələn, elə həbsxanaya salınan Jirayr Sefilyan adlı terrorçunun Livanda yaşayan qardaşı Toros Sefilyan da Ermənistan əhalisini hakimiyyətə qarşı mübarizəyə çağırıb. O, erməni xalqına məsləhət görür ki, bütün hər şeyi bir tərəfə qoyub vahid yumruq kimi birləşsinlər: "Camaat, biz gecikirik, bu sistem dağılmalıdır, əks halda bizdən sonrakı nəsillərə diktatura sistemi qalacaq''.
Onun fikrincə, hakimiyyət əleyhinə həlledici söz demək üçün avqustun 13-də Azadlıq meydanında ən azı 50 000 nəfərin iştirakı ilə mitinqə başlamaq gərəkdir.
Qərb ölkələrində Serj Sarkisyana qarşı aparılan güclü siyasi kampaniya da öz pik həddinə çatmaqdadır. Bu günlərdə ABŞ-da Serj Sarkisyanın rəmzi cənazə mərasimi keçirilib. Ermənistan prezidentinin rəmzi tabutu ABŞ-da dəfn edilib. Bunu həm də erməni diasporunun Ermənistan siyasi rəhbərliyinə maliyyə qoyuluşlarının və onların gələcək gözləntilərinin dəfni hesab etmək olar.
Xatırladaq ki, erməni diasporu Ermənistan və Qarabağın separatçı rejiminə maliyyə yardımını dayandırmaq barədə çağırış edib. Diaspor liderləri israr edirlər ki, Qərb ölkələrindən gələn maliyyənin böyük hissəsi Serj Sarkisyan və onun yaxın ətrafı tərəfindən mənimsənilir.
Belçikada yaşayan Qrişa Virabyan adlı erməni diasporunun fəal üzvü isə istehza ilə soruşur: "Necə olur ki, 1000 nəfərlik hazırlıqlı heyətə malik polis alayını 30 nəfərlik silahlı dəstə tərksilah edir? Hətta dəstənin üzvlərində çoxu birinci dəfə idi ki, əllərinə silah götürürdülər''.
Onun dediyinə görə, buna səbəb hakimiyyətin başının başqa işlərə qarışmasıdır. O qeyd edir ki, Yerevan şəhər polisi rəisinin müavini, general-mayor Aşot Karapetyan buna görə cavab verməlidir.
Virabyan ölkəsi haqqında bədbin fikirlər səsləndirir və deyir ki, kriminallaşmış hakimiyyət əslində vəzifə davasına çıxıb. Məsələn, Aşot Karapetyanla onun əsas rəhbəri Vova Qasparyan Ermənistan respublikası polisinin rəhbəri olmaq uğrunda hər cür vasitələrlə mübarizə aparırlar: "Xalq onların vecinə də deyil. Ölkədə yoxsulluq və haqsızlıq o dərəcədə artıb ki, hakimiyyət əhalini heç nə ilə inandıra bilmir, onlar sadəcə olaraq, sözə olan hüquqlarını itiriblər''.
Bu, bir daha göstərir ki, erməni diasporunun başlıca tələbi Serj Sarkisyanın hakimiyyətdən getməsidir. Hakimiyyətin isə bu tələblərə uzun müddət müqavimət göstərməsi üçün resursları yoxdur.
Elçin Cəfərov
Newtimes.az