Barak Obama və Si Szinpin Pekində görüş zamanı
© AP Photo, Greg Baker, Pool
Gideon Raxman
The Guardian (Böyük Britaniya), 15.08.2016
Donald Tramp noyabrda prezident seçkilərində qalib gələ bilib-bilməyəcəyindən asılı olmayaraq 2016-cı ilin əlamətdar şüarlarından birini formalaşdırmağa nail olub: “Amerikanı yenidən əzəmətli edək!”
Trampın barəsində danışdığı çağdaş Amerikanın sürətli tənəzzül keçirən obrazı hər şeyi əhatə edir. Tramp amerikalıların əksərinin həyat tərzinin aşağı düşdüyü və sənaye istehsalı sahəsində yüksəkmaaşlı vəzifələrin yox olduğuna işarə edir. O, iddia edir ki, dünya Amerikanı ələ salır və gileylənir: “Biz daha qalib gəlmirik”.
Avropada çoxları Trampa yalnız Amerikada mümkün olan necəsə normadan kənara çıxma kimi yanaşmağa meyllidir. Bununla belə, Trampın seçkiqabağı kampaniyasını üzərində qurmağa çalışdığı iqtisadi və siyasi tənəzzül qarşısındakı vahimə Qərbin hər yerində geniş yayılıb. Fəhlə sinfinin məyus təmsilçilərinin koalisiyası və nostaljinin bürüdüyü və respublikaçıların formalaşdırmağa nail olduğu millətçilər Birləşmiş Krallığın Avropa Birliyindən çıxmağına səs vermiş alyansı çox xatırladır. Trampın böyük Amerika haqda mantarsı (təkrar edilən müqəddəs dua, yəni zikrin bir növü-tərc.) Birləşmiş Krallığın Avropa birliyindən çıxması uğrunda kampaniya tərəfdarlarının “Nəzarəti özümüzə qaytaraq!” qələbə şüarı ilə müəyyən mənada səsləşir. Hətta baş verəni istisnasız olaraq İngiltərə-Amerika fenomeni saymağına dəyməz. Fransa, Niderlandiya, İtaliya və Polşa daxil olmaqla Avropa Birliyinin əksər ölkələrində proteksionist və millətçilər yenidən qüvvə toplayır. Trampın deyəcəyi kimi, nəsə baş verir. Və bu “nəsə” beynəlxalq məsələlərdə Qərbin hökmran mövqe tutduğu 500 illik dövrün bitməyini ehtiva edən iqtisadi və geopolitik qüdrətdə tarixi dəyişiklikdir. Beynəlxlaq məsələlərdə Qərbin imtiyazlı durumunun tədricən itirilməyi ABŞ və Avropa Birliyində yeni iqtisadi, geopolitik və hətta psixoloji problemlərlə nəticələnəcək. Bu dəyişimlərin hərəkətləndirici qüvvəsi Asiyanın son 50 ildə qeyri-adi, sürətli iqtisadi inkişafı olub. BVF 2014-cü ildə məlumat verib ki, əhalinin alıcılıq qabiliyyəti nəzərdən keçirilsə, Çin bu gün dünyanın ön böyük iqtisadiyyatıdır. Bu titul 1871-ci ildən bəri onu Birləşmiş Krallığın əlindən almış ABŞ-a məxsus idi. Hazırda Çin birnömrəlidir. Çinin yüksəlişi Asiya tərəfə daha irimiqyaslşı iqtisadi dəyişikliyin yalnız bir hissəsidir. BVF xəbər verir ki, hazırda dünyanın ən böyük dörd iqtisadiyyatından üçü Asiyada yerləşir. Birinci yeri Çin, ikinci yeri ABŞ, üçüncü yeri Hindistan, dördüncü yeri isə Yaponiya tutur.
Qeyd etməyinə dəyər ki, iqtisadiyyatı cari valyuta kursuna görə dəyərləndirsək, onda ABŞ dünyada hələ də ən böyük iqtisadiyyat olaraq qalır – Avropa dövlətləri də bu əlamət üzrə iqtisadiyyatların reytinqində daha yüksək mövqe tutur. Lakin Çinin və Asiyanın digər dövlətlərinin artan iqtisadi çəkisi özünü digər xeyli yönlərdə büruzə verir. Çin bu gün dünyada ən böyük istehsalatçı və ixracatçıdır. O həmçinin həcminə görə də üçüncü avtomobil, smartfon və neft bazarı və Qərbin Daimler və KFC kimi əksər şirkətlərinin ən böyük vahid bazarıdır. Lakin Asiyada təkcə Mercedes avtomobili və qızardılmış cücə almırlar. Asiya ölkələri tam bir əsr ərzində ilk dəfə 2012-ci ildə silah və orduya Avropa ölkələrindən daha çox pul xərcləyib. Bu gün dünyanın ən böyük silah idxalatçıları siyahısında ilk iki yeri Çin və Səudiyyə Ərəbistanı tutur.
