Və ya tarixi zərurətə çevirilən koalisyon hakimiyyət
Son dönəm Türkiyədə baş verən olaylar, bir-birinin ardınca gerçəkləşən terror hadisələri, neft boru kəmərinin 2 dəfə partladılması, AKP-nin ayrı-ayrı binaları önünə bomba qoyulması, Türkiyə Silahlı Qüvvələrinin anti-terror əməliyyatları aparmasına məcbur edilməsi və sair baş verənlər, Türkiyənin israrla xaosa və müharibəyə sürüklənməsindən xəbər verir. Ayrı-ayrı qüvvələrin Türkiyəyə yönəlik siyasətinin dəyişməsi, Türkiyənin də siyasi xəttində bəzi dəyişikliklər etməsinə səbəb oldu.
Artıq, bu haqda dünya mətbuatında bəzi yazılar da yer almaqdadır. Məsələn, “Financial Times” qəzetinin müxbiri David Qardner Türkiyənin gəldiyi son durumu və Suriyaya yönəlik siyasətini təhlil edən məqaləsində yazır:
“Türkiyənin siyasəti açıqca dəyişdi. Eyni zamanda dövlət başçısı Ərdoğan da dəyişdi. Keçən ay keçirilən seçkilərdə türk seçiciləri AKP-nin parlamentdə çoxluq qazanmasını əngəllədi. Bu əngəlləmədən sonra Ərdoğan ölkədə təkrar seçkilər keçirməkdə qərarlı görünürdü. Ərdoğan milliyətçilərin səslərini qazanmağa və onun planlarına mane olan kürd koalisiyasını terrorçu kimi təqdim etməyə və hörmətdən salmağa çalışır”.
Məsələnin maraqlı tərəfi həm də bundadır ki, Ərdoğan hakimiyyəti təkcə kürd terrorçularını deyil, eyni zamanda səslərinin azalmasına səbəb ola biləcək xəbərlər yayan mətbuatı və ayrı-ayrı şəxsləri cəzalandırmağa başlayıb. Ərdoğanın son davranışlarını təhlil edən müəllifin yazdığına görə “MİT-in silah dolu TIR-larını xəbər olaraq yayan “Cümhuriyyət” qəzetinin əməkdaşı Can Dündar casusluqda ittiham edilir, silah nəqlini dayandırmaq istəyən polis və prokurorluq orqanlarının işçiləri həbsə atılır. “Milliyət” qəzetinin yazarı Qədri Gursel də Türkiyədəki İŞİD hücumlarından Ərdoğanın sorumlu olduğunu yazır və ardınca işdən çıxarılır…”
Göründüyü kimi, Ərdoğan həm anti-terror əməliyyatlar keçirməklə milliyətçi kəsimin səsini qazanmağa, həm də ölkə daxilində başqa etnosların, xüsusən kürdlərin səsini qazanmağa hesablanmış addımlar atmaqla təkrar seçkilərdə tək güc olmağı hədəf seçib. Bu isə, Vaşinqton Brokinq Universitetinin əməkdaşı Hakan Altınayın dediyi kimi “Təkrar seçki keçirmək çox risklidir. ötən seçkidə AKP-nin yenilməzlik imici qeyb oldu və artıq hər kəs bu nəticədən nə qədər qırıldığının fərqindədir”.
Görünən budur ki, AKP rəhbərliyi ayrı-ayrı əməliyyatlar keçirməklə daha çox seçicinin səsini qazanmağa israrlıdır. Növbəti seçkilərdən qalib kimi çıxmaq üçün bu yolda maneə ola biləcək təşkilatlara və şəxslərə qarşı mövcud hakimiyyətin repressiv addımlara əl atacağı da istisna edilmir.
Türkiyəyə qarşı olan güclər isə Türkiyədə xaos yaratmaqda və Türkiyəni müharibəyə sürükləməkdə israrlıdır.
Və… görünən budur ki, Ərdoğan və türk xalqı tarixi sınaq qarşısındadır.
Müharibə təhlükəsindən, xaosdan və yalnız bir nəfərin hakimlik edəcəyi arzuolunmaz idarəçilikdən qurtarmağın tək yolu koalisiyon hakimiyyətin qurulmasıdır. Bu, qaçılmaz tarixi zərurət, Türkiyənin və türk xalqının qurtuluş yoludur.
Türk xalqı da bunun fərqindədir…
Namiq Hacıheydərli