XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2016 - 21:54

Yaxın Şərqdə rus silahı qüvvələr nisbətini dəyişir –Rəsmi Moskvanın strateji məqsədi...

4 İŞİD-çinin başı kəsilib

Yaxın Şərqin silah bazarında Rusiyanın mövqelərini güclənməsi Rusiyanın regionda siyasi təsirinin də artmasına dəlalət edir. Məqsəd yalnız iqtisadi gəlir əldə etmək deyil, həm də Kremlə yaxın olan dövlətlərin hərbi gücünü artırmaqdır.

Uzun illər Sovet İttifaqı, əsrin son rübündən etibarən isə onun varisi olan Rusiya ABŞ-dan sonra ikinci silah ixracatçısı sayılır.

2012-2015-ci illərdə Kremlin silah satışından illik gəlirləri orta hesabla 14,5 milyard dollar təşkil edib. Son onillikdə Rusiyanın Yaxın Şərqdə silah satışları da əhəmiyyətli dərəcədə artıb. Əlbəttə, bu neftlə zəngin bölgədə rəsmi Moskvanın siyasəti strateji məqsədlərə xidmət edir.

Regiondakı qeyri-sabitlik yaxın gələcəkdə bu bölgənin hələ də əsas silah bazarlarından biri kimi qalacağını söyləməyə əsas verir. Əlbəttə, Yaxın Şərq silah bazarında Rusiya yeni oyunçu deyil. Hələ Sovet İttifaqı dövründə Əlcəzair, Misir, Suriya, İraq, Liviya, Sudan və Demokratik Yəmən silah təchizatında Kremlə etibar edirdi. Lakin yeni tarixi dövrdə Yaxın Şərq silah bazarında Rusiyanın mövqeyi çox zəif idi. 2003-cü ildə Səddam Hüseyn və 2011-ci ildə Müəmmər Qəddafi rejimlərinin süqutu Rusiyanın silah ticarətinə böyük zərər vurdu. Suriya və Əlcəzair bazarları varlığını qorusa da, "Rosoboroneksport"un gəlirləri son illərədək təxminən 6,5 milyard dollar təşkil edirdi. Köhnə bazarlarla bərabər, Fars körfəzindəki silah bazarına nüfuz etmə cəhdləri o dövrdə uğursuz oldu. Lakin Suriyada müharibə dönüş nöqtəsinə çevrildi. Bütün Yaxın Şərq ölkələri rus silahı ilə maraqlanmağa başladı.

Məsələn, Bəhreyn, 2014-cü ildə AK-103 avtomatları və “Cornet” tank əleyhinə raket kompleksi alan ilk dövlət oldu. Həm də bu dövrdə ABŞ administrasiyası Bəhreynə qarşı silah embarqosu tətbiq etmişdi. Bu boşluğu Rusiya doldurdu. Həmin əməliyyatların həcmi kiçik idi, lakin onlar Fars körfəzinin silah bazarına qapını açmağa kömək etdi. Rusiya ixracatçıları ilə Yaxın Şərq ölkələrinin imzaladığı müqavilələrin sayı 2014-cü ildən etibarən xeyli artıb. Rusiya ABŞ şirkətləri son illərdə hakim olduğu Misir və İraq silah bazarlarına qayıda bilib. İki il bundan əvvəl Rusiya Misirlə “MiG 29M2” təyyarələri, “Mi-35M” helikopterləri, “C300” zenit-raket sistemləri və "Bastion" sahil raket sistemlərinin satışı barədə (3,5 milyard dollar) razılıq əldə edib.

Bundan başqa, ötən il modernləşdirilmiş 12 “Su-30K” qırıcısının alınması ilə bağlı müqavilə imzalanıb. Rus silahı Mərakeş, Əlcəzair və Tunis kimi ölkələrə də yol tapıb. 2015-ci ildə Əlcəzairlə 12 “Su-32” qırıcısı, “Il-76MD-90A” nəqliyyat təyyarəsi və “Mi-28” hücum vertolyotlarının alınması (500-600 milyon dollar) barədə saziş imzalanıb. Əlbəttə ki, Rusiyaya silah satışı ilə regionda güc balansını dəyişməyə çalışır.

Məsələn, 2012-ci ildə Suriya və 2016-cı ildə İrana “S300” raketləri satmaqla, rəsmi Moskva Dəməşq və Tehranın İsraildən geriliyinə son qoyub. Kreml özünə sadiq dövlətlərin hərbi dəyənəyini gücləndirməklə bölgədə öz mövqeyini artırır. Son statistikaya görə, regionda Rusiya silah ixracının payı 37,5% təşkil edir. Doğrudur, aşkar irəliləyişə baxmayaraq, Yaxın Şərq silah bazarında Rusiyanın mövqeyi hələ də möhkəm sayılmır. Buna mənfi təsir edən əsas səbəb Rusiyadakı iqtisadi böhrandır.

M.Rzasoy

Strateq.az