XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2015 - 05:43

Gümrü bazası Azərbaycana qarşı “dəmir yumruğa” çevrilir – təhlil

 Gümrü bazası Azərbaycana qarşı “dəmir yumruğa” çevrilir – təhlil

Rusiyanın abxaz dəmiryolunu açmaq israrının müdhiş pərdəarxası; bu yol işə düşsə, Rusiya 24 saat ərzində Ermənistandakı bazasına çoxlu sayda ağır texnika və 100 minlik hərbi kontingent göndərə biləcək…

Rusiyanın Azərbaycanın da yerləşdiyi Güney Qafqaza yönəlik planları qorxulu xarakter alıb. Şimal qonşumuz özünün bölgə siyasətini böhranlı Ukrayna olaylarına, iqtisadi sanksiyaların ağırlığına rəğmən, aybaay cilalamaqda və sərtləşdirməkdədir. Əsas hədəf, heç şübhəsiz, postsovet məkanının bu mühüm nahiyəsində Qərbin güclənməsini əngəlləmək, imkan düşən kimi isə onu regiondan birdəfəlik vurub çıxarmaqdır.
Hər şeydən göründüyü kimi, Moskva bu hədəfə çatmaq üçün müxtəlif istiqamətlər üzrə işləməkdə və çoxşaxəli strategiyalar qurmaqdadır. “Transxəzər” layihələrini sıfırlamaq üçün Xəzər akvatoriyasında hərbi gücün durmadan artırılması, bölgə ölkələrini zorla Avrasiya layihələrinə qoşub vahid rubl zonasının yaradılması, Güney Qafqaz ətrafında (Şimali Qafqazın həmsərhəd muxtar respublikalarında) və bölgənin daxilində – Rusiyanın “müstəqilliyini” tanıdığı Abxaziya və Cənubi Osetiyada öz hərbi mövcudluğunu günü-gündən genişləndirməsi və bu separatçı qurumları sürətlə hərbiləşdirməsi, Ermənistandakı 5 min nəfərlik Gümrü bazasını modernləşdirməyə başlaması bu qəbildən olan fəaliyyət istiqamətləridir.
Rusiyanın öz məqsədlərinə çatması üçün, sözsüz ki, forpost Ermənistan, məxsusən də Gümrüdəki rus hərbi bazası misilsiz əhəmiyyətə malikdir. Əvvəla, o səbəbə ki, bu, Cənubi Qafqazda Kremlin yeganə legitim, beynəlxalq hüquq əsasında mövcud olan obyektidir. İkincisi də ki, bölgənin Moskvanın imperiya maraqlarına maneə yaradan 3 müstəqil dövlətindən – Türkiyə, Azərbaycan və Gürcüstandan təxminən bərabər yaxınlıqdadır.
*****
Lakin Ermənistanın Rusiya ilə birbaşa quru sərhədinin yoxluğu, üstəgəl, Abxaziyadan keçən dəmiryolunun illərdir fəaliyyətsiz qalması şimal qonşumuzun regionla ilgili strateji hədəfləri yolunda böyük problem olaraq qalır. Quru əlaqəsi olmadan isə Gümrü bazasını Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı “dəmir yumruğa” çevirmək qeyri-mümkün görünür.
Son vaxtlar Abxaziya dəmiryolunun açılması ətrafında müzakirələrin intensivləşməsi sonuncu imperativlə izah edilə bilər. Gürcüstanın sabiq müdafiə naziri (2012) Dmitri Şaşkinin bu xüsusda vesti.az portalına söylədikləri kifayət qədər aktual sayıla bilər. Keçmiş nazir Abxaziya dəmiryolunun açılması üçün Rusiyanın ciddi israr və səylər göstərməyə başladığına diqqət yönəldir və bunu onun Qərblə total konfliktə girməsi ilə əlaqələndirir.
Sitat: “Sadəlövhlük olardı düşünək ki, Rusiya-Qərb qarşıdurması yalnız Ukraynadan keçir. Moskva bütün istiqamətlərdə Qərb dəyərlərinə və təsirlərinə qarşı durmağa, öz maraqlarını qorumağa çalışır. Cənubi Qafqazda öz siyasətini yürütmək üçün Kremlə Gümrü hərbi bazasını gücləndirmək çox vacibdir. Bu baza regionda böyük rol oynayır. Lakin quru əlaqəsi olmadan onun möhkəmləndirilməsi real deyil. Hava yolu ilə ora çoxlu sayda silah-sursat daşımaq mümkünsüzdür. Eyni qaydada Moskvaya lazım olan qədər şəxsi heyət daşımaq da qeyri-realdır. Nə vaxt ki, Rusiya 24 saat ərzində Ermənistandakı 102 saylı bazaya ağır texnika və 100 minlik hərbi kontingent göndərə biləcək, o zaman baza təkcə Cənubi Qafqaz yox, daha geniş region üçün nəhəng rol oynayacaq. Bu sayda texnika və canlı qüvvə göndərməyin yeganə variantı isə abxaz dəmiryoludur. Ona görə də Rusiya üçün onun bu hissəsinin açılması olduqca vacibdir”.
