XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 13:30

Dünyada yeni iqtisadi böhranın başlayacağını göstərən faktlar –Təhlil

İqtisad

Bu ilin əvvəlindən dünya iqtisadiyyatında və ayrı-ayrı ölkələrdə neqativ proseslər müşahidə olunur. Qəbul olunan qərarlardan belə anlaşılır ki, ya dünyada yeni iqtisadi böhran tez bir zamanda “partlayacaq”, ya da ki, keçmiş böhran heç də iddia olunduğu kimi hələ başa çatmayıb. Hər halda baş verənlər göstərir ki, dünya iqtisadiyyatı bu günə kimi qarşılaşmadığı çətinliklərlə üzləşib.

a) Hazırda 15 ölkədə dövlət istiqrazları üzrə gəlir göstəricisi mənfidir – belə qiymətli kağızların məcmu həcmi 13 trln. dollar təşkil edir;

b) Gəlir göstəriciləri mənfi olan korporativ qiymətli kağızların məcmu həcmi 300 mlrd. dollara yaxınlaşmaqdadır;

c) Avrozonada iqtisadi artım cəmi 1% ətrafındadır;

d) Çində gözlənilən bərpa tendensiyaları özünü gözlətdirir;

e) Bu yaxınlarda dünyanın üçüncü iqtisadiyyatı olan Yaponiyada faktiki olaraq pul-kredit siyasətinin və iqtisadiyyata dövlət investisiyası sahəsində misli görünməmiş yumşalma elan olunub;

g) Neftin qiyməti inkişafda olan və neft ixracından asılı olan ölkələrdə iqtisadi artım üçün lazım olan səviyyədən çox-çox uzaqdır;

j) Qızılın qiyməti rekordları günbəgün təzələyir;

h) Avropada yeni bank böhranı gözlənilir ki, bu da suveren defoltlara səbəb ola bilər.

Bu, son zamanlar dünya iqtisadiyyatında müşahidə olunan mənzərənin qısa və ötəri təsviridir. Sadalanan amillərin təkcə bir hissəsi dünyada böhranın yaranmasına bəs edər, biz isə hazırda kompleks səbəblərlə üz-üzəyik. Əsas təhlükə odur ki, böhrana təkan verəcək səbəblərin siyahısı daim genişlənir.

2014-cü ilin payızında ABŞ-da iqtisadiyyatın stimullaşdırılması və maliyyə sektoruna dəstək olan proqramın başa çatdırılması ümid verirdi ki, ABŞ-da böhran əlamətləri tam olaraq aradan qaldırılıb, bərpa tendensiyası və proseslər dönməz xarakteri alıb və beləliklə dünya iqtisadiyyata heç olmasa bu tərəfdən dəstək ediləcək. Çünki ABŞ dünyanın ən iri istehlakçısıdır və onun iqtisadi vəziyyətindən, demək olar ki, bütün dünya iqtisadiyyatı bəzi məqamlarda birbaşa, bəzi məqamlarda isə dolayı asılıdır. Sonra ölkənin bəzi göstəriciləri proqnozlaşdırılan səviyyədən geri qaldı – ilk növbədə bu, iqtisadi artıma, inflyasiya və xarici ticarətə aiddir. Bu baxmayaraq ötən ilin sonunda Federal Ehtiyat Sistemi faiz dərəcələrini bir qədər qaldırdı. Bununla da siqnal verildi ki, ölkə iqtisadiyyatı lazımı səviyyəyə qədər bərpa olunub və yumşaq pul-kredit siyasətinə artıq ehtiyac yoxdur və o, tədricən sərtləşdiriləcək. Bu ilin hadisələri, yəni faiz dərəcələrinin qaldırılmaması onu göstərir ki, gözləntilər həddindən artıq nikbin idi və iqtisadçılar sevinməyə bir qədər tələsiblər. İndi aydın olur ki, bir qədər deyil, xeyli tələsdilər. Belə ki, Federal Ehtiyat Sisteminin rəhbərlərindən biri Cerom Pauell bəyan edib ki, ölkə iqtisadiyyatında zəif artımın uzunmüddətli dövrü əhatə etmək təhlükəsi var, bunun fonunda gözləniləndən daha aşağı faiz dərəcəsi zəruri olacaq. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatında həmçinin mənfi tendensiyalar təhlükə yaradır, eyni zamanda inflyasiya aşağı səviyyədədir. Buna görə FES faiz dərəcələrini artırmağı təcili iş saymır.

