XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 15:55

Yəhudi nəşri:“İsrailin tələskəniliyinin arxasında nə durur?" – Təhlil

no

mignews.com (İsrail), 23.09.2016

 

ABŞ və İsrail, baş nazir Netanyahunun “misilsiz yüksək” adlandırdığı hərbi yardım daxil olmaqla hərbi əməkdaşlıq haqda memorandum imzalayıb. Əslində, sənəddə qeyd olunan məbləğ keçmişdəki hər hansı məbləğdən xeyli yuxarıdır.

ABŞ 2018-ci ildən 2028-ci ilədək yəhudi dövlətinə 38 milyard dollar pul ayırır – bundan 3,3 milyard dollar ildə cari hərbi xərclərərə və 500 milyon dollar raket əleyhinə müdafiəyə ayrılır. Bu, mütləq rəqəmlərdə İsrailin və hər hansı başqa dövlətin indiyədək aldıqlarından çoxdur, lakin yenə də İsrailin istədiyindən azdır.

2008-2017-ci illərin son memorandumuna əsasən, ABŞ İsrailə ildə 2,9 – 3,1 milyard, əvvəlki illərdə (1998-2007), təxminən, 2,4 milyard dollar subsidiya verib. İsrailin elə Ştatların özünə olan xarici borcunun bağlanması da bu məbləğə daxildir.

İsrail Qərbin İranla bölgədə durumu daha təhlükəli etmiş nüvə sazişinə isnadla bu dəfə məbləğin artırılmasına təkid edib. Əvvəlcə söhbət ildə 5, sonra 4 milyard dollardan gedib. Lakin yekunda nə varsa, ona qane olmaq lazım gəlib, amma razılaşmaq lazımdır ki, bu da az deyil. İsrailə hərbi yardım proqramı RƏM (raket əleyhinə müdafiə) sisteminin uzunmüddətli inkişafını ilk dəfə ehtiva edir. Bu ödəniş əvvəllər ayrıca  hər bir tədarük üzrə təsdiq edilirdi. Bundan başqa, İsrail ayrıca olaraq Amerikanın beşinci nəsil F-35 qırıcılarını əldə edə bilər.

Yeni sazişin üstünlükləri bu cürdür. Lakin ciddi qüsurları da var. Birincisi, İsrail öhdəliyinə götürüb ki, 10 il ərzində əlavə maliyyələşmə üçün Konqresə müraciət etməyəcək. Bu, keçmişdə orta hesabla ildə 600 milyon dollar təşkil edib (əsasən, RƏM-ə), ona görə də məbləğ praktik olaraq indiki “misilsiz yardım”a bərabərdir.

Əsas problem Amerikanın pulunu İsrail hərbi sənayesinin məhsullarına istifadə etmək yasağıdır. İsrail əvvəllər ABŞ hərbi yardımının 27%-ə qədərini şekelə mübadilə edib ölkə daxilində xərcləyə bilirdi. Daha 13% öz yanacağının əldə edilməsinə gedirdi. Dünyanın heç bir ölkəsinə yerli müdafiə istehsalını inkişaf etdirməyə imkan verən bu cür şərtlər təqdim  edilməyib.

İndi isə ABŞ hesab edir ki, bu şərtlər “daha nə İsrail, nə də Amerika maraqlarına cavab verir”. İsrail güclü hərbi sənaye yaradıb, silah ixracatçıları içində liderlər sırasına qoşulub, buna görə də indi bütün subsidiyalar istisnasız olaraq Amerika bazarında sərf edilməlidir. İqtisadçılar artıq hesablayıblar ki, İsrail HSK 10 ildə 7,5 milyard dollarlıq sifariş itirib. Bizi iş yerlərinin irimiqyaslı azalması gözləyir – özü də təkcə hərbi sənayedə deyil, həm də onunla bağlı sahələrdə. Durumun ordunun müdafiə qabiliyyətinə necə təsir edəcəyi məlum deyil.

İsrail nümayəndə heyəti danışıqlarda yardımın şekel hissəsini səkkiz il ərzində mərhələli təxirə salmağa nail olub. O, ilbəil azalacaq, müdafiə məhsulları istehsalçıları isə bu müddətdə yeni şəraitə uyğunlaşmalıdırlar. Ya İsrail rəhbərlərində ümid var ki, şərtlər dəyişiləcək?

