XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2016 - 14:17

Gürcüstan: seçki ilində Rusiyaya meyl –Təhlil

Gurcustan-16-1

Qərbdə böyüyən anti-Rusiya əhval-ruhiyyəsinin postsovet məkanda da mövcudluğu gizli deyil.

Əvvəlcə Gürcüstan, indilərdəsə Ukraynada Kremlə sərt təpkilərin emosional dərəcəsi azalmır. Lakin bu mənada birinci olan Gürcüstanda tədricən Rusiyaya meyllər hiss olunur. Bu sayaq davranışların parlament seçkiləri ərəfəsində baş verməsi Qərbi ehtiyatlanmağa məcbur edir.

Mixail Saakaşvilinin gedişi ilə Kremllə münasibətlərin düzələcəyinə ümidlər hələ ki tam doğrulmayıb. Görünür, tərəflərin, xüsusən Gürcüstanın adlamalı olduğu maneələr hələ də çoxdur.

Birincisi, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həll tapmaması, ikincisi, 2008-ci il müharibəsinin şoku, üçüncüsü, ictimai rəyin Rusiyaya etimadsızlığı və sadalanması vacib olmayan daha neçə-neçə səbəb…

Bütün bunlarla bərabər, bu yaxınlarda Gürcüstanda Rusiya hərbçilərinin yerləşdirilməsi ilə tələbi ilə mitinqin keçirilməsi Qərbdə bir çoxlarını heyrətləndirdi. Telavi şəhərində keçirilən aksiyanın təşəbbüsçüsü Eduard Şevardnadzenin sabiq mətbuat katibi Valeri Kvaratsxeliyanın rəhbərlik etdiyi “Sosialist Gürcüstan” təşkilatı idi: "Biz Rusiya ilə diplomatik, iqtisadi, mədəni əlaqələrin bərpa etməliyik, siyasətimiz bütünlüklə dəyişməlidir”.

Gürcüstan sosialistinin bu çağırışına onu da əlavə edib ki, “nə qədər ki, Gürcüstan Rusiyaya qarşı aqressiv olacaq, Rusiyada da Gürcüstan üçün düşmən qismində qalacaq”.

Gürcüstanda Rusiya meyllərinin asta-asta güclənməsi ABŞ müşahidəçilərinin də diqqətindən yayınmır. “Washington Post”un şərhçisi Maykl Hikari Sesayr “Putin Gürcüstanı Qərbin əlindən almağa başlayır” adlı köşə yazısında bu narahatlığı ifadə edib: “Gürcüstanın Rusiyaya baxışı həqiqətən aydın deyil. Lakin Avrasiya İttifaqının xeyrinə olan hisslər artır, həmçinin Rusiyanın Gürcüstanda təsirinin böyüməsi ehtimal var”.

Maykl Hikari vurğulayır ki, ABŞ və xüsusilə Avropanın ümumi siyasi-iqtisadi yorğunluğu Gürcüstanda Rusiya meylli qüvvələrə impuls verir və onlar üçün əlverişli mühit yaradır.

Son müşahidələr göstərir ki, gürcülərin bütünlüklə də olmasa da, Rusiyaya meyli artır. Ölkədəki bəzi siyasi qüvvələr Kremllə uzlaşmaya real baxır. Digərləri ən azı öz bəyanatları ilə Rusiyanın xeyrinə reveranslar edir.

Məsələn, sabiq spiker Nino Burcanadze Ukraynada persona non-qrata elan edilib. Nino Burcanadze hələ 2015-ci ilin iyulunda bildirmişdi ki "… İndi Krım Rusiyanındır”.

"Demokratik Hərəkat"ı partiyasının liderindən gözlənilməz açıqlama bu ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində bir daha xatırlana bilər. NATO və bütövlükdə Qərb bu ölkənin öz təsiri altında qalmasını istəsə də, hələ ki müəyyən ehtiyatlanmalar var. Belə ki, Şimali Atlantika bloku Cənubi Qafqazda Rusiya ilə açıq konfrontasiyaya getmək istəmir. Bu, onsuz da qeyri-sabit regionda Kremllə problemlər yetərindən artıq çoxdur. Daha bir qaynar nöqtə arzuolunmazdır.

Üstəlik, Türkiyə ilə pozulan münasibətlər atmosferində qeyri-müəyyənliklər və ehtiyatlanmalar daha diqqətli davranışa sövq edir. Gürcüstanın NATO-ya yaxın zamanlarda üzvlüyü ilğım kimi görünür. Lakin Türkiyə radikal addım ataraq NATO-dan üz döndərərsə, rəsmi Tiflis üçün real şans yaranmış olur.

Rəsmi Moskvanın da ehtiyatlı gedişlər etdiyini söyləmək olar. 2016-cı ilin mayındakı Cənubi Osetiyada Rusiyaya birləşmək məqsədli referendum Kremlin öz istəyi ilə 2017-ci ilədək təxirə salınıb. Bunu müəyyən güzəşt, əks tərəfin hansı qarşılıqda addımlar atacağı kimi də dəyərləndirmək olar. 2016-bın oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkiləri Rusiyaya meylliklə bağlı suallara müəyyən cavabları ortaya qoya bilər.

Amma xarici faktorların təsiri bu kiçik Qafqaz dövlətinin daxilində cərəyan edən proseslərdən da vacibdir.

M.Rzasoy




Yuxarı Əvvələ Ana Səhifə