Qeyd edək ki, buna oxşar fikirlər artıq səslənilirdi. İddialara əsasən, ABŞ iqtisadiyyatını zəif iqtisadi artım və aşağı faiz dərəcələri ilə xarakterizə olunan uzunmüddətli staqnasiya dövrü gözləyə bilər. İndi belə fikirlər artır rəsmi şəxslər tərəfindən səslənilir və deməli, bu neqativ ssenari tədricən baza proqnoza çevrilməkdədir. Belə ki, C.Pauell hesab edir ki, faiz dərəcələrin qaldırılması üçün məşğulluq və tələbatın göstəricilərin artması və inflyasiyanın 2%-ə çatması və, nəhayət, dünya iqtisadiyyatında təhlükəli tendensiyaların olmaması lazımdır. Həmçinin C.Pauell bəyan edib ki, FES-in faiz dərəcələrini qaldırmasını gözləmək  son iki il ərzində dolların əhəmiyyətli möhkəmlənməsinə səbəb olub ki, bu da iqtisadi artımı və inflyasiya üçün saxlayıcı amil olub. “Hər kəsin faiz dərəcələrini endirdiyi dünyada bu dərəcələri onları qaldırmaq çətindir”, – deyə o bildirib.

C. Pauelin bu sözləri tam olaraq həqiqətə uyğundur. Ötən həftə faizləri endirən ölkələrin sırasına İngiltərə əlavə olunub. Belə ki, İngiltərə Bankı əsas faiz dərəcəsini 0,5%-dən 0,25%-ə qədər endirib ki, bu da tarixi minimumudur. Həmçinin İngiltərə Bankı istiqrazların geri alınması həcmini 375 mlrd. funtdan 435 mlrd. funta qədər qaldırıb, eyni zamanda 10 mlrd. funt həcmində korporativ istiqrazların geri alınması nəzərdə tutulur. Həmçinin kommersiya banklarına iqtisadiyyata investisiya və məqsədli kreditlərin verilməsi üçün 100 mlrd. funt ayrılacaq. Bununla İngiltərə Bankı "Brexit"in gözlənilən mənfi nəticələrini qabaqcadan yumşaltmaq istəyir, lakin bəzi mütəxəssislərin fikrincə, belə misli görünməmiş yumşaq pul-kredit siyasəti hər hansı müsbət nəticə verməyəcək. Qeyd edək ki, "Brexit" üzrə referendumdan sonra funtun məzənnəsi kəskin düşüb, gözlənilən problemlər nəticəsində ölkə iqtisadiyyatın qısamüddətli və ortamüddətli perspektivləri kəskin pisləşib. Hazırda qərar qəbul edilib ki, pul-kredit siyasəti yumşadılsın. Amma "The Guardian" qəzeti İngiltərənin 35 nüfuzlu iqtisadçıları tərəfindən imzalanan məktub dərc edib. Həmin məktubda onlar həmin addımın mənasızlığını və hətta zərərliliyini izah edirlər. Onlar xatırladır ki, nisbətən yumşaq pul-kredit siyasəti artıq 7 il davam etdirilir, lakin hələlik ciddi müsbət nəticə gətirməyib. Banklara əlavə vəsaitlərin verilməsi də tənqid edilir: bu addım böhran şəraitində, yəni bankların likvidlik çatışmazlığı şəraitdə faydalıdır, indiki vəziyyətdə isə bu yalnız borc yükünün artırılmasına və valyuta bazarına təsirin güclənməsinə gətirib çıxaracaq. Zərərliliyi barədə gəlincə, yumşaq pul-kredit siyasəti və əlavə likvidliyin verilməsi inflyasiyanın sürətləndirilməsinə və funtun daha da ucuzlaşmasına səbəb olacaq.

Eyni zamanda aydındır ki, Brexitdən sonra ehtimallar yaranıb ki, Britaniyadan investorların kütləvi qaçışı baş verə bilər. Belə olan halda ölkədə əlverişli pul-kredit və maliyyə şəraitin yaradılması ilk baxımından zəruridir, amma indiki vəziyyət tam ayrıdır, çünki bu qaçış daha çox siyasi amillərlə bağlıdır. Hər halda, İngiltərə faiz dərəcəsini tarixi minimuma endirməsi faktı Avropa və sonradan dünya iqtisadiyyatı barədə müsbət heç nə demir. Hətta  bu faiz dərəcəsinin mənfi zonaya düşməsinə az qalıb və istisna deyil ki, Britaniya da əvvəl-axır mənfi faiz dərəcəsini tətbiq edən ölkələrin sırasına qatılacaq.

ABŞ, İngiltərə, Avrozona, Yaponiya, Çin, həmişə problemsiz olan Ərəb ölkələri – bütün bu ölkə və regionlar dünya miqyasında əhəmiyyətli, aparıcı, müəyyən mənada həlledici iqtisadi qüvvələrdir. Hər yerdə iqtisadi problemlərin olması –  bu, böhranın əlaməti deyilmi?

Vahab Rzayev, APA Analitik Mərkəzi




Yuxarı Əvvələ Ana Səhifə