XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 04:36

İran məsələsində Rusiya niyə ABŞ-a dəstək verdi?

İran məsələsində Rusiya niyə ABŞ-a dəstək verdi

Şahin Cəfərli: “Rusiya beynəlxalq problemlərin həllində qlobal oyunçu kimi qalmaq, proseslərdəki yerini itirmək istəmir…”

Xəbər verdiyimiz kimi, iyulun 14-də uzun sürən danışıqlar prosesindən sonra İran və “altılıq” ölkələri arasında nüvə məsələsi ilə bağlı yekun razılıq əldə olunub. Bu razılaşma təxminən son 12 ildə İslam Respublikası ilə ABŞ başda olmaqla, Qərb dünyası arasında gərgin münasibətlər dönəminin rəsmən başa çatması hesab olunur.

Bir çox müşahidəçilərə görə, anlaşma İran və ABŞ arasında yaxınlaşmaya səbəb olacaq. çünki faktiki surətdə sanksiyaların götürüləcəyi təqdirdə bir sıra Qərb ölkələri, o cümlədən ABŞ-ın nüfuzlu enerji şirkətləri İranda iş görməyə başlayacaqlarını açıqlayıblar. Eyni zamanda embarqoların qaldırılması İranın Yaxın Şərqdə ABŞ-la əməkdaşlıq imkanlarını da genişləndirir. Bu barədə həm Amerika rəsmiləri, həm də İran prezidenti və rəsmilərinin optimist açıqlamaları var.
Bu arada ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı əldə olunan tarixi sazişin detallarını açıqlayıb. Obama qeyd edib ki, razılaşma İranın uran ehtiyatlarının 98 faiz azaldılması, zənginləşdirilmiş uranın istehsalında istifadə olunan sentrafuqların sayının 20 mindən 6 minədək azaldılmasını və İranın yaxın 15 il ərzində, ümumiyyətlə, bu tip reaktor tikməməsini nəzərdə tutur. Bu proses İranın obyektlərini daim yoxlayacaq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hərbi ekspertlərinin nəzarətində olacaq.
Obama xəbərdarlıq edib ki, razılaşmada əks olunan müddəalardan hər hansı biri pozularsa, İrana qarşı bütün iqtisadi sanksiyalar qüvvəyə minəcək. Oxşar xəbərdarlığı İranla danışıqların əsas “memarı”, dövlət katibi Con Kerri edib. Yeri gəlmişkən, İranın ali dini lideri Ayətullah Əli Xameneyi də Tehranda Fitr bayramı namazı zamanı etdiyi çıxışında Qərbə xəbərdarlıq edib.
İranın Qərbin təhdidləri qarşısında geri çəkilmədiyini qeyd edən dini lider bir daha nüvə silahının haram olması haqda fətvasını xatırladıb və İranın nüvə silahı əldə etmək fikrində olmadığını deyib. Ancaq eyni zamanda deyib ki, İranın Qərb qarşısında geri çəkilmək fikri yoxdur və Yaxın Şərqdəki ənənəvi müttəfiqlərini dəstəkləməkdə davam edəcək. O, açıq şəkildə bəyan edib ki, “amerikalılara etimad etmir”.
Ancaq sərt tonlu qarşılıqlı çıxışlara baxmayaraq, müşahidəçilərə görə, hər iki tərəf əldə olunan anlaşmaya sadiq olmağa çalışacaq. çünki anlaşma hər iki əsas tərəf, yəni ABŞ və İran üçün yeni imkanlar açır. Qarşılıqlı xəbərdarlıqlar isə ənənəvi müttəfiqlərə ünvanlanıb. Yəni hər iki tərəf keçmiş müttəfiqlərini itirmək niyyətində olmadığını büruzə verir.
Anlaşmadan dərhal sonra B.Obama Səudiyyə Ərəbistanı kralı və BƏƏ əmiri ilə danışaraq anlaşma haqda məlumat verib. O cümlədən ötən gün ABŞ müdafiə naziri Eşton Karter İsrailə səfər edib. Bütün bu səfər və telefon diplomatiyasının əsas səbəbi Amerikanın region müttəfiqlərinin əndişələrini azaltmağa hesablanıb.
Ancaq bu gəlişmələrin fonunda ən çox diqqət çəkən detal Rusiyanın mövqeyi oldu. Məsələ burasındadır ki, Rusiya “altılıq” ölkələri ilə birlikdə İranla aparılan danışıqlarda iştirak edib. Və Moskva ənənəvi region müttəfiqinin ABŞ-la dostluq yolunu açan anlaşmaya mane olmayıb, əksinə, dəstək verib. Anlaşma əldə olunan kimi rəsmi açıqlama yayan prezident Putin özü də İran-“altılıq” razılaşmasını alqışlayıb.
Rusiyanın ənənəvi müttəfiqini az qala itirmək kimi yozulan Vyana anlaşmasına dəstək verməsinin səbəbləri xeyli dərəcədə maraq doğurur.