Ənənəvi iqtisadi nəzəriyyəyə inansaq, Asiyanın artan sərvəti Qərb iqtisadiyyatlarının inkişafına təkan olmalıdır, çünki yeni bazar və investisiya qaynaqlarının kəşfi ilə nəticələnir. Lakin heç bir şübhə yoxdur ki, Avropa və ABŞ-da əhalinin ayrı-ayrı zümrələri, xüsusən də sənaye müəssisələrinin fəhlələri və aztəhsilli vətəndaşlar Asiyada rəqiblərin meydana çıxmağı üzündən həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməyi ilə üzləşiblər. İqtisadçılar buna “Çin şoku” deyirlər və onun nəticələri olduqca təsirli çıxıb. 2008-ci ilin sonuna doğru ABŞ-da sənaye istehsalı sahəsində iş yerlərinin sayı pik dövrlə müqayisədə üçdəbir qədər azalıb vəbu yerlərin əksəriyyəti qarşıdakı onillikdə yox olub.
Sənaye müəssisələri asiyalı rəqiblərdən daha çox ziyan çəkmiş İtaliya 2008-ci ildən bəri istehsalat gücünün 25%-ini itirib. İtaliyanın Bokkoni universitetinin alimləri müəyyənləşdiriblər ki, Avropada çinli rəqiblərdən dha çox ziyan çəkmiş bölgələrin sakinləri “eyniyyətə əsaslanan millətçilik” uğrunda çıxış edən siyasi partiyalara dəstək verməyə hazır olduqlarını nümayiş etdirirlər.
Çinin artan iqtisadi qüdrəti Qərb dövlətlərini həmçinin mürəkkəb strateji və siyasi qərarlar qəbul etməyə vadar edir. İndiki halda Böyük Britaniyanın Hinkli-Poynt atom stansiyasının inşası ilə bağlı üzləşdiyi dilemma buna parlaq misal ola bilər. Hazırda Birləşmiş Krallığın Avropa Birliyindən çıxmaq anı yaxınlaşdıqca Çin investisiyaları onun üçün həlledici məna kəsb edir. Lakin Çin təkcə nəhəng iqtisadiyyat deyil. Bu həm də qonşuları və Böyük Britaniyanın əsas hərbi müttəfiqi və NATO alyansının özülü ABŞ-la ixtilafa səbəb olmuş strateji hədəfləri ilə yanaşı çəki toplayan dövlətdir. Qərblə Çin arasındakı münasibətlərdə gərginlyin artmağı nəzərə alınmaqla Mey hökuməti, çox güman ki, Britaniya iqtisadiyyatının Çin şirkətlərinin idarəçiliyinə verilməsi haqda qərarın məqsədəuyğunluq və səmərəliliyini bir daha nəzərdən keçirməyi lazım gələcək.
Təhlükəsizliklə iqtisadi tələbatlar arasındakı tarazlıq Birləşmiş Krallıq üçün Çindən hər dəfə söz düşərkən meydana çıxan dilemmaya çevriləcək və bu, təkcə Böyük Britaniyanın problemi deyil. Avstraliya bir neçə ay öncə Çin konsorsiumuna Avstraliya ərazisinin 1%-ə sahiblik edən şirkəti almağa mane olarkən problemlə üzləşib. O vaxtdan bəri çinlilərlə avstraliyalılar arasında münasibətlərdəki gərginlik əməlli-başlı çoxalıb. Çinin “People’s Daily” qəzetinin törəməsi “Global Times” nəşri bi neçə gün əvvəl eyham vurub ki, Avstraliya Hərbi-Dəniz Donanması (HDD) Pekinin Cənubi Çin dənizində iddia etdiyi sularda ABŞ-la bərabər patrulluq etməyə başlasa, Avstraliya “xəbərdarlıq zərbəsi üçün ideal hədəf” olacaq. Çin qəzetlərindəki bu cür bəyanatların kəskinliyi ondan xəbər verir ki, dünya iqtisadi qüvvələrinin tərtibindəki dəyişikliklər təkcə Qərbin rəy və münasibətini dəyişməyib, həm də Si Szinpin Çinində millətçi təcavüzkarlığın sürətli artımına təkan verib. Pekin son bir ildə okeanda süni adalar inşa etməklə Cənubi Çin dənizində ərazi iddialarını möhkəmləndirib. ABŞ HDD bunun cavabında Çinin iddia etdiyi sulara öz patrullarını göndərib.
ABŞ-ın yeni prezidenti – istər Tramp, istərsə də Klinton – müxtəlif üsullarla olsa da, çox güman ki, ABŞ və Çin münasibətlərində gərginliyin sonrakı artımına səbəb olacaq. Pekində Hillari Klintonu təhlükəli qırğı sayırlar və o, çox güman ki, Çinin ərazi iddialarına qarşı böyük qətiyyət sərgiləyəcək. Prezident Sin ehtiyatlı millətçidir, buna görə də Klinton prezident olsa, Sakit okeanda ABŞ-la Çinin toqquşma ehtimalı artacaq.
Əksinə, Tramp Amerikanın Sakit okeandakı strateji rolunda çox da maraqlı görünmür, lakin onun çox gur proteksionizmi Çin mallarına rüsumu kəskin şəkildə artırmağı təklif etməyə məcbur etdi. İstənilən bu cür addım Pekin tərəfindən iqtisadi müharibə aktı kimi qiymətləndiriləcək.
İstənilən halda kürəsəlləşmənin Çinlə Qərb arasında yanlız ümumi maraqlar yaratmağa qabil göründüyü dövr sona çatıb. Bu gün onu daha qaranlıq və təhlükəli görünən dövr əvəzləyir.
Tərcümə Strateq.az-ındır.