Əvvəlcə Ağ Evin yeni sahibi ilə anlaşma memorandumu imzalamaq planlaşdırılırdı – Netanyahu ondan böyük güzəşt əldə etməyə ümidliydi. Lakin nəticədə saziş qüvvəyə minməmişdən iki il əvvəl – indi bağlanıb. Tutarlı sual doğur: İsrail hökuməti hara tələsir?

İlkin olaraq konspiroloji versiya ağla gəlir: Yerusəlimin qərarına Hillari Klintonun səhhəti təsir edib. Beynəlxalq KİV Demokratik partiyadan namizədin xəstəliyi və yaxud seçkidən əvvəl və yaxud dərhal sonra vəfatı ilə bağlı durumu artıq müzakirə edib. Variantın biri – Klintonun yerini onun paraymeriz üzrə rəqibi, antisionist və antiisrail baxışları ilə məşhur yəhudi Berni Sanders tutacaq. Lakin danışıqlar Klinton telekamera qarşısında huşunu itirməzdən xeyli əvvəl başlanıb. SAXAL-ın ehtiyatda olan general-mayoru Amos Yadlinin İsrailin Netanyahunun 2015-ci il seçkilərindən öncə Konqresdəki çıxışına görə bədəl ödədiyi  haqda iradı da inandırıcı deyil.

Yerusəlimin birdən Obamaya dəm tutmağa başlaması üçün də heç bir əsas yoxdur. Bəli, demokratlara o cümlələdən getdikcə Trampa dəstəyə meyllənən İsrailyönlü lobbinin sayəsində Klintonun mövqeyini gücləndirmək lazımdır. Lakin bu, ABŞ-ın marağıdır. Bəs İsrail öz üzüyolalığına görə nə əldə edib?

Cavab məxfiləşdirilmiş sahələrdə və İsrail və Amerika kəşfiyyatları arasında əməkdaşlığın yeni formalarında gizlənə bilər. Ola bilsin, dəyişiklik orta və uzaqmənzilli AN/TPY-2 raketlərinin izlənməsi üçün Neqevedə yerləşən, lakin ABŞ-ın mülkiyyəti olan radiolokasiya sistemləri ilə bağlıdır. Artıq çoxdan söhbətlər gedir ki, İsrailə Amerikanın yardımı olmadan çətin yaratmaq mümkün olan öz sistemi lazımdır.

Bəlkə də, praktikada Kilntondan da möhkəm qoz çıxacaq Donald Trampın vədlərini Yerusəlimdə sərhesab qiymətləndiriblər.

Nəhayət, istisna deyil ki, İsrail hökumətinin tələsgənliyinin arxasında ölkəmizə xeyli problem gətirən Amerika hərbi yardımından tədricən qurtulmaq üçün planlı strategiya durur. Məlum olduğu kimi, amerikalılar İsrail hərbi texnikasının ixracatına dəfələrlə veto qoyublar. Amerika hərbi avadanılığının tədarükünə gəlincə, şərtlərə əsasən, o, istisnasız olaraq müdafiə və daxili təhlükəsizlik məqsədləri üçün istifadə edilməlidir. Bu məqsədlərə uyğunluğu isə ABŞ özü müəyyən edir. Məsələn, Ştatlar “Sarsılmaz qaya” əməliyyatının qızğın vaxtında SAXAL-a bəzi silahların tədarükünün əlavə yoxlanışını keçirməyi qət etdi.  

Ola bilər ki, hərb-sənaye kompleksinin müstəqil relslərə keçid planı mövcuddur və bu günki memorandum keçid dövrü üçün səmərəlidir. Ümumiyyətlə, inanmaq istəyirsən ki, hökumətin heç də ən sərəfli olmayan sazişi təcili bağlamaq qərarı bizim siyasətimizdə tez-tez baş verdiyi kimi, impulsiv və öz-özünə meydana çıxmayıb, düşünülüb və əsaslandırılıb.

 

Tərcümə Strateq.az-ındır.