Siyasi şərhçi Şahin Cəfərli deyir ki, Rusiyanın İranla Qərb arasında kompromisin əldə olunması prosesində müsbət iştirakı hər şeydən əvvəl bu ölkənin beynəlxalq proseslərdəki yerini qorumaq və gələcək regional təşəbbüslərdə rol almaq üçün zəmin hazırlamaq istəyindən irəli gəlir. Bundan başqa, ekspertə görə, anlaşmanın bir sıra detalları iqtisadi baxımdan Rusiya üçün əlverişlidir: “Məlumdur ki, Krımın ilhaqından və Donbas böhranından sonra Qərb Rusiyaya qarşı təcrid siyasəti yeridir. Rusiya “böyük səkkizlik”dən (G 8) kənarlaşdırılıb və bu qlobal beynəlxalq klub əvvəlki “böyük yeddilik” (G 7) formatına geri dönüb. Bundan başqa, Rusiyaya iqtisadi sanksiyalar tətbiq olunub və Qərbin maliyyə-texnologiya bazarları Moskvanın üzünə demək olar ki, bağlanıb. İran məsələsində qeyri-konstruktiv mövqe tutması Rusiyanın beynəlxalq təcridini heç şübhəsiz, daha da gücləndirərdi və Qərbin bu ölkəyə təzyiqlərinin daha da artmasına səbəb olardı. Halbuki Rusiya beynəlxalq problemlərin həllində qlobal oyunçu kimi iştirak etmək arzusundadır və Vyanadakı yekun fotoda yer almaq bu baxımdan onun üçün vacib idi. İrandan zənginləşdirilmiş uran çıxarılaraq Rusiyaya aparılacaq və əvəzində Rusiyadan bu ölkəyə təbii uran gətiriləcək. Bundan başqa, Rusiya Fordo nüvə obyektinin istehsal yönümünün dəyişdirilərək bu obyektin sənaye və tibbi məqsədli kimyəvi məhsullar istehsalı üzrə müəssisəyə çevrilməsində iştirak edəcək”.
Ş.Cəfərli deyir ki, Moskvanın konstruktivliyinin başqa bir səbəbi İranla ikitərəfli münasibətlərin perspektivi ilə əlaqədardır: “İranla anlaşmanı pozmağa çalışması və ya prosesdən kənarda durması Moskvanın Tehranla münasibətlərinə və müvafiq olaraq regional nüfuzuna ciddi zərbə vurardı və onun manevr imkanlarını daraldardı. Rusiya yaxın gələcəkdə İranda həyata keçiriləcək müxtəlif iqtisadi layihələrdə iştirak etmək niyyətindədir və bu ölkəni silah satışı üçün əsas bazarlardan biri kimi görür. Düzdür, Vyana razılaşmasının şərtlərinə görə, İran qarşı tətbiq olunmuş silah embarqosu 5 il qüvvədə alacaq. Lakin bu müddətdə Rusiya ilə İrana arasında silah alqı-satqısına dair milyardlarla dollar dəyərində razılaşmalar əldə olunması üçün hər hansı maneə yoxdur və bu razılaşmalar silah embarqosunun ləğvindən dərhal sonra icra oluna bilər”.
Ekspertə görə, Rusiyanın digər marağı regional problem olan Suriya məsələsinin həllində aktiv rol almaq niyyəti ilə bağlıdır. Ş.Cəfərliyə görə, İranla “altılıq” arasındakı anlaşma Moskvanın Suriya məsələsinin çözümündə iştirakı üçün münbit zəmin hazırlamış oldu: “Böyük ehtimalla İran məsələsinin həllindən sonra Suriya probleminin həllində də Vaşinqtonla Moskvanın mövqeyi müəyyən qədər üst-üstə düşəcək. ABŞ-ın Əsəd rejimi ilə çox yaxın əlaqələri olan Kremlin diplomatik imkanlarından yararlanması istisna deyil. “İŞİD” təhlükəsi ilə mübarizə də ABŞ və Rusiyanın ortaq çalışma sahəsi ola bilər. Lakin bütün bunlar ABŞ-Rusiya münasibətlərində “bal ayı”nın başladığını söyləməyə əsas vermir. Müəyyən taktiki məsələlər
in həllində mövqelərin uzlaşmasının qlobal rəqabətə ciddi təsir göstərəcəyini söyləmək hələlik tezdir.
Təsadüfi deyil ki, Rusiya İran probleminin həllindən sonra ABŞ-dan Avropada raket hücumundan müdafiə sistemi qurmaq planından imtina etməsini gözləsə də, Vaşinqtondan gözlədiyi cavabı ala bilməyib. ABŞ bu planlarını həyata keçirəcəyini bəyan edib. Digər vacib problem isə Ukraynadakı Donbas münaqişəsidir. ABŞ Rusiyanın destruktiv təsiri nəticəsində bu münaqişənin yenidən alovlanacağı təqdirdə, bu ölkəyə qarşı növbəti, 4-cü sanksiya paketini tətbiq edəcəyini açıqlayıb. Rusiya-ABŞ (Qərb) münasibətlərinin sonrakı axarı Ukraynadakı proseslərlə bilavasitə əlaqəli olacaq”. (musavat.com)