Kreml son vaxtlar elə buna da can atır. çünki Rusiyanın Qafqaz planlarının hamısının əsasında hərbi güc və güclə təhdid amili dayanır.
*****
Bu yerdə abxaz dəmiryolunun şimal qonşumuzun Güney Qafqazla bağlı maraqlarından ötrü əhəmiyyətini anlamaq üçün Krımı Rusiyanın necə ilhaq elədiyinin detallarına nəzər salmaq çox vacibdir: bu günlərdə Qara dənizdəki Rusiya donanmasının sabiq admiralı verdiyi müsahibədə yarımadanın işğalında, oradakı Ukrayna hərbi bazalarının blok edilməsində, digər strateji dövlət obyektlərinin qısa zamanda ələ keçirilməsində, hətta referendumun reallaşmasında həlledici rol oynamış “yaşıl adamlar”dan (“nəzakətli adamlar” da deyilir) danışarkən bildirib ki, onlar əslində Rusiyanın hərbi kəşfiyyat (desant) dəstələrinin üzvləri olub. Admiralın sözlərinə görə, “yaşıl adamlar” Qara dənizdəki Rusiya bazasından ABŞ kəşfiyyatının belə xəbəri olmadan Krıma gizlicə etap edilib və dərhal zəruri nöqtələrdə qərar tutublar. “Halbuki, çoxları onları guya yerli özünümüdafiə dəstələri hesab edirdi” – deyib admiral.
Söz düşmüşkən, az öncə Putinin özü də Krımın qabaqcadan konkret işğal planının olduğunu gizlətməmişdi…
*****
Gümrüdəki Rusiya hərbi bazası da qonşu ölkələri təhdid altında saxlamaq, qarışdırmaq baxımından bənzər destruktiv rol ala bilər; əgər abxaz dəmiryolu açılarsa. Bəs, Gürcüstan hansısa təzyiqlər altında strateji tərəfdaşları olan Azərbaycan və Türkiyəni də zərbə altında qoyacaq belə varianta gedərmi?
Gürcüstanın sabiq müdafiə naziri bunu istisna edir: “Birincisi, Gürcüstan bununla heç bir iqtisadi qazanc götürmür. Bizim əsas iqtisadi-ticari əlaqələrimiz Avropa Birliyi, Türkiyə, Azərbaycan və Ukrayna ilədir. Onların da heç birinə abxaz dəmiryolu gərək deyil. üstəlik, o halda Bakı-Tiflis-Qars dəmir yolunun taleyi sual altına düşəcək. Hərbi-siyasi nöqteyi-nəzərdən isə bu dəmiryolu regionda pozucu rol oynayacaq, həm də ona görə ki, bizim strateji müttəfiqimiz Azərbaycanın maraqları tapdanmış olacaq. Aydındır ki, abxaz dəmiryolunun işə düşməsi Gümrü hərbi bazasının potensialının xeyli güclənməsinə gətirəcək ki, bu da nizamlanmamış Dağlıq Qarabağ problemi şəraitində məqbul deyil. Azərbaycan bizə həmişə kömək edib və heç bir halda onun maraqlarını iqnor eləmək olmaz…”
*****
Yazıdakı arqumentlərin sırasına yalnız bunu əlavə etmək qalır: Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də Türkiyəyə – çanaqqala zəfərinin ildönümü tədbirinə yox, məhz İrəvana səfər etmək qərarı verməsi də Gümrünün, Ermənistanın Kreml üçün artan önəmini bir daha, əyani şəkildə təsdiqləyir.
Onu da xatırladaq ki, 2013-cü ilin dekabrında Putinin Ermənistan səfəri İrəvandan yox, məhz Gümrüdən başlamışdı. O zaman Putin Gümrü hərbi bazasından qonşu ölkələrə açıq təhdid xarakteri daşıyan belə bir bəyanat vermişdi ki, “Rusiya Cənubi Qafqazdan çıxmağa hazırlamır, əksinə…” (musavat.com)