XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 14:33

Paralel Azərbaycan…

Hansı ölkədə yaşamalarından asılı olmayaraq azərbaycanlıların bircə addım belə irəliləməsi bizi sevindirməyə bilməz. Elə bu səbəbdən də Gürcüstanda ilk radiomuzun açılması haqdakı xəbəri bir az sevinc, bir az da təəccüblə qarşıladıq…

Bəli, sevinc aydındır. Bunun səbəbini də bir az əvvəldə dedik. Təəccüblü gələn isə o oldu ki, sən demə, həmin radio Gürcüstan azərbaycanlılarının ilk media strukturudur…
Nə demək olar bu haqda ? Birinci oldu, fəqət, axırıncı olmasın. Həm də ümid edək ki, radio Gürcüstanda yaşayan azərbaycanlıların gürcü mühitinə inteqrasiyasını bir az da artıracaq…
ümumiyyətlə, insanların informasiya almaq imkanlarının genişlənməsini həmişə təqdir etmək lazımdır. Bircə şərtlə ki, bu imkanlar da həmişə doğru və dürüst informasiya təqdim edə…
Bəli, məsələ bu yerə çatanda, necə deyərlər, Kərəmin sözü bitir. Qalır deyinmək və gileylənmək. Nə edək? Əlimizdən bir şey gəlmir. Guya ki, bizim də müstəqil radiolarımız və telekanallarımız var. Guya ki…
Bilirsiniz, onların haqqında eşitdiyimiz ən orijinal fikir nə olub? Dinləyicilər və tamaşaçılar deyirlər ki, Azərbaycan radiolarında və telekanallarında vaxtdan savayı deyilən və göstərilən hər şey yalandır…
Ola bilsin, bir qədər kəskin deyilib. Amma həqiqətdir. Ola bilsin ki, bir-iki başqa şeyləri də doğru-dürst deməyə çalışırlar, məsələn, havanı… Qalan şeylər isə elə həqiqətən də yalandır…
Televiziyalar və radiolar bir dünya təqdim edir. Bu dünyada insanlar hər şeydən razıdır, gecələr rahat yatır, gündüzlər gümrah dururlar. Amma paralel bir dünya da var. Yox, düşünməyin ki, mən kosmologiyadakı paralel dünyalar haqqında danışacam..
Yox, mən paralel Azərbaycan haqqında bir-iki söz demək istəyirəm. Bu ölkə, bu Azərbaycan televiziyada və radioda yoxdur…
Siz onları tele və radio efirlərdən görə və eşidə bilməzsiniz. Onlar haqda danışmaq, onları göstərmək az qala yasaqdır. Amma belə Azərbaycan da var və bu dünyanın öz insanları var…
Onlar daim nəsə etmək istəyirlər. Amma nə başlayırlarsa, necə edirlərsə, heç nə alınmır. Lap məşhur bir mahnıda deyildiyi kimi: elə bil anaları onları bazar ertəsi doğub…
Televiziyadan gördüyünüz və radiolardan eçitdiyiniz Azərbaycanın yalnız kommunal problemləri ola bilər. Bu Azərbaycanın adamları uzağı hansısa bir bələdiyyə nümayəndəsindən gileylənə bilərlər…
Amma paralel, görünməyən Azərbaycanın problemləri çoxdur. Burada insanlar elə məsələlər qaldırır, elə müzakirələr edirlər ki, televiziya və radio Azərbaycanının jurnalistlərinin bunları eşidəndə tükləri biz-biz olur…
Paralel dediyimiz Azərbaycanda insanlar həqiqətən də çox çalışırlar, amma heç nə alınmır. Onların həftənin hansı günü doğulduqlarını bilmirik, yalnız onu dəqiq bilirik ki, bu adamlar Azərbaycan adlı ölkədə doğulublar, ona görə də işləri heç gətirmir ki, gətirmir…
Nə etmək olar? Hərənin alnına bir şey yazılıb. Yox, əsl Azərbaycanla paralel Azərbaycan arasında kontaktlar var. Bir də görürsən ki, paralel Azərbaycanın insanları yeganə kostyumlarını geyib, yeganə qalstuklarını taxıb harasa gedirlər…
Soruşursan ki, bəylər, xeyir ola, yolunuz haradır? Deyirlər ki, əsl Azərbaycanla və onun iqtidarı ilə dialoqa gedirik. Qərəz, gedirlər, bilmirik nə deyib, nə demirlər, amma bircə şeyi bilirik ki, bunların da heç bir faydası olmur…
Bəli, paralel Azərbaycanda məhbəs həyatı yaşayanlar, təqib olunanlar, hakimiyyəti tənqid edənlər var. Amma bunların heç biri gerçək Azərbaycanda dilə gətirilə bilməz…
Elə ona görə də Gürcüstan azərbaycanlılarını məyus etmək istəmzədik, gəl, qardaşlar, nə radio, nə televiziya hələ özü-özlüyündə hər şey demək deyil və bundan böyük ümidlər üçün qənaətlər ummaq da əbəsdir…
Bəlkə də əsas insanın özüdür. İnsan deyə bilər ki, nə olursa-olsun, mən bu sujeti, bu xəbəri verəcəm və bunu edər. Onu əvəz edən bir başqası da bunları təkrar edər və bir də baxıb görərsən ki, budur, ölkə düzəldi…
İndi Azərbaycanda kəskin bir mənəvi polyarlaşma var; insanların bir qismi üçün bu hakimiyyət xoşdur, digər qismi isə onu qəbul edə bilmir. Yox, onlar, hakimiyəti qəbul etməyənlər danışıb-barışmağın əleyhinə deyillər, hətta bəzi məsələləri bağışlamağa da hazırdırlar…
Niyə də yox? Belə bir deyim var ki, hər bir sərvətin altında bir günah var. Bu vaxta qədər nə olub, o olub! Hakimiyyəti qəbul etməyənlər deyir ki, gəlin, heç olmasa, bundan sonra qaydalarla yaşayaq…
Amma hakimiyyət razı olmur. Beləcə, iki Azərbaycan qalır. Televiziyada və radiolarda görünən və eşidilən Azərbaycan, bir də paralel-görünməyən, biçarə Azərbaycan…

Hüseynbala Səlimov