XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

23 Avqust 2016 - 09:07

Rusiyanın Həmədan macərası bitdimi? –Rusiyalı ekspertlərin rəyləri - Təhlil

ru

Aleksandr Jelenin

Rosbalt.ru, 22.08.2016

 

Rusiya aviasiyasının İrandakı bazası təzəcə işə düşmüşdü ki, yox oldu. Görünür, səbəb iki ölkənin piara yanaşma müxtəlifliyi olub. Tehranın öz ərazisindən Suriyada islamçılara hava zərbəsi endirməyə görə Moskvadan imtina etmək hüququnda daxili səbəbləri var.

Rusiya KİV-ləri keçən həftə bütün dünyaya car çəkdi ki, Rusiyanın Tu-22M3 strateji bombardmançıları İran hökuməti ilə razılaşma əsasında bu ölkədə baza salacaq. İran Ali milli təhlükəsizlik şurasının katibi Əli Şamxani o zaman iki ölkənin hərbi əməkdaşlığının  strateji xarakteri haqda bəyan etmişdi. Onun sözlərinə görə, Tehran və Moskva terrorizmlə mübarizə üçün infrastrukturdan birgə istifadə edir. Xüsusən də Həmədan hərbi aerodromunun adı çəkilirdi.

İki gün sonra məlumat yayıldı ki, Rusiyanın İran ərazisindən havaya qalxmış Tu-22M3-ləri və Su-34 cəbhə bombardmançıları Suriyanın Dəyr-əz-Zor əyalətində İŞİD obyektlərinə qrup halında aviazərbə endirib. Artıq çoxlarına elə görünürdü ki, Moskva-Tehran oxu düşmənlərinə vahimə yaradır. Lakin bu qələbə məlumatından heç bir həftə keçməmişdi ki, İran XİN rəsmi təmsilçisi Bəhram Qasimi çaşdırıcı bəyanatla çıxış etdi ki, Rusiya artıq Həmədan bazasından istifadəni dayandırıb. Diplomat məlumat verdi: “Rusiyanın İranda bazası yoxdur, o, burada yerləşməyib. Onlar əməliyyat keçirib və əməliyyat indiki anda başa çatıb”.

İran müdafiə naziri Hüseyn Dehqan daha qəti danışıb. O, Rusiya tərəfini faktiki olaraq sayğısız münasibətdə ittiham edib. Onun sözlərindən belə çıxırdı ki, Həmədan bazasının Rusiya döyüş aviasiyasına təqdim edilməsini Rusiyada kay-küylə təbliğ ediblər, halbuki İranda bu məlumatı qapalı sayırdılar: “Əlbəttə, ruslar göstərmək istəyirlər ki, onlar superdövlət və nüfuzlu ölkədir, özlərini təhlükəsizlik sahəsində həm bu bölgədə, həm də dünyada fəal aparırlar”.

O, eyni zamanda qeyd edib ki, İranda indiki anda heç bir xarici hərbi kontingent yerləşməyib, çünki bu, ölkə konstitusiyasına ziddir.

Bəs əslində Rusiya-İran hərbi əməkdaşlığnda nə baş verib?

Ekspertlərin bu xüsusda rəyləri haçalanır. Məsələn, Rusiya EA Şərqşünaslıq institutunun baş elmi əməkdaşı Vladimir Sajin “Rosbalt”a bildirib ki, Rusiyanın İranda hərbi bazadan istifadə edə biləcəyinə əvvəlcədən şübhə edib.

Ekspertin sözlərinə görə, Tehranın öz ərazisindən Suriyada islamçılara hava zərbəsi endirməyə görə Rusiyanın hərbi-kosmik qüvvələrinin istifadəsindən imtina etmək hüququnda daxili səbəbləri var.

Sajin izah edir ki, İranın 17 aviasiya-qırıcı bazası var və Həmədandakı 3 saylı baza bunlardan biridir. Mütəxəssisin sözlərinə görə, Rusiya strateji aviasiyası prinsipcə bazadan “sıçrayış aerodromu” kimi istifadə edə bilərdi – əsasən yanacaq doldurma və əlavə sursat üçün.

Sajin hesab edir ki, İranın bu bazanı Rusiya HKQ-ə təqdim etməkdən imtinası daxili-siyasi səbəblərdən törəyib. O deyir: “İran – öz suverenliyinə heç bir cüzi qəsdə dözməyən xüsusi bir dövlətdir”. Ekspertin sözlərinə görə, “bizim KİV-lərin bu xüsusda təşkil etdiyi hay-küy İranda mənfi təsir doğurub”. Xüsusən də ölkə parlamentində Rusiya ilə bu cür hərbi əməkdaşlığa görə deputatların tənqidi çıxışları səslənib.

Sajin yada salır ki, bir ildən az müddətdə İranda prezident seçkiləri keçirilməlidir, ona görə də KİV-də bu mövzunun istismarı indiki prezident Həsən Ruhaninin siyasi rəqibləri – radikal mühafizəkarlar tərəfindən ona qarşı istifadə oluna bilər.

Tehranın Həmədan bazası üzrə qəfil qərarının daha bir mümkün səbəbi var. “Moskva və Tehranın Suriya münaqişəsində bir yerdə olduğuna baxmayaraq, Rusiyanın Suriya və ümumən Yaxın Şərqdə mövqeyinin güclənməyini İranda hamı müsbət qavramır. İranda müəyyən qüvvələr Suriyanı həmişə öz anklavı sayıb”, – deyə ekspert qeyd edir.

Lakin Rusiya Müasir İranın öyrənilməsi Mərkəzinin rəhbəri Rəcəb Səfərov hesab edir ki, İran müdafiə nazirinin bəyanatı iki ölkənin münasibətlərində “qətiyyən heç nəyi dəyişmir”, çünki Tehran Moskva ilə sıx hərbi əməkdaşlıqda maraqlıdır.

Səfərov “Rosbalt” üçün şərhdə qeyd edir ki, məhz Rusiya öz hərbi rəhbərliyinin qərarı ilə Rusiya aviasiyasının İranda əsaslanması ilə bağlı “əməliyyatı başa çatdırmağı” qət edib. Ekspert deyir: “Əvvəlcədən bildirlib ki, bu əməliyyat heç cür uzunmüddətli ola bilməz. Verilmiş hədəflər məhv edilib, əməliyyat bitib və Rusiya aviasiyasının İranda sonrakı qalışı həm də iqtisadi təsəvvürlər üzündən o qədər də məqsədəuyğun deyil”.

Bu arada RF-nin İran səfiri Levan Caqaryan təsdiqləyib ki, Rusiya bu ölkə ərazisindəki aviabazadan istifadəni dayandırıb. Lakin o, istisna etmir ki, bu cür əməkdaşlıq təzələnə bilər. Diplomat deyib: “Narahatlıq üçün əsas yoxdur. İki ölkənin rəhbərliyi bunu gərəkli saysa və uyğun razılaşmalar əldə edilsə, onda hansı problemlər ola bilər?”

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə