XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 06:23

Politoloq: “Kürd separatizmi həm də azərbaycanlılara qarşı yönəlib”

Strateq.az saytının növbəti müsahibi jurnalist və politoloq Vüqar Zifəroğludur.

Tanıtım: Vüqar Zifəroğlu 1978-ci ildə Bakıda doğulub. Bakı Dövlət Universitetininin beynəlxalq münasibətlər fakultəsinin beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2005-ci ildən fəlsəfə doktorudur. BDU-nun beynəlxalq jurnalistika kafedrasının dosentidir.”Oğuz” Müstəqil Araşdırmaçılar qrupunun rəbəridir. 5 kitabın, 100-ə qədər analitik, elmi və araşdırma məqalənin müəllifidir.

– Sizcə, Qərblə İranın yaxınlaşması Azərbaycana nə vəd edir?

– Baxır, hansı aspektdən qiymətləndiriləcək. Bunun həm iqtisadi, həm də siyasi tərəfləri var. Siyasi nöqteyi-nəzərdən, açıq danışsaq, İran Azərbaycana heç də səmimi münasibəti ilə seçilməyən, hətta müəyyən mühafizəkar dairələrinin dili ilə ərazi iddiası irəli sürən, oradakı 40 milyonluq soydaşımıza adi hüquqları belə tanımayan, işğalçı Ermənistanla faktiki ticari və qeyri-rəsmi siyasi ittifaq münasibətlərində olan bir dövlətdir. Və nəzərə alsaq ki, Vyana razılaşması İran üçün böyük iqtisadi və siyasi güc qazandırmaq perspektivinə malikdir, bu, bizə bir o qədər siyasi nöqteyi-nəzərdən sərf edən amil deyil. Bu baxımdan mən, bəzilərinin Qərb-İran yaxınlaşmasının Azərbaycana birmənalı şəkildə yalnız müsbət təsir göstərəciyini vəd etməsini vurğulayanlarla qətiyyən razı deyiləm.

İqtisadi nöqteyi-nəzərdən də bir az ikili münasibət sərgiləmək lazım gəlir. İran öz neft və qaz potensialına görə dünyada lider dövlətlərdən biridir, dünya neft ehtiyatlarının 9%-i, qaz ehtiyatlarının 15%-i bu ölkədədir. Sanksiyaların aradan qaldırılması belə bir nəhəng potensiala və bazara malik ölkənin dünya bazarına daxil olması deməkdir. İran bu gün yeni iqtisadi layihələrə açıq olan böyük bir bazarı xatırladır. Rusiya ilə iqtisadi müharibə aparan və bunun acısını öz üzərində hiss edən Qərb, əsasən də Avropa üçün isə bu, son dərəcə cəlbedici görünür. Bu baxımdan iqtisadi əlaqələr artdıqca Azərbaycan, dünya şirkətlərinin İranda fəaliyyətinə yardımçı ölkə kimi ilk addımda bundan yararlana bilər, lojistik fəaliyyəti öz üzərinə götürməklə əslində müəyyən imkanlar əldə edə bilərik. Başqa bir məsələ isə İranın TANAP layihəsinə cəlb edilməsi ilə bağlıdır. Əgər biz, eləcə də Türkiyə buna nail ola bilsə, bundan böyük qazanc əldə etmək mümkündür. Lakin nəzərə alsaq ki, bu layihə Rusiyanın dəstəklədiyi “Türk axını”na alternativdir və İran da Rusiyanın bölgədə əsas siyasi partnyorlarındandır, o zaman bu, bir o qədər asan olmayacaq. Lakin İran rəsmilərinin açıqlamalarında TANAP-la bağlı məqbul fikirlər səsləndirmələri belə bir perspektivi mümkün edir. Yəni məsələlərə heç də birmənalı yanaşmaq olmur.

– Bir neçə illik fasilədən sonra Türkiyənin İŞİD-ə və PKK-ya qarşı həyata keçirdiyi antiterror əməliyyatlarını necə dəyərləndirisiz?

– Urfada baş verən terror olayından sonra Türkiyənin belə bir anti-terror hərəkatına başlayacağı gözlənilən idi. Türkiyə bununla həm bölgədə aktiv rol oynayan bir dövlət olduğunu sərgiləyir, həm də anti-terror koalisiyasında rol aldığını göstərmiş olur. Amma maraqlı məqam odur ki, bütün dünya, əsasən də Qərb, Türkiyənin İŞİD-ə qarşı əməliyyatlara start verəcəyini gözlədiyi bir zamanda qardaş ölkə həm də PKK və bölücü kürd qruplaşmalarına müharibə elan etməklə, iki cəbhədə savaş aparmağa başladı. Əslində, PKK ilə gec və ya tez toqquşmaların olacağı gözlənilən idi. Türkiyənin mövcud iqtidarının “kürd açılımı” siyasəti problemi həll etməkdən çox, dondurmağa yönəlmişdi və bu, tərəflərin hər birinə sərf edirdi. Lakin HDP-nin son parlament seçkisində bölgədən inamlı səs yığması, eləcə də, İŞİD-lə mübarizədə Qərbin PYD-PKK qruplaşmalarına açıq dəstək verməsi, gec-tez belə bir ssenarinin işə düşəcəyindən xəbər verirdi. Bilidiyimiz kimi, son günlərdə bölücü qruplaşmaların aktivliyi, belə bir əməliyyatların keçirilməsini labüd etməkdədir. Hazırda qardaş ölkənin həm Suriya, həm də İraq ərazilərində apardığı antiterror əməliyyatları bu baxımdan əsaslıdır və məqsəd Türkiyəyə yönəlik təhdidləri aradan qaldırmaqdır. Və təbii ki, bu əməliyyatlar, eyni zamanda, Türkiyənin bölgədəki proseslərə seyrçi mövqedə qalmaq niyyətində olmadığının da göstəricisi sayıla bilər. Əsasən, Vyana razılaşmasından sonra, İranın bölgədə ciddi oyunçu olacağı ilə bağlı proqnozların səsləndiyi bir zamanda bu, olduqca önəmlidir. Başqa bir məqam isə daxili auditoriya ilə bağlıdır. Bildiyiniz kimi, koalisiya ehtimalları artıq getdikcə tükənməkdədir və seçkidən sonra ilk günlərdə proqnozlaşdırılan ssenarilərin heç biri reallaşmadı. Bu isə Türkiyənin təkrar seçkilərə getməsi deməkdir. İstər bölücü, istərsə də radikal təkvirçi qruplaşmalara qarşı aparılan uğurlu əməliyyatlar, şübhəsiz ki, iqtidar partiyası olan AKP-nin səslərinə müsbət təsirini göstərəcək.

– Bu günlərdə keçirdiyi mətbuat konfransında, İranın prezidenti Ruhani kürdlər üçün tarixi qərarlar qəbul edəcəyini açıqladı. Həmin açıqlamada İranın Kürdüstan ərazisində yerləşən universitetdə “kürd dili və ədəbiyyatı” fakultəsinin açılacağını və İRNA-nın kürd dilində xəbərlər yayımlayacağını bildirdi. Bütün bunlar nədən xəbər verir? Bu qərar həm də Türkiyənin PKK-ya yönəlik antiterror əməliyyatlarına cavab addımı deyil ki, sizcə?

– Əslində, bu, təkcə Türkiyəyə deyil, eyni zamanda orada yaşayan soydaşlarımıza qarşı mövcud rejimin atdığı addımlardır. Məsələ bundadır ki, bizim media indi bu məsələyə diqqət ayırır. Amma Yaxın Şərqlə, İranla maraqlanan analitiklər gözəl bilirlər ki, artıq iki ilə yaxındır İranda kürd qruplaşmaları ciddi şəkildə aktivləşdirilir və hətta Urmiyə ətrafında ərazi iddiaları ilə çıxış edirlər. Hələ 2013-cü ilin sonlarında İraq kürd muxtariyyəti cənubi Azərbaycanın böyük hissəsini Kürdüstan xəritəsinə qatıb, həmin xəritəni kürd telekanalları hava proqnozu proqramında nümayiş etdirdiyi bir vaxtda, İranın ali dini lideri Seyid Əli Xameneinin Qərbi Azərbaycan vilayətində şiə təəssübü əsasında azərbaycanlılara sünni kürdlər qarşısında böyük dəstək olan Urmiya imam cüməsi höccətülislam Qulamrza Həsənini vəzifədən kənarlaşdırması, eləcə də, Mahabaddan olan kürd millət vəkili Osman Əhmədinin Qərbi Azərbaycanı parçalayıb Şimali Kürdüstan vilayətinin təsis edilməsi haqqında təklifilə çıxış etməsi və üstəlik “Bəsic” komandanı Məhəmmədrza Nəqdinin Mahabadda Şimali Kürdüstan vilayətinin yaradılması təklifinə dəstək verməsi, artıq hər şeyi ortaya qoymuş idi. ümumiyyətlə İran hər zaman bölücü kürd qruplaşmalarından istər Türkiyə, istərsə də yerli azərbaycan türkləri əleyhinə istifadə edib. Unutmaq olmaz ki, əslində Azərbaycanın qərb və cənub əraziləri uzun sürən bir dövrdə kürdləşdirilib və zaman-zaman Azərbaycandan ayrılaraq İran dövlətinin istəyi ilə Kürdüstan və Kermanşah vilayətləri adı ilə ayrıca vilayətə çevrilib. Xatırlayırsınızsa, bir müddət öncə prezident Həsən Ruhaninin müşaviri Əli Yunisi Qərbi Azərbayca
n vilayətində yaşayan azərbaycanlıların kürd mənşəli olmasına dair həqiqətdən uzaq bəyanatlar səsləndirib. Son günlər isə H.Ruhani hakimiyyətinin nəzarətindəki İslam İrşad Nazirliyi silahlı mübarizə aparan terrorçu “Komele” (İran Kürdüstanı Zəhmətkeşlərinin İnqilabi Təşkilatı) təşkilatına bağlı “Avaye Mad” İncəsənət və Mədəniyyət Müəssisəsinin fəaliyyətinə icazə verib. Və ya Suriyada Eyn əl Ərəb (Kobani) şəhərini İŞİD silahlılarından geri alınması bəhanəsi ilə Tehran Universitetində kürd qruplaşmalarına universitetin rəsmi icazəsi ilə rəqs və şənlik təşkil edilməsinə icazə verilmişdi. Halbuki, normalda hər hansı hadisəyə görə universitetdə rəqs və şənlik qadağandır. İran dövləti hələ keçən ilin oktyabr ayının əvvəllərində də Eyn əl Ərəb İŞİD silahlıları tərəfindən hücuma məruz qaldığı vaxt bir sıra İran şəhərlərində, o cümlədən, cənubi Azərbaycanın kürdlərin köçüb yaşadığı bəzi şəhərlərində mitinqlər də təşkil etmişdi. Başqa bir məqam PJAK-ın fəaliyyəti ilə bağlıdır. PJAK-ın və digər terrorçu Kürd təşkilatlarının fəaliyyəti artıq illərdir, əhalisi kürdlərdən ibarət olan Kürdüstan və həmin bölgənin mübarizəyə daha əlverişli olan dağlarında deyil, əsasən cənubi Azərbaycanın qərb hissəsində aparılır. İran dövləti isə həbs etdiyi kürd terrorçularını Sənəndəc və digər kürd şəhərlərinin həbsxanalarında saxlamaq yerinə, Urmiya həbsxanasına salır. Bütün bunlar düşündürücü məqamlardır.

– Yaxın Şərqdə və dünyada gedən son proseslər fonunda Azərbaycanın iqtisadi və siyasi gələcəyini necə görürsüz?

-Azərbaycan Yaxın Şərqin qapısıdır. İstər geosiyasi əhəmiyyəti, istərsə də transmilli enerji layihələrində “kilid ölkə” statusu bizim əhəmiyyətimizi olduqca qaldırır. Təbii ki, istər Yaxın Şərqdə, istərsə də elə post-Sovet məkanında gedən təhlükəli proseslərin bizə də dolayısı ilə təsiri olur. Lakin bu da faktdır ki, bu təsir birbaşa deyil və balanslaşdırılmış xarici siyasətimizdəki çoxvektorlu istiqamətlər, bizi bu cür real təhlükələrdən sığortalamaqdadır. Bu gün ölkəmiz Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu düzgün mövqeyi illə seçilir. Son on ildə nail olduğumuz sosial-iqtisadi inkişafı və gələcək inkişaf potensialını nəzərə alsaq, ölkəmizi bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab etmək olar. Azərbaycanın geosiyasi xarakteristikasının əsas dəyər ölçüləri kimi çıxış edən bu amillər həm ölkənin dinamik inkişafını, beynəlxalq aləmdəki yeri və rolunu, həm də ikitərəfli və çoxtərəfli tərəfdaşlıq dəyərini şərtləndirir.

Söhbətləşdi:

Namiq Hacıheydərli