XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2015 - 14:22

Erməni mətbuatı: “ABŞ tərəfləri güzəştlərə hazırlayır, Rusiya isə müharibəyə”

ABŞ Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini açıqca sürətləndirib, lakin bunun nəyə gətirib çıxracağını demək də çətindir.

ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uolrikin Moskva səfəri və RF XİN başçısının müavini Qriqori Karasinlə görüşündən sonra Azərbaycan XİN başçısı Elmar Məmmədyarov qəflətən Moskvaya səfər etdi. RF XİN başçısı Sergey Lavrov Məmmədyarovla görüşdən sonra bildirdi ki, “Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi vaxtı yetişib”.

Lavrovla Məmmədyarovun konkret nədən danışdıqları qeyri-müəyyən qaldı. Lakin Lavrovun danışıqlardan dərhal sonra Ermənistan XİN başçısı Edvard Nalbandyanla telefon danışığı aparması faktı işarə edir ki, Rusiya müəyyən addımlar atmağa hazırlaşır – həm də Minsk qrupunun çərçivəsində deyil, ayrıca təşəbbüslə çıxış edir.

Bu da maraqlıdır ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək məqsədilə həftənin əvvəlində ATƏT MQ həmsədrləri bölgəyə səfər etdi. Belə çıxır ki, Rusiya həmsədrləri qabaqlayıb ya durumu dəyişdirmək, tərəflərin əhvali-ruhiyyəsinə təsir etmək, ya da hələlik anlaşılmayan səbəblərə görə durumu nəzarətə götürmək istəyir.

Qeyd etməmək olmaz ki, Moskvanın fəallığı Uolrikin Moskva səfəri fonunda müşahidə olunmağa başladı. Bundan nəticə çıxartmaq olar ki, Moskva Uorlikdən müəyyən mesajlar alandan sonra Vaşinqtonun acığına, ya da Uorlik vasitəsilə Vaşinqtondan gələn hansısa yeni təkliflər kontekstində hərəkətə gəlib. ABŞ və Rusiyanın bölgədə izlədiyi hədəflərin ziddiyyətliliyi nəzərə alınsa, ikinci variant az ağlabatan, lakin İran məsələsində qarşılıqlı fəaliyyət nəzərə alınmaqla mümkün görünür.

Bununla belə, daha yəqin olan budur ki, Rusiya ABŞ-la əməkdaşlıqdan çox rəqabət aparır. Həm Rusiya, həm də ABŞ gözəl anlayır ki, İrana qarşı sanksiyaların tədricən götürülməsi ölkənin bölgədə fəallaşmasına səbəb olacaq ki, bu da yeni dövlətin maraqları ilə toqquşma deməkdir. Bu isə oyunu daha da mürəkkəbləşdirəcək.

Həm də Rusiya və ABŞ-ın İranınn nüvə proqramı üzrə sazişin əldə edilməsi fonunda fəallaşması onların planını aşkarlayır – İran oyuna girənə qədər Qarabağ münaqişəsini öz maraqları baxımından həll etmək. Bu, həmsədr ölkələr arasında rəqabəti gücləndirməyə bilməz.

Digər tərəfdən, Ceyms Uolrik Rusiyanın “Ведомости” qəzetinə müsahibəsində Rusiya təmas xətində təkbaşına sülhməramlılar yerləşdirməyə cəhd edərsə, Moskvanı praktik olaraq yeni dünya böhranı və təcridlə hədəldi. Bu, tammiqyaslı müharibə zamanı mümkün olduğundan Uolrikin xəbərdarlığı bir yandan bildirir ki, ABŞ Moskvanın təşəbbüsü ilə müharibənin təzələnməsi ehtimalını yüksək qiymətləndirir. Digər tərəfdən, bu cür ssenari ilə barışmamaq niyyətini qeyd edir və ən başlıcası, Vaşinqtonun Madrid prinsipləri əsasında danışıqların təzələnməsi mövqeyini sərgiləyir.

Uorlik bu günlərdə İrəvanda yenidən bildirdi ki, Dağlıq Qarabağın statusu dəqiqləşmədən, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan və təmas xəttində sülhməramlılar yerləşdirilmədən münaqişəni həll etmək mümkün deyil. ABŞ hər şeyi edir ki, bu prinsiplər cəmiyyətləri güzəştlərə hazırlamaq üçün geniş müzakirə predmeti olsun. Əgər məsələ, həqiqətən də, münaqişənin nizamlanmasında ABŞ-la Rusiyanın mövqe fərqindədirsə, onda indiki proses müharibənin təzələmməsi ilə qabağının alınmasından başqa bir şey deyil. İstənilən halda, Azərbaycan ordusunun hər həftə təlim keçirtməsi durumu Bakının bu proseslərdən müəyyən gözləntilərindən xəbər verir.

İrəvanın da bu cür gözləntiləri var. Ermənistan prezidenti Serj Sərkisyan bu günlərdə Avropa Şurasının sədri Donald Tuskla görüşdə Avropanın ünvanına görünməmiş sərt tənqidlə çıxış etdi və vurğuladı ki, bu arzuolunmaz məqamı beynəlxalq ictimaiyyətin özü yaxınlaşdırır.

Gevorq Darbinyan

“Yerkir” (Ermənistan), 27.07.2015